Biz imzaları yox, əsərləri dərc edirik...

Darıxma - Mahirə Nağıqızının şeirlərini
1219
04 İyun 2020, 10:18
Artkaspi.az saytı Mahirə Nağıqızının şeirlərini təqdim edir:
 
Qalmaz
Könüldə ev tikməyənin,
Könlünün sirdaşı qalmaz.
El qəhrini çəkməyənin,
Divarının daşı qalmaz.

Dünya, Göyün Yerdən küsər,
Astanadı, dərdən küsər.
Küsən uman yerdən küsər,
Gözlərinin yaşı qalmaz.

Azıb dumanda qalanın,
Qəlbi gümanda qalanın,
Əldə-amanda qalanın,
Yörəsində naşı qalmaz.

Toxun, ürəyimə toxun,
Qoy belə çin olsun yuxun.
Kamanından çıxan oxun,
Həsrətdə nişanı qalmaz.
 
Dərd oylağıdı gözlərin,
Bitməzdimi dərdi-sərin?
Qəmə dözməz, Mahirənin
Ürəyinin başı qalmaz.
 

  
Qısılıb-qısılıb
Bir ömür də yaşayardım,
Sənə qısılıb-qısılıb.
Yükü nədir daşıyardım,
Sənə qısılıb-qısılıb.

Dillənmədən bircə kəlmə,
Dözərəm hər dərdə, zülmə,
Bəxt toxuyum ilmə-ilmə,
Sənə qısılıb-qısılıb.

Keçərəm hər qapısından,
Dünyanın ər qapısından.
Qorxmaram şər qapısından,
Sənə qısılıb-qısılıb.

Səhrada gül bitirərəm,
Diləyinə yetirərəm.
Kirpiknən od götürərəm,
Sənə qısılıb-qısılıb.

Mahirə dindi-dinmədi,
Dindi, sözündən dönmədi,
Xandı, taxtından enmədi
Sənə qısılıb-qısılıb.
                
Ufacıq-ufacıq

Xəyalımla ömrü verdim
Yelə, ufacıq-ufacıq.
Sinəm torpaq, qəlbim kərdim,
Ələ ufacıq-ufacıq.

Güman yüzdü, yol birdimi,
Umud gedəsi yerdimi?
Balan kimi al dərdimi,
Bələ, ufacıq-ufacıq.

Atımdan endirdin məni,
Nə dinib-dindirdin məni.
Od olub döndərdin məni
Külə, ufacıq-ufacıq.

Adına saldım mehrimi,
Həsrətin yardı zəhrimi.
Bir deyirdim, yar qəhrimi
Bölə, ufacıq-ufacıq.

Vüsal gülün bitirmədin,
Dərib mənə gətirmədin.
Yandım, adım gətirmədin
Dilə, ufacıq-ufacıq.

Daha dönmə becə yerə,
Nə səpəsən, nə göyərə...
Qəsdin budurmu, Mahirə
Ölə, ufacıq-ufacıq?..

 
Qurbanın olum

Kimdi görən bu dünyanın,
Sonunu, qurbanın olum.
Tanrı qisməttək geydirər,
Donunu, qurbanın olum.

Yağışı yerdən doymadı,
Səhrası damla ummadı.
O kimdi, vurdu, tutmadı,
Qulunu, qurbanın olum.

Xeyirnən şər qoşa gələr,
Dilək varsa, başa gələr.
Qırma, gələn haşa gələr,
Könlünü, qurbanın olum.

Müxənnətnən ocaq çatma,
Beinsafa əl uzatma.
Aparar mənzilə, atma,
Yolunu, qurbanın olum.

Mahirənin tək pənahı,
Səni sevməkdir günahı.
Çəkmə, bülənd olar ahı,
Qolunu, qurbanın olum.
 


Darıxma
Qurban olum, yükü verən Tanrı var,
Güc də verər, edib kədər darıxma.
Ümid ilə dağ dolanıb aşarlar,
Çəkdiklərin keçib gedər, darıxma.

Səninkidir fikir yükü, söz yükü,
Ağırlığı üstələyər yüz yükü.
Hər ürəyin öz tutarı, öz yükü,
Əziyyətin olmaz hədər, darıxma.

Yola çıxan baxmaz qara, ayaza,
Qonaq olar ha payıza, ha yaza.
Bəndə kimdir nə gətirə, nə yaza,
Odur yazan yazı-qədər, darıxma.

Tək nəfəsin bir nəfərə layladı,
O çağırdı, o səslədi, hayladı.
Hara ayaq qoysan ora yayladı,
Suyun gələr, otun bitər, darıxma.

Mahirə də bu dünyanın qonağı,
Ölçüsüdür haqq olanın qınağı.
Əzəl-axır bitər ömrün sınağı,
Haqq eləyən Haqqa yetər, darıxma.