Biz imzaları yox, əsərləri dərc edirik...

Daha yaxşı yazar olmaq... – məsləhətlər
515
17 İyul 2017, 14:11
  artkaspi.az Ceyms Altuçerin "Daha yaxşı yazar olmaq – məsləhətlər" adlı məqaləsini təqdim edir:
 
 

 
  Hamı öz peşəsinin ən yaxşısı olmaq arzusundadır. Lakin bu heç də hamıya nəsib olan səadət deyil. Nəzərə alsaq ki, indi elmin, texnikanın, biznesin, hətta incəsənətin belə bütün sahələrində inanılmaz güclü rəqabət var, "ən yaxşı olmaq” üçün insan bəzən bütöv bir ömür vaxtını xərcləməli olur. Amma daha yaxşı olmaq üçün hər zaman yollar var. Düzdür, əgər siz incəsənət müstəvisində, xüsusilə də, sözlə mübarizə aparmağı seçənlərdənsinizsə, işiniz bir xeyli çətindir. Çünki məsələn, informasiya texnologiyaları sahəsi mütəxəssisdən ancaq öz üzərində işləmək, əmək və vaxt tələb edir. Amma incəsənətdə istedad deyilən bir nəsnə var ki, bununla yarışmaq olmur. Sən nə qədər öz üzərində işləyirsən işlə, özünü nə qədər təkmilləşdirirsən təkmilləşdir, məna tutmaq, məna yaratmaq qabiliyyəti olan adamdan bir neçə addım geridəsən. Amma bir şeyi də unutmayın, istedad əsla təkbaşına ölümsüzlük, davamlı uğur gətirə bilməz. Odur ki, kimin istedadlı, kimin istedadsız olduğuna fikir vermədən, "ən yaxşı olmaq” iddiası uğrunda heç olmasa, addım atmaq lazımdır.
  İngilisdilli ədəbiyyatsevərlərin 31 milyonunun izlədiyi ədəbi ekspert-müxbir Ceyms Altuçer şəxsi internet səhifəsində daha yaxşı yazar olmaq üçün gənc və həvəskar yazarlara, gözlədiyi satışları reallaşa bilməyənlərə bəzi məsləhətlər verib. Məqalənin oxunma sayını nəzərə alaraq, ixtisarla təqdim edirik.
  A) Nədən istəyirsinizsə yazın. Sonra birinci və sonuncu paraqrafı çıxardın. Gələcəyi bilməyin, onu proqnozlaşdıra bilməyin bir yolu olması bu qaydanın ən cəlbedici və əyləncəli tərəfidir. Əvvəli və sonu çıxarmaqla, siz yazdığınızı özünüzdən arındırmış olacaqsınız. Amma unutmayın ki, bu qaydanı bilsəniz belə, gələcəyi dəyişdirmək əlinizdə deyil. Bu qaydaya əməl edərək yazsanız belə, sonda yenə bu qaydanı tətbiq etməlisiniz. Çünki diqqət edin, redaktorların hamısı ən çox birinci və sonuncu paraqrafda düzəliş edir. Odur ki, bu iki hissədən xilas olun.
  B) Hər gün daha iri addım atın, daha diqqətçəkən hərəkət edin. Daha yaxşı yazar olmaq məsləhəti verən daha yaxşı bir siyahı ilə qarşılaşmayacaqsınız. Əgər bədəninizə və beyninizə dolub-daşmaq imkanı vermirsinizsə, daha yaxşı yazar da olmayacaqsınız. Sadə vərdişlərdən başlayın. Daha çox meyvə yeyin, məsələn... 
  C) İlk sətirdən oxucunu "yaralamaq”. Hamımız insanıq. Kompüterlər Jeopardı uda bilər, ancaq yenə də bir roman yaza bilməz. İnsanların sizinlə münasibət qurmağını istəyirsinizsə, insan olmalısınız. Penelope Trunk bir neçə həftə əvvəl belə bir paylaşım etmişdi: "Başımın üstündə lampa qırıldı. Hər yer qan oldu. Və şüşə. Şəkil çəkdim”. Paylaşım fantastik sayda bəyənilmişdi. Bu, əsl qanaxma idi. İnsanların duyğularına toxunmuşdu. Həyat yoldaşım son oxuduğu kitabda ilk sətirdən çox təsirlənmişdi, qeyd dəftərinin girişinə qeyd elədi. Elə ilk sətirdən insanların duyğularına toxunmalısınız.
  D) İcazə istəməyin. Heç vaxt "mənim fikrimcə” sözünü deməyin. Onsuz da, bilirik ki, o sizin fikrinizdi. Onu siz yazmısınız.
  E) Çox yazın. 90-cı illəri bütün vaxtımı bədii ədəbiyyat oxumaqla keçirirdim. 5 bədii roman, 12 bədii hekayə yazdım. Amma bunlar mənə pul, uğur, şöhrət qazandırmadı, sadəcə ictimai imtinanın öhdəsindən gəlməyi öyrəndim. Və təbii ki, iki fikri düzgün formada necə bir yerə gətirəcəyimi. Yazdıqca beynimdə "Pulitzer” mükafatını qazanırdım. Əlimdə isə yüzdən çox rədd məktubu var idi.
  F) Çox oxuyun. "Bu məsləhəti hamı verir”, "klişelərdən qurtulun” deməyəcəyəm. Oxumasanız, yaza bilməzsiniz. Bu ədəbi aləmdə söz haqqı olan hamının verdiyi ən yaxşı məsləhətdir. Sıra ilə beş roman yazmışam, amma yazmadığım zamanların hamısını oxumağa sərf etmişəm. Kəskin qrafiki olan proqramçılar kimi işləyirdim və qrafikim nə qədər dolu olursa olsun, qiraətə hər gün mütləq bir saat ayırırdım. Əlimə keçən hər şeyi oxuyurdum.
 
 

  G) Yazmamışdan əvvəl oxuyun. Qiraətin zamanı olmasın, yeməkdən əvvəl, sonra, yazandan əvvəl, sonra... Mən hər gün yazmazdan əvvəl 30-60 dəqiqəmi yüksək bədii keyfiyyətli qısa hekayələr və ya esselər oxumaqla keçirirəm. Başlanğıc üçün bəzi müəlliflər məsləhət görərdim. Bu yazıçılar ilk hekayə və romanları qəbul edilənlərdir. Onların debüt əsərləri sizin etalonunuz olsun. Əgər yazdığınız bu səviyyədə deyilsə, dərc olunmağınız çətin məsələdir.
  • Denis Johnson
  • Miranda Temmuz
  • David Foster Wallace
  • Ariel Leve
  • William Vollmann
  • Raymond Carver
  H) Qəhvə. Bu şəxsi seçimdir. Siz məcbur deyilsiniz, amma mən yazmağa başlamazdan əvvəl ən azı 3 fincan qəhvə içirəm. Qəhvə yoxdursa, yaradıcılıq da yoxdur.
  I) Fizika qanunlarını sındırmamaq. Mətndə zaman məfhumu yoxdur, heç nə növbə ilə getmək məcburiyyətində deyil. Ancaq fizika qanunlarına da hörmət edin. Məsələn, qızlarıma məsləhət vermək istəyəndə, bununla bağlı paylaşım edirəm. Ötürmək istədiyiniz fikrin geniş meydanı var, bundan yararlanın.
  J) Dürüst olun. İnsanlara hamısının düşündüyü, ancaq heç birinin dilə gətirmədiyi fikirləri söyləyin. Bəzi insanlar sirlərini aşkar etdiyinizə görə hiddətlənəcək. Ancaq böyük əksəriyyət minnətdar olacaq – oxucunun ürəyindən keçəni bilən adam olun. Əgər siz dürüst olmasanız, gerçək mənanı, əsl duyğunu ötürə bilməyəcəksiniz. "İmperator çılpaqdır”dakı ("Emperor Wears No Clothes”) o kiçik oğlan olun. Əgər buna cəsarət edə bilmirsinizsə, yazmayın.
  K) Heç kəsi incitməyin. Bu şərt yuxarıdakı qaydalardan irəli gələn şərtlərin çoxuna ziddir, ancaq mən heç vaxt insanları incitməyi sevməmişəm, bu bəndi qeyd etməliydim. Odur ki, bu qaydaları heçə sayıb, kiminsə əməyini oğurlayaraq, onu incidənlərə də hörmət etmirəm. Niyə pis olmağı seçəsiniz ki?! Buddaya hamı sitayiş etmir, amma hamı oxuyur, düşünür və hörmətlə anır. Belələrini nümunə götürün.
  L) İnsanların nə düşündüyündən qorxmayın. Yazdıqlarınız haqqında nə düşünəcəyindən narahat olduğunuz hər doğmanız üçün, yazınızın keyfiyyətindən 1% çıxın. Hamının güzəşt limiti var. Mən belə düşünəndə dərhal 10% çıxmalı oluram. Çünki təqribən narahat olduğum 10 nəfər ola bilər. Onların bəziləri işimin keyfiyyətindən bilərəkdən oğurladıqları üçün pis insanlardır. Bəziləri isə incitmək istəmədiyim insanlardır. Düşünürəm ki, əksər insanlar sadəcə 20% keyfiyyəti ortaya qoya bilirlər. Buna istər inanın, istər inanmayın, əgər siz müştərilər, dostlar, ailə ilə dürüst olsanız, sizi daha çox sevəcəklər. Odur ki, onların düşündüklərindən qorxmayın. Hamının sərhədləri var. Yazarın işi bu sərhədləri görə bilməkdir. Növbəti yazınızda insanların sizin haqqınızda bilmədikləri şeylərdən danışın. 
  M) Qətiyyətli olun. Tanıdığım insanların çoxunun ən azı bir və ya iki şey haqqında qəti fikirləri,  mövqeləri var... Sizin də ətrafınızda var. Onlar haqqında yazın. Həm sizə qətiyyət aşılayacaq, həm də bir şeyə hakim olmağın üstünlüyünü təsvir edəcəksiniz. Məsələn, müasirim Barri Ritholz dəli kimi əsəbiləşməyəndə yaza bilmir. Başlasa da, yarım qalır. Sanki hikkə, əsəb ona qətiyyət verir. Onun əsəbiləşib başladığı uğursuz bir hekayəsi yoxdur.
  N) Sarsıdıcı sərlövhə seçin. Bu qaydanı özüm də sınaqdan keçirdiyim üçün yazıram. Oxuduğum bir yazıya "Qadınlara necə işgəncə verim” başlığı verməli idim, amma "İşgəncənin günahkar tərəfiyəm” sərlövhəsini seçdim. Müəyyən qədər mənadan uzaqlaşdım. Ya da bir başqa sərlövhə "İlk uşağımı abort elətdirmək istəməyim yanlışdır?”. Unutmayın ki, hansı mövzuda yazırsınız yazın, məqalənizin trilyonlarla eynigüclü rəqibi var. Sizi irəli çəkən nəsə olmalıdır. Oxucunu içinə çəkəcək başlıq seçməlisiniz. Əks halda uduzarsınız.
  O) Oğurlayın. Təbii ki, həqiqi mənasını nəzərdə tutmuram, sadəcə bədiiləşdirdim. Əgər başqa səhifədəki mövzunu daha yaxşı işləyəcəyinizə əminsinizsə, oğurlayın. Əlbəttə ki, bu əsla orijinal mətnin müəllifinin etirazına səbəb olmursa, belə bir addım atmaq olar. Əgər yazdığınız lazımı marağa səbəb olursa, həmin mövzunu kimin işlədiyinin, bu haqda əvvəllər neçə dəfə yazılmasının heç bir əhəmiyyəti qalmır. "Yasər Ərəfatdan 2 milyon dolları necə qaçırdım” sərlövhəli bir məqalə Yasər Ərəfatın məşhurluğu ilə əlaqədar olaraq, artıq oxunmamaq təhlükəsindən çıxır.
  P) İnsanları ağladın. Əgər indiyə kimi cəmi bircə dəfə də olsa, həqiqətən, aşiq olmusunuzsa, onda gözün və qəlbin birgə necə ağladığını bilirsiniz. Oxucunu hələ lap uşaq olduğu, qorxularının və qayğılarının olmadığı, bütün həyatın hələ çox irəlidə gözlədiyini bildiyi vaxta aparın. Və hər şeyin dəyişməyə başladığı o acılı-şirinli dönüş nöqtəsinin hara olduğunu xatırlamalarını təmin edin. Oxucu bu anın sonsuza qədər davam etməsini istəməlidir. Bunları yazarkən belə o anlara qayıtdım. Bir də təkrarlanmayacaq, yaşanmayacaq zamanlara.
 
 

  Q) İnsanlarla möhkəm və düzgün əlaqələr qurun. Son on il ümumilikdə dəhşətli keçdi. Hər kəs üçün. 11 sentyabrda ölkə dərin travmatik stressə məruz qaldı, bu sindromdan qurtulmamış 2008-ci ilin böhranı vəziyyəti daha da pisləşdirdi. Həmin onillikdə mən lap dəhşətli hadisələr yaşadım – boşandım, iflasa uğradım, möhkəm dostluqların bəzisi qırıldı, sadəcə dirçəlişə inanmaqdan əl çəkməməyim və qətiyyətim qaldı. İki uşağın qayğısına qalmalı və yalnızlıqla mübarizə aparmalı idim. Heç kim mükəmməl, qüsursuz deyil. Bir yerə çatmaq üçün hamımız özümüzü sınayırıq. İnsanlara həyatla necə mübarizə apardığınızı, keçdiyiniz yolları, çəkdiyiniz əziyyətləri göstərin. Yazdıqlarınız ya birbaşa, ya da hansısa obrazın timsalında həyat yolunuzu əks etdirsin. Heç kim sizdən super güclərə sahib qəhrəman olmağı gözləmir. 
  R) Zaman bütün yaraları sağaldır. Hamının danışmaq, paylaşmaq, başqalarını sığortalamaq üçün də olsa, açıqlamaq, yazmaq istəmədiyi təcrübələri var. Ancaq qələminizi və ruhunuzu bir balaca məcbur etsəniz, alınır. Mən də 1995-ci ildə "Yeni il” günü ilə bağlı çox utancverici bir qərar almışdım, amma bu 16 il əvvəl idi. Zamanın ən yaxşı cəhəti də unutdura bilməsidir. Həyatınızı nə qədər çox geriyə fırlayıb, izləsəniz, keçmiş haqqında, həyat haqqında nə qədər çox düşünsəniz, insanların nə fikirləşdiyinə bir o qədər az əhəmiyyət verəcəksiniz. Yazdıqlarınız da bir o qədər çox səmimi olacaq.
  S) Risk. Diqqət etdinizsə, bütün bu qaydalar sərhədlərinizin genişliyindən asılı olaraq dəyişə bilir. Bəzilərinin sərhədləri bütün ömürləri boyu sabitdir, onların yanlış yola düşmə ehtimalı daha azdır, oyunu daha təhlükəsiz tamamlayırlar. Bəzən nəyisə yazmaqla, həqiqətən də, böyük riskin altına girirsən, oxucu ora çatanda gərginliyi dərhal hiss edir. Əgər davam edirsə, deməli, ikinizin düşüncə sərhədlərinin bir ortaq ərazisi var. Risk etməyi sevmirsinizsə, bura kimi zamanınızı aldığımçün üzrlü sayın və məni ekrandan "x”ləyin.
  T) Əyləncəli olun. Yuxarıdakı şərtlərin hamısına cavab verə bilirsinizsə, əyləncəli olmaq o qədər də çətin olmayacaq. Burada sadəcə oxucunu əyləndirə bilməyi nəzərdə tutmuram, özünüzün də fərqli əyləncə anlayışınız olmalıdır. Hindistana gedəndə ilk yoqa dərslərində mənimlə amansızca rəftar edildi. Ətrafımdakı hamı gözümü qorxutmağa and içmişdi. Gözümə yoqa Tanrıları, cəngavərləri kimi görünürdülər. Mən isə peşəkarların yanında özümü dələduz kimi hiss edirdim. Vəziyyət o yerə gəlib çatdı ki, oturub ağladım. Amma bu, ətrafdakıları əyləndirir və güldürürdü.
Keçmişimi belə anları xatırlamamaq üçün qazımamalı olduğumu bilirəm, amma başıma gəldiyi üçün danışdım. Yaxşı nümunə olmasa da, başqalarını əyləndirmək deyəndə nəyi nəzərdə tutduğumu aydınlaşdırmaq istədim. Necə komik, əyləncəli ola bilərsiniz? Birinci qayda budur: çirkinlər gülməlidir. Mən görünüş olaraq, kifayət qədər eybəcər olduğumdan insanları güldürmək elə də çətin olmur. Mümkün olduğu qədər baxımsız, köntöy, yöndəmsiz görünməyə çalışın. Heç kim qüsursuz gözəlliyə sahib olanların gündəlik həyatları ilə, gördükləri böyük işlər, qazandıqları uğurlarla maraqlanmır.
   U) Son sətriniz bomba kimi partlamalıdır – BUMM. Son sətriniz "öldürücü, canalıcı, unudulmaz” olmazsa, əlyazmanız mənasız olar. Məsləhət görərdim ki, Denis Consonun "İsanın oğlu” adlı qısa hekayələr kitabını oxuyasınız. Mənim nəzərimdə, bu hekayələri oxumaq həlledici sətri necə yazmağı öyrənməyin yeganə yoludur. Bu son sətir sizi də, oxucunu da əvvəlcə lap ilk sətrə qaytarır, sonra isə "BUMM!” bomba effekti verir.
   V) Nöqtədən çox istifadə edin. Sıradan bir oxucu kimi yanaşsanız, nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Vergüllər, nöqtəli vergüllər mətni yorucu edir, bunları unudun. Nöqtə oxucunu dayandırır, fasilə effekti verir, nöqtəyə qədər olan fikrin beyinə hopmasına şərait yaradır. Lakin nöqtəyə qədər olan cümlədəki məna kifayət qədər güclü olmalıdır. Əks halda, oxucunu düşündürə, qiraətə sövq edə bilməzsiniz. Nöqtə həm də cümlələrinizi qısa edir. Qısa cümlələr isə oxucunu yormur. Uzun cümlələrin sonuna çatanda bəzən yenidən cümlənin başına qayıtmalı oluruq. Bu, klassiklərin ən dözülməz cəhətidir. 
   W) Hər gün yazın. Bu, məsləhət, məşq, sınaq deyil, məcburiyyətdir. Yazmaq emosional bir vərdişdir. Diqqət edin, vərdiş sözü işlətdim. Bəli, uğurlu insanların birinci ortaq cəhəti lazımı şeylərin vərdiş halına gətirilməsidir. Yazarkən tamamilə daxili dünyanıza qərq olursunuz, yazdıqca içinizdə qalan duyğulardan, beyninizdə yığılmış fikirlərdən arınırsınız, sanki zərərli toksinlərdən təmizlənirsiniz. Əgər bunu hər gün etməsəniz, yaradıcı qabiliyyətinizi, müşahidəçi gözünüzü, analitik şüurunuzu itirərsiniz. Bu halda istedad belə bir işə yaramaz. Əgər hər gün yazsanız, beyniniz, bədəniniz sistemləşəcək, sonra yavaş-yavaş zərərli toksinlərin olduğu yeri özünüz müəyyənləşdirəcəksiniz. Və o zaman təmizliyə başlaya bilərsiniz.
  X) Danışdığınız səs tonunu təsvir edin canlandırın. Bütün həyatımız boyu bir səs tembri ilə ünsiyyət qurmağı öyrəşirik. Əgər yazarkən, içinizdən başqa tonda, tembrdə danışırsınızsa, səmimiyyəti itirmiş olursunuz. Ömür boyu sahibləndiyiniz səsi yazarkən niyə dəyişirsiniz ki? Öz səs tonunuzu canlandırın, obrazlarınız sizin səsinizlə danışsın.
  Y) Hər cümlə ilə onun nəzərdə tutulmuş və birbaşa mənasını ötürün. Hətta "Twitter” və ya "Facebook”da belə fikrinizi paylaşanda hər şeyi nəzərdə tutduğunuz, birbaşa mənası ilə açıq, anlaşılan şəkildə ötürməyə çalışın. Xüsusilə də, şairlər sözlə, məna ilə oynamağı sevirlər. Əgər siz roman yazırsınızsa, qoyun kəndirbazlıq şairlərə qalsın. Əgər içinizdən məsələyə dolayı rəy bildirmək keçirsə, özünüzlə mübarizə aparın və susun. Yazdığınız hər cümlə, hər sətirlə dəyərli bir fikir ötürməyə çalışın.
  Z) Hər kəsin düşüncələrini diqqətlə dinləyin və əksini araşdırın. Sadəcə etiraz etmək naminə qarşı tərəfin fikirlərini dinləmədən etiraz etməyin. Əvvəlcə diqqətlə dinləyin. Əgər sizə qaranlıq qalan məqamlar varsa araşdırın. Mövzunun bütün tərəfləri ilə maraqlanın. Dünyanın altından da xəbəriniz olsun. Bu araşdırmaların sonunda, adətən, heç kimin bilmədiyi bir məlumatı əldə etmiş olursunuz. Mütləq sizi hamıdan bir addım önə aparacaq bir şeylər tapacaqsınız.
 
 

  Bəli, əlifba bitdi. Daha yaxşı yazar olmağın yolları da bitdi?! Əsla. Bəs, bu qədər məsləhətdən sonra daha nə tövsiyə edə bilərəm? Çoxlu ideyalarınız olsun. İdeya ədəbiyyatın, yaradıcı işin şah damarıdır. "Daily Practice” şöbəsində "Ən Şanslı Adam Olmağın Yolları” başlığı altında bu ideya məsələsini müzakirə edirəm. İdeya fikir əzələlərinizin işinin nəticəsidir. Onları işlətməsəniz, günlər keçdikcə ideyalar da ölür. Sonra nə edirsiz? Sonra bulaqdan yenidən su gəlməsi üçün əlləşirsiniz, beyninizi hər gün yorulana qədər işlətməli olursuz. Əks halda, fikir, ideya yaranmır. Hətta ideya üçün belə əmək tələb olunur.
  Yazarların yuxu rejimi həmişə maraq obyekti olub. Siz də özünüzü yazar kimi həyat tərzi keçirməyə kökləyin, gündə səkkiz saat yatın. Həftədə azı 4 gün axşam 9-dan əvvəl yatın. Və yazmazdan əvvəl nəfəs məşqləri edin, dərin nəfəslər alarkən gərnəşin. Biz beynimizin yalnız 5%-ni istifadə etdiyimizi güman edirik. Ən azından hamıdan daha yaxşı yazmaq üçün 6%-nin əmək qabiliyyətli olmasına səy göstərin. Beləliklə, beyninizin mümkün olduğu qədər çox oksigen aldığından əmin olun. Çox insan yuxunun payına düşən gecə saatlarını söhbət edərək, dəyərli yazmaq və dincəlmək vaxtlarını boşa sərf edir, beynin yaradıcı hissəsini susuz qoyurlar. Yatmaqla bağlı başqa bir təklifim də var. Elə yazdıqlarınızın üzərində yatın. Yazın, yorulun, masadan durmayın, elə əlyazmanızın üzərinə başınızı söykəyib yatın. Orada oyanın, xəyal qurun, kofe için, yazdıqlarınızı yenidən oxuyun, yenidən yazın. Ürəyinizə yatmayan cümlələri çıxarın.
  Əgər bilirsinizsə ki, yazdıqlarınız kimisə məyus edəcək, məsləhət bilirəm ki, yazmayın. Məyus etdiklərimiz sonralar dinləyicilərimiz olur. Sanki əzab çəkmək və sizə əzab vermək üçün gəlib gözlərini gözlərinizə zilləyirlər. Sizin hədəfiniz oxucularınızla insani və qarşılıqlı hörmətə söykənən münasibətlər qurmaq olmalıdır.
  Romanda ən uğursuz söz "dedi”dir. Nə istifadə edirsiniz, edin, amma bu kəlməni mümkün qədər əvəzləyin. "Təklif etdi”, "rəy bildirdi”, "söhbətə qoşuldu” və s. kimi bir-birindən uğurlu ifadələr tapmaq o qədər də çətin deyil.
  Sadəcə ədəbiyyata köklənib, bağlanıb qalmayın. Bu halda yaradıcı tıxaclarla mübarizə aparmaq lazım olacaq, yorulacaq, bezəcəksiniz. Ədəbiyyata ən yaxın sahə rəssamlıqdır – boyayın, çəkin. Ya da başqa sahədə yaradıcı  bacarığınızı yoxlayın. Peşəkar rəssam olmaya bilərsiniz. Amma ağ vərəqdə rəng uyğunluğu yaratmaq üçün əlləşmək belə sizin əsəblərinizi xeyli sakitləşdirəcək.
 
  Mənbə: jamesaltucher.com

  İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI
 

Xəbər lenti