Biz imzaları yox, əsərləri dərc edirik...

Ciblərim bələk olub ayaq izlərinə...– Tural Turan şeirləri
1626
28 Dekabr 2017, 10:51
 artkaspi.az gənc şair Tural Turanın şeirlərini təqdim edir: 
 

 
 
  Bir nəfəslik ölüm
 
Bir dinclik istərəm, Tanrı, 
bir nəfəslik ölüm kimi.
Bir gün sərgidə yaş tökən,
didilmiş bir kilim kimi.
 
İçimdə nə səsdi, Tanrı,
pıçıldadı, kəsdi… Tanrı,
ömür birnəfəsdi, Tanrı,
Romanda bir bölüm kimi…
 
Ver bircə nəfəslik ölüm,
ölsün bu həvəslik ölüm!
Sonra gəlim yenə ölüm,
nəfəs-nəfəs… özüm kimi…
 
 
 Ciblərim bələk olub ayaq izlərinə
 
Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra mamır uzaqlıqlar böyütdü 
bu daxmanın pəncərələri... 
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin 
ayrılığın xalçasına kimsəsiz ilmə kimi 
düşməmək üçün.
 
...Qayıt, əlindən tut ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir döşəmənin üstündə.
 
Üşüməsin deyə ayaq izlərini 
bir cüt coraba büküb cibimə atmışam.
 
Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.
 
Qayıt, beşiyində boğ, 
böyüməsin üç yaşlı çarpayı tənhalığı...
...Sən gedəli bu evin divarları da 
daş-daş göz yaşları tökür, qayıt...
 
 

 
 Bütün saatlar tanrıya işləyir 
 
Bütün saatlar tanrıya işləyir,
Əqrəblər vurur ömrümüzün boynunu,
Birdən altmışa saya-saya…
Bir də
Yaşamağa həvəssiz olduğumuz həftələrimiz var – 
Daşı ölmüş saatların belə geri qaytarmayacağı. 
Onlara da çevrə qollardakı əqrəblər verir
əlillik dərəcəsi.
Gah qarğılar yerinə oturmur, gah da ki, kəndir,
Beləcə yığılır ömrün tərəcəsi.
 
 
 Çəlikli alın yazıları
 
(Köləliyin ilk pilləsi at üzəngisindən başladı. İkinci pilləsi doqquz ay mindiyimiz  qadın bətnində pərdələndi).
 
Əslində, bütün qadınların tanrılığı
qaşlarından yuxarıdadır. 
Gəl, atam kimi alnından sevim səni.
 
Gözləri sırsıra bağlayanda
Kişi bədənində ölüm isinir. 
Tənhalığın ekvatorudur qadın nəfəsi.
 
...Çiyinlərinə tökülən intihar ipləri
Küləklərin nişan üzüyüdür.
Kəsincə ilahiliyə ölüm hökmü oxuyur,
xoşbəxtliyin çəlikli alın yazıları. 
 

 
 
 Əzraillə qoşulub qaçan adam
 
Arxasınca su çilə yazılarımın,
Su düşsün, oxunmasın bir hərfi belə.
Addımı yalınçıq, yolluğu yarım
Əzraillə qoşulub qaçan adamam...

Çoban idim, təssəvvüf,
Alim oldum, varsağı şeir oynatdı məni.
Ayağımın altında qurd dişi,
Başımın üstündə ağ sac.
Nə əriştə oldu məndən,
Nə də əriştəyə umac.
 
Tanrının sorğu-sualı bitib,
Əzrailin qoluna girib gəlirəm.
Kəfəni atıb qır qazanına,
Tanrının yanından ömür sürüb gəlirəm.