Biz imzaları yox, əsərləri dərc edirik...

Cümhuriyyətin hərbi naziri
1074
13 Mart 2018, 09:33
  Artkaspi.az Əməkdar jurnalist Qərənfil Dünyaminqızının "Cümhuriyyət dönəminin ilk hərbi naziri" adlı yazsını təqdim edir:

 Milli-mədəni yüksəliş olmadan milli qurtuluş ola bilməz. Milli davanın öndərləri, Azərbaycan məfkurəsini işləyib hazırlayanlar, cümhuriyyətimizin öndərləri bu qurtuluşa sahib olmaq üçün milli istiqlal savaşına qalxdılar. "İnsanlara hürriyyət, millətlərə istiqlal” deyərək, Vətənin hürriyyəti, istiqlalı lehinə yapılan milli mücadilənin qurbanları təkcə istedad və bacarıqlarını deyil, var-dövlətlərini, hətta həyatlarını belə sərf və fəda etdilər, canlarından, qanlarından keçdilər. Amma amallarından, əqidələrindən keçmədilər. İnam və inanclarını itirmədən İstiqlala qovuşdular!
 

 
 Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olub. O, erməni dığası Andranikə ömürlük utanc gətirən, "tayqulaq” adını bəxş edən, el qəhrəmanı Sultan bəyin qardaşı idi. Qarabağda erməni  qəsbkarlarına qənim kəsilən Xosrov, Sultan, İsgəndər qardaşları Zəngəzurlu Paşa bəyin ocağında dünyaya gəlmişdilər. Bu məqalədə onlardan biri, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı, Cümhuriyyət dönəminin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy haqqında məlumat verəcəyik. 
 Xosrov bəy 1879-cu ildə Zəngəzur mahalının Kürdhacı (indiki Lacın rayonu) kəndində anadan olub. İlk təhsilini evdə və mədrəsədə alan Xosrov bəy, Gəncə gimnaziyasında oxuyub. O, atasının arzusu ilə təhsilini Novorossiysk Universitetinin tibb fakültəsində davam etdirib. O, 1903-cü ildə təhsilini başa vuraraq birbaşa Zəngəzura qayıdır. Amma tək yox, ömür yoldaşı ilə. Ömür yoldaşı isə Novorossiysk Universitetinin rektorunun qızı idi. Bəs görəsən necə oldu ki, rektor qızı yüzlərlə gəncin arasından bu qafqazlı balasını sevib seçdi?
 Xosrov bəyin nəvəsi Elbrus Muradov müsahibələrində babasının sevgi macərasını belə nəql edir ki: "Babam universitetdə oxuyarkən bir gün təsadüfən yolda bir rus zabitinin gənc bir qıza sataşdığının şahidi olur. Ətrafdakılardan fərqli olaraq, Xosrov bəy qızı müdafiə edir. Nəticədə babam rus zabiti ilə duelə çıxır. Birinci gülləni rus zabiti atır və babamın bir gözünü zədələyir. Yaralı olmasına baxmayaraq, babam özünü itirmir və sərrast nişan alaraq zabiti öldürür. Sonradan məlum olur ki, bu qız Odessa Universitetinin rektorunun qızıdır. Qızla babam arasında səmimi dostluq yaranır və bu dostluq böyük bir məhəbbətə çevrilir. Ailə qururlar. Bir oğlanları olur. Babam oğlunun adını Murad qoyur. Amma Murad uşaq ikən dünyasını dəyişir”.
 Xosrov bəy Qarabağda yalnız həkimliklə məşğul olmur. O, Şuşadakı evinin birini kitabxana edir. Şuşa ziyalılarını tez-tez bu evə dəvət edir, burada Şərq xalqlarının tarixindən, mədəniyyətindən söhbətlər gedir, imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi məsələsi qoyulur.
 ...1917-ci ildə baş verən hadisələr onu milli azadlıq hərəkatı uğrunda mücadiləyə sövq edir. O, 1917-ci ildə "Müsavat” partiyasına daxil olur. Rusiya Müəssislər Məclisinə deputat seçilən Xosrov bəy Zaqafqaziya seyminin ən fəal üzvlərindən biri olub. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının iclası keçirilir. İclasda F.Xoyski yekdilliklə Milli Şuranın icra orqanının sədri seçilir, icra orqanının tərkibinə seçilən nümayəndələr arasında Xosrov bəy Sultanov da var idi. Mayın 28-də keçirilən tarixi iclasda İstiqlal Bəyannaməsi qəbul edilir və onu imzalayan 26 nəfərdən biri də Xosrov bəy idi. Həmin iclasda, F.Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibi təsdiq edilir və bu hökumətdə Xosrov bəy Sultanov hərbi nazir təyin edilir.
 Xosrov bəy ilk olaraq regionlarda əmin-amanlıq yaratmaq məqsədilə N.Yusifbəyli və Ş.Rüstəmbəyli ilə birlikdə Gəncəyə yola düşür. Burada 1918-ci il iyunun 17-də Gəncədə təşkil olunan 2-ci hökumət kabinəsində əkinçilik naziri təyin edilsə də, Xosrov bəyi daha çox düşündürən Qarabağdakı vəziyyət idi. Bu zaman Azərbaycan hökuməti yüksək səviyyədə tədbirlər həyata keçirməyə başladı. Hökumət ermənilərin törətdikləri vəhşiliklərə son qoymaq üçün Şuşa, Cavanşir, Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayırıb  Qarabağ general-qubernatorluğunu yaratdı və Xosrov bəy Sultanovu 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin etdi. Bu təyinat heç də ermənilərin ürəyinçə olmur. Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə, digər aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində, Azərbaycan hökumətinə etiraz notalarında belə bir iddia irəli sürülürdü ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov Paşa bəy isə guya ermənilərin düşmənidir. Bəli, bu gün yalnız zaman dəyişib. Yenə ermənilər və onların himayədarları xalqımıza olan nifrətini əks etdirmirmi?    

 

 Xosrov bəyin Qarabağa gəlişi haqqında Həmidə xanım Cavanşir (Məmmədquluzadə) "Xatirələrim”də yazırdı: "Zəngəzur cəbhəsi təlatüm içində idi. Orada başında məşhur erməni başkəsəni, rus ordusunda erməni könüllülərindən ibarət hərbi birliklərdən birinin başçısı olan Andronikin  dayandığı erməni hərbi hissəsi peyda olmuşdu. Elə bu hadisəyə görə də ingilis generalı Şatelvort öz məiyyəti ilə oraya gəlmişdi. Geri qayıdanda qubernator Xosrov bəy Sultanov generalı nahara dəvət etdi”. Həmidə xanımın xatirələrindən daha sonra aydın olur ki, Xosrov bəy Şuşaya gələn kimi Qarabağda erməni quldur dəstələrinə qarşı mübarizə aparmaq üçün milli ordunun əsgərlərindən ibarət mühafizə dəstəsi yaradır. Ermənilər buna cavab olaraq Şuşada silahlı toqquşma yaratsalar da, Xosrov bəyin rəhbərliyi ilə bunun qabağı tezliklə alınır və iyunun 6-da ermənilər Xosrov bəyə üzrxahlıq məktubu yazaraq üzr istəyirlər. 
 Beləliklə, Xosrov bəy Qarabağa qubernator təyin ediləndən sonra qardaşları Sultan və İsgəndərlə birlikdə Qarabağda, Zəngəzurda və ermənilərin ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində böyük igidliklər göstərirlər. Hətta 1919-cu ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan, "çörəyi dizinin üstündə olan ermənilərə” mədəni muxtariyyət da verir.     
 
 
           
 Amma Xosrov bəy kimi oğullarımızın bu fədakarlıqları uzun sürmədi. 1920-ci ilin 27 aprelindən 28-nə keçən gecə hakimiyyəti yalnız mülkiyyətə sahib olmaq üçün zəbt edən bolşeviklər məmləkətimizi məzarıstana çevirdilər. Öz qurucularını və ən fəal öndərlərini bircə-bircə və toplu halda repressiyanın qurbanı edən Sovetlər milli məfkurə liderlərimizi də Vətəndən pərən-pərən saldılar. Onların arasında Xosrov bəy Sultanov da var idi. Bəzi mənbələrdə qeyd edilir ki, 1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olduğu xəbərlərini eşidən Xosrov bəy özünü Qarabağ İnqilab Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir. Amma heç düşünə bilmirəm ki, Xosrov bəy kimi vətənpərvər, millətsevər bir oğul bir gecənin içində "bolşevik” ola və onların gəlişinə sevinə. 
 Xosrov bəy mühacir həyatı yaşamağa 1923-cü ildən məhkum edilir. O, xaricdə "İttihad” partiyasının (1918-ci ildə "İttihad” partiyasına keçmişdir) bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışırdı və buna nail də oldu. 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratdı. Bir necə il Almaniyada Tibb Universitetində çalışan Xosrov bəy Böyük Vətən Müharibəsi illərində Türkiyəyə gəlir və 1947-ci ildə burada vəfat edir.                   
 Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar istiqlal savaşının bütün mərhələlərində "Azərbaycanın İstiqlalı bütün xalqın əsəridir” demişlər. Sələflərimizin bizə əmanət etdikləri bu əsəri qorumaq və yaşatmaq hər birimizin ən böyük və müqəddəs borcudur!