Biz imzaları yox, əsərləri dərc edirik...

Cizgilərdə yaşayan obrazlar...
1108
13 Mart 2017, 17:12
   artkaspi.az Ziyadxan Əliyevin Hüseyn Mirtəqəvinin ksiloqrafiyaları haqqında "Cizgilərdə yaşayan obrazlar" məqaləsini təqdim edir:  
             
 

   Etiraf edək ki, bədii və texniki ifadə formalarına görə kifayət qədər zəngin olan sənət aləmində hansısa yeniliyin həyata keçirilməsi çətin olduğu qədər də maraqlıdır. Bu mənada həyatını elmə və onun təbliğinə həsr etmiş  Hüseyn Mirtəqəvinin özündə təsviri və tətbiqi sənəti birləşdirən əsərlərini ilk növbədə Azərbaycan incəsənətinin dolğunluğu birmənalı olan bədii-texniki saxlancına cəlbedici və yaddaqalan töhfə saymaq olar...
 

   Əgər onun əsərlərinin orijinallarını görməyib, onlarla yalnız fotoları vasitəsilə tanış olsaydıq, heç şübhəsiz gördüklərimizi qrafik əsər hesab edərdik. Bunu şərtləndirən səbəb görünənlərin ağ-qara rəngdə ifadə olunması, təsvirlərin çox incə cizgilərlə bədii tutum almasıdır. Professional gözü ilə bu təsvirlərin klassik ksiloqrafiya texnikasında əsərlərlə bağlı olduğu qənaətinə də gəlmək mümkündür. Amma onların orijinalları ilə tanışlıqdan sonra, həmin ksiloqrafiya nümunələrinin kağız yox, ağac materialından "boylanan” görüntü olduğunu görəndə, bilavasitə əllə yaradılan bu bədii nümunələrin onun yaradıcısının yüksək sənətkarlığının nəticəsi olduğunu görürük. Bu vaxta qədər onların dəyərləndirilməsi geniş miqyasda baş tutmadığından və hələlik ayrı-ayrı şəxslərin şəxsi kolleksiyalarını bəzəmələrinin qarşılığında, qeyri-adi bədii-texniki nümunəsi sayılmağa layiq olan "Hüseyn Mirtəqəvi ksiloqrafiyaları”ndan bu gün söz açmağa qərar verdik... 
 

   Məlumat üçün bildirək ki, ksiloqrafiya, yəni, ağac üzərində kəsmə-cızma yolu ilə yaradılan qravür – təsvirlərin çapı Uzaq Şərq ölkələrində VI əsrdən məlumdur. Buna bənzər qəliblər daha qədimlərdə basma naxışların hazırlanmasında istifadə olunub.  Koreya, Yaponiya və Çində uzaq keçmişdə ərsəyə gətirilən belə nümunələr indi də qalmaqdadır. Klassik ksiloqrafiyanın yaradılmasında qədimlərdən üç nəfər iştirak edib: rəssam, kəsici və çapçı. Başqa sözlə desək, rəssamın kağız üzərində çəkdiyi eskiz əvvəlcə xüsusi vasitələrlə hamarlanmış ağac lövhə üzərinə köçürülür. Bundan sonra kəsici-sənətkarlar müəllif niyyətini iti alətlərlə ağac üzərində yerləşdirirlər. Bu prosesdən sonra son nəticəsi kağız üzərində görünəcək çapın qəlibi hazırlanır. Hündür-qabarıq səthlərin rənglə örtülməsi sayəsində çapdan sonra kağız üzərində ağ-qara (sonralar rəngli ksiloqrafiyalar da hazırlandı) cizgilərdən ibarət təsvir-ksiloqrafiya nümunəsi əmələ gəlir. Hüseyn Mirtəqəvi isə bu üç nəfərin işini təkbaşına görür. Özü də o, ksiloqrafiya tutumlu əsərini bilavasitə ağac lövhənin üzərində yaradır. Başqa sözlə desək, onun çapına  ehtiyac da qalmır. Müəllifin bıçaqla ilə xüsusi məhlulla rənglənmiş ağacın üzərində açdığı "şırımlar” – cizgilər özünün incəliyinə görə şaşırdıcıdırlar.Hüseyn Mirtəqəvinin yaratdığı obrazlar qalereyası çox zəngindir. Özünün "Avtoportret”indən başlanan bu portretlər silsiləsi elə ona ruhən yaxın olan şəxslərin obrazlarından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, görkəmli şərqşünas-alim Aida xanım İmanquliyeva, akademik Həsən Əliyev, xalq şairi Fikrət Qoca, kino-rejissor Ənvər Əblüc, görkəmli söz xiridarı Məhəmmədhüseyn Şəhriyar, akademik Murtuza Nağıyev, memar Zaha Hadid, doktor Cavad Heyət, akademik Hətəm Quliyev və Tofiq Nağıyev, müğənni Aygün Səmədzadə, fotoqraf Rza Diqqəti və dünyanın neçə-neçə çox məşhur şəxsiyyətləri, əqidə dostları....
 

   Yaddaqalan portret yaratmağın elə də asan olmamasının qarşılığında Hüseyn Mirtəqəvinin ağ-qara cizgilərdən "boylanan” və obrazlı tutum alması əsərlərində bu janrın arzulanan bədii həllini görmək mümkündür. Hiss olunur ki, müəllif işə başlamazdan əvvəl obrazına müraciət edəcəyi şəxslər barəsində həm yazılı, həm də təsvirli zəngin məlumatlar toplamışdır. Portretlər üçün poza seçiminin duyulası önəm kəsb etdiyini fəhmən hiss edən müəllifin bu istiqamətdə axtarışlarının da az vaxt aparmadığını ərsəyə gətirilən işlərin forma-biçim həllindən  görmək mümkündür. Qəhrəmanına çevirdiyi hər bir şəxsin onun xarakterini aça biləcək səciyyəvi pozanın tapılmasını həyata keçirən yaradıcının tamaşaçısını təsvirin reallığına və səmimiliyinə inandıracağı birmənalıdır. Bu mənada? müəllifin hər bir əsərində onun qəhrəmanına yanaşmasının özünəməxsusluğunu duymaq mümkündür...
   Rəssamın ölkə prezidenti cənab İlham Əliyevə və onun xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyi lövhələrdə obraza  realist – gerçəkçi yanaşmanın kamilliyi birmənalı olan bədii nəticəsini görmək mümkündür.
   Şərqşünas-alim Aida İmanquliyevanın portretində isə obrazın həyatsevərliyini onun yaradıcı fəaliyyəti ilə uğurla əlaqələndirən H.Mirtəqəvi obrazı sevimli məşğuliyyətindən bir anlığa ayrılmış durumda görüntüyə gətirib. Eynəyini dodaqlarına sıxaraq kiməsə cavab verən alimin çöhrəsinə hakim olan nikbinliyi qabardan rəssam, bununla da obrazın səmimiliyinə nail olmuşdur. Onun portretin ətrafını təşkil edən ayrıntıları nisbətən tünd cizgilərlə təqdim etməsi ilə çöhrənin nurlu tutum almasına nail olması da müəllifin kompozisiya üçün uğurlu bədii həll tapmasını təsdiqləyir. 
 

   Rəssamın torpaqşünas-alim, akademik Həsən Əliyevə həsr etdiyi lövhə digərlərindən kompozisiyasının ayrıntı zənginliyinə görə seçilir. Elm adamını həyatının mənası sayan ürəkaçan Azərbaycan təbiətinin fonunda təsvir edən müəllif, obrazla təbiət motivi arasında çox məntiqli təsvir əlaqəsi yarada bilmişdir. Azərbaycanın fauna və florasını bir araya gətirməklə obrazın zənginliyini vurğulayan H.Mirtəqəvi son nəticədə obrazın cəlbediciliyinə və duyğulandırıcılığına  nail olmuşdur. Həm portretin, həm də təbiət motivinin bədiiləşdirilməsində cizgi incəliyindən və oynaqlığından məharətlə istifadə edilməsi əsərin uğurunu şərtləndirmişdir.
   Xalq şairi Fikrət Qocanın portretində də müəllif işıq-kölgə təzadından məntiqlə istifadəylə, söz adamının nikbin çalarların üstünlük təşkil etdiyi obrazını yaratmışdır. Şairin geyimini və fonu bir-birinə yaxın-yumşaq rəng çalarında həll edən rəssam, onun saçının və çöhrəsinin gerçəkləşməsində həm incə, həm də ekspressiv cizgilərdən istifadə etməklə gözoxşayan nikbin ruhlu əsərin yaranmasına nail olmuşdur. 
Görkəmli söz ustası Məhəmmədhüseyn Şəhriyarın portretinin  bir qədər fraqmentsayağı təqdimatı da məqsədli olub, Azərbaycan həqiqətlərini dillər əzbəri olan misralarında ifadə edən şairin çöhrəsində hifz olunan yaşantılarını qabarıq göstərmək məqsədi daşımışdır. Kompozisiya boyu tətbiq olunan "cizgi oyunu” o qədər məntiqlidir ki, gözümüz önündə dərdlərimizə "bədii güzgü” tutan yaradıcının durduğuna inanırıq...
   Orijinal biçimli Heydər Əliyev Mərkəzinin layihə müəllifi, məşhur memar Zaha Hadidin ayrıntı baxımından məhdudluğu duyulan portretində isə rəssam məşhur tikili ilə onun yaradıcısını bir araya gətirməklə, onun sənət dünyası ilə şəxsiyyəti arasında mənəvi əlaqə yaratmış, kompozisiyanın yaddaqalanlığını təmin etmişdir...
   Həyatda gördüklərindən heyrətlənməyi bacaran Hüseyn Mirtəqəvinin yaradıcılığı təkcə məşhurların portretlərinin yaradılması ilə məhdudlaşmır. İlk uşaq heyrətini cücəyə münasibətində ifadə edən körpə Minaxanımı, göl həyatından həzz alan bəyaz qazları, həyatımızın maraqlı anlarını lentə almağa hazır olan fotoqraf Rza Diqqətini və digər fərqli motivləri bədiiləşdirən müəllif  həm də özünün yaradıcı potensialının zənginliyini sərgiləmişdir. 
   Gəncliyində romantik peşəyə yiyələnən, sonra bu duyğulandırıcılığı həm də ədəbi və bədii yaradıcılığında ifadə edən, ömrünün müdriklik çağını isə Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin redaksiya müdiri vəzifəsində keçirən Hüseyn Mirtəqəvinin əsərlərinin ümumi ruhunda bu üç sahənin qovşağını görmək mümkündür. Odur ki, əsərləri bu qədər cəlbedici və duyğulandırıcıdırlar...