Biz imzaları yox, əsərləri dərc edirik...

Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
79
17 Avqust 2018, 16:06
  "Azərbaycan tarixi, mədəniyyəti hər bir ölkədə” layihəsi çərçivəsində Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanalarına Azərbaycanla bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.

 

  Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC- a verilən məlumata görə, kolleksiyaya Hüseynbala Mirələmov və Viktor Andriyanovun Daşkənddə özbək dilində çap edilən "Haydar Aliyev”, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın özbək dilində çap olunan "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” ("İlhom Aliyev. "Ozgarishlar jarayonidagi Prezident tasviri”) kitabları, professor Əli Həsənovun "Geosiyasət”, "Azərbaycanlılara qarşı etnik təmizləmə və milli qırğın siyasəti, Xocalı faciəsi”, özbək tarixçisi Şuxrat Salamovun "Türkistan və Cənubi Qafqaz: Daşnaklar Fərqanədən Qarabağadək”, "Qarabağ: İdeyalar müharibəsi”, özbək yazıçı Abdulvali Saybnazarovun "Xocalıda ölən insanlıq”, Nizami Gəncəvinin "Xəmsə”, "Sirlər xəzinəsi”, Leyli və Məcnun”, "İskəndərnamə”nin "İqbalnamə” hissəsi, Məhəmməd Füzulinin "Qəlb gövhəri”, Daşkənddə özbək dilində çap olunan Azərbaycan ədəbiyyatı antologiyaları, Bəxtiyar Vahabzadə, Anar, Yunus Oğuz, Sona Vəliyeva, Pərvinin kitabları, habelə "Azərbaycanın mədəni irsi”, "Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda” və s. nəşrlər daxildir.
  Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə ölkəmizə dair özbək dilində çoxsaylı nəşrlər Daşkənddə işıq üzü görüb.
  Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məlumatına görə, Azərbaycandan müxtəlif qurumlarından, xüsusi ilə də Mədəniyyət Nazirliyindən Mədəniyyət Mərkəzinə göndərilən Azərbaycanın dövlətçilik ənənələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Azərbaycanın multikulturalizm ənənələri, mədəni irsimiz, ermənilər tərəfdən dağıdılan mədəniyyət abidələrimiz, Azərbaycanın turizm ehtiyatlarına dair nəşrlər də kolleksiyaya əlavə edilir.