Artkaspi.az
saytı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin dissertantı Könül Məmmədovanın yazısını təqdim edir:
Böyük
dramaturq, isdedadlı yazıçı, mahir tərcüməçi Cəfər Cabbarlının fenomenal biliyə,
geniş yaradıcılıq diapazonuna, fəal həyat mövqeyinə, fədakar yaşam tərzinə
malik olması onun mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində yaratdığı
çoxsaylı, parlaq sənət nümunələri ilə təsdiqini tapmışdır. Ədibin yüksək bədii-estetik
keyfiyyətə malik dram əsərləri, nəsr nümunələri və poeziya inciləri ilə yanaşı,
onun uzun illər mətbuat səhifələrinə səpələnmiş, əsasən tədqiqatdan kənarda
qalmış ədəbi-tənqidi məqalələrində teatr mədəniyyəti, aktyorluq sənəti, səhnə həyatı,
teatrşünaslıq məsələləri geniş yer almışdır. Onun 1920-1927-ci illərdə "Azərbaycan”,
"Azərbaycan füqərası”, "Azərbaycan xəbərləri”,
"Kommunist”, "Qızıl qələm”, "Yeni yol”, "Zəhmət”, "Revolyusiya və
kultura”, "İnqilab və mədəniyyət” və b. qəzet və jurnallarda çap etdirdiyi
elmi-tənqidi məqalələri, publisistik yazıları bu gün də aktuallığını qoruyub-saxlayır,
teatr tariximizin təşəkkül yolunun, təkamül prosesinin salnaməsini mündəricatında,
məzmununda əks etdirir.

Görkəmli
ədibin mətbuat orqanlarında teatr sənəti ilə bağlı yazdığı məqalə və
resenziyalarında XX əsrin əvvəlində Azərbaycan səhnəsinin vəziyyəti, aktyor,
tamaşaçı və müasirlik problemi onun məqalələrinin əsas tədqiqat obyekti olmuşdur.
Onun Cümhuriyyət dövründə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası
haqqında yazdığı və "Azərbaycan” qəzetində "Aktyor” gizli imzası ilə dərc etdirdiyi
eyniadlı məqalədə aktyora verdiyi tərif, sənətin yeni təfəkkür müstəvisində dəyərləndirilməsi
teatrşünaslıq nəzəri meyarları baxımından tamamilə fərqli baxış, yeni mənalandırma
üsulu idi. C.Cabbarlı aktyor-tamaşaçı münasibətlərinə diqqət yetirərək yazırdı:
"Aktyor – sənətkardır. Sənət hər şeydən ucadır. Aktyor sənətdə söylədiyi sözlərinin
ifadə etdiyi mənalarından dolayı alqışlanmıyor. Əgər alqışlanırsa, o alqış əsərin
müəllifinə racedir. Aktyor yalnız girdiyi rollardan və ifa etdiyi tiplərdən
dolayı alqışlanıyor ki, onların da məharət və dühaları həp bundadır” (Aktyor
(C.Cabbarlı). Leyli və Məcnun. // Bakı: - "Azərbaycan” qəz., 1920, 5 mart).
C.Cabbarlı
aktyorun sənətkarlıq səviyyəsini onun ifa etdiyi, canlandırdığı obrazın
inandırıcılıq dərəcəsi, təbii jest və mimikalardan yerli-yerində istifadə məharəti,
bacarığı ilə dəyərləndirirdi. O dövr üçün ənənəyə çevrilən uzun-uzadı "səhnə
nitqləri”nin əleyhinə idi. Çünki Cabbarlı teatrı məktəb hesab etsə də, aktyoru
müəllim statusunda görmürdü, düşünürdü ki, aktyor müəllimliyini (əgər belə bir
istedadı və təcrübəsi varsa – K.M.) səhnədən kənarda həyata keçirməlidir. Ədib
teatrşünaslar üçün həssas olan bu mövzuda fikrini bir az da dəqiqləşdirir və
genişləndirərək yazır: "Bu gün teatroya gələnlər içərisində bir aktyorun verəcəyi
tərbiyədən faidəmənd olanlar bəlkə də vardır. Hər halda tamaşaçıların əksəriyyəti
tiatroya aktyordan dərs almağa gəlmiyorlar. Vaqe ki, böylədir, aktyor da özünün
(səhnədə - K.M.) müəllimliyini unutmalıdır” Aktyor (C.Cabbarlı). Leyli və Məcnun.
// Bakı: - "Azərbaycan” qəz., 1920, 5 mart).
Ədibin
problemə yanaşma tərzi şübhəsiz ki, dövrün ənənəvi baxışlarından, "sənət”
meyarlarından fərqli və obyektiv idi. Aktyorun fəaliyyəti ilk növbədə yazarın mətninə
dayalı, məramına sayğılı olmaqla yanaşı tamaşaçısının hiss və duyğularına hakim
kəsilmək, anlatmaq, ayıltmaq və ictimai aktivliyini artırmaq məqamına
hesablanmış yaradıcılıq prosesidir. Aktyor xidmətinin effektivliyi, təsir
imkanları ilk növbədə obrazın təbii, inandırıcı canlandırılması ilə birbaşa
bağlıdır. C.Cabbarlı böyük dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 29 oktyabr
1920-ci il tarixində Hökumət Teatrosunda tamaşaya qoyulan "Dağılan tifaq” faciəsinə
baxdıqdan sonra "Cim” imzası ilə
"Kommunist” qəzetində dərc etdirdiyi eyniadlı məqaləsində aktyor işinin keyfiyyət
məsələlərinə, sənətkarlıq xüsusiyyətlərinə toxunmuş, bədii obrazın təqdim edilməsində
həyatiliyin önəmliliyini xüsusi vurğulamışdır. Zəmanəsinin qüdrətli səhnə
ustası Abbas Mirzə Şərifzadənin baş qəhrəman rolunu canlandırarkən yüksək peşəkarlığına
xələl gətirən, kölgə salan bəzi məqamları C.Cabbarlı qabardaraq yazırdı: "Oyun
qəhrəmanı Nəcəf bəy rolunda Abbas Mirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu
xatırladım ki, birinci pərdədə tək danışarkən və ikinci pərdədə kağız oxuyarkən,
rəcəz (əruz şeir forması – K.M.) oxurcasına, bərkdən və yersiz olaraq sərt
danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür
edilərək, olduqca kölgəli və dumanlı deməlidirlər. Əvvəla, bir aktyorun səhnədə
tək danışdırılması, əsasən qeyri-təbii bir şeydir. Biz həyatda özü-özü ilə
danışan (normal) bir adam görmərik. Fəqət madəm ki, əsər köhnə məktəb ilə
yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa bir rəcəz
kimi deyil, bulanlıq bir tövr ilə söylənməlidir. Biz, mütəəssüfanə, təsəvvür
etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik” (Cim (C.Cabbarlı). Dağılan tifaq. // Bakı: –
"Kommunist” qəz., 1920, 11 Noyabr 19).
Zəmanəsinin
müqtədir sənət fədaisi, romantik-psixoloji üslubun bənzərsiz nümayəndəsi, milli
səhnəmizdə Aydın, Oqtay, Eyvaz, Səyavuş, İblis, Şeyx
Sənan, Otello, Hamlet, Don Kixot, Karl, Maqbet, Teymur ağa, Dəli knyaz, nəhayət
Nəcəf bəy kimi bir-birindən fərqli, çoxsaylı obrazlar qalareyasını böyük
məharətlə, peşəkarlıqla yaradan Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadə
haqqında müşahidələr, tövsiyələr və sənətkarlıq məsələlərinə dair qeydlər
ciddi maraq doğurur. C.Cabbarlının ədəbi-tənqidi məqalələrində hər zaman yüksək
dəyərləndirilən səhnə ustasının "Dağılan tifaq” faciəsində sözlərin məntiqi
rabitəsinin pozulması, fikrin məna çalarının səsin yüksək tonu içərisində
duyulmaz hala salınması, qeyri-təbiiliyə rəvac verilməsi və s. xüsusiyyətlər mənəvi
bürkünün hiss və duyğulara birbaşa təsir etdiyi, cəmiyyətin qırmızı yalanlara
büründüyü bir mühitdə ehtiyaclar məngənəsində çırpınan sənətin tənəzzül
sindromunun əlamətləridir.
C.Cabbarlının
görkəmli ingilis dramaturqu, şairi, aktyoru Uilyam Şekspirin "Otella” tamaşası
haqqında yazdığı və "Kommunist” qəzetində 1921-ci il 24 may tarixli 92-ci
sayında dərc etdirdiyi eyniadlı məqaləsində də A.M.Şərifzadənin
yaradıcılığından bəhs edilmiş, sənət məsələlərinə və aktyor peşəkarlığına
toxunulmuşdur. Müəllif ən incə məqamlara səriştəli teatrşünas prizmasından
yanaşaraq yazırdı: "Otello rolunda ən qüvvətli aktyorumuz Abbas Mirzə ilk iki pərdələrdəki
ruhsuzluğunu unutmamaq şərt ilə son dərəcə gözəl idi. Bir çox yeni və müvafiq hərəkətlər
göstərməsi üzərinə daima bir hərəkət üstündə mıxlanıb durmaması və hər dəqiqə
bir yenilik göstərdiyi üçün möhtərəm aktyorumuzu ayrıca qeyd edirik. Onu da əlavə
edim ki, bütün aktyorlarımızın müttəhid nöqsanı olan tədrici yıxılmaq bəlasından
yeganə mübərra (eyibdən, qüsurdan uzaq – K.M.) olan Abbas Mirzə bu gecə əzilməsin
deyə, qeyri-təbii olaraq yerin rahatlayaraq, tədricən yıxıldı ki, bu bir
nöqsandır” (Cim (C.Cabbarlı). Otello. //
Bakı: - "Kommunist” qəz., 1921, 24 may).
Məlumdur
ki, XIX yüzillikdən indiyədək müxtəlif zamanlarda "Otello” faciəsini Haşım bəy
Vəzirov, Hasan Səbri Ayvazov, Əhməd Cavad, Cəfər Cabbarlı, Əziz Şərif, Sabir
Mustafa və b. peşəkar mütərcimlər Azərbaycan dilinə tərcümə etmişdirlər. Bu tərcümələr
içərisində bədii-estetik məziyyətləri ilə gənc Cabbarlının mütərcimlik işi şübhəsiz
ki, xüsusilə seçilirdi. Otellonu Hüseyn Ərəblinskinin ifasında dəfələrlə izləyən
Cəfər Cabbarlı aktyor Abbas Mirzə Şərifzadənin Otellosuna baxdıqdan sonra
paralellər aparmaq, müqayisə etmək imkanları genişlənmişdir. Abbas Mirzəni "ən
qüvvətli aktyorumuz” adlandıran müəllif aktyorun yaradıcılıq dinamikasını yüksək
qiymətləndirməklə yanaşı əksər sənətkarlarda müşahidə edilən qeyri-təbiilik
sindromunu qeyd etməyi bu tamaşada da zəruri saymışdır. Müəllifin fikrincə
aktyor səhnədə yalnız dramaturqun fikir və düşüncələrilə deyil, mimika, jest və
hərəkətləri ilə də təbii, inandırıcı olmalıdır. Abbas Mirzənin səhnədə "yerin
rahatlayaraq, tədricən yıxıl”ması teatra inamın, ümidin yıxılmasını yalnız sürətləndirə
bilər. C.Cabbarlının A.M.Şərifzadə yaradıcılığında, xüsusilə adları vurğulanan
iki faciə əsərindəki detallara ciddi diqqət yetirməsi, teatr mizanları
baxımından nöqsan hesab etməsi onun sənətə qudsal baxışları ilə bağlı olsa da, Abbas
Mirzə dünyasının açılmamış qatları ilə tutulan qüsurlar arasında mübhəm bir
uyğunsuzluğun mövcudluğunu inkar etmək mümkünsüzdür.
Ölkə
və dünya dramaturqlarının əsasən faciə qəhrəmanlarını səhnədə canlandırmaqla
şöhrət qazanan Azərbaycanın xalq artisti Abbas Mirzə Şərifzadə "Dağılan tifaq”
və "Otella” faciələrindəki vurğulanan "nöqsanlara” rəğmən sovet rejiminin amansız,
qanlı repressiyasının günahsız qurbanı olaraq 1938-ci ilin sonuna 45 gün
qalmış, 45 yaşında faciə qəhrəmanlığını şəxsi nümunəsində qüsursuz, "bulanlıq
bir tövr ilə” başa vuraraq aktyor sənətinə təbiiliyin, inandırıcılığın ən ali və
ağrıdıcı məqamını bəxş etmişdir.
C.Cabbarlının teatrın problemlərinə kompleks halda yanaşdığı elmi-nəzəri
əsərlərindən biri də 1924-cü ildə "Qızıl qələm” məcmuəsində çap etdirdiyi "Bizdə
teatro” ədəbi-tənqidi məqaləsidir. Ədib bu yazısında biri-digəri ilə sıx bağlı
olan əsasən dörd məsələyə aydınlıq gətirməyə çalışmışdır. O teatrın ehtiyacları
haqqında düşünərkən zamanla səsləşən, aktuallıq kəsb edən milli dram əsərlərinin
yetərincə olmadığını, istedadlı, peşəkar aktyorların azlığını, səhnədə qadın sənətkarların
yoxluğunu və səriştəli, mahir rejissorların qıtlığını dərin təəssüf hissi, ürək
ağrısı ilə vurğulayırdı.
Çətin,
mürəkkəb şəraitdə fəaliyyət göstərən dramaturq öz yaradıcılıq imkanlarının
verdiyi miqyasda böyük qüvvə və ruh yüksəkliyi ilə milli teatrı müasir
tamaşaçının tələbatına uyğun inkişaf etdirməyə çaba göstərsə də, problemin
müşküllüyünə, prosesin çətin irəliləyişinə sıxılırdı. O teatrımızın tərəqqisi
üçün böyük fədakarlıqla çalışır, yazdığı məqalələrində teatr üçün hazırlıqlı,
mükəmməl, yaradıcılıq eşqi, sənət qüdrəti olan aktyorların yetişəcəyinə dərin
ümid bəsləyirdi.
Milli
Azərbaycan teatrının yaradıcılıq tarixindən, aktyorların səhnə fəaliyyətindən
yazan sənətşünasların, teatr tənqidçilərinin əsərlərində C.Cabbarlı qədər ağrılı məsələlərə həssaslıq nümayiş etdirən,
problemləri ciddi qabardan, sənət adamlarının səlahiyyətlərini müzakirə
obyektinə çevirən, bu sahənin incəliklərini, özünəməxsusluğunu, fərqli mənəvi
keyfiyyətlərini bu qədər geniş şərh edən ikinci bir mütəxəssisə rast gəlmək çətindir.
Cabbarlının fikrincə hər hansı bir müəllifin əsərindən fraqmentləri əzbərləyib
səhnədə ucadan söyləməklə, "əl-ayaqlarını, göz-qaşlarını oynadıb get”məklə
aktyor sənətini inkişaf etdirmək mümkünsüzdür.
Böyük
sənətkar "Bizdə teatro” adlı məqaləsində "Aktyor kimdir? O necə olmalıdır?”
suallarına cavab arayarkən qətiyyətlə yazırdı: "Hər şeydən əvvəl aktyor canlı
bir ədəbiyyatdır. Böyük bir ədibin uykusuz gecələr boyu çalışıb vücuda gətirdiyi
bir əsəri, onun kağızlar üzərində qaraladığı fikirləri, fəlsəfələri, gözəllikləri,
incəlikləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq
böyləliklə söylədikləri sözlər, fırlandığı fəryadlar, iniltilər etibarilə canlı
bir ədəbiyyat olmuş olur. Və Aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa
bir sözlə söyləsək aktyor bir rəssamdır... Aktyor bir yerdə sözlər ilə təsvir
olunmuş bir tipi alır, öz dühasının, öz istedadının qüvvəsi ilə onu özündə
canlandırır...
Aktyor
bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə özüdür...
Aktyor
bir musiqişünasdır. Eyni zamanda aktyor canlı bir aləti-musiqidir...
Söylədiklərimizin
həpsini bir sözlə deyəcək olursaq, aktyor gözəl sənətin bütün qismilərini özündə
toplayıb canlandıran bir sənətkardır” (C.Cabbarzadə. Bizdə teatro. // Bakı: -
"Qızıl qələm” məc., 1924, № 4, səh. 54-56).

C.Cabbarlının
aktyorluq sənəti haqqındakı tezisləri, incəsənətin bu sahəsinin cazibəsinə aludə
olub mahiyyətindəki incəliklərə, mənəvi məsuliyyətin dərinliklərinə varmadan
teatra yüngül, dayaz düşüncə ilə yanaşanlara açıq, birbaşa xatırlatmaları XX
yüzilliyin 20-ci illərində milli tendensiyanın aparıcı meyllərini, istiqamətlərini
özündə əks etdirirdi.
Böyük
dramaturq aktyorun canlı bir ədəbiyyat olduğunu qeyd edirdi. Mövzusuna görə
milli ruhla bağlı olan əsərlərin oynanmasını arzu edən ədib aktyordan həm də tələb
edirdi ki, yuxusuz gecələr hesabına yaradılan əsərləri tamaşaçıya çatdırarkən
yaratdığı obrazın bütün mənəvi tərəflərini, bütün ruhunu, bütün varlığını ilk
baxışda əks etdirsin.
Yaratdığı
tipin xarakterindəki ziddiyyətləri, daxili dəyişmələri öz istedadı ilə səhnədə
canlandıran sənətkarların, aktyorların yetişməsi zamanın zəruri tələbidir.
C.Cabbarlı
haqlı olaraq qeyd edir ki, aktyor səhnədə oynadıqlarını özü yaşamalıdır.
Dramaturqun fikrincə, aktyor rolunu yaxşı ifa etmək, canlandırmaq üçün bütün
qüvvəsini işlətməkdən başqa, özündən əvvəl oynayanları təqlid etməməli, özündən
yeni, yaradıcı hərəkətlər göstərməlidir.
O,
teatrın inkişafı ilə bağlı yazdığı tənqidi məqalələrində gənc aktyorların
oyunlarına yüksək qiymət verməklə bərabər onların nöqsanlarını da göstərir, sənətkarlıq
cəhətdən püxtələşməsi üçün təkcə istedadın kifayət olmamasını xüsusi olaraq
qeyd edirdi.
C.Cabbarlı
dərin zəkaya, nadir dramaturji istedada malik böyük şəxsiyyət idi. Onun fikrincə,
aktyor səhnəyə mənfəət xatirinə gəlməməli, səhnədən, teatrdan mənəvi zövq
almağı bacarmalıdır. Ədib Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Hacı
Hacınski, Hacıbaba Şərifzadə və b. bu kimi bütün həyatını, varlığını sənətə, səhnəyə
bağlayan, ağır, çətin şəraitə, mənəvi sıxıntılara baxmayaraq qəlbi, ruhu ilə
teatrı işığa, nura qərq edən, tamaşaçılara sənət sevincləri yaşadan, gənclərə
örnək olan aktyorları yüksək dəyərləndirirdi.
(Mətbuat materialları əsasında)