Danışa-danışa, birlikdə
pilləkənlərlə İstanbulun Ulus səmtində yerləşən evinə qalxırıq. Yağışdan
islanmış rəngli çətirimi alır, "Nə gözəl şəmsiyən var, cıvıl-cıvıl” deyərək,
ehmalca yerə qoyur. İçəriyə dəvət edir. Hər tərəfi kitabla dolu evin qoxusu,
şüşəni dayanmadan döyəcləyən yağışın səsi Livanelinin təbəssümünə qarışaraq
ecazkar harmoniya yaradır.

– Qəhvə içək?
– Olar.
– Sən keç istədiyin yerdə
əyləş, mən hazırlayıb gətirim.
– Köməyimə ehtiyacınız
varsa, gəlim?!
Gülür, təşəkkür edib mətbəxə
keçir.
Otağın pəncərəsindən
"Boğaz”a açılan mənzərəni seyr edirəm. Üç gün sakit yağan yağış hiddətlə, var
gücü ilə yaşıllıqları döyəcləyir. Gözüm həyətdəki iki böyük, qara itə sataşır.
Qəzəblə tökən yağış heç veclərinə də deyil – dayanmadan bir-biri ilə
oynayırlar. Mətbəxdən gələn taqqıltının səsinə arxaya çevrilib, otağın
divarından asılmış rəsm əsərlərini, hər tərəfdən mənə tərəf boylanan
qalaq-qalaq yığılmış kitablara nəzər yetirirəm. Bir də görürəm, Livaneli
gülə-gülə gəlir.
– Qəhvə dəmləyəni işə sala
bilmədim. Belə işləri heç bacarmıram.
– İstəyirsiniz mən həll
edim?
– Deyəsən, xarab elədim,
eybi yox, qalsın. Məcburən qəhvəsiz davam edəcəyik (gülür).
Mehriban Əliyevanın hədiyyəsi, Rəşid Behbudov sevgisi və Quba
Müsahibədən əvvəl xeyli
söhbət edirik. Evə daxil olandan bəri artıq neçənci dəfədir, baxışlarım
divardan asılmış, insanı maqnit kimi özünə çəkən bir əsərə zillənir. Deyəsən,
Livaneli də bunu hiss edir, "Qubadır” deyir. Təəccüblə nəzərimi tablodan çəkib,
sevinclə gözümü gözlərinə dikirəm. Davam edir: "Bu əsər mənə hörmətli Mehriban
xanım Əliyevanın hədiyyəsidir! Çox bəyəndiyim tablodur!”
– Azərbaycana nə vaxt
gəlmişdiniz ki?
– Azərbaycan sevdiyim
ölkədir. İnsanlarını, mədəniyyətini çox sevirəm. Hər zaman musiqisini,
ədəbiyyatını, kültürünü, sənətə olan düşkünlüyünü heyranlıqla izlədiyim
məmləkətdir. Hələ illər əvvəl uşaq olanda Rəşid Behbudovun konsertlərinə
gedirdim. O vaxtlar Ankaraya gəlirdi. O, əsrarəngiz sənətçi idi. Uşaqlıqdan
bəri Azərbaycana marağım var. Daha sonra Zeynəb Xanlarova ilə tanış olduq.
Zamanla bu tanışlıq dostluğa çevrildi. Bura tez-tez gəlirdi, görüşürdük.
Sonra hörmətli Mehriban
Əliyeva ilə birlikdə UNESCO-nun xoşməramlı səfiri olduq. Qurumun tədbirlərində
iştirak edirdik. Elə bundan sonra 2009-cu ildə Azərbaycan ziyarətimiz baş
tutdu. Çox gözəl səfər idi. Bakıda Şəhidlər xiyabanına, Qobustana, Atəşgah
məbədinə getdik. Muğam mərkəzinin təməlatma mərasimində iştirak etdik. Hətta
oranın təməlini Prezident İlham Əliyevlə bərabər atdıq deyə bilərəm. Oradakı
bütün dostlara sizin vasitənizlə salam və sevgilərimi çatdırıram.
– Ölkəmizdə sizi düşündürən
və təsirləndirən nələrlə qarşılaşdınız?
– Azərbaycan modern
ölkədir. Amma bununla belə, ölkənizin öz mədəniyyətinə, adət-ənənələrinə
bağlılığı məni çox təsirləndirdi. Türkiyə son illər daha çox Qərbə inteqrasiya
etdi və oraları daha çox təqlid etməyə başladı. Bu gün bizdə insanlar Avropanı,
xüsusilə Amerikanı yamsılamaqla məşğuldur. Sizdə isə bunu görmədim, keçmişi ilə
öyünən, onunla qürur duyan və o adət-ənənənin üzərində əsən, muğamını uca
tutan, irsinə, kökünə bağlı olan bir ölkə müşahidə etdim. Heç yadımdan çıxmır,
orada çox gözəl məkanda sənətçilər bizə ənənəvi mahnı ziyafəti verdilər. Musiqi
dünyasının ən böyük simalarından olan Abdulqadir Marağayidən parçalar çaldılar.
Buna bayıldım. Səfər ərəfəsində prezident və xanımı ilə Bakıda gəzdik. Xanım
Əliyeva bizi qonaq kimi çox yüksək səviyyədə qəbul elədi. UNESCO təmsilçiləri
kimi səfərdən çox məmnun qaldıq. Hamımız Azərbaycandan heyranlıqla geri döndük.
Çünki dediyim kimi, sən öz mədəniyyətinə dəyər verməsən, başqası da dəyər
verməz. Azərbaycan bu məsələdə nümunədir və Türkiyəyə də örnək olmalıdır.
– Romanlar, filmlər,
albomlar, musiqilər... Bir ömrə bu qədər iş necə sığdı?
– Düzü, mən heç özüm də
bilmirəm. Bunların hamısı, deyəsən, ruh halıdır. Amma başlanğıcdan, uşaqlıqdan
özümü hazırladığım iş yazmaq idi. Yazar olmaq üçün çoxlu ədəbiyyat oxuyaraq
özümü yetişdirirdim. Çünki niyyətim bu idi. Amma 1971-ci ildə Türkiyədə hərbi
çevriliş baş verdi. O çevrilişdən sonra Türkiyədə bir çox oxucu və yazıçı heç
bir günahı olmadan həbsxanalara atıldı. Bəzi tələbə yoldaşlarımız öldürüldü,
bəziləri edam edildi. Onlarla bağlı bir çox parçalar bəstələdim. Musiqi ilə
həvəskar kimi maraqlanırdım. Lakin həmin parçalar çox məşhurlaşdı, sanki o
xuntaya qarşı xalqın, demokratiyanın səsinə çevrildi. Beləcə, musiqiyə
bağlılığım daha da artdı və sonra əl çəkə bilmədim. Hər kəs yeni val, yeni
bəstə, yeni orkestrovka istədi. Bir tərəfdən də romanlarımı yazırdım. Sonra
musiqi yazmağı azaldıb romanlara daha çox vaxt ayırmağa başladım. Gündəlik
həyatım onsuz da düşünmək və yazmaqla keçir. Əvvəl daha çox bəstələyirdim, indi
azalıb. Sənətim mənim həyatımdır. Bunun xaricində həyatım yox kimidir.
O səhifə qapandı..
– Çoxdandır yeni
mahnılarınızı eşitmirik. Roman yazmaq çox vaxt aldığı üçün bəstələrə ara
vermisiniz?
– Musiqiyə ara verdim,
deməzdim. Deyəsən, bir nöqtədən sonra son qoydum. Baxın, mən 70-ci illərdə
tanınmağa başladım. Albomlar buraxdım. İndi o illəri düşünün, 80-ci illərdə də
belə davam etdim, musiqilərim reytinqlərdə yenə birinci idi. Otuzdan çox albom
çıxardım, mindən çox konsert verdim, əlliyə yaxın filmə musiqi bəstələdim.
İçlərində "Yol”, "Sürü” kimi, bundan başqa, Türkan Şorayın, Yılmaz Güneyin
filmləri də vardı. Özüm filmlər çəkdim, rejissorluq etdim. 80-ci illərdə də
eyni surətlə davam edirdim. Sevgi seli, xalqın marağı, insanların rəğbəti ta
ilk gündən 2010-cu ilə qədər belə davam etdi. Ən sonunda içərilərində Sezen
Aksu, Sıla, Candan Erçetinin və digər dostların olduğu əlliyə yaxın sənətçi
toplandı və mənə 3 CD-lik "Əllinci ilə ərməğan” adlı əlli bəstəmdən ibarət
albom çıxartdılar.
–
Buna təkrarçılıqdan yorulmaq demək olarmı?
– "Davamlı səhnədə
olacağam” deyə qayda yoxdur. Onsuz da insanlarla içimin mahnısını paylaşdım. İndi
sadəcə piano suitləri yazıram. Onu dünyanın müxtəlif millətlərinə məxsus
əcnəbilərə verirəm, ifa edirlər. Bunun xaricində musiqi ilə məşğul olmur,
konsert vermirəm. Dayandırmışam. Hə, özümü təkrarladığımı hiss etdim. Hər il
burada açıq hava teatrına, ya da antik teatra gedirik, yenə anşlaq. Hamımız
birlikdə "Yiğidim, Aslanım”lar, "Leylim Ley”lər və digər mahnıları söyləyirik. Bu,
təkrardır, yenilik yoxdur... Mütəmadi olaraq keçmişi anmağa bənzəyir. O qədər
çox konsert tələb edirlər ki... İnsanların ehtiyacı var, bilirəm. Amma özümü
təkrarladığım heç nə məni təmin etmir.
1997-ci ildə hippodromda
Türkiyə tarixində ən böyük konserti təşkil elədik. Beş yüz min nəfərdən artıq
tamaşaçı qatılmışdı. İndi siz deyin, beş yüz mindən çox insana konsert
verdikdən sonra, musiqi aləmi üçün bundan artıq nə edim?
–
Son konsertiniz nə vaxt olub?
– Son konsertim
İrlandiyanın musiqi qrupu olan "U2” ilə birlikdə oldu. Qrupun solisti Bono zəng
elədi ki, bərabər səhnəyə çıxaq, sözünü yerə salmadım, çıxdım. Son səhnəyə
çıxışım Bono ilə bərabər oldu.
–
Yəni musiqi bitdi, həyat hekayələri başladı?
– Danışılası həyat
hekayələri çoxdur. Həm də musiqi bəstələməklə həyat hekayələri yazmaq fərqli
sahələrdir. Musiqi ilə duyğuları ifadə edirsən, daxilindəki hissləri üzə
çıxarırsan və başqalarının içindəki eşq, darıxmaq, həsrət, vətən duyğularını
qabardırsan. Roman yazmaq isə bambaşqadır. Düşüncələri və həyat hekayələri
ancaq ədəbiyyat yolu ilə çatdıra bilərsən. Bunu mahnı ilə izah etmək çox
çətindir. Yenə deyirəm, danışılası çox həyat hekayələri var. İnsanlarla paylaşılası
fikirlərimi hələ bitirməmişəm. Dolayısı ilə romanlarla indi həqiqətən
yeniliklər ərsəyə gətirirəm. Musiqidə nə lazım idisə, etdim. Əlli il
bəstələdiyim musiqiləri insanlarla, dünya ilə paylaşdım. Sonda davam etmək
lazım deyil, təqaüdə çıxıb oturmaq lazımdır. Roman yazmaq məni çox
həyəcanlandırır. Məni həyəcanlandırmayan işi isə əsla görmürəm. Mən həyatda heç
vaxt müvəffəqiyyət, pul, digər belə şeylər üçün çalışmadım. Hər zaman yalnız
içimdən gələni etdim.
–
"Vida”, "Şahmaran”, "Sis”, "Yer demir, göy baxır” kimi yaddaqalan filmlər
çəkdiniz. İndi kino sahəsində də susqunluğunuzu görürük. Bu susqunluğunuza
müvəqqəti fasilə deyə bilərikmi? Yəni kinoya haçansa bir də qayıtmağınız
mümkündürmü, yoxsa musiqi kimi ona da son qoydunuz?
– Yox, müvəqqəti deyil,
musiqi kimi kino sahəsini də buraxdım. Bundan sonra kinoya dönmək niyyətim
yoxdur. Həmişə düşünmüşəm ki, həyat mənə bir dəfə verilib və bu həyat bir gün
ölümlə sonlanacaq. Ona görə də ölməzdən əvvəl içimdən gələni, etmək istədiyim
işləri görməliyəm. Ruhum azaddır. Yəni insanlardan qorxmuram. Müvəffəqiyyətli
olmusan, hər kəs səni sevir, təqdir edir, hətta zirvədəsən, amma qalxıb özünü
bambaşqa sənət tərzinə atırsan. Bu, özünü uçurumdan atmaq kimidir. Bir sahədən
başqa sahəyə keçəndə əvvəlcədən uğur qazanacağına təminat yoxdur. Film çəkməyə
başladım, alınmaya bilərdi, amma yaxşı oldu. Başqa işlər də onun kimi. Həm də
mən bunları "Baxın, nə qədər parlaq insanam, hamısını edə bilirəm” deyə yox,
özümü müxtəlif yönlərdə ifadə edə bildiyim üçün edirəm. Filmin ayrı, romanın
ayrı, musiqinin ayrı dili var. Bu işlərin hər birinə başlayanda məqsədim yalnız
özümü ifadə etmək olub.
–
Amma əl atdığınız hər bir sahədə gördüyünüz işlər işım-işım işıldayır...
– Bəli, əslində, elə oldu.
Niyəsini isə bilmirəm. Bununla bağlı özümü təqdir etmək fikrim də yoxdur.
Musiqidə bu qədər uğur qazanmış bir insanın romanlarının ölkədə ən çox satılan
kitablar halına gəlməsi, böyük oxucu kütləsi qazanması gözəl hissdir. Mənə
məxsus "Doğan Yayın Evi”ndə son altı ildə çıxan kitablarımın sayı üç milyona
çatıb. Bu, Türkiyə üçün yüksək göstəricidir.
"Bir gün "Rusiyada kitabımı
imzalatmaq üçün uzun sıralar yaranacaq” desələr, gülərdim”
–
Kitablarınız dayanmadan dünyanın müxtəlif dillərinə tərcümə edilir. Hətta bu
yaxınlarda Rusiyada keçirilən imza mərasiminizi izlədim. O necə izdiham idi?
Xoşbəxt görünürdünüz!
– Kitablarım Çində,
Amerikada, Koreyada çap edilir. Son dəfə Rusiyada "Qardaşımın hekayəsi” çıxdı.
"Qızıl meydan”da imza gününə getdim. Nə vaxtsa belə bir şeyin baş verəcəyi
ağlıma da gəlməzdi. Bir zamanlar Türkiyədə "Qızıl meydan” desəydiniz, birbaşa
həbsə gedərdiniz, "SSRİ” sözünü dilinizə gətirsəniz, dəmir barmaqlıqlar
arxasına atılardınız. Ora gedəndə bu barədə çox düşündüm. Öz-özümə "Bu nə taledir”
deyə sual verdim. Kremlin önündə, "Qızıl meydan”da çadırlar qurulmuşdu, kitab
sərgisi təşkil olunmuşdu, mən orada çıxış edirdim, yüzlərlə rusiyalı isə
qarşımda dayanıb məni dinləyirdi. İmza mərhələsində isə oxucu sırasının harada
bitdiyi görünmürdü. Yəni həyat çox qəribədir. Gözləmədiyiniz şeylər olur.
Dayanmadan sürprizlər baş verir. Gəncliyimdə desəydilər ki, bir zaman "Qızıl
meydan”da imza günü keçirəcəksən və izdiham olacaq, qətiyyən inanmazdım.
–
Başqa kitablar da tərcümə edildi, yoxsa hələ ki təkcə "Qardaşımın hekayəsi”dir?
– "Qardaşımın hekayəsi” çap
edildi və çox sevildi. Sonra "Mutluluq” da çıxdı. Növbədə "Serenad” var.

"Şəfqətin həddən artıq
olması faciəyə aparır”
–
"Qardaşımın hekayəsi”ndən bərk təsirləndim. Həmin qucaqlamaq makinası
həqiqətənmi var?
– Əlbəttə, var. Qucaqlamaq
makinasını icad edən insan amerikalıdır. Bəzi insanların psixoloji narahatlığı
olduğu üçün başqasına toxuna bilmirlər. Bəzilərinin isə toxunmağa kimsəsi
yoxdur. İnsanlar üçün sarılmaq bir ehtiyacdır. Təkcə insanlar yox, heyvanlar
üçün də belədir. Onlar da bir-birinə, balalarına, sahiblərinə sarılırlar.
Əslində, bu ehtiyac Qərb toplumunun faciəsidir. Təsəvvür edin, insanın
qucaqlayacaq anası, sevgilisi, yaxını yoxdur. Fikirləşirsən ki, bu, necə
həyatdır? Ona görə də belə bir makina yaradılıb. Qolları yumşaqdır,
qucaqlanmağın dərəcəsini içəridən istədiyin kimi tənzimləyə bilirsən. Hər gün
ora girib özünü qucaqladıb yatan o qədər insan var ki... Bu, insanın
özgələşməsinin, biganələşməsinin ən son nöqtəsidir.
–
Amma əsərdə makina adama sarılır və sonda onu öldürür. Həqiqətənmi bərk
qucaqlamaq, hədsiz şəfqət adamı öldürür?
– Hədsiz şəfqətdən ölənlər,
bir də ruhu şikəst qalanlar var. Həyatda tarazlıq var. Bəzən yerindən qalxıb su
içməyə belə güc tapmırsan. Bu, sevgidə də belədir, digər münasibətlərdə də...
Şəfqətin həddən artıq çox olması faciəyə aparır.
"Dilinizdə "qaçqın” sözü
var, bu kəlməyə heyranam”
–
"Huzursuzluq” romanı çox ağrılıdır. Yazarkən nə hiss edirdiniz?
– "Huzursuzluq” ağrı
çəkə-çəkə yazdığım romandır. Ona görə də yazarkən buna diqqət etməyə və araya
məsafə qoymağa çalışdım. Çünki hekayəni yazarkən yaşadığım hissləri bəlli
etsəm, melodram olardı. Halbuki bu, bir faciədir. Faciə ilə dramı ayırd edə
bilmək çox vacibdir. Faciələrdə insanlar ağlamır, acı hadisələri seyr edirlər,
məşhur yunan əfsanəsi Edip kimi. Varlıq-yoxluq, həyat-ölüm kimi mövzular
insanları ürküdür. Aşağı səviyyədəki yazıçılar dayanmadan duyğuları təhrik
etməyə çalışırlar. Bu, bir az ara mahnılarına bənzəyir. Mənim hadisələrə
baxışım elə deyil. Nə qədər üzülsəm də, "Huzursuzluq”dakı hekayəni soyuqqanlı
danışırdım.
–
Oxucuların çoxu romanın sonluğundan razı qalmayıb. Düşünürlər ki, yarımçıqdır.
Bəs, həqiqət nədir?
– Sonu harasa bağlamaq çox
asandır. Qəhrəmanları evləndirə bilərəm. Ya da buna bənzər nəsə edib, oxucunu
daha da məmnun etmək olar. Amma bizim danışdığımız faciədir, axı. Sizdə çox
gözəl bir söz var: qaçqınlar. Mənə görə, "qaçqın” qədər gözəl söz yoxdur. Yeri
gəlmişkən, bir romanıma bu adı vermək istəyirəm. Çünki bu kəlmə bizim dilimizdə
yoxdur. Həddindən artıq gözəl sözdür. Onu da deyim ki, mənə dərindən təsir edən
xeyli sözləriniz var. Diliniz çox zəngindir. "Huzursuzluq”da məhz qaçqın
həyatını göstərmək istəmişəm. Əslində, bu an bir son yoxdur, eyni vəziyyət
davam edir. Qərb də qaçqınları istəmir. Elə romanın sonunda Avropaya gedərkən
Ədirnə yolunda, sisin, dumanın içində bir tarlada qalırlar. Keçirdikləri boşluq
duyğusunu orada yaratmaq istəmişəm. Hekayə bitmir. Orada "mutlu son” yaratsam,
böyük haqsızlıq olardı.
–
Onsuz da dünyada hər şeyin naməlum olduğunu demişdiniz...
– Bir yerə calanan
sonluqlar Hollivud filmlərinin formuludur. Çox faciəvi bir hekayə də
danışsalar, sonunu mütləq yaxşı bitirmək, izləyicini xoşnud edərək yola salmaq
istəyirlər. Həmin filmlər gəlirlərə hesablanır. Yazıçının işi bu deyil.
İnsanların kitabı "xoşbəxt son” ilə bitirməkləri üçün heç nə edə bilmərəm.
– "Serenad” içərisində sevgi, siyasət, müharibə, sürgün, ayrılıq, ölüm
olan dərin romandır. Burada da hər şeyin üstündən xətt çəkib, insanı
ucaltmısınız...
– "Serenad” çox maraqla
qarşılandı. İnsanlar onu oxuduqca oxuyur. Çox böyük oxucu kütləsi qazandı. Ən
çox məktub, e-mail aldığım romanlarımdandır. Sosial mediada bəzən bu haqda
yazırlar, oxuyuram. "Biz bu kitabı bitirdikdən sonra başqa nə oxuyaq?” deyib,
bir müddət kitab oxuya bilməyəcək vəziyyətə düşənlər var. Eyni hal Almaniyada
almanca çap ediləndə də baş verdi. Başqa ölkələrdə də bənzər təsir gücü
yaratdı. Çünki əsərdə faciənin içində böyük eşqdən bəhs edilir. Orada vacib
olan sevgidir. Onsuz da mənim bütün romanlarımda insana insan olaraq baxılır.
Kitabda yazıldığı kimi, uniformalar, bayraqlar, sərhədlər – hamısı
əhəmiyyətsizdir. İnsan insandır. "Huzursuzluq”da "Mən bir insandım, abla”
deyir. Əslində, mənim bütün yaradıcılığımda belədir: insana insan kimi baxmaq.
Bu gün həyatda o qədər gülməli şeylər olur ki... Məsələn, bizim Egedə Ayvalık
rayonu var. Qarşı tərəfində isə Midilli yerləşir. Aralarındakı məsafə azdır. Yaxud
da Kuşadası, Samos... Biri Yunanıstana aiddir, o biri Türkiyəyə. Adam bir
kilometr bəridə doğulsa, türk milliyyətçisi olur, "Yunanlara lənət olsun” deyir
və onlardan bir insan belə görsə, öldürmək istəyir. Bir kilometr o tərəfdə
doğulsa, bu səfər yunan milliyyətçisi olur, türkə nifrət edir. Bunlar əslində,
gülməli şeylərdir (gülür).
–
İnsan daha dəyərlidir.
– Əlbəttə!.. İnsan
insandır.
–
Doğrudanmı həyatın iki gerçəyi var?
– "Serenad” romanındakı
sevgi insanları çox təsirləndirdi. Professor Maksimilian Nadyaya qarşı dərin
hisslər bəsləyir. Bu hekayəni isə bizə həyatında heç vaxt o cür sevgi görməyən,
yaşamayan Maya danışır. Artıq modern dünyada belə sevgiyə rast gəlmək olmur.
Varsa, bu, çox azdır. Köhnə eşqlər başqadır. Maya 36 yaşında çətin şərtlər
altında İstanbulda işləyir. Evlənib sonra boşanıb, bir uşaq anasıdır. Özünü
professorun Nadyaya olan sevgisinə həsr edir. Ən axırda mövzu həyatın iki
gerçəyinə gəlib çıxır: Eşq və Ölüm! İnsanlığın iki böyük mövzusu var, əslində:
Eşq və Ölüm! Dünyada bundan böyük mövzu yoxdur.
"Mən təkcə öz
düşüncələrimdən ibarətəm demək olmaz”
–
Kitabda bəzi məqamlar var, onu ancaq həmin anı yaşayan qadınların bilməsi
mümkündür. Romanı qadın ruhuna bürünərək yazdığınızı deyə bilərikmi?
– Mən o kitabı qadın kimi,
qadın səsi ilə yazdım. Əslində, çox maraqlıdır. Bununla bağlı mənə çox suallar
verildi. Ümumiyyətlə, yazıçı sadəcə özünü yazmamalıdır, ünsiyyətdə olduğu bütün
insanlarla empatiya qurub, ruhlarının içərisinə girib, onların gözü ilə dünyanı
görə bilməlidir. Yoxsa, sadəcə özünü yazmaqla yazıçı olmaq mümkün deyil. Bunu
qəbul etmirəm. Qadın oxucuların çox maraqlandığı, həmişə soruşduğu bir epizod
var orada: Maya axşam bir yerə dəvət edilir, hazırlaşmaq üçün gözəllik
mərkəzinə üz tutur. Usta üz cizgilərini önə çıxarmaq üçün saçlarını yuxarıdan
toplayır. İlk dəfə bu cür saç düzümü yığdıran Maya aynaya baxır, "Çox çılpaq
göründüm, böyük gərdanlığı boynumdan asıb açıq yerləri qapadaram” deyir. Kitabı
oxuyanlar isə bunların "qadınca” olduğunu deyirlər. Onların "qadınca” dediyi,
əslində insancadır. İnsan olan hər kəs bunları hiss edir. Bir dəfə Amerikada da
eyni sualı verdilər, dedim ki, sənətçilərin ruhu ilə qadınların ruhu bir-birinə
yaxındır. Tolstoy yaradıcılığına nəzər salaq, yaşlı vaxtlarında gənc qızın dili
ilə "mən” deyərək roman yazır. İşlədiyi yerə gəlib-gedən, özündən yaşca böyük,
qardaş dediyi bir hərbiçi ilə bir-birilərini sevirlər. Evlənirlər. Onun ərinə
qarşı dəyişən hisslərini "mən” deyərək yazır. Deməli, belə yazmaq lazımdır.
"Mən təkcə öz düşüncələrimdən ibarətəm” demək olmaz.
–
"Donmamaq üçün qaşıq kimi olmaq”. Bunu ilk dəfə "Serenad”da oxudum. Gənc
vücudun yaşlı bədəni ölümdən bu şəkildə xilas etməyi insanı düşündürür.
– O səhnəni mən də çox
sevirəm. Biri 87 yaşlı kişi, o biri 36 yaşlı qadındır. Qadın ölüm ayağında olan
vücuda gənc bədəninin hərarəti ilə həyat verir. Mənə elə gəlir ki, bu, çox
yaxşı epizoddur. Həmişə belə fərqliliklərdən yararlanıram. "Huzursuzluq”
romanımda təcavüzə məruz qalan qadın uşaq doğur. Körpəni dünyaya gətirdikdən
sonra üzünü görmək istəmir. Amma məcburiyyətdən ona süd verir. Özü də daxil
olmaqla yanındakı digər iki qadın da onun döşündən gələn südlə sağ qalır. Çünki
dağlara sığınıblar, yeməyə də heç nə tapa bilmirlər. Bir körpənin qisməti üç
nəfəri yaşadır. Bu da fiziolojidir, belə şeyləri sevirəm. Hazırda "Serenad”
romanı əsasında amerikalılar və almanlar film çəkirlər. Ssenari üzərində
çalışırlar. Yəqin bir-iki ilə hazır olar. Filmlə bağlı danışanda həmin səhnənin
üstündə dayandım, rejissora xəbər göndərdim ki, ssenaridə Mayanın professoru
qucaqlamağını yazıldığı kimi çəkmək lazımdır. Əcnəbi ssenaristlər mənə dedilər
ki, yatağa girmək bizim cəmiyyətdə çox da qeyri-adi hal deyil, ola bilər
müsəlman ölkələrində elədir. Dedim anlamırsınız, müsəlmanlarda bu, qadağan
deyil, burada məsələ başqadır. Bir gənc qadın istiliyi ilə yaşlı kişini ölümdən
xilas etmək üçün vücudunu onunla bütünləşdirir. Dedim, siz buradakı dərinliyi
görmürsünüz? Dərhal beyinlərində "müsəlman ölkəsində ayıbdır, Qərbdə deyil”
fikri formalaşır. Əl çəkin belə boş söhbətlərdən, keçin bu mövzuları.
Söhbətləşdi: Türkan Turan
Fotonun müəllifi: "Tuhaf”
dərgisinin baş redaktoru Nurhak Kaya
525.az