Biz imzaları yox, əsərləri dərc edirik...

Böyüdükcə yıxılır adam – Emil Hacıyevin şeirləri
761
27 Aprel 2018, 10:57
   Artkaspi.az Emil Hacıyevin şeirlərini təqdim edir: 
 

 
 
   Axmaq vərdiş

Dünən bir qız gördüm küçədə,
sənə çox bənzəyirdi
ağzı,
gözü
burnu
qulağı.
boyu da sən qədər idi.
1.70 olardı uzağı...

Ayaqları Nazimin misraları qədər incə,
Üzü Şopenin "ölüm marşı" qədər qəmgin.
Saçları neft qədər qara,
gömdü məni qaranlıqlara.

Qəfil yolunu dəyişib sola buruldu.
Elə o an ürəyim 
saçlarına
üzünə
ayaqlarına,
bəlkə sənə,
bəlkə də sənə bənzəyənə təzədən vuruldu.

Köhnə inqilab küçəsi ilə irəliləyirdi.
İrəlilədikcə,
kommunist ayaqları bir-birinə dəyirdi.

Bir siqaret alışdırıb düşündüm: 
bu nə işdi?
gələndə müvəqqəti,
gedəndə birdəfəlik gedirsən.
Və o an anladım ki, 
sevgi də axmaq vərdişdi – 
öləndə tərgidirsən.

Amma
xasiyyəti qaranlıq qaldı.
Bilmədim necə idi.
Sənə bənzəməzdi yəqin,
sən axı o vaxt küçəyə çıxmazdın,
gec idi, gecə idi.

İndi yanımda olsaydın,
hər şey başqa cür olardı.

Adamlar başqalaşardı.
Şair qəlbi dincələrdi yer üzündə,
Yesenin də yaşardı.

Soyuq çayı qurtumlaya-qurtumlaya 
mən şeir yazmazdım.
Balış çiyinlərində,
yorğan saçlarında
əbədi yatardım,
oyanmazdım!
 
 



  Hərdən elə olur ki…
 
Öz içinə qısılıb,
özündən sıxılır adam.
Yıxıla-yıxıla böyümür,
böyüdükcə yıxılır adam.

Havalar soyuq,
ürəklər axsaq,
dərdlərə yoxdur şərik.
Bir dəfə,
çox yox, 
elə bircə dəfə
ağlayanda güzgüyə baxsaq,
özümüzü görərik.
 
 
  Yalquzaq
 

Yenə fərqsiz atıldı
bizə "zaman” gülləsi.
Bezdirici eynilik
geyindi yer kürəsi.

Pəncərədən baxanda
hər yan işıqlıqdadır.
Hər yan işıq olsa da,
hamı qaranlıqdadır.

Öz işindədir hər kəs:
qoca qarı süpürür
küçələrin tozunu.
Bir gənc fikirli halda 
gedir küçə uzunu…

Küçənin son tinində,
sərxoş içib ağlayır.
Bu günündən əl üzüb,
sabaha bel bağlayır.

Bir kişi əl açaraq
adamlara yalvarır.
Ona pul veriləndə
pulu geri qaytarır.

İstədiyi pul deyil,
səadət axtarır o.
Bəlkə də dilənərək
səadəti tapır o.

Ümidim yox sabaha,
yaxınlaşmır uzaqlar.
Onunçün günü-gündən
çoxalır yalquzaqlar.

Elə ki, günəş batır,
qaranlıq qonaq olur.
Bu ömür çox qısadır,
yatırsan, sabah olur.

Səhər açılır artıq
gedim üzümü yuyum.
Dəyişən heç nə yoxmuş,
qoy, təzədən uyuyum…
 
 
 

 
 
  Yuxusuzluq himni
 

Gecə də bizdən inciyib, 
qaranlıqlaşır kini.
Ağcaqanad vızıldayır
"yuxusuzluq" himnini.

Gözlərim tavana baxır,
uzanmışam eləcə. 
Sanki kimsə pıçıldayır:
"darıxma çox, gələcəm".

Çoxdandır ki, xəstəhalam,
can verirəm deyəsən. 
Asqırsam ciyərim deyər:
"öz başını yeyəsən".

Gözlər birtəhər qapanıb, 
yola verir gecəni. 
Çarpayıntək dağılmışam,
gəlib yığışdır məni...
 
 
  Atılmışlar

İndi mənim şəhərim
adamsızlıqla dolub.
Çünki adam olanlar
atılıb, unudulub.

Hərdən saata baxaraq,
uzun-uzun susuram. 
Geriyə dönmək üçün, 
saniyələr qusuram.

Səhər, günorta, axşam
gur səsimi qısıram.
Gecə ay işığında
kölgəmlə danışıram.

Çox insanı sevərkən, 
arsız olurmuş adam. 
İnsanın çoxluğundan
"yalnız" olurmuş adam.

İnsan olmaq yerinə
kaş ki, allah olaydım.
Amma ki, göylərdə yox, 
ürəklərdə qalaydım.

Heç allah da tək deyil, 
yüzlərcə mələyi var.
Yalnız adamlarınsa,
yalnızca ürəyi var.

Həmin ürək dayansa, 
ona kimlər ağlayar? 
Yiyəsiz itlər ilə
soyuq tinlər ağlayar.

Günəş ayla boğuşur,
İt ulayır uzaqda. 
Kölgəm itir gözümdən, 
söz quruyur dodaqda.
 

  Səhv qatara minmişəm
 

İllərdir, yol gedirəm
ünvanıma çatmıram.
Hamıya yer verirəm,
özümə yer tapmıram.

Məcburuqmu yol gedək,
bir xəttin üzərindən?
Gün gələcək bu relslər, 
oynayacaq yerindən.
Yox, saxla bu qatarı!
Saxla, bəlkə düşən var...
Bəlkə sıxlıqdan bezən,
təkliyə öyrəşən var.

"Söykənməyin" yazılan
qapıya söykənmişəm.
Demə, elə əzəldən
səhv qatara minmişəm.
 
 
          ***
 
Qəza baş verdi.
Qatar relsdən çıxıb
azad oldu.


          ***

İntihar etmək çətin, 
amma mən cəsuram.
Hər gün özümü
vicdanımdan asıram...


          ***
 
Dağınıq adamlar yaşar, 
dağınıq otaqlarda...
 
          ***
 
Ağıllı inqilabçısan, 
içdən parçaladın məni...

Xəbər lenti