Biz imzaları yox, əsərləri dərc edirik...

Dağ başında sevgi – Han Shaogongun hekayəsi
1375
13 Avqust 2018, 17:49
 Artkaspi.az Han Shaogongun "Dağ başında sevgi" adlı hekayəsini təqdim edir: 
 
 
 Onlar hələ də dağ başında yaşayırlar. Ancaq onlar Çinin birinci imperatorundan canlarını qurtarıb dağlara pənah aparan qaçaqlar kimi deyil. Onlar neçə il bundan qabaq bir-birini sevən, sonra bir-birinə qoşulub dağlara qaçan bir cütlükdür. 
 

 
 Onlar bir vaxtlar Jiangxi əyalətinin Xiushui qraflığında yaşayırdılar. Bir-biri ilə nikah qohumu idilər. Qadın indiki ərinin qardaşı oğlunun arvadı olmuşdu. Neçə illər bundan qabaq qadının əri işləmək üçün Guangdong əyalətinə getmiş, uzun müddət ailəsindən uzaq düşmüşdü. Əri evdə olmadığı üçün qadın məcbur olub tez-tez ərinin əmisinə üz tutur, ev işlərində ona kömək etməsini xahiş edirdi. Bir gün ondan xahiş edirdi ki, tarlaya toxum səpsin, yaxud donuzları satmağa aparsın, yaxud odun doğrasın. Bəzən qadının başı ağrıyır, ya da qızdırması olurdu, o ərinin əmisindən xahiş edirdi ki, gedib həkim çağırsın, ya da ona dərman bitkiləri tapıb gətirsin. Beləcə, onlar bir-birinə bağlandılar. Həmin vaxtlarda qadın kənd ibtidai məktəbində müəllim işləyirdi. 
 Onların bu münasibətləri haqda xəbəri, heç şübhəsiz qadının ərinə çatdırdılar. Qadının əri uzaq əyalətdən evlərinə qayıtmağı qərara aldı, əlində də mətbəx bıçağı. Özünə söz vermişdi ki, ona xəyanət edən arvadını və əmisini qanlarına qəltan edəcək. Onlar da bunu eşidib bir-birinə qoşulub dağlara üz tutdular.
 Demək olar ki, onlar evlərindən bir iynə də götürməyə macal tapmadılar. Onlar böyük səhv etdiklərini çox yaxşı başa düşürdülər, bir daha doğma kəndlərinə qayıtmağa utanırdılar. Onlar gah günəmuzd işləyir, gah dilənir, birtəhər başlarını girləyir, nəhayət, Jiangxuya gəlib çıxmışdılar. 
 Bir gün onlar eşitdilər ki, dağın başında tərk edilmiş koma və tarla var. Onlar dağ başına çıxıb həmin komada yaşamağa başladılar. Onların orda yaşamağından yarım il keçəndən sonra at arabasında odun daşıyan bir kişi bir vaxtlar tərk edilmiş komadan tüstü çıxdığını görür və bu barədə xəbəri yayır. 
 Beləcə, biz dağ başındakı komada yaşayanlar haqda öyrəndik. Yerli hökumət öz nümayəndələrini dağ başına göndərdi ki, orda yaşayanların kimliyini öyrənsinlər. Məlum oldu ki, komada yaşayanlar nə casusdur, nə də cinayətkar. Biri-birini sevib qanundankənar bir yerdə yaşayan cütlükdür, ictimai qınaqdan utanıb insanlardan uzaq yerdə yaşamağa məcbur olublar.
 Əslində, yerli hökumət nümayəndələri onları aşkar edən kimi onları bir vaxtlar yaşadıqları yerə göndərməli idi. Dağın ətəyində yaşayan sakinlər həmin cütlüyün xeyrinə danışdılar, dedilər ki, onlara yazıqları gəlir. Yerli hökumət nümayəndələri onlara deyəndə ki, onları bir vaxtlar yaşadıqları yerə göndərmək istəyirlər, onlar çox həyəcanlanmış, demişdilər ki, onları geri qayıtmağa məcbur etsələr ikisi də boğazlarına kəndir keçirib intihar edəcəklər. Buna görə də yerli hökumət onları bir vaxtlar yaşadıqları yerə dönməyə məcbur etmədi. Bundan başqa, dağ başındakı boş qalmış tarlanı onlardan başqa heç kim əkib-becərməyəcəkdi, onlara mane olmaq yaxşı olmazdı, ən yaxşısı onlar imkan vermək lazım idi ki, tarlanı əkib-becərsinlər, birtəhər başlarını saxlasınlar. Yerli hökumət, onların dağ başında yaşamağına icazə verdi, problemi bu cür həll etdilər. 
 Biz bu qaçaqların yaşadığı komanı tapmaq üçün dağ başına çıxdıq. Həyətdə bir neçə it vardı, eləcə də, həyətdə 3 uşaq oynayırdı, sevgidən doğulmuş uşaqlar. Uşaqlar bizi görən kimi qışqıra-qışqıra komaya tərəf qaçdılar. Çox güman ki, onlar belə hesab etmişdilər ki, biz kosmosdan gəlmişik, ya da elə biliblər ki, biz insan cildinə girmiş ruhlarıq. 
 Onların həyətinə girəndə biz öz-özümüzə sual verdik: Doğrudanmı bura cənnət bağı idi? Yox, orda rəngbərəng güllər və kristal boyunbağılar yox idi, nə də yetişmiş meyvələr gözə dəymirdi. Həyətdə çoxlu donuz, qoyun-quzu və toyuq-cücə vardı, həyətdən peyin qoxusu gəlirdi. Çəkic, bel, dırmıq, koxa hara gəldi atılmışdı. Bu cütlük və uşaqları komada yaşayır, dağ başındakı böyük ərazi onların qonaq otağını əvəz edirdi.
 Biz həyətə girəndə qoca bir kişi kirkirədə buğda üyüdürdü. Adama elə gəlirdi ki, o uşaqların atası yox, babasıdır. Onun beli əyilmişdi, dişlərinin çoxu düşmüşdü. Qalan dişləri isə sapsarı idi. Saçı da sarı rəngdə idi. Gün altında işləməkdən dərisi qaralmışdı. Hisə verilmiş donuz ətinə oxşayırdı. Bizi görəndə bizimlə görüşmədi, heç bir söz demədən üzümüzə baxıb gülümsədi. Onun dodaqları tərpəndi, ancaq ağzından bir kəlmə söz çıxmadı. O, ora-bura vurnuxdu, ancaq bizə çay gətirmədi. Nəhayət, o tarlaya getdi ki, arvadını gətirsin.
 Bir azdan qadın tarladan qayıtdı, qucağında bir şələ sünbül vardı. O, bir az kök idi, qaşları uzun, gözləri böyük idi. Hələ də onda cavan qadınlara xas gözəllik vardı.
 Açıq-aydın hiss olunurdu ki, o qoca kişinin tayı deyil. O bir vaxtlar kənd məktəbində müəllim işlədiyi üçün rəftarı qoca kişinin rəftarından fərqli idi. Pekin ləhcəsi ilə danışırdı. 
 Bizimlə onların komasına gələn mister Long da müəllim idi. O həyətdə qaçışan 3 uşağa maraqla baxırdı. Uşaqlara yaxınlaşıb onların yaşını soruşdu, dedi ki, bura gəlməkdə məqsədi onları məktəbə yazdırmaqdır. Qadın sözə qarışdı:
 – Kim deyir ki, mən onlara evdə dərs keçmirəm? Mənim nəslimdən olan uşaqlara bir vaxtlar evdə dərs keçirdilər. 
 – Onlar məktəbə getməlidir. Bu çox da başa-başa gəlmir, – mister Long dedi. 
 Uşaqlar məktəb adını eşidən kimi çox həyəcanlandılar, özlərindən asılı olmadan əlifbanı əzbərdən deməyə başladılar, sanki bununla bildirmək istəyirdilər ki, onlar heç də savadsız deyil. Hətta uşaqlardan biri anasının ona öyrətdiyi bir mahnını da oxudu:
 
 Çay sahilindən bir penni tapdım
 Pennini aparıb mister polisə təhvil verdim.
 
 – Niyə düz oxumursan? – anası uşağa hirsləndi və onun səhvini düzəltdi, ona tapşırdı ki, bundan sonra mahnının sözlərini düz oxusun. 
 Əslində, qadın özü də mahnının sözlərini düz demədi.
 Uşaqlardan biri komaya qaçdı və geri qayıdanda əlində dəftər vardı. Bu vaxt ətrafa duman çökdü, ancaq qadın bizi komaya dəvət etmədi. Deyəsən, dağ başında dumanlı hava onun üçün adiləşmişdi. 
 Mister Lonqun ailəsi vaxtilə bu ərazidə yaşamışdı. O uşaq olanda dağın ətəyində yerləşən məktəbə getmişdi. İndi də o qadınla arx qazmaq, kömür basdırmaq və vəhşi heyvanlar haqda söhbət edirdi. Nəhayət, o söhbətin mövzusunu dəyişdi, məktəbdən söz açdı. O dedi ki, uşaqları həftənin ilk günü dağın aşağısına aparar, həftə sonu isə onları gedib gətirər bilərdilər. 
 

 
 – Bəs biz nədən biləcəyik ki, həftənin hansı günüdür? Həftənin hansı günü olduğunu təyin edə bilmirik. Yalnız gündüzlə gecəni ayırd edə bilirik. Biz burda hətta Yeni il bayramının nə vaxt olduğundan da xəbərsizik. 
 – Biz sizə təqvim verə bilərik, – mister Long dedi.
 – Bəs biz təsadüfən təqvimin vərəqini səhv cırsaq onda necə? Burda bizdən başqa heç kim yoxdur ki, ondan nəsə soruşaq. 
 – Yaxşı, burda mobil telefon işlətmək olur? – mister Long soruşdu. 
 Ətraf duman olsa da gördüm ki, mister Long cibindən mobil telefonunu çıxardır. O tamam unutmuşdu ki, dağın başında mobil telefon işlətmək mümkün olsa da, elektrik olmadığı üçün telefonun enerji yığması problem ola bilər. Onlar söhbət edəndə qəflətən duman yoxa çıxdı, günəş şüaları göründü. 
 Biz yenidən bayaqkı söhbətə qayıtdıq. Mən dedim ki, kiçik hidroelektrik generator olur, çox baha deyil, onun köməyilə bir ailə işıqdan istifadə edər, hətta televizora da baxa bilərlər. Qadın bu təklifimə görə mənə minnətdarlıq etdi və generatorun qiymətiylə maraqlandı.
 Biz söhbəti bitirib qadınla sağollaşanda o bizi nahara dəvət etdi. O dedi ki, nahara təzə düyü şorbası və quru balıq hazırlayıb. Təkid etdi ki, onlarla birlikdə nahar edək. Heç şübhəsiz, biz bu ailə ilə birlikdə nahar etmək istəyirdik, ancaq hava qaralmamış biz dağın ətəyinə enməli idik. Ona görə də onlarla nahar edə bilmədik. Hava getdikcə soyuyurdu, biz soyuqdan titrəyirdik.
 Biz pencəyimizin düymələdik və buludlardan aşağıya, dağ ətəyində yerləşən evimizə tələsdik. 

 İngilis dilindən tərcümə edən: Sevil Gültən