Biz imzaları yox, əsərləri dərc edirik...

Bu mahnı böyük tamaşaçı sevgisi qazanacaq – Gövhər Həsənzadənin müsahibəsi
1046
24 İyul 2018, 12:44

  Yayın isti günlərində, şou aləmində durğunluğun yaşandığı bir dönəmdə sosial şəbəkələrdə Azərbaycanlı ifaçı  Ayla Rainin  müasir avadanlıqlarla çəkilmiş klipini izlədik. Türkiyənin tanınmış şirkəti ilə əməkdaşlığa başlayan Ayla bir zamanlar müğənni Elladan eşitdiyimiz "Deyə-deyə” mahnısına ikinci dəfə fərqli anafemanda ifa edib. 
 
  Musiqisi əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadəyə sözləri isə Ayşe Birgül Yılmaza məxsus olan mahnının Türkiyə və Almaniya şou aləmində də təqdimatı gözlənilir.
 
 
 

   
  Layihə ilə bağlı "Kaspi”nin suallarını cavablandıran Gövhər Həsənzadə ilə gündəmi zəbt edən mahnılardan və 18-dən çox yaşı olan "Deyə deyə” mahnısının bugünkü aktuallığından danışdıq.
 
  – DJ Kanun Yıldırım mahnının rimeyk versiyasını hazırladı. Ayla Raidə  mahnını türk dilində ifa etdi.  Kanun Yıldırımla tanışlığım Ayladan sonra olub, seçimi onlar özləri ediblər. Sonra məni tapıb, mahnının müəllifi kimi Ayişə Birgül Yılmazın vasitəsilə əlaqə saxladılar. Bir il bundan öncə mənə bildirmişdilər ki, "Deyə-deyə” mahnısı Almaniyada bir prodakşının böyük marağına səbəb olub və istəyirlər ki, bunu yenidən aranjeman etdirsinlər. Hətta mahnının rus, alman, türk və azərbaycan dillərində oxunması nəzərdə tutulmuşdu. 
  Mahnının ilk ifaçısı Ella xanım olub. O mahnını Yaşar Baxışın aranjemanında ifa etmişdi. Ondan sonra Ella da Almaniyaya köçdü. Bu mahının qisməti onu Almaniyaya aparır. Ella orada yaşayır, mahnını orda ifa edib, Almaniya efirinə çıxıb. Almanlar mahnını çox bəyənmişdilər. Mahnının ifası ilə bağlı 4-5 müğənni arasında müzakirələr getdikdən sonra qərar verdilər ki, onu Ayla ifa etsin. Aylanı Türkiyədən seçdilər. Məndən fikrimi soruşanda, razılığımı bildirdim. Mahnının yeni aranjemanda nə qədər bəyəniləcəyi sual doğururdu. Aranjeman olunduqdan sonra ona heç bir müdaxilə etmədim. Hazır formasına baxdıqda isə çox bəyəndim. Mən İstanbulda olan müddətdə komanda olaraq Almaniyadan gəldilər, mahnının yazılışında və klipin çəkilişində iştirak etdim. Minnətdaram ki, mənim musiqimə böyük maraq göstərdilər. Mənim üçün həyəcanlı an isə Azərbaycan tamaşaçısının fikri və dəstəyidir. 
  Xoşbəxtəm ki, keçmişdə yazdığım bir mahnı bu gün Avropanın diqqətindədir və bu təklifin mən yox,  onlar tərəfindən gəlməyi isə xüsusi ilə sevindiricidir. Hesab edirəm ki, bu mahnı Aylaya böyük tamaşaçı sevgisi gətirəcək. 
 
 
 
 

  – Gövhər xanım, qarşıda bu kimi layihələr gözlənilirmi?

  – Hər zaman demişəm ki, sənətimizin, mədəniyyətimizin qulluğundayam və onu dünyada layiqli şəkildə  təmsil edəcəyəm. Bu sözümün arxasında duran layihələrdən biri də bu oldu. Qarşıda İradə İbrahimova ilə birgə layihəmiz olacaq. Layihə dedikdə, söhbət yeni mahnının yazılmasında deyil, onu inkişaf etdirərək mahnımızın Avropanın zövqünü zəbt etməsindən gedir. 

 
  – "Deyə-deyə” mahnısının neçə yaşı var? 

  – Mahnını 2000-ci ildə nümayiş etdirdik.  Mahnı ondan əvvəl doğulmuşdu. Mənim hesabımla, onun 25 yaşı var. Biz mahnını tamaşaçılara 5 ildən sonra təqdim etdik. Tamaşaçılar mahnını klipdən sonra tanıdılar. 
 

  – Ella xanımın mahnının yeni aranjemanından xəbəri varmı?

  – Yəqin ki, var. Biz onunla hələ də əlaqə saxlayırıq, əlaqələrimiz var. Mahnıya doğma mahnı kimi baxırıq, Ella xanımın ifasında çəkilən klip də çox doğma simalar var. Bu gün həmin nostalji hisslər yeni bir müğənnini gündəmə gətirəcək. 

 
  – Ayla  "O Səs Türkiyə” yarışmasından sonra tanındı. Bu da o deməkdir ki, bu yarışma Türkiyə şirkətlərinin diqqətindədir. 

  – Bəli, onlar Aylanı həmin yaraşmada görüb, bəyənmişdilər. Türkiyədəki prodakşnlar sənət aləmində bizneslə məşğuldurlar.  Oradan dəyərli səsləri toplayır və onları biznesə çevirirlər. çıxarılırsa, onun üzərinə maliyyə qoyulursa bu özü sübutdur.  Bəs, biz niyə bunu etmirik? Reytinq deyərək, başqa şeylərin arxasınca gedirik.  Biz niyə yad ritmlərin arxasınca gedib, kimlərəsə sübut etməyə çalışırıq ki, müasirlik budur? Niyə Almaniya 25 il əvvəl yazdığımız mahnılarımızı gündəmə gətirir, özümüz isə bunu edə bilmirik. 
 
  – Ayla Rainin Türkiyə şou-biznesinə qatılma imkanı varmı?

  – Onu  Türkiyədə çox bəyənirlər. Çəkiliş prosesində də gördüm ki, ona böyük diqqət var. Ayla özü sözəbaxan, ağıllı, prinsipial, inkişafa doğru gedən qızdır. Deyilənlərə qulaq asır, ağzını açıb bir kəlmə artıq-əskik danışmır. Düşünürəm ki, Ayla nəinki Türkiyədən, yaxın vaxtlarda Avropadan yaxşı təkliflər alacaq. O, öz ağlı, davranışı ilə diqqəti üzərinə çəkməyi bacarıb.  Şahidi oldum ki, çəkiliş prosesində çox adam onunla maraqlanırdı. Bu da məni sevindirir. Səsi, ifası, bacarığı ilə tanınması gözəldir. İnşallah Avropada Azərbaycan sənətçisi kimi tanınar. Yolu açıq olsun. Mən deyə bilmərəm ki, onun əlindən tutub, önə çəkdim və bu layihə ilə qızımıza dəstək oldum, əsla. Ancaq nə xoş mənə ki, mahnıma müraciət etdilər və onu yenidən gündəmə gətirdilər. Mən bu layihədə heç bir əziyyət çəkmədim. İstanbulda olan müddətdə səs yazılmasında və klipin çəkiliş prosesində iştirak edim və onlarla birlikdə çalışmaqdan zövq aldım. Təbii ki, musiqimizin sərhədləri aşması bizim üçün uğurdur. 
 
  – Bu gün müğənnilər çox az klip çəkdirirlər və bunu da onunla əsaslandırırlar ki, televiziyalarda klip saatları yoxdur. 

  – Müğənnilərin fikri ilə razıyam. Çünki müğənninin arzusu, stimulu böyük, peşəkar səhnədir, solo-konsertlər verməkdir. Solo-konserti vermək üçün müğənninin siması və mahnılarının tanınması lazımdır. Bunun baş verməsi üçün tək radiolarda mahnıların səslənməsi deyil, televiziyalarda da səslənməsi vacib amillərdəndir. 
  Sosial şəbəkələr isə bir yerə qədərdir. Açığı deyim, mən sosial şəbəkəni ciddiyə almıram. Nə reklam, nə də tanınmaq baxımından. Sosial şəbəkələrin ünsiyyətə gətirdiyi təzadlar onun xeyrindən daha çoxdur. Orada insanlar aldadılır. Televiziyanı isə aldatmaq olmur. Televiziya bir qarantiyadır, böyük bir qurumdur. Ona görə, klipin efirdən yayılmasını daha ciddi, mədəni və düzgün hesab edirəm. Efirdə klip seçilir, müxtəlif etaplardan keçərək göstərilir. Bu gün ən böyük ehtiyacımız efirlərdə klip saatının yoxluğudur. Müğənni klipini efirdə göstərərək ətrafına tamaşaçı toplamalıdır. İstərdim ki, televiziyalarda buna zaman ayrılsın və rejissorlarımızın da bir işi olsun. Klipin təqdimatı müğənnilərimizin tanınmasında böyük rolu var. İstərdim ki, bu sənət bizdə inkişafdan dayanmasın. Baxaq görək kim nə istehsal etdi, kimin klipi daha gözəldir. Kliplər efirlərdən yığışdırılandan bəri musiqidə də, ifaçılıqda da, səhnə mədəniyyətində də səviyyə olduqca aşağı düşüb. 
 
 
 

 
  – Qeyd etdiniz ki, sosial şəbəkələri ciddiyə almırsınız. Ancaq şəbəkələrdə məşhurlaşan müğənnilər bu gün televiziyalarımızda "at oynadırlar”.

  – O, "at oynadan” müğənniləri media nümayəndələri tənqid edirlər. 

 
  – Media  nümayəndələri tənqid etsə də, bu, həm də onların reklam olunması deməkdir.

  – Çünki sosial şəbəkədən başqa heç bir yerdə iş görmürlər. Efir elədir ki, onun redaktoru, rəhbərliyi var. Sosial şəbəkədə bunlar yoxdur və "nə qədər izləyici topladım” yarışması gedir. Efirdə isə elə deyil. Efirdə müğənniləri seçərək verilişlərə dəvət edirlər.
   Çox zaman müğənnilər deyirlər ki, bilirsiniz, mahnıma tələbat böyükdür, on min adam baxıb. Sosial şəbəkə özü ifaçıya təqdim edir ki, reytinqinizi qaldırmaq istəyirsinizsə, mənə bu qədər pul verməlisiniz. Əgər bu, pulun başındadırsa, mən 500 dollar verib 50 min tamaşaçı toplayacağamsa, efirə gəlib necə deyə bilərəm ki, tamaşaçım çoxdur. İndi efirlər boşdur, onu doldurmaq isə həmin o "at oynadanlar”ın ümidinə qalıb. Bunun üçün efirləri boş etməsinlər, onun yerinə klip saatı, musiqili konsertlər versinlər, bəstəkarların yaradıcılıq gecələrini keçirsinlər, peşəkarlar müğənnilər arasında yarışlar keçirsinlər. Əvvəllər bunların hamısı efirlərimizdə var idi. Sənətdə yarışma olanda  rəqabət də olur. Bu zaman sənət intriqaları yaranır. Bu yarışmadan kim qazanır? Tamaşaçı və Azərbaycan sənəti. Bu gün efirlərimiz öz tamaşaçısını itirib. Kimi danışdırırsan deyir ki, yerli kanallarımıza baxmıram, ancaq xəbərlərə baxıram. Mən də bu sıraya daxiləm.  Bu gün efirdə xəbərlərdən başqa baxılası demək olar ki, heç nə yoxdur. Çox istərdim ki, əvvəlki "klip onluqları” bərpa olunsun, musiqi saatları, yarışları nümayiş edilsin.
 
  
 Söhbətləşdi: Xəyalə Rəis