Biz imzaları yox, əsərləri dərc edirik...

Bu qoca qarını unutma! – Kamran Əliyevin hekayəsi
5116
24 Noyabr 2017, 13:52
 artkaspi.az professor Kamran Əliyevin "Riyaziyyat müəllimi" adlı hekayəsini təqdim edir:
 
 Novruz bayramı bizim məktəbə hay-küylə gələrdi. Hərənin cibindən bir nemət çıxardı: şəkərbura, qoğal, rəngbərəng kağızlara bükülmüş konfetlər. Uşaqların çantalarının böyür-başı qozla, fındıqla dolu olardı. İçinə lobya qoyulub təndirdə bişirilən kətələrdən doymaq mümkün deyildi. Uşaqlı-böyüklü hamı bir-birini təbrik edər, biri digərinə nəsə bağışlayar, adamların üzündən gülüş heç vaxt əskilməzdi. Hələ bunlar harasıdı, şagirdləri sevindirən bir də o idi ki, Novruz bayramı ilə on günlük tətil başlayardı.


 
 Məktəbimizin yuxarı siniflərində oxuyan şagirdlərə riyaziyyat dərsi deyən İsmayıl müəllim üçün Novruz bayramının tamam başqa bir özəlliyi vardı. O, tətilə çıxan kimi saçını dibdən qırxdırardı. Özü qalsın bir tərəfə, bunu yuxarı sinifdə oxuyanlardan da tələb edərdi. Doqquzuncu, onuncu sinif şagirdləri üçün bu tələb bir qədər ürəkaçan olmasa da, oğlanların əksəriyyəti riyaziyyat müəlliminin həmin tapşırığını yerinə yetirərdi. Amma üzə vurmayıb narazı olanlar da var idi. Hətta bir dəfə ən çox narazı qalan Niyazın 70-75 yaşlı nənəsi ayağını sürüyə-sürüyə məktəbə gəlib müəllimlər otağında hay-həşir salmışdı. Niyazın nənəsi Dilbər xala kənddə hökmlü arvad kimi tanınırdı və 70-75 yaşında olmasına baxmayaraq, canı sulu idi. Ağızdan bir az pərtöv olduğuna görə kişilər də ondan çəkinirdi. İndi Dilbər xalanın qəfildən məktəbə gəlməsi rayon maarif şöbə müdirinin, yaxud raykom katibinin, yaxud da yuxarıdan göndərilən komissiyanın məktəbə gəlməsindən çox qorxulu idi. Ona görə də vəziyyətdən hali olan məktəb direktoru İsmayıl müəllimi dərsdən kabinetinə çağırtdırıb hirsli-hirsli demişdi ki, indi get, Dilbər arvadın cavabını ver. İsmayıl müəllim də dinməz-söyləməz direktorun kabinetindən çıxıb başı dumanlı-dumanlı müəllimlər otağına yollanmışdı. Amma müəllimlər otağına gələnə qədər dəhlizboyu nə direktorun sözlərini, nə də Dilbər xalanın gəlişini eyninə almış və xəyalı məktəbdə oxuduğu illərə getmiş, Darçına Novruz bayramında şeir yazmağını xatırlamağa başlamışdı. İsmayıl müəllimin heç ağlına gəlməz ki, Darçın həmin şeiri indi də anasının sandığında saxlayır, amma bundan Dilbər xalanın özünün xəbəri var idi. İsmayıl müəllim müəllimlər otağına girən kimi Dilbər xalanı əzizləyə-əzizləyə, öpə-öpə demişdi: 
 – Ay Dilbər xala, sənin üzünü görək, sən xoş gəlmisən, beş gəlmisən, bayramın mübarək! Səni görüm yüz yaşayasan! 
 – Sağ ol, ay bala, – deyən Dilbər xalaya danışmağa imkan verməyən İsmayıl müəllim yenə sözünə davam eləmişdi:
 – Ay Dilbər xala, sən o qədər nəcib, təmiz, dünyagörmüş bir insansan ki, hamı səndən razıdır. Müəllim işlədiyim bu neçə ildə səndən narazı-narazı danışan bir nəfərə belə rast gəlməmişəm. Allah-taala səni bu məktəbin üstündən əskik eləməsin.
Bu sözlərdən sonra Dilbər xala bir az da kövrəlmiş, lap yaxına gələrək İsmayıl müəllimin boynunu qucaqlayıb o üzündən, bu üzündən öpmüş, ağlamsına-ağlamsına demişdi:
 – Ay İsmayıl, başına dönüm, qurbanın olum, mən səni nə vaxtdır görmürəm, barı bir bizim tərəflərə də gəl, bir stəkan çayımızı iç, bir loxma çörəyimizi ye, bu qoca qarıdan hal-əhval tut, axı, ölüm-itim dünyasıdır!
 İsmayıl müəllim bu sözləri eşitdikcə xəyalında Darçın canlanırdı. Dilbər xalanın gözləri eynən Darçının gözləri idi. Dilbər xalanın sağ gözünün yanında balaca qara xal da Darçının xalı idi. Onlar gözlərini bir-birindən çəkmədikcə,  tamarzı adamlar kimi bir-birini seyr etdikcə Darçın da İsmayıl müəllimin xəyalından çıxıb getmirdi. Dilbər xalanın xəyalında və gözündə İsmayıl müəllimdən başqa heç kim yox idi. Darçın da yalnız bircə anlıq Dilbər xalanın yaddaşına gəldi və güman elədi ki, evə qayıdanda Darçın anasından İsmayıl müəllimi soruşacaq.
 Yenə İsmayıl müəllimlə Dilbər xala bir-birlərinə ürəklərindən gələn ən xoş sözləri deyir, dedikləri sözlərin çoxusu isə bəzən eşidilmirdi. Bu istiliyin səbəbi nə Novruz bayramı, nə də onların xeyli vaxt görüşməmələri idi. Bu istiliyin əsas səbəbini məktəbdə dərs deyən müəllimlərin əksəriyyəti yaxşı bilirdi: vaxtilə İsmayıl müəllim özü ilə bir sinifdə oxuyan Dilbər xalanın qızı Darçını istəmişdi və bu qızı da Dilbər xala ona yox, qohumlarından birinə ərə vermişdi. Darçın da könülsüz-könülsüz olsa da, anasının sözünə əməl eləmişdi. Bax, riyaziyyat müəllimindən narazı qalan Niyaz da Dilbər xalanın Darçından olan nəvəsi idi. 
   İsmayıl müəllim Dilbər xala ilə üz-üzə oturmuşdu. Gözlənilmədən söhbətlərində fasilə yarandı, heç biri dinib danışmadı. Handan-hana Dilbər xala dilləndi:
 – Ay İsmayıl, sənin dərs verib adam elədiyin o riyaziyyat müəllimi kimdi ki, bu uşaqların başına olmazın oyununu açır. Özündən əmr verir ki, gedib saçınızı qırxdırmalısınız. Əmr verən az idi, biri də bu yandan çıxdı. Balam, onu yaxşı-yaxşı qandırın ki, gedib öz işləri ilə məşğul olsun. Yoxsa, riyaziyyat hara, baş qırxdırmaq hara?
 – Nə olub ki, a Dilbər xala?! – bu sualı İsmayıl müəllim verdi.
Dilbər xala ərk eləyirmiş kimi səsini bir az da qaldırdı:
 – Məktəbdə ola-ola eşitməmisən? Sənin adam eləyib adamlar içinə çıxardığın o cavan riyaziyyat müəllimi uşaqlara deyir ki, gedin saçınızı ülgüclə qırxdırın! A balam, bu uşaqlar cavandırlar, beyinləri qandır, hərəsinin bir istəyi, bir arzusu var. Gördün biri qanmayıb sənin üzünə qayıtdı, səni bihörmət elədi. Sonra gəl bunun altından çıx görək, necə çıxırsan?
 – Bihörmət eləməzlər, bizim məktəbin uşaqları ağıllı uşaqlardır, ata-ana qədrini biləndirlər, müəllim sözünə baxandırlar, – bunları İsmayıl müəllim dedi və sonra əlavə etdi, – yaz gəlir, havalar istiləşir, saç qırxdırmaq da bir təmizlikdir, burada elə bir qəbahət yoxdur. 


 
 Dilbər xala gör-götür dünyasının adamı idi və İsmayıl müəllimin qırımını hiss edib bir azca yumşaldı:  
 – Olar, eey, ay İsmayıl, olar! Axı ucdantutma hamının saçını qırxdırmaq da düz deyil. 
İsmayıl müəllim Dilbər xalanın sakitləşdiyini hiss edib yavaşca dedi: 
 – Yaxşı, Dilbər xala, sən deyən olsun, bundan sonra tapşıraram ki, kim saçını könüllü olaraq qırxdırmaq istəyirsə, o qırxdırsın. 
 – Yox, ay bala, sən niyə öz üzərinə götürürsən, o cavan müəllim kimdirsə, ona tapşır, lap çağır gəlsin, mən də bir-iki kəlmə ilə onu yuyub sərim, görsün analar necə oğul doğub!
 – Ay Dilbər xala, o cavan elə mən özüməm!
– Başına dönüm, İsmayıl, mən heç bilməmişəm ki, o sözləri sən deyibsən, bilsəydim, heç buraya ayaq basmazdım. O şümür oğlu, şümürü görürsən, adamı heç düz-əməlli başa da sala bilmir! Yazıq Darçını da boğaza yığıb. Dədəsi də ki korafəhimin biridi. 
 Dilbər xala bu axırıncı sözləri Niyaz haqqında deyirdi. Bundan sonra ağır-ağır yerindən qalxdı, İsmayıl müəllim də onu məktəbin həyətindən evlərinə yola saldı. Ayrılanda Dilbər xala İsmayıl müəllimə bir də dedi ki, hərdən bizim tərəflərə də baş çək, bu qoca qarını unutma!
 İsmayıl müəllim xəyalında Darçın sinfə qayıtdı. Sinifdə oxuyan Səyyad, Məhəmməd və Ziyanı İsmayıl müəllim gözünün işığı hesab edirdi, hətta onların gələcəkdə yaxşı riyaziyyat müəllimi olacağından ağızdolusu danışırdı. Bəzən elə olurdu ki, yuxarıdakı sinifdə oxuyan şagirdlər bir məsələni, misalı həll eləyə bilməyəndə İsmayıl müəllim bu uşaqlardan birini həmin sinfə çağırtdırardı. Gələn uşaq da məsələni, yaxud misalı gözüyumulu həll edəndən sonra İsmayıl müəllimin səsi bütün sinfi bürüyərdi. Sinifdəki uşaqları o ki var danlayıb deyərdi ki, atanızın verdiyi çörək haramınız olsun,  burnunuzdan gəlsin. Uşaqların da heç birinin cınqırı çıxmazdı. 
 Səyyad, Məhəmməd və Ziyanın riyaziyyatı yaxşı öyrənməklərinə söz ola bilməzdi. Gecəni gündüzə qatıb oxuyardılar. Müəllim evə 4-5 misal verəndə onlar kitabdakı 30-35 misalın hamısını həll edərdilər. 
 Günlərin bir günü aydın oldu ki, ev tapşırığına aid məsələlərdən biri çox çətin olub. Dərsdən əvvəl hamı bir-birindən soruşdu ki, həmin məsələnin cavabını tapan var, ya yox? Sualın müqabilində heç kəsdən səs çıxmadı. Riyaziyyat dərsi başlayanda İsmayıl müəllim asta addımlarla sinfə daxil olub salam verdi. Jurnalı stolun üstünə qoyub kimin gəlib-gəlmədiyini yoxlamadan üzünü uşaqlara tutub birbaşa soruşdu:
 – Bütün məsələləri həll etmisiniz?
Bu sualdan adama elə gəlirdi ki, müəllim evə tapşırılmış bir məsələnin çətinliyini bilir və onu kiminsə həll edəcəyinə inanmır. Hər halda uşaqlar belə bir sualı ilk dəfə eşidirdilər. Yerdən xorla cavab gəldi:
 –Yox, müəllim!
 Bu "yox” sözünü zəif oxuyan, xüsusən də riyaziyyatdan zorla "üç” alan uşaqlar daha ürəklə dedilər.
İsmayıl müəllim əvvəlcə Səyyada üz tutdu:
 – Niyə eləyə bilməmisən?
 Səyyad da ayağa qalxıb tez cavab verdi:
 – Müəllim, o cür məsələ ilə birinci dəfədir rastlaşıram.
 – Yaxşı, aydındır, əyləş!
 Müəllim sonra üzünü Səyyadla yanaşı oturan Ziyaya tutdu:
 – Bəs sən niyə eləməmisən?
 Ziya da ayağa qalxıb cavab verdi:
 – Çətindi, müəllim, çox çətindi!
 – Baş sındırdın, yoxsa elə-belə deyirsən?
 – Yox, müəllim, nə qədər çalışdım, cavabı tapa bilmədim. Bax, bu da qaralama dəftərim.
 Ziya stolun üstündəki dəftərlərdən birini qaldırıb müəllimə göstərdi. Müəllim ona əhəmiyyət vermədi. Sonra qapıya tərəf gəlib qabaq partada oturan Məhəmmədlə üz-üzə dayandı:
 – Bəs sən?
 Məhəmməd ayağa qalxıb şəstlə cavab verdi:
 – Müəllim, mən eləmişəm!
 Bütün sinfi təəccüb götürdü. Müəllimin qaşları çatıldı və asta səslə soruşdu:
 – Sən həll etmisən?
 – Bəli!
 – Yazı taxtasında həll edə bilərsənmi?
 – Bəli! 
 Müəllim şəhadət barmağı ilə yazı taxtasını göstərdi. Yəni demək istəyirdi ki, buyur, elə, baxaq. Məhəmməd də riyaziyyat kitabını götürüb yazı taxtasının qarşısına çıxdı. Əvvəlcə məsələni oxudu, sonra isə tabaşirlə yazı taxtasında həll etməyə başladı. O, məsələni danışa-danışa həll edirdi. Başqa uşaqlar da bu vərdişə yiyələnmişdilər. Əslində bütün şagirdlər bunu İsmayıl müəllimdən öyrənmişdilər. İsmayıl müəllim isə uşaqların danışa-danışa misal, məsələ həll etməyinə qətiyyən etiraz etmirdi, çünki özünün xoşuna gəlirdi.
 Məhəmməd məsələni həll edib qurtarandan sonra İsmayıl müəllimin səsi eşidildi:
 – Afərin, keç, əyləş! 
 Sonra da uşaqlara üzünü tutub əlavə etdi: 
 – Dəftərlərinizi açıb hamınız köçürün!
 İsmayıl müəllim keçib öz yerində oturdu. Jurnalda nəsə yazmağa başladı. Onun xəyalına Xanlar gəldi. Xanlar İsmayıl müəllimin şagird yoldaşı olmuşdu, İsmayıl müəllim başqa kənddə yaşasa da, onlar elə bu məktəbdə bir sinifdə oxumuşdular. Xanlar da riyaziyyatı çox gözəl bilirdi və ali təhsil alıb riyaziyyat müəllimi olmuşdu. Amma kəndə qayıtmayıb, Əli Bayramlıya getmişdi. Əslində? Xanlar İsmayıl müəllimin yadına ona görə düşmüşdü ki, o, Məhəmmədin dayısı idi. 
 Uşaqlar səssiz-səmirsiz yazı taxtasında yazılanları köçürürdülər. Arxada oturan bəzi uşaqlar yazı taxtasındakıları aydın görə bilmədikləri üçün hərdən ayağa qalxır, diqqətlə baxır, sonra yazmağa davam edirdilər. Başa düşülməyəni yanındakı şagird yoldaşından soruşanlar da olurdu. Elə bu vaxt bir yumurta partaların arası ilə dığırlana-dığırlana gəlib düz yazı taxtasının asıldığı divara dirəndi. Qıpqırmızı yumurta idi. Hamının diqqəti yazı taxtasından ayrılıb yumurtaya dikilmişdi. İsmayıl müəllim də oturduğu yerdəcə başını yavaşca sol tərəfə döndərib yumurtaya baxmağa başladı. Yumurta İsmayıl müəllimin gözünə birtəhər görünürdü. Elə bil heç indiyə qədər boyanmış yumurta görməmişdi. Yadına vaxtilə yazdığı şeirin əvəzində Darçının ona verdiyi qırmızı yumurta düşdü.
 İsmayıl müəllim gözündən eynəyini yavaşca çıxarıb yenə diqqətlə baxmağa başladı. Bu dəfə adama elə gəlirdi ki, İsmayıl müəllim onun yumurta olduğuna inanmırdı. İnanmamağının başlıca səbəbi bu idi ki, İsmayıl müəllimin dərsində belə hadisələr ola bilməzdi. Adətən,  bu cür əhvalatlar Habil müəllimin dərsində baş verərdi. O Habil müəllimin ki, dərs keçməklə arası olmazdı və həmişə İsmayıl müəllimə deyərdi ki, bu uşaqlara riyaziyyatı az öyrət, axırda hamısı gəlib riyaziyyat müəllimi olacaq və dərslərini əlindən alacaqlar, sən də küçələrə düşəcəksən. Sonra da gülə-gülə əlavə edərdi ki, axırda suyu süzülə-süzülə kəndinizə çıxıb gedəcəksən. 
 İndi bunlar dursun bir tərəfə, hamı vəziyyətin kəskinləşdiyini əməlli-başlı hiss edirdi. Bəzi uşaqlar fikirləşirdi ki, hətta məktəb direktoru da sinfə gələ bilər. Məktəb direktoru sinfə gəlsə, deməli, valideynlər də məktəbə çağırılacaqlar. Bəziləri də İsmayıl müəllimin qəzəbini gözləri qarşısına gətirirdilər. İndi bir azdan İsmayıl müəllim ayağa qalxacaq, yumurtanı kimin dığırlatdığını soruşacaq, cavab almasa, uşaqlara itin sözünü deyəcəkdi. Hamı bilirdi ki, əlinə bir çubuq götürüb onları döymək itin sözündən min dəfə yaxşı idi. 
 Elə belə də oldu. İsmayıl müəllim yavaşca ayağa qalxıb düz yumurtanın yanına gəldi. Ayağının ucu ilə yumurtaya toxunub, onun, doğrudan, yumurta olub-olmamasına inanmaq istədi. İnandı, həqiqətən, yumurta idi.
Sonra üzünü uşaqlara tərəf çevirdi və uşaqların qarşısında gəzməyə başladı. İsmayıl müəllim gəzişdikcə özü də bilmədən şagirdlərin yazı taxtasında yazılanları köçürmələrinə mane olurdu. Bir az da vaxt keçəndən sonra yenə gəlib yumurtanın yanında dayandı və çox təmkinli səslə dedi:
  – Yumurtanı kim atıbsa, gəlib götürsün! 
"Ay-hay! Onu atan gəlib götürərdimi? Əgər götürəcəkdisə, niyə atırdı?” Bunları müəllim ürəyində fikirləşirdi, amma eyni zamanda düşünürdü ki, Novruz bayramı ərəfəsində Dilbər xalanın xatasından qurtardığı kimi, bu xatadan da birtəhər qurtarsa yaxşı olar. Ona görə də məsələni asanlıqla həll etmək istəyirdi. Amma xəyalına o da gəlirdi ki, bu məsələ Məhəmmədin elədiyi məsələdən çox çətin olacaq. Hər halda bir də sınaqdan keçirmək istədi. Bu dəfə yumurtanı yerdən götürüb uşaqlara müraciət elədi:
 – Yumurtanı kim atıbsa, boynuna alsın, bununla da bu işi bitmiş hesab edək!
Lap arxada oturan Nəbi azca qımıldanaraq ürəyində düşünürdü: "Sən dedin, biz də inandıq. Bunun sonrası məktəb direktorunun yanına getməkdir. Hələ valideynin də məktəbə çağırılması olacaq”.
 Nəbi düz fikirləşirdi. Cınqırını çıxaran olmadı. Hadisələrin haraya gedəcəyini heç kəs bilmirdi. Qəfildən arxa partada oturan Elxan ayağa qalxıb ucadan dedi:
 – Müəllim, yumurtanı Samirə  atıb!
Hamı sus-pus oldu. Müəllim inandı, çünki bir dəfə dərsdə Samirənin Məhəmmədə bükülü bir kağız göndərdiyini öz gözləri ilə görmüşdü. Onu xatırlayan İsmayıl müəllim heç bir söz deməyib yerində oturdu.
Zəng vurulanda İsmayıl müəllim bir əlində jurnal, bir əlində isə qırmızı yumurta sinifdən çıxdı. O, dərs deyib evdə hazırlaşdırdığı və indi də məktəbdə riyaziyyat müəllimi işləyən Şəmsəddin müəllimlə rastlaşdı. Mehriban bir səslə ondan soruşdu:
 – Dərslərin yaxşı gedirmi?
 O da cavab verdi: 
 –Yaxşıdır, qaydasına düşür. Sağ olun, İsmayıl müəllim, siz olmasaydınız, biz hardan müəllim ola bilərdik. Tükəz də sizdən çox razıdır, həmişə deyir ki, məni İsmayıl müəllim riyaziyyat müəllimi eylədi. 
 – Bəs o biri uşaqlardan nə xəbər?
 – Ariflə Zöhrə institutu bu il qurtarırlar, həm də nişanlanıblar. Məktəbimizə işə düzələn kimi toy edəcəklər, yəqin sizi də toya çağıracaqlar.
 Payızda Ariflə Zöhrənin toyu oldu. İsmayıl müəllimi toyda görmədim. Bilmədim ki, onu toya çağırıblar, ya yox. Amma kəndimizdən olan müəllimlərə riyaziyyatdan dərs saatı çatmadığına görə İsmayıl müəllim elə sentyabrın əvvəlindən məktəbdən çıxıb öz kəndlərinə getmişdi.