Biz imzaları yox, əsərləri dərc edirik...

Böyük ədəbiyyat öz oxucusunu yetişdirir Məti Osmanoğlunun müsahibəsi
469
04 İyul 2017, 12:05

 artkaspi.az Məti Osmanoğlunun müsahibəsini təqdim edir:

 

Məti Osmanoğlu imzası ədəbi mühitə, ədəbiyyatsevərlərə yaxşı bəllidir. Dövrü mətbuatda ardıcıl yazıları, tərcümələri çap olunan Məti müəllim eyni zamanda müəllim kimi də gələcəyin ədəbiyyat adamlarını yetirənlərdəndir. Nəbzi ədəbiyyatla döyünən belə bir söz adamı ilə söhbətləşmək olduqca maraqlıdır.

 


 

– Məti müəllim, sizin çoxşaxəli fəaliyyətiniz var: tənqidi məqalələr, esselər yazır, ədəbiyyat nəzəriyyəsindən tərcümələr edir, müəllimliklə məşğul olursunuz. Bədii tərcümə sahəsində təcrübəniz var, hekayələr nəşr etdiribsiniz. 60 yaşın astanasında bu fəaliyyətlərdən hansı sizə daha yaxın, doğma gəlir və oxuculara necə təqdim edilməyinizi istərdiniz?

– Əlbəttə, müəllim kimi. Bakı Dövlət Universitetinin filologiya fakültəsində, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışıram. Bu universitetə ədəbiyyatçı, yazıçı olmaq arzusu ilə daxil olmuşdum. Universiteti bitirəndə məni iki illiyə rayona müəllim göndərdilər. Elə bilirdim ki, əsgər kimi borcumu yerinə yetirməyə gedirəm, onu bitirəndən sonra geri qayıdacağam. Ancaq müəllimlik sənəti ilə təmasda olandan, uşaqlarla ünsiyyətdən sonra bu sənəti ürəkdən sevdim.

Aspiranturaya daxil olandan sonra ailə vəziyyətimlə əlaqədar işləməli idim və 1984-cü ildə "Ulduz” jurnalının redaksiyasında işə başladım. O vaxt çox populyar olan jurnalda işləyərkən ədəbiyyatı yaradan adamların içindəydim. Yusif Səmədoğlu, Sabir Azəri, Seyran Səxavət, Vaqif Bayatlı Odər, Taleh Həmid, Sirus, Əhəd Muxtarla birgə işləyirdim. Eyni dəhlizdə yerləşən "Azərbaycan” və "Literaturnıy Azerbaydjan” jurnallarının əməkdaşları ilə hər gün üz-üzə gəlir, hal-əhval tuturduq. Bir sözlə, ədəbiyyat harada yaranırdısa, mən orada idim...

 O vaxt ədəbiyyatımızın maraqlı dövrü idi. Yusif Səmədoğlunun "Qətl günü”, İsa Hüseynovun "İdeal” romanının birinci variantı o vaxt nəşr olunmuşdu. Manaf Süleymanovun "Oxuduqlarımdan, eşitdiklərimdən, gördüklərimdən...”, Rafael Hüseynovun "Vaxtdan uca” əsəri əl-əl gəzirdi. Ondan bir az əvvəl Elçinin "Mahmud və Məryəm”, Anarın "Sizsiz” romanı oxuculara təqdim edilmişdi... O prosesin içində olmaq çox gözəl idi.

 

– Belə çıxır, yazmağa həvəsiniz sonradan yarandı?

– Elə deməzdim. Hələ orta məktəbdə 9-cu sinifdə oxuyanda Azərbaycan televiziyasının keçirdiyi kitablar barədə rəy müsabiqəsinin qalibi olmuşdum. Tələbə vaxtı ilk ədəbi tənqidi məqalələrim nəşr edilmişdi. Azərbaycan radiosu ilə əməkdaşlıq edir, jurnalist kimi fəaliyyət göstərirdim. Sadəcə, hansı yolu seçmək məqamı çatanda ədəbi tənqid məni daha çox cəlb elədi. Bu da, təbii ki, işlədiyim mühitlə əlaqədar idi.

 

– Belə bir fikir var: o müəllim həqiqətən sevilir ki, fikirləri yox, fikirləşməyi öyrətsin. Sizin bir tələbəniz olaraq deyə bilərəm ki, siz həmişə bizə fikirləşməyi öyrədibsiniz. Bəs sizə müəllim kimi fikirləşməyi kim öyrətmişdi?

– Özüm barədə belə xoş sözlər üçün sənə ancaq təşəkkür edə bilərəm. Mən təhsilsiz ailədə böyümüşəm. Atam cəmi iki sinif bitirmişdi, amma elmə, təhsilə, sənətə böyük marağı var idi. Bizim oxumağımız üçün əlindən gələni əsirgəmirdi, bizə hər şəraiti yaradırdı. Bəxtim onda gətirdi ki, mən həm də yaxşı müəllimlərdən dərs aldım. Orta məktəbdə örnək şəxsiyyətlərin şagirdi oldum. Universitetdə hələ birinci kursda oxuyanda Mir Cəlal müəllim mini "elmi şura” yaradıb, bizi seminar məruzələrimizin elmi müzakirəsini aparmağa həvəsləndirirdi. Sonradan Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamusa Axundov, Tofiq Hacıyev, Firudin Hüseynov kimi nəhəng alimlərlə ünsiyyətim oldu. Diplom işi yazanda elmi rəhbərim akademik Abbas Zamanov idi. O, bəzən özünü elə göstərir, xüsusilə ədəbiyyat nəzəriyyəsi ilə bağlı sualları elə qoyurdu ki, guya məndən "öyrənir”. Təbii ki, bu müəllimlərimin mənə böyük təsiri oldu və mən də onlardan aldığım enerjini tələbələrimə ötürməyə çalışıram.

– İllərdir auditoriyalarda dərs deyirsiniz, çoxlu tələbələriniz olub. Maraqlıdır ki, onlara çəkdiyiniz zəhmətin bəhrəsini görübsünüz?

– Əgər bir bağban əkdiyi ağacın bəhrəsini görməsə, gərək peşəsindən əl çəksin. Mən hər dəfə auditoriyaya böyük ümidlə girirəm. Qarşımda gənc həmkarlarımı hiss etməyə, tələbələrlə ünsiyyətimi həmkar söhbəti kimi qurmağa çalışıram. Tələbələrimin hamısının həyatdakı irəliləyişlərini izləmək çətindir. Amma hər hansı yetirməmizin uğur qazandığını, nailiyyətini gördükdə sevinirəm. Sevinirəm ki, o insanı mən də tanıyıram, mən ona dərs demişəm, onun bu məqama gəlməsində mənim də iştirakım olub. Müəllimin ən böyük uğuru tələbələrinin onu xoş xatırlamasıdır. Ümumiyyətlə, bir insanın yaddaşında, ömründə izin qalırsa, deməli, mənasız yaşamayıbsan.

 

– Sizin tələbəniz kimi bir müşahidəmi bildirmək istərdim. Mənə elə gəlir ki, yaşıdlarınızla müqayisədə siz daha enerjili və həvəsliniz. Hətta bəzi gənclərdən də çox çalışır, oxuyur, yazırsınız. Bunun daima gənc kollektivlə, tələbələrinizlə olan ünsiyyətlə əlaqəsi varmı?

– Müəllimin ən böyük qorxusu auditoriyada hörmətini itirmək, tələbələrinin gözündən düşməkdir. Buna yol verməmək üçün daim "formada” olmalısan. Mən müxtəlif fənləri tədris edirəm. Əslində, universallıq insanı müəyyən bir ixtisas sahəsində dərinliyə getməyə qoymur. Amma işin məsuliyyətini dərk etmək daha mühümdür. Hər bir insan bu məsuliyyəti özündə dərk etməlidir. Məsələn, ədəbiyyatın tədrisi metodikası mənim ixtisasım deyil, amma mən bu fənni tədris edirəm deyə çoxlu kitablar oxumağa, dünya təcrübəsini öyrənməyə məcburam. 44 yaşında İngiltərə hökumətinin Bakıda təşkil etdiyi dil kurslarına gedirdim. Orada mənə dil öyrənməkdən çox, qabaqcıl beynəlxalq metodika təcrübəsi ilə tanışlıq daha maraqlı idi.

Bir dəfə keçmiş tələbələrimdən biri sosial şəbəkədə status yazıb qeyd etmişdi ki, universitetdə bizim üçün ədəbiyyat nəzəriyyəsi Aristoteldən başlayıb Belinskidə bitdi. Bu fikirdə həqiqət var idi. Mən düşündüm ki, dərs dediyim auditoriyalardakı tələbələr ən azından müasir nəzəriyyələrin adını bilməli, təmsilçilərini tanımalı, əsərlərindən xəbərdar olmalıdırlar. Buna görə də nəzəri mənbələrdən müəyyən tərcümələr etdim. Yaxın zamanlarda dünya ədəbiyyat nəzəriyyəsindən seçmələr kitab şəklində də çap olunacaq. Bu məsələyə vəzifə məsuliyyətim kimi yanaşıram: qazandığımız çörək halal olmalıdır.

 


 

– Siz ədəbiyyatın tədrisi məsələlərini yaxından izləyirsiniz. Maraqlıdır: bu gün universitet auditoriyalarında ədəbiyyat fənni hansı meyarlar əsasında tədris olunur? Siz bu tədrislə razısınız?

– Bu sualı əvvəlcə tələbələrin özlərinə vermək lazımdır. Bu sahədə ciddi boşluqlar nəzərə çarpır. Məsələn, ədəbiyyat müəllimliyi ixtisasında təhsil alan tələbəyə ədəbiyyat tarixi az qala qeyri-ixtisas fənn kimi keçilir, seminar məşğələləri həftəaşırı aparılır. Bu o deməkdir ki, sən sabahın ədəbiyyat müəllimində öz ixtisasına qarşı ögeylik yaradırsan. Bu yanaşma olduqca məntiqsizdir.

Bu cür yanaşmalar istər-istəməz təhsilin keyfiyyətinə təsir göstərir. Bu gün ədəbiyyat fənninin tədrisi heç kimi qane etmir. Nə orta məktəbdə, nə də ali məktəblərdə. Bunun səbəblərindən biri də müasir ədəbiyyat tarixi dərsliklərinin yaradılmamağıdır. Bəs niyə yaradılmır? Bu gün ciddi bir alimin və ya müəlliflər qrupunun yeni dərslik hazırlaması üçün Azərbaycan təhsil sistemi stimul vermir. Stimul bir yana qalsın, dərslik, yaxud hər hansı bir kitab nəşr etdirmək istəyən insan sanki cəzalandırılır. Müəllim dərsliyi yazandan sonra qrif üçün qoltuğuna vurub qapı-qapı düşməli, müxtəlif idarələrdən rəy almalıdır. Borca-xərcə düşüb nəşr etdirdiyi dərsliyi tələbələrə satmaq da müəllim üçün olduqca ağırdır. Halbuki, bunun bir sistemi olmalıdır. Dərsliyi yazdığın müddətdə fikrini cəm etməyə fürsət verilməlidir. Bu zəhmətin həm maddi, həm mənəvi qarşılığını almalısan... Mənə elə gəlir ki, problemin bir səbəbi budur. İkinci səbəb yetkin mütəxəssislərin olmamağıdır. İnsanların böyük əksəriyyətinin çörək dalınca qaçması müəyyən bir boşluq yaratdı. Xarici dilləri mükəmməl bilən böyük alimlər tanıyırdım, özəl şirkətlərdə tərcüməçilik edirdilər. Özüm 15 ilə yaxın BP-də Azərbaycan dilinə tərcümə edilmiş işgüzar məktubların redaktəsi ilə məşğul oldum. O böyük zəhmətdən ədəbiyyata heç nə qalmadı...

– Bir az da oxucu məsələsindən danışaq. Sizin bu məsələyə münasibətinizi öyrənmək maraqlı olardı.

– Bu məsələyə iki yöndən yanaşa bilərik. Birincisi, mətn və oxucu məsələsinə sırf filologiyanın gözündən baxmaq olar. İkincisi, məsələyə sosiologiya baxımından yanaşmaq, cəmiyyətdə oxucunun yetişdirilməsinə nəzər salmaq olar. Məncə, bunun ikisi də aktualdır. Bədii mətn və oxucu məsələsi XX əsrin yetmişinci illərindən dünya filologiyasının diqqətindədir. 1970-ci illərdə fransız ədəbiyyatşünası Rolan Bartın "Müəllifin ölümü” essesi dərc olunmuşdu. Bu yazı mətn və müəllif, mətn və oxucu əlaqələrində yeni bir münasibət formalaşdırır. Ənənəvi ədəbiyyatşünaslıq həmişə mətndən müəllifə baxdığı halda, indi mətndən oxucuya baxmaq zərurəti yaranır. Umberto Ekonun "Gülün adı” romanının haşiyəsinə yazdığı qeydlərdə biri isə "oxucunu yaratmaq” məsələsinə həsr olunub. İstər müasir poststukturalist nəzəriyə, istərsə də reseptiv estetika mətn-oxucu münasibətlərinə yeni kontekstdə yanaşır. Təəssüflər olsun ki, bizim ədəbiyyatşünaslıq bu yanaşmanı hələ mənimsəyə bilməyib. Dilimizə müxtəlif nəzəri mətnlər, esselər tərcümə olunsa da, bu yanaşma ədəbiyyatda öz tətbiqini tapa bilməyib.

İndi gələk cəmiyyətdə oxucu yetişdirmək məsələsinə... Biz adətən, sovet dövrünü etalon kimi göstəririk. Bu bir həqiqətdir ki, sovet dövründə qəzetlərin, jurnalların tirajı indikindən müqayisəolunmaz dərəcədə çox idi. İlk əməkdaşlarından biri də mən olduğum "Gənclik” jurnalının tirajı 250 minə çatırdı. Belə xoş istisnalar var idi. Lakin o dövrün statistikası fərqli bir mənzərə yaradırdı. 1985-ci ildə Moskva nəşrlərindən birinin (səhv etmirəmsə, "Arqumentı i faktı” qəzeti idi) apardığı araşdırma nəticəsində məlum olmuşdu ki, hər yüz adam başına alınan bədii kitabların sayına görə, Azərbaycan 15 respublika arasında 14-cü yerdədir. Yəni müqayisə edəndə biz o vaxt da az oxuyurduq...

Buna baxmayaraq, insanların kitabla təmasını təmin etmək üçün müəyyən imkanlar yaradılırdı. Bu, çox mühüm şərtdir: mən kitabı görməliyəm ki, onu oxumağa marağım yaransın. Azərbaycanın ən ucqar yaşayış məntəqəsi olan bizim kənddə üç kitabxana var idi: məktəb, sovxoz və kənd kitabxanası. O kitabxanalara Bakıdan bütün nəşrləri göndərirdilər. Bizim kitabla müəyyən təmasımız var idi. Amma bu gün, təəssüf ki, ucqar kəndlərimizə yeni kitablar göndərilmir, əhalinin alıcılıq imkanları isə zəifdir. Əhali kitabdan, ədəbiyyatdan uzaqlaşıb...

– O dövrdə həqiqətən də, mütaliəyə, ədəbiyyata kütləvi sevgi olub. Müasir dövrdə gənclərin ədəbiyyat oxumağa soyuq yanaşması, sizcə, nə ilə bağlıdır?

– Əslində, bu çox mürəkkəb məsələdir. Çünki bir formasiya ləğv olundu, ictimai, iqtisadi, siyasi münasibətlər sistemi dağıldı. Uzun zaman qeyri-müəyyən fəzada yaşadığımız dövrü "keçid” dövrü adlandırdıq. Daha sonra isə yeni sosial və iqtisadi münasibətlər sisteminə – kapitalizm cəmiyyətinə qədəm qoymaq istəyirik. Bu cəmiyyətin insanının maraq dairəsi, həyat tərzi, gələcəyə münasibəti köhnə ölçülərə sığmır. Bunlar verdiyin sualın üzdə olmayan tərəfləridir. Lakin məsələnin göz önündə olan, görünən tərəfi də var. Belə səbəblərdən biri orta məktəbdə ədəbiyyat tədrisinin lazımi səviyyədə olmamağıdır.

Bu sahəyə məsuliyyət daşıyanlardan kimi dindirsən, müasir təhsilin qeyri-adi fəlsəfəsindən, kurikulum adlanan əcaib sənəddən danışacaq. Ancaq sadə bir həqiqəti qəbul etməliyik ki, orta məktəbdə ədəbiyyat fənninin əsas məqsədi oxucu yetişdirməkdir. Bu insan gələcəkdə kosmonavt da olsa, biznesmen də olsa, fəhlə də olsa, onun bədii zövqü olmalıdır. Musiqiyə qulaq asmaq bu insandan ötrü nədirsə, bədii ədəbiyyat oxumaq da o olmalıdır. Heç gizləməyin yeri deyil ki, bu gün məktəb sistemli təhsil vermir. Qəbul imtahanına repetitor yanında hazırlaşan yuxarı sinif şagirdləri məktəbə getmir. Uşaqlarını repetitor yanına göndərən valideynlər də pul ödəyirlər ki, müəllim onların uşaqlarını qəbul imtahanına hazırlaşdırsın. Valideyn demir və deməz də ki, mənim uşağımdan oxucu hazırla. Beləliklə, biz uşaqların oxucu kimi yetişməli olduqları dövrü onların əlindən alırıq. Müəyyən bir vaxt keçir, o uşaq hər hansı bir peşəyə yiyələndikdən sonra yaşadığı boşluğu özündə hiss etmir. Bu gün bizim statistika aparmaq imkanımız məhduddur, amma şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, biz qonşumuz gürcülərdən, ruslardan az oxuyuruq. Çox vaxt da oxumamağa texnologiyaların inkişafını, interneti bəhanə gətirirlər. Məgər Yaponiyada texnologiya, internet yoxdur?! Yaponlar dünyanın ən çox bədii ədəbiyyat oxuyan milləti sayılır...

 

– Adətən, müasir dövrdə oxucu olmamağından şikayətlənirlər. Mənə elə gəlir ki, "heç kim kitab oxumur” deməklə, bütün yükü oxucuların üzərinə yıxmaq istəyirlər. Bəlkə oxucuların diqqətini çəkəcək mətnlər yaranmır?

– Oxucunun yazıçıdan yüksək səviyyəli, keyfiyyətli əsərlər gözləməsi, tələb etməsi təbii haldır. Bir həqiqət də var ki, böyük bədii əsər hər gün yaranmır. Ancaq bizim klassikamız var, dünya ədəbiyyatından dilimizə keyfiyyətli-keyfiyyətsiz tərcümələr olunur. İş orasındadır ki, həmin əsərlərin də oxucusu azdır. Bu gün hər hansı gənc və ya yaşlı yazıçının oxucusunun az olması, öncə həmin yazıçının problemidir. Amma Nizaminin, Füzulinin, Cəlil Məmmədquluzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Hüseyn Cavidin də oxucusu azdırsa, bu, artıq cəmiyyətin problemidir. Özü də daha ciddi və dərin problemdir...

 

– Bəs "dəb” üçün oxuyan, özünün müstəqil fikri olmayan oxuculara münasibətiniz necədir? Bunlara kitab oxumaqdan daha çox, kitabla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşanlar da aiddir...

– Tam səmimi deyirəm, "facebook”da kim əlinə kitab alıb həmin kitabı, yaxud özünü reklam edirsə, buna müsbət baxıram. Təbii ki, hər kəsin özünün mütaliə səviyyəsi və mədəniyyəti olmalıdır. Amma kimsə qonşunun məsləhəti ilə teatra, sərgiyə gedirsə, rəfiqəsinin təşviqi ilə kitab oxuyursa, mənə elə gəlir ki, pis iş tutmur. Həmin insan tədricən, zaman keçdikcə öz içindəki boşluğu hiss edəcək və daha çox maraq göstərməyə başlayacaq. Kitabın, sərginin, teatrın mistik gücünü, sehrini hiss edəcək. Tələbə vaxtı birinci kursda bizə teatra getmək üçün talonla biletlər verirdilər. Biletlər çox vaxt opera teatrına, klassik musiqi konsertlərinə olurdu. Biz də ilk vaxtlar "pulumuz batmasın” deyə həmin konsertlərə gedirdik. Lakin əvvəli məcburiyyət olsa da, böyük sənətlə əyani təmas öz işini görürdü. Niyazinin dirijorluq etdiyi simfonik orkestrin konsertindən gələndən sonra bəzən ayrı-ayrı musiqi alətlərinin səsi qulaqlarımda səslənirdi və mən həmin musiqinin sehrinə düşürdüm. Bəli, 75 tələbənin hamısı teatra getməsə də, ən azından hər il bir klassik musiqi dinləyicisi formalaşırdı. Mən istənilən formada bədii ədəbiyyatın reklam olunmasına normal baxıram. Məsələn, həmişə arzulayıram ki, filologiya təhsili olan bir qız başqa sahədə çalışan həyat yoldaşına ədəbiyyatı sevdirməyi bacarsın...

 

– Məti müəllim, biz saytda son illərin ən uğurlu 10 müəllifini seçərkən əsas gətirdiyiniz meyarlardan biri də "yeni oxucu yaratmaq” idi. Maraqlıdır, "yeni oxucu” deyərkən konkret nəyi nəzərdə tutursunuz və sizcə, müasir Azərbaycan ədəbi prosesi yeni oxucu qazana bilibmi?

– Vaqif Səmədoğlu ilk şeirlərini yazanda çoxu onu qəbul etmirdi.

 

Məzarıma 

nə başdaşı qoyun, 

nə heykəl. 

Bir cüt ayaqqabı qoyun, 

ayağıyalın 

geyib getsin...

 

misralarını ən mütərəqqi ədəbiyyat adamları belə lağa qoyurdu. Ancaq illər keçəndən sonra Vaqif öz oxucusunu "yarada” bildi. O dəfn olunan gün heç kəsin tanımadığı bir qızın gətirib məzarının üstünə bir cüt ayaqqabı qoyması heç kimdə ironiya oyatmadı. Vaqifin məzarı üstündə baş daşı əvəzinə bir cüt ayaqqabı qoyulması vaxtilə səhv anlaşılan bir şeirə qoyulmuş heykəldir. Bu, cəmiyyətimizin etirafıdır. Ədəbiyyatın belə möcüzəli tərəfi var...

 

 

 

Təbii ki, böyük ədəbiyyat öz oxucusunu mütləq şəkildə yetişdirir. İndi də ədəbiyyatımızın, sayı az olsa belə, yeni oxucusu var. Düşünürəm ki, indiki oxucu daha keyfiyyətli, daha fədakar və daha sədaqətlidir...

 

       Söhbətləşdi: Cahan Seyidzadə

 

 

Xəbər lenti