Biz imzaları yox, əsərləri dərc edirik...

Böyüklərin də oxumalı olduqları uşaq hekayələri
489
08 Avqust 2019, 11:32
 Balacalar üçün yazılmış hekayələrdə ümid, xəyal, uğursuzluq, cəsarət, qorxu kimi duyğuların təsvirinə daha çox yer verilir. Çünki özünü və duyğularını yeni-yeni kəşf etməyə başlayanların buna çox ehtiyacı var. Elə günün maddi qayğıları altında əzilməkdən duyğularını unutmuş yetişkinlərin də...
 Uşaq ədəbiyyatı nümunələrinin 2018-ci ildə bestseller olmuş beş müəllifindən biri, britaniyalı yazıçı Katerin Randell "Guardian” oxucuları üçün yazdığı məqalədə bəzi nüanslara diqqət çəkir: "5 yaşımdan oxuyur, 12 yaşımdan yazıram. Uşaqlar bir gün böyüyüb siz böyüklərin oxuduqlarını oxuyacaqlar, sizin dünyanızı kəşf edəcəklər. Bəs, siz böyüklər niyə onun dünyasını kəşf etməyəsəniz ki... Niyə onun üçün aldığınız kitablar sizə qadağanmış kimi rəftar edirsiniz?! Halbuki, heç olmasa balacanızın sevimli kitabını birgə oxuya, onun nəyə sevinib, nəyi sorğuladığını kəşf edə bilərsiniz. Bəli, insanların sonsuz mövzularda bir-birindən fərqlənən milyonlarla zövqü var. Amma valideynlərin övladlarının dünyasına yaxından bələd olması məcburidir. Onun seçimlərinə müdaxilə edərkən, xatırlayın ki, sizə könüllü müdaxilə hüququ verməsi üçün bir səbəbi olmalıdır. Əgər balacanızla ortaq oyun, nağıl, gəzinti, mütaliə saatları keçirir, eyni oyuncaqla oynadığınız kimi, eyni kitabı oxuyursunuzsa, əmin olun ki, siz həmişə eyni dili danışacaqsınız”.
 
 

 Məqaləsində mütaliə vərdişlərinin formalaşdırılması məsələsinə geniş yer verən yazıçı böyüklərin də oxumasını vacib bildiyi uşaq ədəbiyyatı nümunələrindən ibarət siyahı da paylaşıb. Ekzüperinin "Balaca şahzadə”-si ilə başlayan siyahı belə davam edir.

 · Maykl Bond – "Paddinqton kitabları” ("The Paddington books”)
 · Filip Pulman – "Qaranlıq başlanğıc” ("His dark materials”)
 · Mauris Sendak – "Hər şey aydın oldu” ("Where the wild things are”)
 · Eva Ibbotson – "İt və sahibi” ("One dog and his boy”)
 · JM Barri – "Piter Pen” ("Peter Pan”)
 · E.B.Uayt – "Şarlottanın şəbəkəsi” ("Charlotte’s web”)
 · C.S.Levis – "Narnia salnamələri” ("The chronicles of Narnia”)
 · Roald Dahl – "Çarlinin şokolad fabriki” ("Charlie and the chocolate factory”)
 · Elena Ferrante – "Gecə çimərlikdə” ("The beach at night”)
 
 Elcan Salmanqızı