Biz imzaları yox, əsərləri dərc edirik...

Cinayət və onun cəzası – Məmməd Qocayev
2223
14 Sentyabr 2018, 11:59
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Cinayət və onun cəzası" adlı essenin ikinci hissəsini təqdim edir:
 
 

 
 Bu cəza elə ilk gündəncə başlandı və Raskolnikovu bir daha tərk etmədi. Bu, mənəvi cəza idi, daxili işgəncələr idi. Dostoyevski cinayət və cəza məhfumlarını hüquqi müstəvidən mənəvi-etik müstəviyə keçirir. Doğrudur, burada hüquqi cinayət də var, cəza da, yəni qətl də var, buna görə Sibirə sürgün də var. Amma bu zahiri hadisələr Raskolnikovun daxilində baş verən ruhi hadisələrdən daha yüngüldür. İnsanın öz günahını dərk edərək mənəvi əzab çəkməsindən ağır cəza ola bilməz.
 Amma burada da, yəni cinayətdən sonra da Raskolnikov özünü inandırmağa çalışır ki, onun ideyası doğru ideyadır, sadəcə olaraq onun özü zəif şəxsiyyətdir və ideyanı sona çatdırmağa qadir deyildir. Əslində belə deyildi. Məsələ ideyanın özünün paradoksal olmasında və onun insan ruhuna, insan qəlbinə, insan həyatına uyğun gəlməməsindəydi. Hərçənd Raskolnikovun qəlbində və şüurunda ideyayla mənəviyyatın davası davam edir, amma yavaş-yavaş ideya zəifləməyə və təslim olmağa başlayır. Amma hər halda bu mübarizə, yəni cinayətdən sonra ideyanın təslim olmaq istəməməsi uzun çəkir və qəhrəmanı dərin iztirablara düçar edir. O, artıq əvvəlki insan olaraq sakit yaşaya bilmir, təklənir, sanki özünü dünyadan ayrılmış kimi hiss edir. Ona elə gəlir ki, adi insanlara, hamıya rəva görülən şeylər ona rəva deyildir, çünki o, artıq hamı kimi deyildir. Məsələn, o daxilən hiss edir ki, artıq insanların mərhəmətinə və məhəbbətinə ümid edə bilməz. Hətta anasının və bacısının da nəvazişləri ona ağır gəlir. Kənddən yenicə gəlmiş anası və bacısı  onun üstünə atılıb onu öpməyə başlayanda Raskolnikov birdən huşunu itirərək yerə yıxılır. Bu mətin insanda bu zəiflik haradandır? Raskolnikov ideya və məntiqi düşüncə səviyyəsində mətindir, çünki öz ideyasının doğruluğuna inanır. Mənəviyyat səviyyəsində o, zəifdir, acizdir, ona görə ki, ruhu onun ideyası ilə barışa bilmir.

 
 
  Birinci hissədə Raskolnikovun qəlbində "olum ya ölüm?” sualı sonacan həll olunmamış qaldığı kimi, indi də bu sual eynilə həll oluna bilmir. Onda söhbət qarının öldürülməsindən gedirdi, indi isə Raskolnikovun etirafından gedir. O, öz sirrini Sonya Marmeladovaya açır, anasına və bacısına deyil, məhz Sonyaya. Çünki bu acı və ağır etirafa dözə biləcək bir adam vardısa, o da Sonya idi. O, bu etirafa həm dözəcək, həm də Raskolnikovu bağışlaya biləcəkdi. Ona görə də Raskolnikov onun yanına gəlir və öz sirrini ona açır. Sonyada Raskolnikova qarşı nə hiddət, nə də nifrət duyğusu oyanır, olsa-olsa onun Raskolnikova yazığı gəlir. Cinayətkarı əclaf deyil, yazıq, zavallı adlandırmaq, bu, cinayətkara qarşı əsl xalq münasibətidir. Sadə rus xalqı cinayətkarları, məhbusları həmişə yazıqlamış və hesab etmişdir ki, cinayət törətmiş, başqasının həyatına son qoymuş insan, hər şeydən əvvəl, öz ruhunu, öz qəlbini mənəvi məşəqqətlərə düçar edir. Bu cür insan zavallıdır və rəhmə ehtiyacı vardır. Sonya Raskolnikova rəhm edir, onun halına acıyır və göz yaşları içində ona məsləhət görür ki, əvvəlcə meydana getsin, orada diz çöküb torpağı öpsün, çünki bu torpağı qana batırıb və onun qarşısında günahkardır, sonra isə insanlar qarşısında öz cinayətini etiraf etsin.
 Raskolnikov Sonyaya qulaq asır. O, silisçi Porfiri Petroviçlə, Arkadi Svidriqaylovla, Pyotr Lujinlə və qanun keşikçilərilə ünsiyyətdə olanda, nədənsə, özünü günahkar hesab etmir və mübarizəni davam etdirmək əzmi onda daha da güclənirdi. Amma Sonyanın yanında o özünü ittiham edir, etiraf edir və onun məsləhətilə meydana gəlir, diz çöküb çirkli torpağı ləzzətlə öpür, başını qaldırıb insanlara baxanda birdən onda bu insanlara qarşı güclü nifrət hissi baş qaldırır. Kimin qarşısında etiraf etməli, bunlarınmı? Axı bunlar məndən betərdilər! Layiq deyillər! Və Raskolnikovun etiraf kəlməsi onun dodaqlarında ilişib qalır. Amma o, anlaya bilmirdi ki, söhbət bu insanların deyil, onun özünün necəliyindən gedir. İndi o, hamı qarşısında günahkardır. Sonra o, polis idarəsinə gəlir. Etiraf etməkçün gəlir. Amma burda da etiraf sözünü deyə bilmir, çölə çıxır, Sonyanın onu gözlədiyini görüb geri qayıdır və cinayətini olduğu kimi danışır. Məhkəmə ona səkkizillik həbs kəsir və Sibirə sürgün edir. Sonya da onun dalınca Sibirə yollanır. Bu gündən etibarən onun yeganə qayğısı Raskolnikovun aqibətidir.
 

 
 Sonya Marmeladova elə bir insan tipinə aiddir ki, onların özlərinin şəxsi həyatı və şəxsi səadəti olmur. Onlarsanki başqalarıüçün yaşamaq başqalarınınyolunda özhəyatını qurbanvermək üçünyaranmışlar. Bu tip qadınları Dosto­yevskiŞeytanlarromanında da (Daşa Şatova), "Yeniyetmə (Sofya Andreyevna) də təsvir etmişdir. Bu tip qadın qəhrəmanlarından ən parlağı Sonya Marmela­dov­adır. Dostoyevskinin fikrincə, o, əsl rus xalq mənəviyyatının, pravoslav etika­­nın daşıyıcısıdır.
 Sibir də də Raskolnikov hələ tamamilə öz ideyasının ecazkar cazibəsindən tamamilə azad ola bilmir. Məhbuslar Sonyanı çox sevir, ona "anadeyə müraciət edirlər, Raskolnikova isə nifrət edir və hətta onu öldürmək də istəyirlər. Amma zaman keçdikcə Sonyanın mərhəməti  məhəbbəti sayəsində Raskolnikovun qəlbindəki nifrət hissi öz yerini məhəbbətə verməyə başlayır. Onun həyatında yeni dövr başlanır: uzunmüddətli, tədricənsaflaşma və mənəvi dirilmə dövrü. Bu, artıq yeni bir romanın mövzusu ola bilərdi, amma bu roman burada sona yetir.