Biz imzaları yox, əsərləri dərc edirik...

Daşkənddə Azərbaycanın adını yaşadan Mərkəz – Təranə Məhərrəmova yazır
688
18 Oktyabr 2018, 12:08
 Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkələrimiz arasında dostluq və qardaşlıq körpüsü funksiyasını yerinə yetirir.
 
 

 
 Özbəkistanın paytaxtında kiçikdən-böyüyə Mirabad rayonunun mərkəzində, Heydər Əliyev küçəsi 9-da yerləşən ünvanı tanımayan yoxdur. Burada ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəzin fəaliyyətinə ölkələrimiz arasında dostluq və qardaşlığın körpüsü kimi baxırlar. Mərkəz üçün yer heç də təsadüfi olmayaraq azərbaycanlıların yığcam yaşadığı ərazi seçilib. Nəzərə alsaq ki Özbəkistanda yaşayan 40 min azərbaycanlının 10 mini Daşkəndin payına düşür, onda yeganə mərkəzə həm də azərbaycanlıların doğma ocağı kimi baxmaq olar. 
 
 

 
 Mərkəzin müasir və şəraitli binası var. 2010-cu ildə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mərkəzin binasının əsaslı təmir və bərpadan sonra açılışında Azərbaycan prezidenti İlham Əliyev və o zaman Özbəkistanın baş naziri, hazırda prezidenti olan Şavkat Mirziyayev iştirak ediblər. Dövlət başçımızın Özbəkistana səfəri zamanı Mədəniyyət  Mərkəzinin binasının qarşısında ulu öndərin büstünün açılışı olub və buradakı küçəyə Heydər Əliyevin adı verilib. 2015-ci ilin 12 dekabr tarixində - Heydər Əliyevin anım günündə Mədəniyyət Mərkəzinin qarşısında ulu öndərin xatirə lövhəsi qoyulub.
 
 Azərbaycan ab-havası
 Mərkəzdə olduğumuz zaman sırf Azərbaycan mühiti ilə qarşılaşmağımız bizi sevindirdi. Qarşısında ulu öndərin abidəsi, Azərbaycanın üçrəngli bayrağı, girişində Azərbaycan rəmzləri və bütün mərtəbə və otaqlarında ölkəmizə aid atributları, milli xüsusiyyətləri əks etdirən Mərkəzdə əsil Azərbaycan ab-havası hökm sürür. 
 Azərbaycanın Özbəkistandakı səfirliyinin mədəniyyət, turizm, təhsil və diaspor məsələləri üzrə attaşesi 2013-cü ilin fevral ayından Mərkəzin direktoru vəzifəsinə təyin edilib və bundan sonra təşkilat rəsmi fəaliyyətə başlayıb. Həmçinin mərkəzə 5 nəfər əməkdaş təyin olunub. "Təbii ki, biz bu əməkdaşlarla kifayətlənməmişik. Çünki bizdə çoxsaylı dərnək və kurslar fəaliyyət göstərir. Bu baxımdan Daşkənddə yaşayan azərbaycanlıları da mərkəzin fəaliyyətinə cəlb etmişik» - deyə Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov bildirir. Dünyanın cəmi 3 ölkəsində Azərbaycan səfirliklərinin nəzdində Azərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini deyən S.Abbasov "onlardan ilk yarananı da məhz Daşkənddəki Mədəniyyət Mərkəzidir” söyləyir: "Digər mərkəzlər isə daha sonra Avstriya və Fransada açılıb. Bu mərkəzlərin diplomatik statusu var”.
 

 
 
  S.Abbasovun sözlərinə görə, 2013-cü ilin may ayından Mədəniyyət Mərkəzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri arasında ilk dəfə olaraq "Azərbaycan dili kursları” fəaliyyət göstərməyə başlayıb. Belə ki, yerli sakinlərdən maraqlananlar, şagirdlər və tələbələr Mərkəzdə Azərbaycan dilini öyrənirlər: "Mütəmadi olaraq kursun iştirakçıları arasında Azərbaycan dili ilə bağlı həvəsləndirici müsabiqələr keçirilir, qaliblər mükafatlandırılır. Fəaliyyətə başladığı dövrdən 100-dən çox şəxs Azərbaycan dili kursunun proqramına yiyələnib. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə 2014-cü ildə Azərbaycan dilinin təbliği və öyrənilməsi məqsədi ilə "Azərbaycan-Özbək, Özbək-Azərbaycan danışıq kitabı” nəşr olunub”. Azərbaycanlıların ana dilində məktəb funksiyasını məktəbdəki dərnək əvəz edir: "Onlar üçün burada ilk dəfə olaraq Azərbaycan milli rəqsləri, rəsm kursları, əl işləri, kompyuter kursları təşkil etmişik. Azərbaycan tarixi, həmçinin milli mədəniyyətimizin, dilimizin təbliği ilə bağlı saatlar təşkil edirik". 
 Kursun Ana dili müəllimi Sima xanım şagirdlərin böyük şövqlə Azərbaycan dilinə maraq göstərdiklərini deyir: "Azərbaycan dilini öyrənməyə həvəs göstərənlər çoxdur. Bu kurslar başqa ölkədə dilimizin yaşanmasına və öyrədilməsinə xidmət edir”.
 
 45 addan çox nəşr
 Mərkəzin nəzdində yaranan kitabxana həm Mərkəzdə fəaliyyət göstərən dərnək və kursların iştirakçılarına, həm də Daşkənddəki azərbaycanlı və özbək oxucularına xidmət göstərir. Azərbaycan, rus və özbək dillərində zəngin fonda malik kitabxana əsasən Azərbaycandan alınan kitablarla zənginləşdirilir. Bundan başqa, Azərbaycan səfirliyinə, Mədəniyyət Mərkəzinə hədiyyə olunan kitablar da kitabxananın fonduna daxil edilir. Artıq kitabxanada Azərbaycan bədii filmlərinin tam kolleksiyası, ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, adət və ənənələrinə dair sənədli filmlərdən ibarət Mediateka fondu yaradılıb: "Mədəniyyət Mərkəzinin layihəsi əsasında 45 addan çox Azərbaycan müəlliflərinin ölkəmizin mədəniyyətinə, ədəbiyyatına, tarixinə dair əsərləri işıq üzü görüb. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk dəfə olaraq bizim başlatdığımız işlər nəticəsində Şuxrat Salamovun "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər" kitabı işıq üzü görüb. Həmçinin ilk dəfə olaraq Nizaminin "Xəmsə”si özbək dilində şap olunub. İran səfirliyi Daşkənddə Nizaminin əsərlərini özbək dilinə tərcümə etmişdi. Bu əsərlər İranda nəşr olunmuşdu. Sonra biz həmin müəllifin tərcüməsi ilə əsərləri özbək dilinə çevirib çap etdirdik. Bu yaxınlarda Özbəkistan Milli Kitabxanasında Nizaminin kitablarının təqdimat mərasimi keçirildi. Kitabları Özbəkistan xalq şairi Camal Kamal tərcümə edib. Kəlağayı sənəti ilə bağlı rus-özbək dilində kitab da çap etmişik. Görkəmli musiqiçilərimizə həsr olunan "Azərbaycan musiqisinin inciləri” kitabı da işıq üzü görüb”. 
 
 

 
 2015-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan kitabxanalarına Azərbaycan, onun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatı, dövlətçiliyi, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnallar, bukletlər hədiyyə edilib. Belə ki, Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Əsaslı Kitabxanasına, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kitabxanasına zəngin kitab kolleksiyası əvəzsiz olaraq verilib, Səmərqənddə keçirilmiş Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər çərçivəsində Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Azərbaycan fondu” yaradılıb. Səmərqənd şəhər Mərkəzi Muzeyi, habelə Afrosiab Dövlət Tarix Muzeyində daimi olaraq nümayiş etdiriləcək "Odlar yurdu – Azərbaycan” guşəsi təşkil olunub.
 
 
 

 
 Ölkəmiz haqqında təsəvvür yaradan eksponatlar
 Mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycan və Özbəkistan Dostluq muzeyi, Azərbaycan Xalçaları muzeyi fəaliyyət göstərir. Bu yaxınlarda isə Azərbaycanın Dövlətçilik və Tarixi muzeyi də fəaliyyətə başlayıb ki, bura Azərbaycanın keçmişi ilə bu gününü birləşdirən guşə də demək olar. 
 Muzey gerçəkdən Azərbaycanın bir parçasıdır. Bura daxil olan ziyarətçi İçərişəhərin qədim küçələrini, tarixi binalarını görə, Azərbaycan insanının adət-ənənəsi, folkloru, məişəti ilə tanış ola, Qarabağın ayrı-ayrı bölgələrini izləyə, musiqi beşiyimiz Şuşa ilə, qədim İrəvanla, Azərbaycanla İranı ikiyə bölən Xudafərin körpüsü ilə yaxından tanış ola, çağdaş tariximizlə üz-üzə qala bilər. Ziyarətçilərin burada milli geyimlər, milli musiqi alətlərimizlə də tanış olmaq imkanı var. Ölkəmizin qədimliyini nümayiş etdirən Qobustan açıq muzeyinin, Azıx mağarasının maketi də var. Müstəqillik dövründə elan olunan deklorasiya İstiqlal bəyannaməsi,  Cümhuriyyət və müstəqillik dövrünün pul vahidləri muzeyin maraqla qarşılanan eksponatlarıdır. Təxəyyül əsasında xanlıqlar dövrü də muzeydə yer alıb. Şuşa Məscidi, Şah İsmayıl dövrünə məxsus qızılbaşların papağı, döyüş alətləri və s. əşyalar Azərbaycanın adını eşidib görməyən hər kəs üçün ölkəmiz haqqında təsəvvür yarada biləcək. 
 S.Abbasov deyir ki, muzeyi məktəblilər, tələbələr, Özbəkistanda yaşayan azərbaycanlılar və yerli sakinlər ziyarət edirlər. Bu, onlarda Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında təsəvvürün formalaşmasına yardım edir. 
Keçən il isə Mərkəzdə "Azərbaycan-Odlar Yurdunun naxışları» adlı Azərbaycan xalçaları sərgi zalının açılışı olub. Xalça muzeyində Azərbaycanın xalça məktəblərinin zənginliyini özündə əks etdirən nümunələr nümayiş olunur. Xalça nümunələri ölkəmizin bütün regionlarını əhatə edərək Qazax, Şirvan, Gəncə, Şamaxı, Naxçıvan, Qarabağ, İrəvan, Dərbənd, Quba və s. bölgələrin xalçaları adı ilə sərgilənib. Bu zalda tez-tez rəsmi qəbullar təşkil olunur.  
Mərkəzdə, həmçinin azərbaycanlı və özbək qızlardan ibarət rəqs ansamblı fəaliyyət göstərir. Bütün dərnəklərdə davamlı iş getdiyindən daim müraciət edənlərin də sayı çox olur.
 Mərkəzin 250 nəfərlik konfrans zalı var. Həmçinin təşkilatın 2 dildə saytı fəaliyyət göstərir. Bu günlərdə saytın özbək versiyası da fəaliyyətə başlayacaq. "Youtube kanalında informasiya boşluğunu aradan qaldırmaq, milli-mənəvi dəyərlərimizi – rəqslərimizi, yeməklərimizi, abidələrimizi və s. öz adına çıxan ermənilərə cavab vermək üçün mərkəzin xüsusi kanalı var ki, burada təbliğati layihələr həyata keçiririk” - deyə S.Abbasov məlumat verir: "Tədbirlərimizin hamısı videomontaj olunaraq bu kanalda yerləşdirilir. İlk dəfə olaraq iki xalqın dostluğuna dair film çəkmişik. Özbək dilində olan bu filmdə bütün tarixi dostluq əlaqələrimiz yer alıb və film özbək telekanallarında yayımlanıb”. 
 
 

 
 Mərkəzin rəhbəri deyir ki, Özbəkistanın bütün rayonlarından gəncləri toplayıb «Azərbaycan-Qarabağ – sülh üçün oxu" layihəsini şövqlə həyata keçirsələr də, Azərbaycanın heç bir telekanalında bu layihəyə yer ayrılmayıb: "Təəssüf ki, Azərbaycan telekanalları bu layihəyə laqeydliklə yanaşdı”. 
 Ancaq hansısa instansiyada laqeydlik görəndə, bu, Mərkəzin əməkdaşlarını həvəsdən salmır. Ölkəmizin təbliği, dövlətimizin adının hər yerdə ucadan səslənməsi üçün yorulmadan çalışırlar. 
 "Təbliğati işlrimizi durmadan davam etdiririk. Gördüyümüz işlər Azərbaycanın adına layiqli töhfələrdir” deməkdən qürur duyurlar.