Biz imzaları yox, əsərləri dərc edirik...

Cəsarət mülkünü tikdi şəhidlər... – 20 Yanvar faciəsi şeirlərdə
965
20 Yanvar 2018, 08:04
Artkaspi.az 20 Yanvar faciəsinə həsr edilmiş şeirləri təqdim edir: 
 
 
 
 

Bəxtiyar Vahabzadə
 
 
Şəhidlər

 
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
 
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
 
O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
 
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
 
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
 
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
 
Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
 
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
 
 
 
 

Larisa
Şeir 20 Yanvar şəhidi Larisa Məmmədovaya həsr edilib
 
 

On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu.
 
İnsanlığı, mərhəməti,
Ədaləti, həqiqəti
Bir qərəzə satan oldu.
Anan asmış dərs çantanı,
Məzarının baş daşına.
Axı, niyə hay vermirsən.
Səni dərsə haraylayan yoldaşına?
Sənin adın dostlarının dil əzbəri.
Qızım, axı səni gözlər çoxdan bəri
Açmadığın kitabların, dəftərlərin,
Səni gözlər partandakı o boş yerin.
 
Nə bərk oldu yuxun sənin?
Ataların ah-naləsi,
Anaların şivən səsi
Sığmır göyə, sığmır yerə.
Söylə, niyə oyanmadın
Bu haraya, bu həşirə?
 
Övladıydın iki xalqın.
Bu dostluğa mən uydum, sən də uydun.
Sən dostluğun simvoluydun.
Bunudamı bu gün bizə çox gördülər?
Elə bil ki, səninlə bir
Bu dostluğu öldürdülər
 
 
 

 
 
Xəlil Rza Ulutürk
                     
                                                       
Azadlıq gülüstanı
 

Məzarlar xonça-xonça, məzarlar gül sərgisi,
Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.
 
Üçcə günün gəlini Çoban qızı Fərizə,
Əjdər oğlu İlhamı fələk çox gördü bizə.
 
Min il, bəlkə daha çox yatarsınız göz-gözə.
Yan-yanaşı, üz-üzə.
 
Cərgədən ayrı düşmüş Əziz qızı Salatın,
Bir bülbül ömrü imiş sənin yığcam həyatın.
 
Məzarlar gül beşiyi... Zülallı İsfəndiyar,
Övladısan, bağrına basmış səni bu diyar.
 
Nəsib oğlu Sahibim, 31 yaşlı balam,
Dinc uyu, vüqarımsan, ey mənim polad qalam!
 
Vaqif oğlu Mahirim, iyirmi üç yaşlı gəncim,
Boz torpağa bükülmüş parlaq dürdanəm, incim.
 
Ruhun başın üstündə sərvlərlə boyaboy,
Rahat uyu, əzizim, Zahid Bayram Əlisoy.
 
1918... uzaq mart qurbanları
Nasıl tapmış doxsanda qüruba varanları?
 
Haçan, harda gəzirəm... bu yeri dürüst tanı –
Dağüstü park – aləmin Azadlıq dastanı.
 
 
 
 
 

Qabil
 
 

Mərsiyə

 
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Kim görüb böylə, mərasim ola milyonlar ilə?
Bakı insan axınıyla dola milyonlar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola milyonlar ilə,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası... qırmızı al lenta ilə,
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə...
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Düşdü dildən-dilə bu qətl, bu matəmgahımız,
Çatdı hər ölkəyə bu şərhi-bəyani ahımız,
Gördü aləm ki aman... cəlladımızmış şahımız...
Yoxsa da bir kəsimiz, vardı fəqət, Allahımız,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

 
 
 
 
Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik – laylaları ağı, məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini...
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!
 
 
 

 

Məmməd Aslan
 

Ağla, qərənfil, ağla

 
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
 
Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!
 
Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
 
Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!
 
Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!
 
Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!
 
Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!
 
Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!
 
Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!
 
Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!
 
Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!
 
 
  

 
Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!
 
Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!
 
Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!
 
Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi...
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!
 
 
 

 
Nüsrət Kəsəmənli
 

20 Yanvar

 
"Bakının dərdi var, Bakı xəstədi.
könül intizarda, göz yol üstədi".
S. Vurğun
Bakının yuxusu
dağılmışdı küçələrə,
Od ələnirdi
işıq gələn pəncərələrə,
Göydən ölüm yağırdı уеrə...
Ruhlar yaralıların
fəryadını tutub
çıxırdılar
Allahın yanına:
Göylərdən baxırdılar
torpağın üstündə
SSRİ-nin xəritəsinə
bənzəyən yaralı canına...
О aylı gecədə,
Ah-vaylı gecədə
için-için ağlayırdı Bakı,
Gilavarla oxşayıb,
Ay işığıyla
övladlarının yaralarını
bağlayırdı Bakı.
 
Əsgərlərin gözlərindən
ölüm gülümsəyirdi:
Küçələrdə
"siyasətçilər" şüar,
Analar ağı deyirdi:
 
Qanına qəltan oğul,
Gün kimi batan oğul,
Bizdən nigaran olma,
Sağ olsun atan, oğul.
 
Yağılar yaman gəldi,
Döyüşə zaman gəldi.
Səngərin boş qalmadı,
Yerinə atan gəldi...
 
Yaşarsan əməlinlə,
Azadlıq illərinlə.
Neyləyəcəkdin, axı,
Bu yalın əllərinlə?!
 
Dağ üstə dağım mənim,
Od tutur ağım mənim.
Öldün, dedin yaşasın
Ana torpağım mənim.
 
Torpağım, daşım ağlar,
Bacım, qardaşım ağlar.
Boyuna qurban, oğul,
Yanar göz yaşım, ağlar.
 
Boyuna qurban, oğul,
Boyunu yer aparır.
Toyuna qurban, oğul,
Toyun şivən qoparır.
 
 
 

 
Güllələdilər,
bayrağımızda ulduzu, ayı
güllələdilər.
Bir oğulu nişan alıb
neçə nişanı
toyu güllələdilər.
Dibçəkli eyvanları,
Havanı, suyu güllələdilər.
 
Ölülər sıxılmış
ovuclarından
azadlığı buraxmaq
istəmirdi,
Divarlarda qalmış
qanlı əllərin izləri də
"Azadlıq” deyirdi.
Bakı qanlı paltarını
geyirdi...
Qanlı köynəyinə bürünənlər
şəhidlik zirvəsinə gedirdi.
Orda onların ikinci
həyatı vardı,
Zirvədə ağappaq libas geymiş
ana vardı,
bacı vardı,
ata vardı...