Biz imzaları yox, əsərləri dərc edirik...

Üçüncü günün uğursuz adamı
760
13 İyul 2017, 10:18
  artkaspi.az Səxavət Sahilin "Üçüncü günün uğursuz adamı" adlı yazısını təqdim edir:


 
  Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında ərsəyə gətirilən "Üçüncü günün adamı” filminin ictimai baxışdan əvvəl jurnalistlərin ixtiyarına verilməsini müsbət addım saymaq olar. Bu təbliğat və ictimailəşmək üçün doğru seçimdi. Jurnalistin gözü onun çalışdığı media qurumunun gözüdü. Yəni populyarlıq üçün jurnalistlərə belə "jest” eləmək ehtiyacdan doğur. 
Mən kinoşünas və kino tənqidçisi olmadığım üçün fikirlərimi tamaşaçı kimi yazıram. 
 Filmin iranlı rejissor Babək Şirinsifətə etibar edilməsi, prodüserin dediyi kimi, beynəlxalq arenaya hesablanıbsa, bunu uzaqgörənlik saymaq olar. Filmə baxanda isə rejissorun əcnəbi olması hiss edilmir, əksinə primitivlik daha çox gözə çarpır. Bəlkə də Şirinsifətin sadəcə adını titrlərə yazıblar, özünü isə "sifət” kimi istifadə ediblər. Yox, əgər özü çəkibsə onun Azərbaycan reallığından, daha doğrusu azərbaycanlı tamaşaçıların görmək istədiyi ekran əsərlərindən, məncə, anlayışı yoxdur. Film tamaşaçıda necəgəldi çəkilmiş və primitiv təəssüratı yaradır. Mənə maraqlıdır ki, "Kadırına çullu dovşan sığışmayan” rejissor qəhrəmanın 17 illik məhbəs həyatını, Əfqanıstanda əsirlik və ya əsgərlik həyatını filmə necə sığdırıb. Neçə illərdir davam edən Qarabağ müharibəsi və qaçqınlıq mənzərəsini niyə bu qədər qeyri-real formada ekranlaşıb? 
 
 

  Aktyor işi o qədər də ürək açan deyil. Aktyorların peşəkarlığına sözüm yoxdu, amma bu filmdə aktyor seçimi düzgün aparılmayıb. Mehriban Zəki ana roluna uyğun gəlmir, danışığı da filimə "yatmır” və s. Hikmətin üz ifadələri, mimikası isə hadisələrə tamam uyuşmur. Türmədən çıxıb Gəncəyə gələnə qədər yaxşıdı Hikmətin rolu, amma sonrası darıxdırıcıdı. Məncə, bu rol Hikmətlik deyil. Rasim nisbətən yaxşı oynayıb və alınıb. Filmi də elə Rasimin aktyor işi abıra salır.
Filmin titrlərindən ssenari Maqsud Qarayşa göstərilib, lakin ssenarini Yusif Şeyxov yazıb. Bu da qeyri-ciddi təsir bağışlayır, kim yazıbsa o da göstərilməlidir. Bəlkə Qarayşa Folkner kimi ssenaristdirsə onda buna sözüm yoxdu. İstənilən halda kim yazıbsa bərbad alınıb, ssenaridə qırıqlıq var. İstər mətn, istərsə də dialoqlar tamaşaçıda ikrah yaradır.
 
 

  Filmin ideyası məlumdur: Qayıtmaq. Heç nəyə baxmadan doğulduğun torpağa qayıtmaq. Baxır necə qayıtmaq. Qayıdıb orda gizlicə, əsir kimi yaşamaq həqiqətinmi qayıtmaq sayılır. Dünyada qayıtmaqla əbədi yaşayan süjet var – Odisseya. Hər halda ssenarist və ya rejissor bu motivlərdən də istifadə eləyə bilərdi. Digər tərəfdən də cəbhə xəttini belə asanlıqla keçmək mümkündürsə, onda qaçqınlar kütləvi şəkildə geriyə dönüb orda rahatca yaşaya bilər və filmdə qeyri-peşəkar obrazı yaradılan və bir BTR-dən ibarət olan erməni ordusunun öhdəsindən asanlıqla gələr.
  Film haqqında daha çox yazmaq olar. Çünki tənqidi nüanslar yetərincədir. Görünən dağa nə bələdçi.
  Düzdü, büdcə ayrılıb, zəhmət çəkilib, amma  düşünürəm ki, belə filmə görə pul xərcləyib, zəhmət çəkməyə dəyərdimi?
  Beynəlxalq kino arenasında Azərbaycan həqiqətlərini bu film çatdıracaqsa, deməyə söz qalmır...
 
 
Xəbər lenti