Biz imzaları yox, əsərləri dərc edirik...

Bu əsər eybəcər, irreal bir cəmiyyətin modelidir – “Sevdiyim əsər” layihəsi – Zahid Sarıtorpaq
2253
23 Oktyabr 2019, 09:22
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Zahid Sarıtorpaqdır. Onun sevdiyi əsər Andrey Platonovun "Can” povestidir.
 
  – Andrey Platonovun "Can” povesti hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – A.Platonovun "Can” povestini gənclik illərimdə oxumuşam, bu əsər hafizəmə necə yeriyibsə, canıma necə işləyibsə, heç vaxt unuda bilməmişəm. Sonralar oxuduğum nəsr əsərləri içimdə həmişə "Can” povesti ilə müqayisə olunub. Yəni, bu əsər mənim üçün ədəbiyyatda bir meyar rolunu oynayır. Bəlkə də, nəsrdən umacağım elə bir şey var idi ki, onu məhz, "Can” povestində tapdım və buna görə əsəri belə sevdim.
  Şairəm, yaxşı bilirəm ki, bəzən bircə şeirdə böyük bir romanın və ya dastanın ideyasını ötürmək mümkündür. Amma nəsrə poeziyanın canlandırılmasını "Can” əsərində kəşf etdim. Platonovun poetik gəzintiləri məni heyran elədi. Həm də bütün bu poetikliyin arxasında əsərin alt yapısını gördüm və başa düşdüm ki, bu çox möhtəşəm əsərdir. "Can” povestində ilk öncə heç bir siyasi baxış nəzərə çarpmır, amma alt yapısında bu, özünü elə biruzə verir ki, lap olmayan kimi. Platonovun da məqsədi bu idi, həmin gözəgörünməzliyi göstərmək istəyirdi. Bir də heç vaxt inana bilməzdim ki, hansısa bir rus yazıçısı türk çöllərini bu cür təsvir edə bilər. Platonovun türk ənənələrini bu dərəcədə dərindən bilməsi insanı riqqətə gətirir.

  – Bəzən "Can” povestini avtobioqrafik əsər kimi də dəyərləndirirlər. Deyirlər ki, povestin qəhrəmanı Nazar Çağatayevin səhrada çəkdiyini zülmü, Platonov Moskva mühitində çəkirdi. Siz necə düşünürsünüz?
  – Nazar Çağatayev köçəri tayfanın özündən qovub uzaqlaşdırdığı, günahlara şahidlik etmiş biridir. Günah eləmiş, köçündən ayrı salınmış günahkarların birləşib yeni köç əmələ gətirməsi isə əsərin aparıcı xəttidir. Nazar da günahlılar tayfasında doğulub. Anasının günahını – qadının ərinə xəyanət etməsini – bilir. Nazar çox güclü obrazdır, yəni o artıq günah hissini özüyçün aydınlaşdırmış qəhrəmandır. Platonov Nazar obrazı vasitəsiylə bütün günahları xamır kimi yoğurub, onları Nazarın sürətində azadlığa çıxarmaq, qurtuluşunu təşkil etmək istəyir. O hətta anasını başqa kişiyə verir ki, qoca adamlar darıxmasınlar. Yəni, səhrada qan və insani bağlılıqlar yoxa çıxır və hamıya sadəcə insan kimi baxılır, bütün dəyərlər şərtiləşir. Bir insan digərinə ata, ana, yar, övlad gözüylə baxıb yardım etmir, bununla da Platonov həm də səhranın fəlsəfəsini açır. Bütün bu situasiyaların bir-birinə qarışması və olanların səhranın fonunda verilməsi, yaşamın mümkün olmadığı yerdə, insanların sürünə-sürünə, can verə-verə yaşaması və irəliləməsi Platonovun əzmkarlıq ideyasından qaynaqlanırdı. Nazarın o vəziyyətə düşmüş insanları gətirmək əmri alması, o tayfanı bir yerə toplaması, o insanlarınsa kimsəsiz çöllərdə qalmaq istəkləri, həmin "günahlı azadlıq”da yaşamaq eşqləri çox maraqlı detallarla üzə çıxır. Eyni zamanda, Sovet despotizmi də üzə çıxır, yəni yazıçı göstərir ki, bu rejim hətta ölüdən fərqlənməyən insanları da yumruğunun altına cəmləmək istəyir. Əsərdə səhra əhli hər vəchlə həmin günahkar azadlıqda: xəstəliklə, halsızlıqla yaşamağı Sovet xoşbəxtliyindən üstün tutur. 

  – Səhradan, – əslində, Sovet rejimindən – qoyunların qaçmağı səhnəsinin də ironik mənası var.
  – Bəli, sonra o qaçan qoyunların adamlardan irəlidə getməsi, azadlığı onlara məhz qoyunların göstərməsi Platonovun o dövrə və rejimə ironik münasibətinin təzahürü idi.

  – Nazar özü də Sovet rejiminə xidmət etməyə məhkum idi. Paradoks da bu məqamdan doğur, o səhrada nələrin olduğunu, həmin insanların nə düşündüyünü bilir, amma yenə tayfanı aparır.
  – Nazar həmin tayfanın içindən çıxıb. Moskvanı, dünyanı görüb, çox şeyi bilir. Nazar səhranın fəlsəfəsinə, bu insanların düşüncəsinə bələddir deyə onları gətirməyi bacarır. Axı o, özü də həmin yerlərdə böyümüşdü. Ondan əvvəl həmin yerlərə əmrlə gedən zabitlər o tayfanı gətirə bilməmişdi, çünki həmin insanları anlamırdılar. Nazar həmin missiyanı özündən əvvəlkilər kimi yerinə yetirmir, əskinə 42 evlik tayfanı onların dilində danışa-danışa, belə demək mümkünsə "bişirə-bişirə” aparır. Nazar o tayfanın ruhuna yaxşı bələd idi. Əgər bu əsəri Azərbaycan dilinə mən tərcümə eləsəydim, onu "Can” yox, "Ruh” adlandırardım. Çünki "can” sözü əsərin məğzini düzgün ifadə etmir.

  – "Can” sözü türkmən xalq inancına görə elə "Xoşbəxtlik axtaran ruh” deməkdir.
  – Bax, görürsən, əslində, əsərin adı ruh olmalıdır, çünki söhbət ruhi azadlıqdan gedir. Fiziki azadlıqsa ruhi azadlığın şəklidir. Həm də Azərbaycan dilində "can” sözü daha çox cismani məna ifadə edir, bədən kimi başa düşülür.

  – Platonov o türk çöllərinin, milliliyin fonunda bir qatı Rusiya qorxusu yaradır. Əsəri diqqətlə oxuyanda o fonun zərrəcə öləzimədiyini görürük. Həmin nüansa fikir vermisinizmi?
  – Nəzərə al ki, yazıçı o rejimi nə qədər bəyənməsə də, rus yazıçısıdır və istənilən halda öz ədəbiyyatını yaradır, öz xalqına xidmət edir.

  – Platonov "Can” povestində belə demək mümkünsə ikibaşlı oynayırdı, həm göstərirdi ki, tayfanı bu vəziyyətə salan Sovet rejimidir, həm də Nazarı ora göndərib onları xilas etməklə göstərirdi ki, Rusiya digər xalqların xilaskarıdır.
  – Platonov barədə öz dövründə dürlü fikirlərin, tənqidin formalaşmasına məhz bu cür ikitirəliklər səbəb olurdu. Dəqiq müşahidə etmisən, əsərdə Sovet imperiyasının xilaskarlığı və despotluq paradoksu var. Amma yəqin ki, bu ikitirəlikdə də Platonovun öz ədəbi həqiqəti varmış.

  – Bütün bu ağrıların, zülmün içində Nazarın soyuq, ekzistensialist ovqatı var, bu bəzi məqamda oxucunu əsəbiləşdirir.
  – Bilirsən, Fərid, həmin cəmiyyətə, Nazar zülmə qarşı təəccübünü çoxdan itirmişdi, həmin vəziyyəti orda yaşayanda görmüşdü, ona görə də heyrətlənmirdi. O susuzluqdan, aclıqdan, xəstəlikdən ölən insanların aqibətinə bələd idi. Təcrübəsi onu soyutmuşdu, çox şey ona adi görünürdü.

  – Platonov şərqəlilərə xas bir xüsusiyyəti – qadın xəyanətinin bağışlanmazlığını da önə çəkir, amma bu, soyuq rus ağlı ilə təsvir olunur.
  – Sözsüz, bir rus yazıçısı, ümumiyyətlə, yad insan üçün, bir səyahətlə səhranın, oradakı yaşamın bütün psixoloji və mental dərinliklərini mənimsəmək mümkün deyil. Amma, sözünə qüvvət, məsələyə nə qədər soyuq ağılla yanaşmış olsa da, mahiyyət ortadadır, onun baxış bucağı adı çəkilən problemi öz qapsamına ala bilib – təbii ki, öz düşüncəsi çərçivəsində.
 
 
 
  – Bir də əsərdə nəzərə çarpan və əriyib gedən bir Vera ilə Nazar sevgisi də olur. Amma sonra səhradan sevgiyə qayıdış olmur, bu barədə nə deyə bilərsiz?
  – O sevginin başlanğıcıyla sonu eyni nöqtədə birləşirdi. Onların hər ikisi bunu bilirdi. O nöqtədən bircə addım kənara çıxmaq hər şeyin sonu demək idi. Elə də oldu. Nazarın gedişiylə yenicə puçurlamış bir sevginin son akkordu vuruldu. Çünki o nöqtədə qalmağın mümkünatı yoxuydu. Lap Nazar qalmış olsaydı belə Vera gedəcəkdi. Bir də Nazarın getməyinin bir gizlini də ondaydı ki, Can gəzərgi olmalıydı...

  – Platonovun əsərdə səhra adamlarına ünvanladığı belə bir cümlə var: "Onlar yalnız keçmişin xatirələri ilə yaşayırdılar". Əslində, əsər nikbin, güclü aurası ilə yanaşı bu ideya ilə idarə olunur. Siz necə düşünürsünüz?
  – Təbii, hər şeydən öncə, keçmiş xatirələrlə yaşamaq insanın xislətindədir. Yazıçı bu ştamp altında bir çox sualların cavabını aramağa çalışır. Əslində, məsələnin mistik tərəfində dayanan günaha batmışlar, sürünən ölümcüllər dəstəsi Can qondarma bir tayfadır və onun gələcəyi yox, məhz keçmişi var. Gələcək isə, deyək ki, yazıçının ustalığıyla, mütləq ölümün ekvivalentini Sovet quruluşuna sürülüb aparılmaqda tapır. Onsuz da hər ikisi sondu və bunu yazıçı mistik şəkildə gözəl əsaslandırır – mənəviyyatı pozuq bir dəstənin yaşamı və Sovet quruluşu – bir-birindən heç nə ilə fərqlənmir...

  – Bir də əsərin qəhrəmanlarında səhra insanlarına xas əzmkarlıq yoxdur, yaşamaq əvəzinə sanki ölüm üçün mübarizə aparırlar. Bu situasiya sizə necə təsir bağışlayır?
  – "Can” yazıçı təxəyyülünün yaratdığı, varlığı mümkünsüz olan, eybəcər, irreal bir cəmiyyət modelidir. Onları ya ölüm haqlamalıdır, ya da bütün dünyada analoqu olmayan, ölüm qədər mistik və yaşam qədər şirin görünən Sovet quruluşu. Ona görə də burada artıq səhra fəlsəfəsi arxa plana keçir.
 
  Söhbətləşdi: Fərid Hüseyn