Biz imzaları yox, əsərləri dərc edirik...

Cinləri hara salmalı?
1091
27 Noyabr 2018, 11:01
  Artkaspi.az Mirmehdi Ağaoğlunun "Cin – ədəbiyyatda və kinoda" adlı yazısını təqdim edir: 
 
 


  Bu yaxında rayonlardan birində qəribə və kriminal xarakterli hadisə baş verdi. Yoldaşları içinə cin girdiyini iddia etdikləri bir adamı döyə-döyə öldürdülər. Xatırlayırsınızsa ötənlərdə də bir qızdan cin çıxarılması səhnəsinin əks olunduğu video yayılmışdı. Onda, elə indi də cin mövzusu geniş müzakirələrə səbəb oldu, bəşər övladının başqa planetlərdə koloniya qurmağa hazırlaşdığı XXI əsrdə (pafoslu səslənmədi ki?) cin, pəri kimi varlıqlara inanan insanlar ciddi şəkildə qınanıldı. Olsun. Ancaq gəlin etiraf edək ki, cin və digər qeyri-real varlıqlar həyatda nə qədər qəbuledilməz sayılsalar da sənət üçün hər zaman cəlbedici olublar.
 
 
 

  Cinlər ən qədim mifoloji personajlardandırlar. Müqəddəs kitablarda da adları xüsusi vurğu ilə keçir. Tövratda, İncildə, Quranda cinlər haqqında yazılıb. Rəvayətə görə Həzrəti İsa içinə cin girmiş bir insanı görür, həmin adamın içindən cini qovub donuzlara daraşdırır. Bədbəxt məxluqlar da özlərin uçurumdan atırlar.
  Quranda isə cin adı dəfələrlə keçir və Allahın yaratdığı bir varlıq kimi doğru yola dəvət olunur. Belə ki, "Zariyyat” surəsinin 56-cı ayəsində deyilir: "Mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım”. "Cinlər” adlı 72-ci surə isə bütövlükdə bu varlıqlara həsr edilib. İslam inancına görə hər bir müsəlman Quranda yazılanlara inanmalıdır. O məntiqlə müsəlman olan kəs cinlərin varlığını da qəbul etməyə borclu.
  Təbii ki, bizim məqsədimiz cinlərin varlığını sübut etmək və ya hər hansı bir toplumu (müsəlmanları – M.A.) qeyri-real varlıqlara inanmaqda ittiham etmək deyil. Hər halda İslam aləmində cinlərə inam başqa yerlərə baxanda çox olub ki, elə cinlər haqqında ən kolorotili və zəngin əhvalatlar da bu coğrafiyada yayılıb. 
 
 
 

  Hər şeydən qabaq onu qeyd edim ki, ərəbcədə "gecə qaranlığı”, "görünməz varlıq” mənasını verən "cin” sözü xristian və slavyan  mifologiyasında "besı”, "demon” kimi varlıqlarla eyniləşdirilsə də aralarında fərq böyükdür. İslam inancına görə cinlər də insanlar kimi azad yaradılıblar. Onlar da dinlərini seçməkdə sərbəstdirlər. Buna görə cinlərin içində islamı və başqa dinləri qəbul edib insanlara yardım edənləri də var və kafir olub zərər verənləri də. "Besı” və "demon” adlandırılan varlıqlar çox vaxt insanlara zərər verməklə məşğuldurlar.
  Cinlərin ən çox məskunlaşdıqları bədii ədəbiyyat nümunəsi "Min bir gecə”dir. Onlar daha çox bu qədim Şərq nağıllarından tanınanaraq dünyaya yayılıblar.
  "Min bir gecə” nağıllarından da göründüyü kimi cinlər çox vaxt misdən hazırlanmış lampanın içinə həbs olunurlar ("Əllədinin sehirli çırağı” nağılı). Kimsə onları xilas edir. Bundan sonra cinlər xilaskarın üç arzusunu yerinə yetirməyə razılıq verirlər. Şərq nağılarında bir qayda olaraq cinlər bu "üç arzu” hesabına insana yardım edirlər. Bizim son dövrlərdə eşitdiyimiz "cin olayları”ndan fərqli olaraq nağıllardakı cinlər daha çox insanlara yardım etmək üçün çarpışırlar. Düzdür, onlar bunu özbaşına həyata keçirmirlər, hər halda son nəticədə insanın iradəsinə tabe olurlar.
  Son illərə qədər bizdə cinlər elə nağıllardakı kimi sözəbaxan olublar. Yəqin siz də bu rəvayəti eşitmisiniz: Bir adam hər səhər yuxudan durub görür ki, atı qan-tər içindədir. Bir dəfə yatmır, atı güdür. Sən demə, hamı yatandan sonra bir cin atı minib çapırmış. O, atın belinə qır yaxır. Cin gəlib atı minəndə yapışır. Həmin adam da cini sancaqlayaraq ondan "qul” kimi istifadə edir, bütün işini-gücünü gördürür. Və bir gün kimsə cinin şirin sözünə aldanıb sancağı ondan çıxarır, beləliklə cin yox olur, yerinə yetirdiyi işlər də əvvəlki vəziyyətinə qayıdır. 
  Göründüyü kimi xalq arasında yayılmış rəvayətlərdə də cinlər qəddar və qorxunc deyil, çox vaxt insana məğlub olan, onlardan asılı vəziyyətə düşən "fağır” məxluqlardırlar. 
  "Fağır” dedim, 1992-ci ildə istehsal olunmuş "Ələddin” multfilmindəki cin personajı yadıma düşdü. "Uolt Disney” studiyasının istehsalı olan "Ələddin” "Min bir gecə” nağılının motivləri əsasında çəkilmiş çoxseriyalı cizgi filmi idi. Ekran işi o qədər populyarlıq qazandı ki, sonradan videooyunları da hazırlandı. Cizgi filmində cin obrazını ingiliscə mərhum aktyor Robin Uilyams səsləndirmişdi. Yəqin şən, zarafatcıl, bəzən küsəyən cin obrazı hələ yadınızdadır. 
  Ancaq cinin kinematoqrafiyadakı tarixi "Ələddin” cizgi filmindən də qədimlərə dayanır. Yaşlı nəslin yaxşı xatırlayar, bir vaxtlar sovet yazıçısı Lazar Laqinin "Qoca Xottabıç" adlı povesti var idi. Sovet pionerlərinin sevimli əsərlərindən sayılan bu povest sonralar ekranlaşdırıldı. O filmin qəhrəmanı olan Əbdürrəhman ibn Xottab adlı cin də məzəli və şən, sözəbaxandır. Hətta o qədər sözəbaxandır ki, axırda nümunəvi Sovet vətəndaşına çevrilir, Leninə baba deyir. Dünya kinosu ilə müqayisədə Azərbaycan kinematoqrafiyası nə qədər məhdud imkanlı görünsə də bizdə cinlərlə bağlı iki film çəkilməsi faktı da var. Bunlardan biri "Qərib cinlər diyarında" (1977), digəri "Cin mikrorayonda" (1985) adlanır. 
 
 
 

  Cinlər kinoda olduğu kimi ədəbiyyatda da canlı və olduqca maraqlı, fakturalı personajdırlar. Yuxarıda Laqinin "Qoca Xottabıç” əsərinin adını çəkdik. Redyard Kiplinqin də "Niyə dəvənin hürgücü var?” adlı nağılında cinlərdən bəhs olunur. Cin mövzusuna müraciət etmiş başqa yazıçılar da var. Keçmişə getmədən hind əsilli ingilis yazıçısı Salman Rüşdinin adını çəkmək olar. Onun son romanlarından olan "İki il, səkkiz ay, iyirmi səkkiz gecə” əsərinin qəhrəmanı da cinlərdir. Lakin Qoca Xottabıçdan fərqli olaraq Rüşdinin romanındakı cinlər dünyanı məhv etmək istəyən, amansız və qəddar məxluqlardır.  
  Cinlər Şərq miniatür sənətinin də ayrılmaz personajlarından hesab oluna bilər. O sənət nümunələrinə diqqət edəndə rəngkarlıq ustalarının cinlər barədə geniş məlumata malik olduqları açıq-aydın hiss olunur. 
  Bu kiçik yazıyla cinlər mövzusunu əhatə edə bildikmi, bilmədikmi, bunu oxucu deyəcək. Mənimsə müəllif olaraq bir arzum var; Ələddin kimi lampadan cin çıxarsaydım, əmr edərdim ki, özüqarışıq bütün cinləri ədəbiyyat və incəsənətə həbs eləsin. Qoy həmişəlik orda yaşasınlar. Və heç vaxt həyatımıza müdaxilə eləməsinlər.