Biz imzaları yox, əsərləri dərc edirik...

Bu səviyyəyə öz gücümlə gəlib çıxmışam – Bəhruz Məmmədovun müsahibəsi
501
29 Yanvar 2018, 09:56
  Artkaspi.az aktyor Bəhruz Məmmədovun müsahibəsini təqdim edir:
 
  "Debüt” rubrikamızın qonağı Bakı Uşaq Teatrının quruluş hissə müdiri Bəhruz Məmmədovdur.  Bəhruz 9 may 1989-cu ildə Göyçay rayonunda anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram teatr və kino aktyorluğu” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildən Bakı Uşaq Teatrında çalışır. Bu illər ərzində teatrın repertuarında yer alan tamaşalarla yanaşı bir sıra seriallarda da rol alıb. Onlardan "Həyat varsa”, "Bağışlamaq”, "Bir ovuc torpaq”, "Durnalar qayıdanda”nı göstərmək olar. 
Tələbəlik illərində AzTV-də "Mir prodakşın”ın ərsəyə gətirdiyi "Əsgəran” verilişində yumor aktyoru kimi çalışıb. 
 
 
 

 
  – Bəhruz bəy, ailənizdə sizdən başqa incəsənətlə məşğul olan varmı? 
  – Nəinki ailəmizdə, heç nəslimizdə məndən başqa incəsənətlə məşğul olan olmayıb (gülür). İncəsənətə öz istəyimlə gəlmişəm. Valideynlərimin narazı olmasına baxmayaraq, mən öz yolumu seçmişdim və onun arxasınca getdim. Anam istəyimi biləndə o qədər də etiraz etmədi, ancaq rəhmətlik atam incəsənətə gəlməyimə əvvəlcə bir az tərəddüd edirdi. Daha sonra anamın təkidi ilə o da razılaşdı. 2006-cı ilin aprelində Bakıya gəldim və burada ay yarım qabiliyyət imtahanına hazırlaşdım. Universitetə sənəd qəbulundan öncə qabiliyyət imtahanından keçmək şərt olduğu üçün bu imtahan mənim üçün çox önəmli idi. Qabiliyyət imtahanından yaxşı keçdim. İmtahanda münsif kürsüsündə mərhum sənətkarımız Yaşar Nuri, xalq artistləri Bəsti Cəfərova, Firəngiz  Mütəllimova və müəllimim Ötükəm İskəndərli əyləşmişdi. 
 
 
  – Universitet sizə nə qazandırdı? 
  – Universitet mənə yaxşı dostlar və təcrübə qazandırdı. Kurs rəhbərim Firəngiz Mütəllimova olub. Sənətin sirlərini məhz ondan öyrənmişik. Onun hazırladığı tamaşalarda rol alır, çıxışlar edirdik. Sənət dərslərimdən yaxşı qiymətlər alırdım. Məhz bu səbəbdəndir ki, universiteti qırmızı diplomla bitirmişəm. Bundan başqa, səhnə danışığı müəlliməmiz Mahirə Yaqubovadan çox şey öyrənmişik. Rayondan gəlmiş bir oğlan idim, danışığımda çox qüsurlar var idi. Məndə hər zaman "d”, "t” kimi problemlər olub. Mahirə müəllimə mükəmməl pedaqoqdur. Universitet mənə nəzəri cəhətdən çox şey öyrədib. Ancaq insan işlədikcə, öyrəndiklərini istifadə etdikcə, təkmilləşir. 
 
  – Universitetə daxil olarkən hansı xəyallar qururdunuz və o arzular reallaşdımı? 
  – Arzularım çox idi. Özümü səhnədə sevilən, tələbatlı bir aktyor kimi görürdüm. Təəssüf ki, bu gün o istəklərim yenə də arzu olaraq qalır. Mən bu səviyyəyə öz gücümlə gəlib çıxmışam. 
 
  – Nə zaman hiss etdiniz ki, məhz incəsənət üçün doğulmusunuz?
  – Məktəb illərində içimdə o potensialı hiss edirdim. Rəhmətlik ingilis dili müəlliməm Elmira xanım həmişə deyirdi ki, səndən yaxşı aktyor çıxacaq, mütləq bu sənətin arxasınca get. Şagird vaxtlarımda məktəbdə keçirilən tədbirlərdə aktiv iştirak edirdim. Səhnəciklər hazırlayırdım. Bu da müəllimlərimin nəzərindən qaçmırdı. 
 
  – Necə bir aktyor olmaq istəyirdiniz?
  – Heç zaman böyük arzular arxasınca getməmişəm. Rejissoru qane edəcək səviyyədə olmağım mənə kifayət edib. 
 
  – Bəs Bakı Uşaq Teatrına necə gəldiniz?
  – 2011-ci ildə hərbi xidmətdən qayıdandan sonra dostlarım məsləhət bildi ki, Bakı Uşaq Teatrına müraciət edim. Elə də etdim. Teatrda ilk olaraq administrator, sonra səhnə fəhləsi oldum, illər keçdi, quruluş hissə müdiri, direktor müavini vəzifəsində də çalışdım. 7 ildir ki, teatrda çalışıram. 
 

 
  – Aktyor kimi  səhnəyə çıxırsınızmı?
  – Ekstremal hallarda çıxıram. Elə məqamlar olur ki, teatrın baş rejissoru və ya İntiqam müəllimin uyğun bildiyi səhnələrdə aktyorlara qoşuluram. O da çox nadir hallarda.
 
  – Qeyd etdiniz ki, ən böyük arzunuz aktyor olmaq idi. Kənardan aktyorların oyununu izləyəndə, ürəyinizdən o səhnədə əsas rollardan birini oynaq keçmirmi?
  – Nə yalan deyim, hərdən olur. 
 
  – Misal üçün hansı tamaşalarda?
  – Bilirsiniz ki, Bakı Uşaq Teatrının repertuarı zəngindir. Bütün tamaşalarımız maraqlıdır, ancaq mənim oynamaq istədiyim tamaşa İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun” tamaşasıdır. Orada Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Rauf Hüseynli rol alır. Niyaz o tamaşada Duman rolunu canlandırır. Bu tamaşaya 100 dəfə baxsam da, hamısında ağlamışam. Niyaz çox istedadlı, peşəkar aktyorlarımızdandır. Hərdən elə bir rol oynamaq istəyirəm, sonra da tərəddüd edirəm. Uzun müddətdir ki, aktyorluqla məşğul olmuram, bəlkə paslanmışam. 
 
  – Gələcəyə doğru hədəfləriniz nələrdir?
  – 3 il bundan qabaq siz mənə bu sualı versəydiniz, başqa cavab verərdim. İndiki durum elədir ki, insanlar ailələrini, gündəlik dolanışığını təmin etmək üçün ancaq işin maddi tərəfini düşünür. İndi isə ailəmi yaxşı dolandırmaq və qızımı hər şeylə təmin etmək istəyirəm. Mənim gələcəyim onlardır. 
 
  – Sizə bir aktyor kimi bir neçə obraz təklif etsələr, özünüzü hansı obrazda görərsiniz? 
  – Dram teatrı üzrə təhsil almağıma baxmayaraq, özümü yumorda görürəm. Demirəm ki, dram obrazı canlandıra bilmərəm, əsla. Amma hər zaman özümü yumorda görmüşəm. 
 
  – Niyə məhz yumor?
  – Bəlkə də yumor hissim güclüdür, ona görə (gülürük).
 
  – Yumorda bu gün daha çox qazanc var, bu ondan qaynaqlana bilərmi? 
  – Əsla. O məqsəd ağlıma belə gəlməzdi. Ucuz yumor mənlik deyil. Heç zaman tamaşaçını söyüşlə güldürməyin tərəfdarı olmamışam. İndi yumor çox adiləşib. Komediyanın ağırlığı böyükdür. İndiki dövrdə tamaşaçını ağlatmaq asandır, nəinki güldürmək. Tamaşaçılara məntiqli gülüş təqdim etməyin tərəfdarıyam. 
 
  – Bəs kumiriniz kimdir?
  – Kumirim xalq artisti Fəxrəddin Manafovdur. Onu efirdə, səhnədə, həyatda görəndə daxilimdən başqa bir qığılcım keçir.
 
  – Yumor və Fəxrəddin Manafov?
  – Fərqindəyəm. Peşəkarlığı və ağırlığı, sanbalı ilə kumir olaraq onu görürəm. O aktyor ruhən mənə həmişə çox yaxın olub. 
 
  – Maraqlıdır, quruluş hissə müdiri teatrda hansı işləri görür?
  – Səhnəni tamaşa üçün hazırlayır. Tamaşa öncəsi səhnəni qurub rejissora təhvil verir. Quruluş hissə müdiri işləmək asan olmasa da, mən işimdən zövq alıram. Bu iş mənim üçün doğmalaşıb. Onu da qeyd edim ki, səhnə qurmağı, hazırlamağı sənətkarımız Hacıbaba Məmmədovdan öyrənmişəm. 
 
  – Olubmu ki, səhnə quranda nəyisə düz hazırlamayasınız, aktyorlar maraqlı hadisə ilə rastlaşa? 
  – Onda maraqlı olmaz, faciə olar (gülürük). Ya töhmət, ya da xəbərdarlıq alaram. İnanmıram ki, elə hadisələr bizdə gülməli qarşılana. 
 
  – Ancaq belə şən kollektivdə bu cür hadisələr də olmamış olmaz...
  – Gəlin, birini danışım sizə. Bir dəfə məktəblərin birində bayraq haqqında olan "Vətən” tamaşasını nümayiş etdirirdik. Səhnənin hündürlüyü çox alçaq idi, orda bayraq qoyulmalı idi. Səsgücləndiricilərin arxasında pərdəni bağlamışdım. Niyaz Qasımovun pantomima tamaşası var idi. Tamaşa zamanı hərəkət edəndə, pərdə qaldı ayağının altında və səsgücləndirici onun başına düşdü. Çox təhlükəli idi. Tez qaçıb səsgücləndiricini düzəltdim və biz davam etdik. 
 
  – Səsgücləndirici zədələnmədi ki?
 –(Gülürük) xeyr. Onlara bir şey olmamışdı. İşləyirdi. Niyaz mükəmməl aktyordur. İnanmıram ki, bir səsgücləndirici onun belə asan zədələyə bilsin.  
 
  Söhbətləşdi: Xəyalə Rəis