Biz imzaları yox, əsərləri dərc edirik...

Cəmilə – Aygün Yaşarın hekayəsi
2057
30 İyul 2020, 09:40
 Artkaspi.az saytı Aygün Yaşarın "Cəmilə” adlı hekayəsini təqdim edir:
 
 Öz dünyasının qaranlığından tünd rəng yox imiş.
 Öz dünyasının yalnızlığından dərin bir çökəklik yox imiş.
 Öz sükutundan dəhşətli səs olmazmış.
 Bunu bərli-bəzəkli, gül kimi səliqəli, təzə gəlin otağı kimi düzənli evinin qapısını içəridən bağlayıb qonaq otağına keçəndə hiss etdi. İndi o, təkliyə məhkum olunmuşdu. Bu divarlardan kənarda, qapının arxasındakı dünyada heç kim yox idi artıq onun üçün. Heç kim!  Dünyada bir Allahın, bir də təkcə özünün olduğu zaman diliminə necə gəlib düşdüyünü yada salmaq istədi.
 – Alo, doktor, eşidirəm.
 – Təcili Mərkəzi Xəstəxanaya gedin. Baş həkim sizi çağırır. Xadimələrdən də biri ilə əlaqə saxla ikiniz də ora gedin.
 – Oldu, doktor, gedirəm.
 İşdən yenicə qayıtsa da, toparlanıb xəstəxanaya tələsdi. Xadimələrdən isə Meyxanım xalanı çağırmağı düşündü. Çox keçmədi ki, doktor onları qarşıladı.
 
 

 – Gəldinizmi? Gözləyin indi sizə iş təyin edəcəyəm.
Gözlədikləri müddətdə tibb bacılarından öyrəndilər ki, İrandan qayıdan zəvvar və tələbələri sərhəddən birbaşa bu xəstəxanaya gətiriblər. Televiziyada xəbərlərdə eşitdiyi koronavirus pandemiya təhlükəsi işlədiyi bu xəstəxanaya da gəlib çıxmışdı demək.
 Təxminən bir saat sonra həkim onu və xadiməni çağırıb dedi:
 – Bu saatdan etibarən xəstəxanamızda karantin elan olundu. Xəstəxanadan çıxış qadağandır. Biz bir müddət burada qalmalı olacağıq. İrandan gəlmiş tələbələrin sənədlərinə əsasən siyahıya alınmaları ilə məşğul olun.  Sonra isə hərarətlərinə nəzarət  işi də sizə həvalə olunur.
 – Oldu, doktor.
 İrandan qayıtmış tələbələri ikinci mərtəbədə yerləşdirmişdilər. Ora gedib həkimin tapşırığını yerinə yetirdilər.  İkinci mərtəbədə yerləşdirilən tələbə və zəvvarların pasportlarını toplayıb siyahılaşdırdı, qutulara yığdı. Daha sonrakı günlərdə işi temperaturları ölçmək və doktorun müəyyən etdiyi tapşırıqları yerinə yetirmək  oldu.
On günün tamamında baş həkim ikinci dəfə virusla bağlı verdikləri analizlərin cavabı neqativ çıxdıqdan sonra onları evə buraxdı: Evdə də 14 gün heç kimlə təmasda olmamaq, özünütəcrid şərtilə!
 Nəhayət ki, hər günü bir ilə bərabər keçən müəmmadolu həyəcanlı 10 gün geridə qaldı. İndi axır ki, evdə idi.
Evə gəlsə də, sanki içində nəsə qırılmışdı. Qorxuqarışıq nigaranlığını canındakı ağrılar daha da artırırdı. Özünü təcrid etməli idi. Gündəlik tələbatlarını isə əmisi oğlu, bacısı qızı alıb gətirirdilər. Amma onları evə buraxa bilməzdi. Aldıqları dərman və ərzaqları elə qapının kandarında qoyub qayıtmalarını xahiş edirdi.  Evə gəldiyi gün özünü pis hiss edirdi. Bunu 10 günün streslə dolu yorğunlluğu ilə əlaqələndirdi. Rahatlanıb dincələcək və yaxşılaşacağına ümid edirdi. Qohumlar zəng vurub əhvalını soruşurdu, hamısına "yaxşıyam" deyirdi. Amma keçən hər saatda ağrıları artır, boğazı quruyur, nəfəsi təngiyirdi.  Virusun əlamətlərini özündə açıq-aydın hiss edirdi. Bəlkə analiz verəndən sonra təzəlikcə yoluxmuşdu? Axı iki dəfə virusa görə verdiyi test-analizin cavabı neqativ çıxmışdı.
 Virus daşıyıcıları ehtimalı olan insanlarla üç dəfə təmasda olmuşdu.
 Bu necə bir durum idi?! İnsanın orqanizmi ilə bərabər psixoloji vəziyyətini də sarsıdan bu xəstəliyin vahiməsi ağrısından çox imiş. Hər an ölümün gələ biləcəyini artıq qəbul etmişdi. Düşünürdü ki, ölüm Allah əmridir. Kim ondan qaça bilər ki?! Amma biri var ki, sevdiklərin son nəfəsində yanında olalar, görmək, halallaşmaq istədiklərini görəsən. Biri də var, onlar sənə, sən onlara həsrət gedəsən bu dünyadan. Öləndən sonra cənazəni də yaxınlarına verməyib kimsəsiz insanlar kimi naməlum vəziyyətdə basdıralar. Bilmirdi bu düşüncələrin dəhşətilə vuruşsun, ya canındakı dözülməz ağrılarla. Telefonla da əlaqə saxlamağa, danışmağa taqəti çatmırdı. Qardaşı qızının mesajını  da oxuyub halsızlıqdan cavab yaza bilmirdi: "Canım bibim. Dünyaya gələn gündən mənə və bacılarıma bibi yox, ana oldun. Anamla sənin bircə fərqin o oldu ki, sənin deyil, anamın bətnindən göz açdıq həyata. Həyatının ən böyük sevgisi biz olduq. Körpəlikdən ovcunun içində bir kəpənək qorurmuş kimi qorudun bizi. Qayğımıza qaldın. Gecə-gündüz bilmədin. Ürəyimizdən keçən hər istəyi yerinə yetirmədən rahatlıq tapmadın. Ailən də, övladların da, xoşbəxtliyin də biz - qardaşlarının övladları oldu. Adımızı çəkəndə səsin titrədi, saçlarımızı darayanda əllərin. Sevginin, qayğıkeşliyinin əvəzini gözləmədin ki. Ana sevgisi kimi təmənnasız oldu sevgin. Allahın yazdığı tale ilə bir ailə sahibi, oğul-qız sahibi olmasan da, bizim varlığımıza şükür etdin. Övlad dünyaya gətirmək nəsibin olmasa da, ANA ola bildin. Bizim anamız, mənim anam! Sumqayıtdan Cəlilabada uçunan ürəyimin tək diləyi sənin yanında olmaqdır. Bir dəfə səni qucaqlamaq üçün, öpüb-oxşamaq, əllərindən tutmaq üçün bütün ömrümü verməyə hazıram. Yadındadırmı, bibican, kənddə evimizdə qaz olmadan, şəraitsizlikdə ad günlərimizdə bizə tort bişirməyin? Hər gün dünyanın ən gözəl xörəklərini, şirniyyatlarını bişirib nazlaya-nazlaya, sevib oxşayaraq bizə yedizdirməyin?! Hər şeyin ən gözəlini seçib-alıb geyindirmək sevincini unudarammı?! Bəs o xatirələrimiz?!
 
 

 Qış gecəsi idi. İkimərtəbəli evimizin bir otağında odun sobası qoyulmuş, hamımız orada otururduq. Hər kəs yatmışdı. İkimiz sobanın kənarında oturub söhbət edirdik. Dedin ki, "təzə qatıq çalmışam. Gətirim ye."
Cavabımı gözləmədən qaranlıqda əlində lampa ilə aşağı düşüb qatıq gətirdin. Sobanın yanına qoydun ki, bir az isinsin. Necə oldusa pişiyimiz qatıqla dolu fincana yaxınlaşdı. Sən pişiyə acıqlanıb qatığı götürdün. O soyuğa, qaranlığa baxmayaraq, hündür daş pilləkənlərlə birinci mərtəbəyə düşməkdən ərinmədin, heyifsilənmədin, incinmədin. Gedib yenisini gətirdin. O heyrətim yadımda qaldı: bizə qayğı göstərməkdən yorulmaz, əksinə bununla xoşbəxt olurdun sanki. Adımızı heç vaxt soyuq səslə eşitmədim dilindən. Adıma bir sevgi, hərarət gözəllik qatıb çağırdın. O səsləyişin qulağımdan son günümədək getməz axı, canım bibim. Canım Anam! İndi isə... mən sənin bir su götürməyə belə taqəti çatmayan əlinin əsməsini telefonda izləməkdən başqa heç nə edə bilmirəm. Üşüyən bədənini isti yorğana büküb isidə bilmirəm. Dediyin o "Bir stəkan isti çay olsaydı"  cümləni eşitmək mənə necə əzab oldu, canım bibim?! Hər dəfə çay süzəndə o cümləni eşidirəm. İçdiyim isti çaylar gözümdən isti göz yaşı ilə gəlir indi. Yorulmadan qabağımızda pərvanə kimi dolanan canında bir stəkanı götürməyə taqət qalmadığını görmək çox ağırdır, bibim! Əlimizdən sadəcə dua etmək gəlir.
 Allaha yalvarıram ki, Ya Rəbbim! Axı Sən görmüsən hər şeyi. Axı sən bilirsən hər şeyi! Canı verən də, alan da Sənsən, Qadir Allah! Bir gün hamımız can əmanətini geri qaytarmalı olacağıq. Bibim də. Amma hər çətinliyimizdə başımızın üstündə olan bu qadın indi özü dardadı. Çətinlikdədi. Təklikdədi. Xəstəliyi ilə təkcə üzbəüz qalıb. Xəstəliklə taqətsiz cismi ilə köməksiz qalıb. Belə alma onu bizdən Rəbbim. Belə yox! Belə alsan, sinəmizə dağların dağı olar! Rəhm et, ey Yaradan. Şəfa ver bibimə, ya Şafi! Son nəfəsimizdə yanımızda olaq bir-birimizin. Biz Onun analıq haqqını ödəyə bilmərik. İmkan ver, möhlət ver, bizi belə həsrətli ayırma, ya Rəbbim! Dualarım səninlədi, Cəmilə bibim, CƏMİLƏ ANAM! Dözümlü ol, bizə görə toparlan. Biz məhv olarıq sənsiz. Bizə görə tez sağal, canım bibim..."
 Bu sözləri telefonundan göz yaşı ilə oxuyur, özü də  Allahdan özünə şəfa diləyirdi.
 İllərin təcrübəli, bacarıqlı tibb bacısı idi. Öyrəndiyi, bildiyi hər müalicə üsullarından istifadə edir, gücü yetdiyi qədər bu dəhşətli vəziyyətə məğlub olmamaq üçün mübarizə aparırdı. Üçüncü dəfə COVİD-19 üçün analiz verməyə tərəddüd edirdi. Nələr yaşaya biləcəyinin müəmmasından çəkinirdi. Nəhayət, uzun çək-çevirdən sonra yenidən analiz verdi. Bütün ailə üzvləri qorxu içində nəticəni gözləyirdi. Və yenə testin cavabı neqativ çıxdı.   Ailə üzvləri xeyli rahatlandılar. Amma çox qəribə idi. Xəstəliyin əlamətləri var idi, özü isə yox. Həmişə enerjili, işgüzar, fəal həyat tərzi keçirən adam indi süst olub qalmışdı yatağında. Həmişə nikbin olmağa çalışan, ünsiyyətcil, danışan-gülən, qurub yaradan adam indi özünü ruhsuz bədən kimi hiss edirdi.
Müayinə edən həkim onun karantin zamanı  psixoloji zərbə aldığını söylədi.  Fevralın 26-da o telefon zəngi ilə xəstəxanaya gedən Cəmilə ilə martın 6-da xəstəxanadakı karantindən evə  buraxılan Cəmilə arasında çox fərq vardı. O karantin günlərində 10 gününü  yox, 10 ilini qoyub çıxdı sanki. Amma oradan çıxanda hələ daha da ağır ayların onu gözlədiyini, qorxudan və  gərgin iş rejimindən sonra  bütün sağlamlığının böyük təhlükəyə düşəcəyini, aylarla iynə-dərmana möhtac olacağını, şəkər tapacağını təxmin etməmişdi...
 Yatağında ağrılar rəhmə gəlib azalanda həmin telefon zəngindən ta indiyə kimi yaşadıqlarını bir film kimi fikrən izləyirdi. Bu, bir qorxu filmi idi. Bu filmdə alınmayan kadrlar ölümlə nəticələnirdi. Filmin mənfi qəhrəmanı COVİD-19, onunla ön cəbhədə vuruşan müsbət  qəhrəmanlar isə ağ xalatlı tibb bacıları, həkimlər, xəstəxana xadimələri, tibb işçiləri idi!  Onlardan biri də özü - Cəlilabad şəhər Mərkəzi Xəstəxananın Göz şöbəsinin tibb bacısı Cəmilə Cəfərova oldu!
Və bu hekayənin yazıldığı müddətdə Cəmilənin  mübarizəsi hələ də davam etməkdədir... 
 
 
 Hekayə "Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində yazılıb.