Biz imzaları yox, əsərləri dərc edirik...

Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar tədbir keçiriləcək.
414
20 May 2019, 14:18
  2019-cu il martın 20-də Azərbaycan ədəbiyyatının klassiki, Azərbaycanın Əməkdar incəsənət xadimi, dramaturq, şair və nasir, teatr və kino xadimi, tərcüməçi, ssenarist, jurnalist, aktyor, rejissor Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 dekabr 2018-ci ildə sərəncam imzalayıb.

  Prezidentin sərəncamını əsas tutaraq, Abdulla Şaiqin Mənzil Muzeyində Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə əlaqədar 23 may 2019-cu il tarixində saat 14:00-da tədbir keçiriləcək.
  Tədbirə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Memarlıq və İncəsənət İnstitutunun alimləri, Cəfər Cabbarlının nəvəsi, eyni zamanda Cəfər Cabbarlının Ev Muzeyinin direktoru Qəmər Bağırova, Bakı şəhəri xatirə muzeylərinin,  Abdulla Şaiq adına 54 saylı tam orta məktəbin və Abdulla Şaiq adına kitabxananın əməkdaşları, KİV nümayəndələri dəvət olunublar. 
  Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açacaq. Tədbirdə Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli çıxış edəcək. Daha sonra muzeyin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru  Arzu Hacıyeva Abdulla Şaiq və Cəfər Cabbarlı münasibətləri haqqında, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva "Cəfər Cabbarlı yaradıcılığı  C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında” mövzusunda məruzə edəcəklər. Tədbirin bədii hissəsində ədibin müxtəlif əsərləri gənc istedadların ifasında təqdim ediləcək, sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək. Tədbirlə bağlı slayd-şou nümayiş ediləcək. Sonda gələn qonaqlara söz veriləcək. 
  Tədbirin keçirilməsində əsas məqsəd  Cəfər Cabbarlının əziz xatirəsini bir daha yad etmək, zəngin yaradıcılığını təbliğ etməkdən ibarətdir .