Biz imzaları yox, əsərləri dərc edirik...

Daşkənd məktəbliləri Azərbaycan Mədəniyyət Mərkəzində
110
05 Mart 2021, 11:35
 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) böyük mütəfəkkirin həyat və yaradıcılığına həsr olunan tədbirlər keçirməyi planlaşdırır.
 
 

 Bu tədbirlər çərçivəsində il ərzində Daşkənd şəhərindəki bir sıra orta məktəb, lisey və kollecin müəllim və tələbələri üçün Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunan "Nizami Gəncəvi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiridir”, "Dünya poetik və fəlsəfi düşüncəsinin zirvəsi - Nizami Gəncəvinin "Xəmsə”si”, "Azərbaycan - özbək ədəbi əlaqələri”, "Nizami Gəncəvinin əsərlərinin aktuallığı və gələcək nəsillərin cəmiyyətin harmonik inkişaf etmiş üzvləri kimi yetişməsindəki rolu” mövzularında açıq dərslər təşkil olunacaq.
 Mədəniyyət Mərkəzi Nizami Gəncəviyə həsr olunan ilk belə tədbiri Daşkənd şəhərindəki 48 və 147 saylı məktəblərin şagirdləri üçün keçirib. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verib, böyük şairin əsərlərindən söhbət açıb.
Məktəblilər AMM-in təşəbbüsü ilə Nizami Gəncəvinin "Xəmsə”sinin özbək dilinə tərcümə edilən nüsxələri ilə də tanış olublar.
 Müəllim və şagirdlər Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Xalça Muzeyi və mərkəzin kitabxanasına da baxıblar. Şagirdlər foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə də maraqla tamaşa ediblər.