Biz imzaları yox, əsərləri dərc edirik...

Daşkənddə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir
190
18 Yanvar 2020, 19:12
 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anma mərasimi keçirilib.
 Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, "Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, diaspora üzvləri, jurnalistlər iştirak edib. Foyedə iştirakçılar Mərkəzin rəsm dərnəyinin çəkdiyi "20 yanvar – uşaqların gözü ilə” adlanan rəsmlərlə tanış olmuş, habelə Qara Yanvara həsr olunmuş nəşrlər nümayiş edilmişdir. 
 
 

 Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar hadisələri barədə danışaraq bildirib ki, bu cinayət azadlığa, müstəqilliyə can atan, öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edən xalqımızın inamını, məğrurluğunu qırmaq məqsədini daşıyırdı. Lakin onlar buna nail ola bilmədilər, xalqımız daha da mətinləşdi, şəhidlərin xatirəsi isə daim xalqımızın qəlbində yaşayacaq.
 Səfir qeyd edib ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan Ulu öndər Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gedərək hadisələrə kəskin etirazını bildirib. Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün mühüm tədbirlər görüb. Hüseyn Quliyev vurğulayıb ki, Ümummilli liderin siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin daha da gücləndirilməsi üçün əvəzsiz işlər görüb. Azərbaycan bu gün sürətlə inkişaf edir, iqtisadi inkişafına görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu da o deməkdir ki, Azərbaycan gec-tez işğal olunmuş bütün torpaqlarını geri qaytaracaq. 
 
 

 "Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov bildirib ki, qanlı Yanvar hadisələri nəhəng sovet imperiyasının son nəfəsi olub və məhz Bakıya qoşun yeridilməsindən sonra SSRİ-nin süqutu prosesi başlayıb.
 Sonra Özbəkistanın Əməkdar artisti, professor FizruzəAbduraximovanın rəhbərliyi ilə "Soqdiana” xalq çalğı alətləri orkestrinin ifasında rekviyem-konsert olub.