Biz imzaları yox, əsərləri dərc edirik...

Daşkənddə Maqsud Şeyxzadənin anadan olmasının 112 illiyi ilə bağlı videokonfrans
475
02 İyun 2020, 14:47
 Daşkənddəki Mühəndislik və Dəmiryol Nəqliyyatı İnstitutu Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 112-ci illiyi münasibətilə videokonfrans keçirib.
 Tədbirdə institutun professor-müəllim heyəti, tələbələr, digər universitetlərin alimləri iştirak edib.
Konfransı institutun kafedra müdiri Guldora Mustafayeva açaraq Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.
 
 

 İnstitutun prorektoru Dilşod Baratov Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən "Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən sitat gətirib : "Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edilib”.
 AMM-nin direktoru Samir Abbasov Azərbaycan mühacir ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.
 S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin geniş təbliğ edildiyini vurğulayıb və bu məsələnin daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqətində olduğunu söyləyib.
 "Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov Maqsud Şeyxzadənin dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin əsas tədqiqatçısı olduğunu qeyd edib. O, ədibin dram əsərlərini Şekspirin "Hamlet”, "Otello”, "Kral Lir” əsərləri ilə müqayisə edib və onun "Mirzə Uluğbəy”, "Cəlaləddin Manguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda və Azərbaycanda, bütün Şərq aləmində şöhrət qazandığını bildirib.
 AMM-nin əməkdaşı Kifayət Pirməmmədova Mədəniyyət Mərkəzində Maqsud Şeyxzadə ilə bağlı keçirilən tədbirlər haqqında məlumat verib.