Biz imzaları yox, əsərləri dərc edirik...

Danışmaqdan çox dinləməyə meylliyəmAnn Bettinin müsahibəsi
2105
13 İyul 2017, 09:38

artkaspi.az Ann Bettinin müsahibəsini təqdim edir:


 

Maine balaca bir əyalətdir. Kiminsə yanında desən ki, sən orada yaşayırsan, ya da orada boya-başa çatmısan, qarşındakı mütləq həmin yerdə yaşayan, yaxud da orada böyümüş başqa bir tanışı haqqında düşünəcək və soruşacaq: "Filankəsi tanıyırsan?”. Ümidverici gözlənti budur ki, dedikləri adamı tanıyırsan. Mainenin sakini çox azdır, güman ki, bu oranın ölkənin qalan hissəsindən coğrafi baxımdan təcrid olunmasına görədir. Orada yaşayanlarda şəraitdən qaynaqlanan qapalı düşüncəlilik var, obrazlı desək, özününkündən başqasını vecə almayan adamlardır. Onlar təkcə bir-birlərini tanıyırlar. Amerikalı yazar Ann Betti ilin çox hissəsini burada yaşayır. Onun son hekayələr toplusu ilə tanış olanların çoxu isə bu hekayələrin məhz Mainenin şərəfinə, ondan ilhamlanaraq yazıldığını düşünür. Ədəbi karyera yoluna ötən əsrin 70-ci illərinin ortalarından ayaq basan Betti indiyədək 19 kitab nəşr etdirib. O, Richard Locke tərəfindən 1980-ci ildə "New York Times” qəzetindəki tənqidi məqalədə "məqsədyönlü bayağılıq”la "öldürücü gülüş” mövzusunun super realizmə gətirib çıxarması şəklində təsvir olunan unikal, təsirsiz minimalizm üslubu ilə tanınır…

 

 

 

"Mən kamera deyiləm, şəkillərin və səslərin qeydə alına bildiyi, indilərdə elektron qeydəalma cihazların bir çoxunu əvəz edən, nazik və uzun maqnitəbənzər materialın soyulması ilə əmələ gələn maşınam”. Mainedə Bettini şöhrətinə və heyranlıq doğuran ədəbi məhsuldarlığına görə yox, daha çox başqa yerdə doğulub, müəyyən yaşdan sonra həyatına Mainedə davam edən biri olduğuna görə tanınır. Yerli taksonomik danışıq tərzinə görə, o, "gəlmə”dir.

Geridə qoyduğumuz ilin iyununda Betti ilə mənə hədsiz sayda e-maillər gəldi. Bu emaillərə təəccüblə baxanda öz müsahibəmizi tamamlamaq üçün üç günümüz qalmışdı. O, yazmaq üçün dalğaların səsindən uzaqlaşmalı, mən isə uşaqlarımda yaşadığım İtaliyadan Nyu-Yorkda dünyasını dəyişmiş bir yaxınımın dəfn mərasimi üçün həyat yoldaşımı müşayiət etmək üçün uçmalı idim. Fərqli vaxt zonalarında yaşamağımız işimizə yaradı. Dayanacaq aeroportunda görüşdük. Müsahibəmiz gecə boyunca Atlantik okeanının üzərində baş tutdu.

 

– Hamının bildiyi sizə də məlumdu, mainelilər ağlasığmaz dərəcədə yerlibazdırlar. Əgər burada doğulmadığın halda bu yeri yaşamaq üçün seçmisənsə, "yerli” statusu qazanmaq mümkün deyil. Siz özünüzü necə görürsünüz, necə adlandırırsınız?

– Bir neçə il bundan əvvəl ərim və sevgilisi Mainedə, Mudidə ev alanda, 91 yaşlı ev sahibəsi bütün ömrü boyu burada yaşasa da, hələ də tamamilə qəbul edilmədiyindən şikayətlənirmiş. Çünki "gəlmə”dir. 25 il əvvəl Linkolnla Mainedə bağ evi kimi nəzərdə tutduğumuz bu evi alanda yerlibazlıq hissləri, ayrı-seçkilik barədə heç bir təsəvvürüm yox idi. Hələ də yoxdur, çünki mən bu diskriminasiya ilə üzləşməmişəm. Elə arzusunda olduğum kimi hamının radarından (bir qədər) kənaram. Ancaq kim iddia edir ki, yazıçılar xoşbəxt və əmin-amanlıqda olmalıdırlar? Yazarlar əmin-amanlıqda olmayanda adətən, bununla barışmaqdansa, işləri daha da korlayırlar. Məsələn, bəlkə də, Maine mənim üçün, tək uşaq, tənha insan, klublara getməyən adam, feysbuk istifadə etməyən, virtual kimliyi olmayan şəxsdir. Kim necə düşünür, bilmirəm. Amma mənim üçün ilin yarısını burada yaşamaq, ümumiyyətlə əladır. Hər an maraqla müşahidə edə biləcəyiniz "gəlmə” var. Elə günlər olur ki, özümü ucuz səhər yeməyi və gecələməyə otaq təklif edən kiçik yay mehmanxanasında tapıram. Günün hansı saatında gəlsən, ödənişli yemək piştaxtasına, yaxşı şəraba zəmanət verilir. Mən Kalumbiyada doğulmuşam, ancaq oraya da aid olmamışam.

– Mainelilər buralı olmayanlar Maine barədə yazanda tündməcazlıq etməyə meyillidirlər. Bir dəfə tanıdığım bir yazıçı Maine barədə yazmaq istəyərkən, Maineli bir dost buna qadağa qoymağa çalışmışdı. Mən də müdaxilə etməli olmuşdum.

– Mainelilərin dediklərinə, danışmaq istədiklərinə qulaq asmağı xoşlayırdım. Nə qədər dürüst, səmimi davranırsansa, qəbul olunma ehtimalın o qədər artır. Sizin sualınız isə uyğunlaşma barədədir. Yaşamaq üçün uyğunlaşmaqdan başqa yol yoxdur və bu fikir təkcə ədəbiyyat adamlarına aid deyil. Tələmtələsik, necə gəldi sizi aydınlığa çıxaracağına ümid etdiyiniz məhdud və proqramlaşdırılmış yollardan savayı nəyiniz var? Faşist bir dövlət olaq, bəlkə? Etiraf edək ki, Coysun İrlandiya barədə yazmağa haqqı çatır. Çünki ərazinin topoqrafiyasına nə qədər yaxşı bələd olursa- olsun, ərazinin şəkilləri, videoları ilə nə qədər dərindən tanış olursa-olsun heç kim barın, kilsənin harada yerləşdiyini dəqiqliklə deyə bilməz. Amma Coys "Dublinlilər”i yazdı.

– Sizin əsərlərinizi oxuyanda özümü sözün əsl mənasında məhsuldar, idraki-formativ üsulları ilə dərk edən qeybət bilicisini dinləyirmiş kimi hiss edirəm. Sanki olmuş şeylərdən danışan həqiqi adamlara qulaq asıram. Qeybət etməyi xoşlayırsınız deyəsən? Yoxsa daha çox başqalarının danışığına gizlincə qulaq asırsız?

– Danışmaqdan çox dinləməyə meylliyəm. Çağdaş qısa hekayələrimlə tanındığım illərdə həyat yoldaşım bir dəfə universitetdə dərsimə gəldi (onda hələ dərs deyirdim), 2 saat yarımlıq seminar idi. Bədii səyahətə çıxmağımdan danışırdım. Birdən o, tələbələrimə dedi ki, bilirsiniz, müəlliməniz qapıdan çıxandan sonra növbəti günə kimi başqa heç nə danışmır? Elə bildilər ki, yoldaşım zarafat edir. Əgər bunu müəllimliyin yorğunluğu ilə əlaqələndirməsək, o, düz danışırdı. Hamı kimi mən də uzun müddət bir dostu görməmişəmsə, dil-boğaza qoymuram, ancaq yeni və ya mənə maraqlı olmayan insanlarla görüşəndə, çox az danışıram. Mənə belə gəlir, etiraf etmək lazımdır ki, söhbət ilə çox az şey əldə oluna bilər. Bununla yanaşı, romanımda dialoqu süjeti irəliyə aparan bir şey kimi deyil, ilk növbədə, boşluqları dolduran bir element olaraq görürəm.

Qeybətə qulaq asanda isə düşünmürəm ki, adamlar birbaşa həqiqəti danışırlar, hətta mən onları nisbətən az əsəbi halda dinləyəndə də, həm qulaq asıram, həm də asmıram. Əsərdəki dialoqlara da oxucu belə yanaşır. Zənnimcə, bir kəsin nə danışdığı, kim olduğu ilə əslində, nə danışmaq istədiyi, nəyi gizlətmək niyyətində olduğu, hətta nəyi gizlətdiyinin fərqində olmadığı və s. arasında qəribə bir əlaqəsizlik var. Onlar nə isə deyirlər, ancaq sonra həmişə demədikləri nə isə olur. Bütün bunlar isə mənim gözümdə qurmacaya bənzəyir. Danılan, deyilməyən şeylərə inanmayandan bəri özümü başqa cür ifadə etməyə çalışıram. Dəyərli hesab etdiyim az, bəlkə də lap az sayda keyfiyyətlərdən biri sədaqətdir. İnsanlar anlayırlar ki, onların tərəfindəyəm, ona görə ki, mən onlara deyilməyəni açıb göstərirəm. Buna sadiq qalmalıyam. Sualınızın növbəti hissəsinə gəldikdə isə, hekayələri birbaşa olaraq öz həyatımdan, ya da başqasının həyatından götürmürəm, baxmayaraq ki, hekayələrimə tanımadığım adamlar haqqında müəyyən "qeybət”lər əlavə etməkdən zövq alıram, "bir restoranda qulaq şahidliyi etmək” anlayışı mənim yazdıqlarımı hərfbəhərf ifadə edir. Bəzən isə təsadüfən danışılan şeylər oxucunun evinə olduqca yaxın hadisə olur. Bir dəfə dostumun dostunu gördüm, mənə öz tanıdığı adam barədə danışdı, ancaq həmin adamı bizim ortaq dostumuz tanımır. O, avtomobil qəzasından sonra həmin adamın başına gəlmiş gülməli bir əhvalat nəql elədi. Mən isə bunu bir hekayəmdə qələmə aldım, dəqiq yadıma gəlmir hansında. Sonra biz həmin adamla görüşüb, tanış olanda o dedi: "Siz buna heç vaxt inanmayacaqsız, amma bu hekayədəki hadisə eyni ilə mənim başıma gəlib”. Yaxşı ki, ciddi üz ifadəsini saxlamaqda mahirəm. Düzdür, yoldaşım daha yaxşı aktyor və parodiyaçıdır, amma mən də pis deyiləm.

– Mənə maraqlıdır ki, bir yazıçı kimi öz inkişafınızı necə təmin edirsiz, yoxsa, inkişafın cəfəngiyyat olduğunu düşünürsünüz?

– Zənnimcə, inkişaf ideyası, çox güman ki, boş şeydir. Bəlkə, kitab yazmaq üçün əsas nəyin tələb olunduğunu daha yaxşı görə bilmək qabiliyyətimlə və ya ən azından elə kitab yazmaqla inkişafımı təmin edirəm.

– Bu axırıncı kitabla özünüz barədə yeni nə isə öyrənə bildiz, yoxsa roman yazmaq sənəti (və ya öz sənətiniz) haqqında əvvəllər heç vaxt görüb anlamadığınız nəyi isə məhz onları yazanda görüb başa düşdüyünüzü hiss etdiyiniz xüsusi kitablar var?

– Məncə, bilmədiyin şeyləri yazmaq və öyrənmək haqqında düşünmək solyönümlü məsələdir. Bunu hər yerdə danışmaq olmaz, axı. Əvvəla, mən heç bu prosesi izləmirəm. Əlbəttə, başa düşürəm ki, xeyli dəyişmişəm (70-ci illərin ortalarında kitab buraxmağa başlamışam), ancaq eyni zamanda, bir kitabda öyrəndiklərimi başqa bir kitaba asanlıqla tətbiq edə biləcəyimə inanmıram. Texniki baxımdan isə düşünürəm ki, özümü daha yüksək standartlara əməl etməyə öyrəşdirmişəm. Məsələn, çoxlu simvollar işlətmirəm, sadəcə ona görə ki, bilmirəm, səhnədən- səhnəyə necə keçim. Mənə elə gəlir ki, sizin dediyiniz kimi mən bu kitabı yazanda özüm haqqında nələrisə öyrəndim. Həmişə "bir-biri ilə əlaqəli hekayələr”ə mat qalmışam. O birilər kimi bu kitabda toplanan hekayələri yazarkən bunun bir kitab olacağını bilmirdim. Bu hekayələrə başlayanda ərim Avropa səyahətində idi, evimizi satmışdıq, Mainedə hara gəldi yığılmış qutuları daşıyıb evə yığırdıq. Nəhayət ki, mən başımı silkələdim, yazı masama üz tutdum və düşündüklərimi yığcam, qısa hekayələr şəklində yazdım. Onlar harasa yerləşdirilmək məqsədi ilə yazılmayıb.

– Rəqabətə meyillisən?

– Yoldaşımdan soruşdum... Dedi yox. Sonra dedim ki, elə bu? O isə bax: "iki quş bir yerdədirlər, bir-birinə dərindən bağlanan adamlar kimi. Nə şirin qucaqlaşıblar” – deyə, asanlıqla mövzudan yayındı.

 

Mənbə: interviewmagazine.com


İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI