Biz imzaları yox, əsərləri dərc edirik...

TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
337
12 İyul 2018, 15:40
  Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yaranmasından 25 il keçir. 
 
 

  AZƏRTAC xəbər verir ki, ötən müddət ərzində TÜRKSOY türkdilli xalqların mədəniyyətinin, ədəbiyyatının təbliği və ortaq dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi naminə onlarla layihəyə imza atıb, olduqca yaddaqalan tədbirlər keçirib və türk dünyasının birliyi naminə mühüm addımlar atıb.
  1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda "Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.
  TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət - ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. Mənzil-qərargahı Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
  Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq Artisti, professor Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş mədəniyyət naziri, professor Düsen Kaseinov rəhbərlik edir.
  Ötən 25 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.
  TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
  Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Son dövrdə reallaşan mühüm tədbirlər sırasında 2016-cı ildə Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan "Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, həmçinin ölkəmizin fəal təmsil olunduğu ənənəvi layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan xüsusilə fəal iştirak edir.
  Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin "Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan muxtar respublikalarının təmsilçiləri iştirak edirdilər.
  2018-ci il TÜRKSOY tərəfindən böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə "Qara Qarayevin xatirə ili” elan edilib. Xatirə ili çərçivəsində Ankarada və Bursada TÜRKSOY tərəfindən mərasim və konsertlər keçirilib. Bu il, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi TÜRKSOY-da qeyd edilib. Eyni zamanda, TÜRKSOY-un 25 illiyi ilə əlaqədar isə üzv ölkələrdə, o cümlədən Azərbaycanda tədbirlər keçirilir.