Biz imzaları yox, əsərləri dərc edirik...

Bütün güclü qadınlar bədbəxtdir – Xəyalə Sevilin yeni şeiriləri
1159
28 Mart 2017, 09:05
  artkaspi.az gənc şairə Xəyalə Sevilin şeirlərini təqdim edirik: 
 
 

 
Bu qış bir az soyuq keçdi
 
 
Bu qış bir az soyuq keçdi, bilirəm.
Yaz tələsik geyindirdi
Bu çılpaq ağacları.
– Mən də üşüyürəm, yaz...
 
Güllər, çiçəklə açır,
Xəyalım yaz kəpənəyi
Uçur, uçur, heey uçur...
 
Barışdım,
Hər şeylə daha barışdım.
Alın yazıları hörümçək toru,
Mən də öz bəxtimin toruna düşdüm.
 
İlahi, sən bilmirsən,
Ürək ki, var, yer üzündə
Eh, dəyəri heç nədi.
Bəs o göyün üzündə
Xoşbəxtlik neçəyədi?
 
 
Bütün güclü qadınlar bədbəxtdir
 

Qurduğun xəyallarından
Geriyə dönmək qədər
Çətin yol yoxdu bu dünyada.
Gözlərindən yıxılan göz yaşlarını
Yanağın da qaldıra bilmir.
Baxışların buz kəsilir.
Başını qaldırıb göyə baxırsan,
Göy üzündə sənin çarəsizliyinə
Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
Qaralır dünyan, qaralır,
Həyatın göz qapaqlarının
Arası qədər daralır...
Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
İçindəki təkliyi heç kim görmür...
 
 
 
Naxışlı əsa
 

Ayağı çoxdan sağalmışdı
Naxışlı əsasını əlinə alanda.
Sildi üstünün tozunu,
O üzünü, bu üzünü.
Əzizlədi naxışını,
Üstündəki qaşların
Parıldayan işığını.
Yatanda ayaq  ucuna qoydu,
Səhərlər oyananda
Qaldırdı baş ucuna.
Bərk-bərk sıxdı ovucuna.
Gecəsi, gündüzü oldu əsa,
Birlikdə çıxdılar yaza.
Və bir gün
Avtomobil qəzası...                                                                                       
Kəsilmiş sol ayağının
Yerində uzanan naxışlı əsası.
Başını qaldırıb baxdı Allaha,
Əsanı sevməyə
Məcbur idi daha
 
 
Soldan birinci küçə

 

Sol əlimi uzatdığım
İnsanlar yanıltdı məni.
Dərin yuxuya getmişdim,
Sağ əlim oyatdı məni.
Günəbaxan pəncərələr
Açılıb otağımda.
Mavi göy üzü oyanıb
Uyuyan yatağımda.
 
Günəş,
Bir az yaxına gəl.
Öpüm üzündən gizlicə.
Ürəyimin ünvanını itirmə:
"Soldan birinci küçə.”
 
 
Bilirsənmi?
 

Birirsənmi?
Səndən qalan günlərimin
Yox mənası, yox adı.
Allı-güllü xəyallar da
Sənsiz uçuq daxmadı.
 
İndi cavan bədəndə
Qocalmış ömür-günəm.
Alnımın yazısına
Göndərilmiş sürgünəm.
 
Səni seçibdi deyə,
Bədənimdən qovduğum
Ürəyimin üzünə də baxmıram.
...Aldadıram özümü
Guya ki darıxmıram.
 
 
Susarsan
 

Sonra
Səssizlik çökər gözlərinə.
Kirpiyindən asdığın
Yaş da quruyar,
Əllərin qoynunda yarıyar.
Gözəl-göyçək ümidlərlə
Aranı vuran tapılmaz.
Hər yerin elə ağrıyar,
Bir dənə yaran tapılmaz.
Susarsan,
Elə susarsan,
Bircə gözlərin səs edər...
İlahi, nə çox düşündün,
Mənə ölüm də bəs edər.
 
 
Qaranlığım günə çıxdı
 

Bir də gördün mən də yoxam,
Yox olmağa nə var ki.
Gözlərinin yaddaşından
Yıxılmağa nə var ki.
 
Səndən gizlənə bilmədim,
Qaranlığım günə çıxdı.
Mənim ürəyimin xəritəsində
Bütün yollar sənə çıxdı.
 
Bir piyada həsrət ilə
Yolların səbrini üzən,
Yox! Belə tələsmə mənə,
Sən onsuz da gecikmisən.
 
 
On beş
 

Bir yerdə böyümüşdük
15 yaşımızadək.
15 yaşımızdan sonra
Mən böyüdüm,
O, öldü.
Soldu üzündəki
15 yaşlı təbəssüm...
Axırıncı dəfə görəndə
Anası qırmızı don almışdı, təzə,
Geyinib gəlmişdi bizə.
Dırnağında qırmızı boyası,
Al günə çıxmışdı bəxtəvər.
Öləndə dedilər qara şal atıblar üstünə
Üzünü bağlasın deyə,
Qara şal günə çıxdı, bəxtəvər.
Basdırmağa aparanda
Əllərindəki qırmızı boyası görünürmüş,
Boyalı getdi,
Dırnağındakı bəxtəvərliyi,
Dırnağındakı alı getdi.
Bircə onu apardı özünlə gedəndə.
Uşağıydım,
Ağlaya bilmədim yoxluğuna,
Amma ürəyimdə yer elədi.
Ömrümün 15 yaşını
15 yaşlı gor elədi.
Daha görə bilmirəm onun
Vərəmdən arıqlamış sifətini.
Tuta bilmirəm
Sümüyü çıxmış barmaqlarını.
Gözlərim boş,
Əllərim boş.
Ən unutmadığınız tarix ? Deyəndə
Deyirəm 15.
 
 
İlahi
 

İlahi, adamların
Niyə belə dəyişib?
Özün yaratdığını
Tanıya bilirsənmi?
 
Gözlərimdə bulud yükü,
İlahi, bu əynimdəki
Üzü bəzək dünyamızı
Çıxarmağa gəlirsənmi?
 
Yer üzü canından bezib,
Özünü qara daş kimi
Göyə atmaq istəyir.
Ağaclar torpağın əlidi, bəlkə,
Dua kimi açılıb,
Sənə çatmaq istəyir.
 
İlahi, bir bulud baxır üzümə,
İlahi, bir yol yeriyir üstümə.
Külək dolur pəncərədən içəri,
Yağış yağır, yağış yağır.
Ölür bütün arzularım, xəyallarım
Təkcə əllərim diri.
İlahi, sənə baxır,
İlahi, məni çağır.
 
 
İyirmi iki
 

Mən sənin gedişindən
Sonra inandım taleyə.
Ayaqlarımı uşaq kimi
Çəkib yollarından
Danladım,
Qayıtdım geriyə.
Sən mənim yaddaşımda
İyirmi iki yaşda qaldın,
Böyümədin, qocalmadın.
Biz qışda ayrılmışdıq,
Elə həmin qışda qaldın.
Bu gün, yenə ad günündü,
İyirmi iki yaşın mübarək.
Bağrıma nə daşdı basdın?
Bağrımda daşın mübarək.
Hardasan eeeeh, Allah bilir,
Orda otuz iki yaşın,
Burda iyirmi ikin sevilir.
Həsrətin qocalıb sözlərimdə,
Offf!
Yenə payız dolaşır gözlərimdə.