Biz imzaları yox, əsərləri dərc edirik...

Xərçəngə necə qalib gəldim? – Ülviyyə Həsənqızının müsahibəsi
1264
16 May 2019, 12:45
 Artkaspi.az saytı Ülviyyə Həsənqızının müsahibəsini təqdim edir:
 
 Xərçəng... Bu xəstəliyin adını çəkmək belə dəhşətli səslənir. Bu xəstəlik kimləri almadı bizdən? Ancaq bu xəstəliyə qalib gələnlər də var. Müsahibimiz, həmkarımız Ülviyyə Həsənqızı kimi. Necə qalib gəldiyini isə özündən eşidəcəyik. 

  Əvvəllər "xərçəng” sözünün özü mənim üçün ölüm hökmü kimi səslənirdi. Ağlımın ucundan belə keçməzdi ki, bir gün bu xəstəlik mənim də qapımı döyəcək. İnsan düşünür ki, bu kimi hadisələr ancaq başqalarının başına gələ bilər. Yatsam, yuxuma da gəlməzdi ki, xərçəng ola bilərəm. 
  
 
 

  Bəs Ülviyyənin hekayəsi hardan və necə başladı?
 – Mənim nə həyatda, nə də sənətdə bəxtim gətirmədi. Hər halda, özüm belə hesab edirəm. Jurnalistikaya 1998-ci ildən gəlmişəm. Uşaqlıqdan teatrı, kinonu çox sevirdim. Kiçik yaşlarımda dövrümün aktyorlarını  tanıyırdım. Teletamaşalara baxır, hər bir nüansı əzbər bilirdim. Hətta teletamaşalar bitəndən sonra sonda gedən titrləri oxuyurdum və tamaşanın rejissorunu, musiqi tərtibatçısını, hətta rejissor assistentinin adını da bilirdim. Mənim uşaqlığımda "Komediyalar aləminə səyahət”, "Hekayə axşamı”, "Səhnələşdirilmiş hekayələr” və s. bu qəbildən olan proqramlar var idi.  Bir sözlə, teatra, kinoya aid nə veriliş olsa, maraqla tamaşa edirdim.  Təhsil aldığım orta məktəb "Sovetski”də idi. Akademik Milli Dram Teatrı məktəbimizin yaxınlığında yerləşirdi. Dərsdən çıxanda enişlə aşağı düşürdük, bu yol düz Akademik Milli Dram Teatrının arxa qapısına çıxırdı. Bəzən gəlib teatrın  arxa qapısının yanında saatlarla otururdum ki, oradan hansısa məşhur aktyor çıxacaq və mən onu görə biləcəyəm. Bu teatr mənim uşaqlıq sevgim idi. O teatrın bütün aktyorlarını çox istəyirdim. Həmin  zamanlar teatrın qapısından çıxan bir çox tanınmış aktyorları görürdüm. Çox utancaq idim, sevdiyim sənətkarları görəndə onlara yaxınlaşıb avtoqraf almağa cürət etmirdim. Sadəcə, kənarda oturub onları həsrətlə izləyirdim.  Deyirdim ki, görəsən, bir gün bu teatrın qapısından içəri keçmək mənə də qismət olacaqmı?
 
 
 


  Və siz istiqamətinizi seçdiniz, teatr yazarı oldunuz.
 – Bəli, jurnalistikaya marağım, teatra olan böyük sevgimdən yarandı. Həmin ərəfələrdə rəhmətlik Həsənağa Turabovla tanış oldum. Belə böyük sənətkarın azacıq diqqətində olmaq məni sevindirmişdi. O dövrlərdə kiçik xəbərlər, yazılar yazmağa başlamışdım. Teatr Xadimlər İttifaqına gedib-gəlirdim. O zaman teatrlara bu qədər jurnalist axını yox idi və teatrdan yazan mədəniyyət yazarlarımız az idi. Teatra olan sevgimi görən Həsənağa Turabov,  mənə Akademik Milli Dram Teatrına buraxılış vəsiqəsi təqdim etdi. O illər həmin vəsiqədən iki nəfərdə var idi. Beləliklə, sevimli teatrıma istədiyim vaxt gedirdim. Bütün tamaşaları seyr edirdim. 1999-cu ildə qısa müddət Musiqili Teatrda  reklam üzrə redaktor, indiki təbirlə desək, mətbuat katibi kimi çalışdım. Teatrda çalışdığım illərdə bu qədər media orqanı  fəaliyyət göstərmirdi. 2001-ci ildə ANS-ə gəldim. "Səhər xəbərçisi” verilişində 10 dəqiqəlik mədəniyyət bloku hazırlayırdıq. ANS-dən sonra 12-13 il jurnalistikadan uzaqlaşdım və bu illər ərzində çox böyük stress yaşadım. Sanki mənim bəxtimə yazılıb, rahat olmaq, xoşbəxt yaşamaq mənə qismət olmayıb. Uzun müddət bir müəssisədə çalışa bilmirdim. Daha doğrusu, imkan vermirdilər. Hər dəfə kimsə, nəsə tapılırdı və əziyyətlə qurub, yaratdığım iş yarımçıq qalırdı.  Bu yaşıma qədər çox haqsızlıqlarla üzləşmişəm. Xaraktercə çılğın, emosional adamam. Ətrafımda yaşanan hadisələrə biganə qala bilmirəm. Belə xasiyyətlə yaşamaq çox çətindir. Ona görə də, başım bəladan əskik olmur. 
 
  Sənətə dönüş necə başladı?
 – 2013-cü ildə İslam Həsənovun köməkliyi ilə  o zamanlar fəaliyyət göstərən "Yurd” internet  televiziyasında işə düzəldim. Yenidən sevimli peşəmə qovuşdum. Həmin televiziya bağlanandan sonra "Report” İnformasiya Agentliyində və "PrimeTime” xəbər saytında çalışdım.  Amma uğursuzluq məni qarabaqara izləyirdi. Sözün düzü, həyatım boyu 10-15 il bir müəssisədə çalışan adamlara həsəd aparmışam. Mənə uzun zaman bir yerdə çalışmaq qismət olmayıb. 

 
 

  Xərçəng xəstəliyinə tutulduğunuzu necə bildiniz?
 – 2017-ci ilin avqust ayında hiss edirdim ki, günü-gündən şişirəm. Qarın nahiyəmdə ağırlıq var idi. Bir az yol qət edəndə yorulurdum, aşırı tərləyirdim. Problemin ciddi olduğunu düşünmürdüm. Sən demə, bədənimə maye yığılırmış. Qarın nahiyəm gündən-günə şişməyə başlayırdı. Pəhriz saxlayır, hərəkət edirdim ki, bəlkə arıqlayım. Həkimə getmək barədə düşünürdüm, amma hər dəfə sonraya saxlayırdım.  
 
 

 – O ərəfələr mərhum sənətkarımız Fuad Poladovun xərçəng xəstəliyinə tutulması xəbərinin sizdə böyük sarsıntı yaşatdığını deyirdiniz.
 – Fuad müəllimin teatrdan gedişi və iki aydan sonra  səsinin tutulması mənə çox pis təsir etmişdi. Növbəti böyük sarsıntını 2017-ci ilin iyul ayının axırında aldım. Adətən Fuad müəllimə iki-üç gündən bir zəng edirdim. Bu dəfə zəng edəndə İsraildə olduğunu və qayıdanda özünün mənə zəng edəcəyini dedi. Bu söhbətin üzərindən bir müddət keçdi. Çox nigaran qalmışdım. Fuad müəllimə zəng etməyə cürət etmirdim. Elə bil ürəyimə nəsə dammışdı.  Ortaq dostlarımıza yazdım, heç kim dəqiq bir söz demirdi. Nəhayət,  Hikmət Rəhimova yazdım. Hikmət bir az fasilədən sonra qısaca yazdı ki, "Fuad müəllim gəlib, o qədər də yaxşı deyil. Mən heç nə bilmirəm, gəl dua edək, sən də dua et”. Bu mesajdan sonra bildim ki, ciddi nəsə var. Sən demə, onların hamısı məsələdən xəbərdar imiş. Eşidəndə ki, Fuad müəllim onkoloji xəstəxanadadır, donub qaldım. "Milli Onkologiya” sözü mənə kabus kimi gəlirdi. Haradan biləydim ki, 1-2 aydan sonra Milli Onkologiya Mərkəzinin dəhlizlərində ağlaya-ağlaya dolaşacağam. Bir müddətdən sonra nəhayət, Fuad müəllimlə danışdım və telefonda özümü saxlaya bilməyib ağladım. Daxilində o boyda xəstəlik gəzdirən adam mənə toxtaqlıq verməyə başladı. "Allah kərimdir, hər şey yaxşı olar, darıxma” dedi.  Artıq sentyabr ayında özümü tamamilə pis hiss etməyə başladım, gəzə bilmirdim. Bir gün yuxudan oyandım və gördüm ki, qalxa bilmirəm. Anamı çağırdım, anam da yaşlı qadındır, güclə məni ayağa qaldırdı. Açığı, imkanım da yox idi həkimə getməyə. Öz evim deyildi, hər ay kirayə pulu verməli idim, işləmirdim. Ağrılar o qədər güclənmişdi ki, borc tapıb çətinliklə də olsa Mərkəzi Neftçilər Xəstəxanasına getdim. İlk dəfə mənə  diaqnoz səhv qoyuldu. Düzdür, maye yığıldığını dedilər, ancaq əsas problemin qaraciyərdən qaynaqlandığını vurğuladılar. Müraciət etdiyim ilk həkim məni onkologiyaya yönəltsəydi, daha düzgün olardı. Amma heç kim bunun bədxassəli şiş olduğunu demirdi. Vəziyyətim çox pis olduğuna görə, 10 gündən çox Fuad müəllimə zəng edə bilmədim. Özü xəstə olan Fuad müəllim, ona zəng etmədiyimi görüb, mənim üçün narahat olmuşdu. Həyat yoldaşı Gülüstan xanım mənə zəng edib, vəziyyətimi Fuad müəllimə demişdi. Özü xərçəng xəstəliyi ilə çarpışan Fuad Poladov Münəvvər Əliyevaya zəng edərək deyib: "Ülviyyəyə belə bir diaqnoz qoyulub, özüm evdən çıxa bilmirəm, yoxsa onu güclə həkimə aparardım. Onun həkimə getməyə imkanı yoxdur. Ülviyyəni sən həkimə apar”. Həmin ərəfədə  "Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva və bacısı məni həkimə aparmışdılar. Kukla Teatrının direktoru Rəşad Əhmədzadə və Səidə xanım xəstəliyimin ilk günlərindən mənim yanımda oldular. Sadəcə qəbuluna getdiyim həkimlərin heç biri mənə demirdi ki, bu, şişdir, Onkologiya Mərkəzinə müraciət et. İki ay başqa xəstəxanalarda əziyyət çəkdim. Günlər keçdikcə şiş böyüyürdü, tərpənə bilmirdim. 
 
 

  Bəs sizə bu xəstəlik necə deyildi?
 – Sonuncu dəfə Münəvvər xanımla Ege Hospitalda Gülnarə xanımın yanında olduq. Gülnarə həkim, Münəvvər Əliyevaya deyib ki,  vəziyyət ağırdır. Zaman onun əleyhinə işləyir və məni təcili Onkologiya Mərkəzinə aparmaq lazımdır. İndi mən bunları çox rahat danışıram. Elə bil özümdən yox, başqası haqqında deyirəm. 2017-ci il noyabrın əvvəlində Milli Onkologiya Mərkəzinə gəldik və ağrılı, ümidsiz günlər başlandı. İlk diaqnoz ölüm hökmü kimi səslənir. Allahla üz-üzə qalıb, səhərə qədər ağlayırdım. Düşünürdüm ki, daha bitdi, sonumdur... Allah böyükdür, onun mərhəməti də sonsuzdur. Həmin vaxtda dostlarım mənə arxa durdular. Afaq Bəşirqızı və ailəsi mənə kömək oldular. Fuad müəllim isə  hər an mənimlə maraqlanırdı. 

 
  Fuad Poladov eşidəndə ki, siz də xərçəng xəstəsisiniz, reaksiyası necə oldu?
 – Çox pis olmuşdu.  Mənə ürək-dirək verirdi. "İnamını itirmə, həyata möhkəm sarıl” deyirdi. Deyirdim ki, təki mənə nəsə olsun, ancaq siz yaşayın. Onun vəziyyəti daha ağır idi. Fuad müəllim deyirdi ki, mən ömrümü yaşamışam, sən özünlə məşğul ol.

  Və beləliklə, media orqanlarının və teatrların sizə dəstək kampaniyası başladı.
 – Xəstəxanada olanda sosial şəbəkədə nələrin baş verdiyini anlaya bilmirdim. Dostlarım mənim üçün xeyriyyə aksiyasına başladılar. Bilirəm ki, hər kəsi əziyyətə saldım. Çox utandım, ancaq doğrudan da mənim heç kimim yox idi. Allaha şükür edirdim ki, belə dostlarım var, belə insanlar var ki, köməklik edirlər. Kimlərinsə yazığı gəlirdi, kimlərsə düşünürdü ki, öləcəyəm. Hətta özüm də öləcəyimi düşünürdüm. İnanmırdım ki, yaşayaram. Sonra bir ay xəstəxanada qaldım, əməliyyat olundum. Yaxşı həkimlərin əlinə düşdüm. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə, baş həkim Azad Kərimliyə, Onkoginekologiya şöbəsinin rəhbəri Şəmistan Alıyevə, Günay Məmmədbəyliyə, cərrahiyyə və kimyaterapiya şöbəsinin bütün həkim və tibbi personalına minnətdaram. 
 
 
 


  Həkimlər sizə nə dedilər?
 – Məni bu vaxta qədər ailə qurub, övlad sahibi olmadığıma görə qınadılar. Həyatda hər şeyi vaxtında etmək lazımdır.

 – Umduğunuz insanlardan dəstək gəldimi?
 – Əlbəttə, elə insanlar var idi, düşünürdüm ki, birinci onlar mənim harayıma gələrlər. Ancaq elə olmadı. Onları sonradan heç yaddaşımda saxlamadım, çünki mənə lazım olan insanlar mənim yanımda idi. 

  Daha çox kimlərin dəstəyini gördünüz?
 – Mənə o qədər adamlar kömək olub ki, adlarını sadalamaqla bitirə bilmərəm. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm və hər zaman da minnətdar olacağam. Xəstəliyim başlayan andan yanımda olan Fuad Poladov və ailəsi, Rəşad Əhmədzadə, Səidə Haqverdiyeva, Afaq Bəşirqızı və ailəsi, Cahangir Novruzov, Münəvvər Əliyeva, Hikmət Rəhimov, İntiqam Soltan, Könül Vəlibəyli və adlarını qeyd etmədiyim bir çox dostlarım, həmkarlarım.  Bu gözəl insanların arasında çox hörmətli Qənirə Paşayevanı deməsəm, günah olar.   Qənirə xanım iki dəfə xəstəxanaya gəlmişdi.  İnsanda olan böyük ürəyə baxın. İki dəfə gəlməyə də bilərdi. Amma gəldi və mənim vəziyyətimlə maraqlandı. Həkimlərimlə tanış oldu, mənə, arxasız olmadığımı nümayiş etdirdi.  Hər dəfə gələndə mənə maddi və mənəvi dəstəyini əsirgəmədi. Qənirə Paşayeva, Bəhram Əsədov və İmamverdi Cəfərova xüsusilə minnətdaram. Və  Cahangir Novruzova. Cahangir müəllim hər an mənimlə maraqlanıb, bir gün məni diqqətdən kənarda qoymayıb. Kimyaterapiyalar zamanı Türkiyədən dərmanlarımı alıb göndərib. Bunları necə unutmaq olar? Kimlərin adını qeyd etmədimsə, məndən inciməsinlər. Hamısını çox sevirəm, hamıya çox minnətdaram. Bir ay xəstəxanada qaldığım müddətdə hər gün yanıma o qədər adamlar gəlirdi ki, özüm utanırdım. Bəzi insanları şəxsən tanımırdım. Hamı mənə dayaq oldu, arxa oldu. Qan qohumlarımdan görmədiyim yaxşılıqları, dostlarım etdi. Dost, dar gündə tanınır. Mən, çətin günümdə əsl dostlarımı tanıdım. 
 
 
 


  İndi vəziyyətiniz necədir?
 – Çox şükür, il yarımlıq çətin, məşəqqətli günlər arxada qaldı. Kimyaterapiyaları ağır keçirdim. O günlərim getsin və gəlməsin. 3 aydan bir müayinəyə gedirəm. Hələlik, qorxulu bir şey yoxdur. Allah eləsin ki, heç olmasın. Həkimlər deyir ki, çalış müsbətə köklən, stressdən uşaq ol, yaxşı düşün ki, hər şey yaxşı olsun... Hərdən qorxuram, içimdə qorxular var...

  İndiki Ülviyyə ilə əvvəlki Ülviyyə arasında nə kimi fərqlər var?
 – Çox. Hər şeyi xırdalığına kimi açmaq istəmirəm. Bu, mənim ikinci həyatımdır. Ad günüm iyuldadır, əməliyyat olunduğum gün dekabrın 20-si idi. Ad günümü bundan belə 20 dekabrda qeyd edəcəyəm. Əməliyyatım çox ağır idi. O əməliyyata girib, çıxmaya da bilərdim. Demək ki, vaxtım, vədəm tamam deyilmiş. Mən qədərə, qismətə inanan adamam. Əvvəlki Ülviyyənin gələcəyə ümidi, inamı  vardı. Demirəm ki, indi ümidsizəm, hər dəqiqə Allahıma şükür edirəm. Müəyyən məsələlər var ki, onlar mənim həyatımda daha olmayacaq. Ən böyük arzuma daha çatmayacağam. İçimdə böyüyən bu nisgil məni tam başqa insana çevirib. Hazırda qarşınızda gördüyünüz tamam başqa Ülviyyədir.

 Söhbətləşdi: Xəyalə Rəis