Biz imzaları yox, əsərləri dərc edirik...

Bu əsər bəşərə bəraət haqqı verə bilər – “Sevdiyim əsər” layihəsi – Akif Əli
2422
31 Oktyabr 2019, 11:19
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz Akif Əlidir. Onun sevdiyi əsər Migel de Servantesin "Don Kixot” romanıdır.
 
  – Migel de Servantesin "Don Kixot” romanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin ən seydiyiniz əsərdir?
  – Dünyada çox maraqlı və dəyərli kitablar var: "Gilgamış”, "Mahabharata”, "1001 gecə”, "Xəmsə”, "İliada” və "Odisseya”, "Dekameron”, "İlahi komediya”, "Robinzon Kruzo”, "Cinayət və Cəza”, "Hamlet”, "Hərb və Sülh”, "Qoca və Dəniz”, "Hophopnamə”, "Böyük ömrün anları” və s. 1605-15-ci illər arasında ispan Migel de Servantesin yazdığı "Lamançlı Don Kixot” əsəri də mənim ən çox sevdiyim kitablardandır. Dünya ədəbiyyatının bu şedevri bəşər övladını daim düşündürən əbədi mövzular üzərində qurulub: İnsan və Həyat. İnsan və Zaman. Şəxs və Kütlə... Bu tərəflərin arasındakı ziddiyyətli məqamlar həmişə bəşəriyyətin ayağından pudluq daşlar kimi asılıb. Toplum fərdiliyi qəbul etmir, onu qovur, istehza edir və yalnız zaman keçdikdən, kütlə, cəmiyyət, toplum inkişaf etdikdən sonra fərdin həqiqətləri bəlli olur. Servantesin Don Kixotu mahiyyət etibarilə öz zəmanəsindən ayrı düşmüş insandır...
  Avropa Renessansının (XIV-XVI əsrlər) cəngavərlik romanlarına parodiya kimi qələmə alınan "Don Kixot” yer üzünün ən populyar kitablarından biri yox, birincisidir, məncə. O, dünyanın bir çox dillərinə tərcümə edilib. 
  Real həyatla üzləşəndə xəyalları puç olan zavallı Don Kixot bütün bəşəriyyəti silkələdi. Bəlkə də müəllifin özü haqsız yerə həbsə atıldığı üçün sərt sarkazmla qələmə aldığı nəcib qəhrəmanı da bu qədər duyğusal və təsirli alındı. Sonralar Servantesin çox davamçıları meydana gəldi, yazıçılar onu təlqin etməyə başladılar, oxşar əsərlər yazıldı, saysız-hesabsız teatr tamaşaları, kinofilmlər, televiziya verilişləri yarandı, heykəllər yapıldı, şəkillər çəkildi, opera və balet nümunələri meydana çıxdı... Bilirsiniz ki, dahi Qara Qarayevin də məşhur "Don Kixot” simfonik qravürləri var. 

  – Don Kixot niyə məhz oxumaqdan ağlını itirir?
  – Əsərə qiymət vermək üçün onun yaranma tarixini, səbəblərini bilmək lazımdır. Bu kitab yaranan zamanlar həqiqətən "Amadis” kimi yüksək pafoslu cəngavər romanları Avropda dəbdə idi və yazılan kitabların əksəriyyətində romantika cəhətdən o dərəcədə ifrata varırdılar ki, hətta hiperbola səviyyəsində təhrifə yol verilirdi. Cəngavər ideal insan sayılırdı. At minib, qılınc, nizə götürüb ağayana gəzən və bu zaman öz şücaətli görüntüsü ilə mütləq hansısa xanımın ürəyini fəth edən cəngavər cəmiyyətin kumiri idi. Belə patetik kitablar oxucuların əlindən düşmürdü. 
  Zamanın dəyişdiyini, həyatın daha realist, praktik, praqmatik tələblər irəli sürdüyünü görən Servantes həmin romantik əsərlərə öz münasibətini bildirmək üçün "Don Kixot”u yazdı. Servantesin Don Kixotunun məhz kitab oxumaqdan, necə deyərlər, "başı xarab olur”. Zamanı keçmiş, romantika, şücaət dolu rəvayətlərin təsiri altında o da özünü cəngavər kimi hiss etməyə başlayır. Folknerin ifadəsi ilə desək, bu "əbədiyaşar, qəmli və komik obrazın” bədbəxt günləri başlayır. Cəfəng kitabları oxumaqdan psixikası pozulan Don Kixot cəngavərlik üçün zəruri olan sədaqətli aşiq timsalında zənn etdiyi xəyali Dulsineya xanımın dərdindən dəli-divanə olub çöllərə düşür. Özünə silahdaşıyan tutur, səyahətləri zamanı müxtəlif macəralarla üzləşir: yel dəyirmanı ilə vuruşur, qoyun sürüsünə hücum edir, qırmızı şərab tuluğunun qanını tökür, bağlı qəfəsdəki şirlərlə çarpışır, nökəri padşah təyin edir və s. Yəni dolayısı ilə, o, özünü cəngavərlik kitablarında oxuduğu qəhrəmanlar kimi aparmaq istəyir. Nəticədə bu situasiyaların hamısında insanlar əvvəl ona gülür, sonra ələ salır, axırda isə qeyri-ciddi yanaşıb öz işlərinin dalınca gedirlər. Don Kixot özü isə bütün bu anlaşılmaz əzabları normal qarşılayıb hesab edir ki, başına gələn müsibətlər mərd, igid, cəngavər adamların qismətidir. 

  – Qəribədir ki, Don Kixot taleyə inanmır, bütün məğlubiyyətlərini, eləcə də yel dəyirmanına məğlub olmasını, məhz, "qara qüvvələr”in üstünə atır. Don Kixot (Donkixotluq) üçün tale nədir?
  – Bu obraz müəllif təxəyyülünün məhsulu olan irreal bir personajdır. Servantesin istedadından doğulan bütün sarkastik çalarlarla zəngin, şişirdilmiş, qeyri-real Don Kixot obrazı ayağı yerdən üzülü, romantik xülyalar qoynunda fikri səmalarda dolaşan və dövrünün sərt məişət reallığı, acı həyat həqiqətləri ilə uzlaşmayan personajlara parodiyadır. Xəyalı göylərdə gəzən cəngavərlərin mahiyyətini açmaq üçün Servantesin yaratdığı obraz yel dəyirmanları ilə vuruşur, dustaqları azadlığa çıxartmaq istəyir, Sanço Pansaya ada bağışlayır və s. Yəni imkanına, səlahiyyətlərinə aid olmayan işlərə girişir. Sonucda gülünc vəziyyətdə qalır, mənasız "mübarizələrdən” üzülüb yatağa düşür. Onun mübarizələri reallıqla kontrastda olduğu üçün situasiya gülüş doğurur. Don Kixot dəyişən zaman kəsiyində köhnə fikirlərlə yaşayan insanların ümumiləşdirilmiş obrazıdır, müəllifin həyat reallıqlarına tutduğu güzgüdür. Analoji olaraq bizdə belə qrotesk ədəbiyyatı nümunələrini sonralar dahi M.Ə.Sabir yaratdı.

  – Norveç Kitab Klubu "Ədəbiyyat tarixinin 100 ən yaxşı əsəri”ni müəyyən etmək üçün sorğu keçirib. Sorğuda 50-dən artıq ölkəni təmsil edən 100-dən çox tanınmış yazar iştirak edib. O cümlədən, Orxan Pamuk, Salman Rüşdi, Milan Kundera da rəylərini bildiriblər. Səslərin yarıdan çoxunu "Don Kixot” əsəri toplayıb, birinci yeri qazanıb. Siz bu seçimi təsadüfü sayırsınız, yoxsa?  
  – Həmin sorğu barədə məlumatım var. Adları çəkilən yazarlardan "min baş” üstün olan Fyodor Dostoyevski əsərə iki yüz il əvvəl daha yüksək dəyər verib. O, deyib ki, əgər bəşəriyyət nə zamansa oralarda, göylərdə hesabat verməli olsa, tək bircə Servantesin "Don Kixot” əsərini təqdim etməklə kifayətlənə bilər... Yəni insanların yer üzərində etdiyi bütün şər əməlləri, səhvləri, yanlışlıqları, nadanlıq və pislikləri Servantesin bu əsəri yuyub, bəşərə bəraət haqqı verə bilər... İsa Peyğəmbər insanların günahını öz üzərinə götürüb Tanrı qarşısında onları xilas etdiyi kimi... 

  – Don Kixot hərdən Sanço Pansaya deyir ki, çalış çox fərman vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən irəli gəlir. Bu müdrik sözləri deyən Don Kixot çaxır tuluğunu div bilib deşir, qırmızı çaxır yerə dağıldıqca isə, elə hesab edir ki, axan divin qanıdır. Yaxud karvansaranı qəsr sayıb özünü hidalqo kimi aparır. Bu paradoksal nümunələrin sayını artırmaq da mümkündür. Əsərdə əvvəldən axıracan elə bil, müdrikliklə axmaqlığın mübarizəsi gedir... 
  – Bu, yaradıcılıqdır, müəllif öz müdrik mülahizələrini də hansısa formada ictimaiyyətə çatdırmalıdır. Burda olsa-olsa "dəlidən” (sadəlövh cəngavərdən) doğru xəbər (müdrik müəllifin fikri) paradosku yarana bilər. Dediyin paradoksal görüntü xeyirlə şərin mübarizəsini, əksliklərin vəhdətini və müəllifin sarkazmını göstərmək üçündür. Mahiyyətdə Don Kixot "mənfi” obraz deyil. Daha çox sadəlövhlüyü, humanistliyi və mədəniliyi ucbatından cəmiyyətdə uğursuzluqlara düçar olan həssas, nəcib Don Kixot əslində çox oxumuş, bilikli, düşüncəli adamdır, ədəbiyyat, təlim-tərbiyə, idarəçilik, azadlıq, dinclik, vuruş və s. məsələlərdə əsl mütəfəkkir kimi Sanço Pansaya ağıllı məsləhətlər verir. Belə məqamlarda müəllif özü yaratdığı obrazın arxasından önə çıxır. 

  – Sizə görə Donkixotluq nədir? İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək? Görmədiyi qadına vurulmaq? Arzuları hesabına özünü fəda etmək?  Yoxsa rus ədəbiyyatına xas "kiçik adamlar” və "oblomovçuluq”un başqa bir forması? Bəlkə bunların hamısını özündə ehtiva edən bəşəri bir dəyər?
  – Axırıncı təyin daha obyektiv səslənir. Çünki Donkixotluq sadaladıqlarının hamısını özündə qapsayan, amma yenə də hamısından daha nəhəng anlayışdır. Prinsipcə Donkixotluqda pis çalarlı ziyankarlıq yoxdur, amma qəhrəmanlıq da deyil. Sadəcə reallıqdan uzaq düşən tənha insan əzablarının məcmusudur. Don Kixot öz aləmində hamıya yaxşılıq etmək istəyən xeyirxah cəngavərdir. Ancaq yalnız öz aləmində. Real aləmdə isə bu xoş məramlı niyyət qıcıq doğurur. Çünki Don Kixotun öz aləmi real aləmdən uzaqdadır. Donkixotluq bir az sadəlövhlük, bir az dardüşüncəlik, bir az romantika, mövcüd imkanları şişirtmək, bir az sərsəmlik, bir az xeyirxahlıq, bir az dəlisovluq, bir az ötkəmlik, bir az ərkyanalıq, bir az iddialıq, bir az təvazökarlıq, bir az da özündən razılıqdır... Yəni bunların hamısını özündə ehtiva edən qeyri-adi dərəcədə maraqlı və yazıq bir konqlomeratdır. Don Kixot obrazı insanın psixoloji durumunun, xarakterinin tipik göstəricisi kimi qəbul olunur. Kimsə reallıqla uyuşmayan hərəkətə yol verdikdə ətrafdakılar dərhal onun Donkixotluq etdiyini düşünürlər.
  Belə bir olayla mən də rastlaşmışam. Vaxtilə yaxın bir adamı yersiz hərəkətinə görə dostyana məzəmmət etmişdim. O da birdən-birə yoxa çıxdı. Təsəvvür elə, düz on səkkiz ildən sonra bu itməyin səbəbi məlum oldu; sən demə reallıqla əlaqəsi olmayan davranışına görə mən ona adicə "Bəsdir, Donkixotluq eləmə!” demişəm və bu, adamın bərk xətrinə dəyib. Təbii, sonralar bunu biləndə izah etdim ki, bu təhqir deyil, sadəcə mənim leksikonuma xas obrazlı yanaşmadır və bizim dostluq münasibətlərimiz bərpa olundu. Ancaq, bax ki, dostumun gözləntisi ilə real situasiyanın üst-üstə düşməməsindən yaranan anlaşılmazlıqda biz ünsiyyət imkanımızın on səkkiz ilini itirdik...

  – Akif bəy, Donkixotluq niyə bu qədər yozumludur?
  – Çünki Servantes çox istedadlıdır. Müəllif nə qədər müdrikdirsə, yazısı da bir o qədər zəngin, çoxcəhətli və çoxlaylı olacaq. Servantesin əsəri həqiqətən geniş yozum imkanlarına malikdir. Müəllif çox mətləblərə toxunduğundan, cəmiyyət həyatının və insan qəlbinin bir çox qatlarına işıq tutduğundan, çoxyozumluluğa da qapısı açıqdır. 

  – Bütün məğlubiyyətlərə rəğmən nikbinliyi əskilməyən əsərin sonunda Don Kixot ölür. İstərdim, aqibətin labüdlüyündən və ölümün əsərdəki nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.
  – Ölüm kimi, Don Kixotun məğlubiyyəti də labüddür. Don Kixotun həyatı ölümündən sonra da davam edir. Müəllifin ideyası və əsərdə aşılanan amal, real dünya ilə toqquşan irreal insan dünyası bunu tələb edir. Donkixotluq qalib gələ bilməz. O, bir tərəfdən səmimidirsə, o biri tərəfdən sadəlövhdür; bir tərəfdən nikbindirsə, digər tərəfdən bədbəxtdir; bir tərəfdən göylərdə uçsa da, başqa bir tərəfdən zəmanədən geri qalır... Don Kixot qalib gəlsə, Servantes məqsədinə çatmazdı. Servantes özünü doğrultmayan keçmiş cəngavərlik institutunun artıq geridə qaldığını, həyatın isə irəli getdiyini göstərmək istəyirdi. O, Don Kixotu uzaqbaşı praqmatik insanlarda özünə rəhm hissi doğuran, sadəcə baş qoşmağa dəyməyən yazıq, fağır, zavallı fərd kimi yaradıb. Yekunda isə belə bir fərdin uğur perspektivinin olmadığını göstərib. Məntiqi sonluqdur.
  Servantes bu şedevr əsəri ilə bəşəriyyətin tərəqqisinə təkan verdi. O, sanki uzun müddət romantik xəyallar qoynunda avara-sərgərdan dolaşan Avropanı göylərdən çəkib yerə saldı. Və real həyatla yaşamağın, məişətini sahmana salmağın, yer üzündəki yaşayışını nizamlamağın göylərdə faydasızca pərvaz etməkdən daha vacib olduğunu anlatdı. Təsadüfi deyil ki, sonrakı əsrdə Avropa sanki Orta əsrlərin uyuşdurucu ətalət yuxusundan dik atılaraq elmi-texniki tərəqqi mərhələsinə qədəm qoydu, indi şahidi olduğumuz texnoloji üstünlüyünü qazandı. 
 
  

  – Asif Ata "İnam və şübhə” əsərinin "Don Kixot inamı” adlı hissəsində yazırdı ki, əgər Don Kixotun niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli, həyatda soyuqürəkli, qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər. Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu hisslərə yaddır. Siz necə, Donkixotluğu dəlilik kimi qəbul edirsiz, yoxsa? 
  – Mütəfəkkir Asif Atadan sitat gətirdiyiniz parçadakı "Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu hisslərə yaddır” – fikri ilə razıyam. Ancaq bir onu əlavə edim ki, "dövr” yox, daha çox cəmiyyət, toplum, kütlə o səmavi hisslərə yaddır. Ümumiyyətlə, fərdi xarakterli zərif duyğular adətən kobud ictimai mühitdə özünə yer tapa bilmir və sınır, darmadağın olur. Çünki Tanrının Doğru Yoluna çox çətinliklə çıxan bəşəri mükəmməllikdən uzaqdır. Əlbəttə, Don Kixot "zır dəli” deyil, onda sadəcə iddialı insanın xeyirxahlıq etmək əzmi aşıb-daşır. Ancaq adam yaşadığı dövrün tələblərindən uzaq düşdüyü üçün nümayiş etdirdiyi nəcib qəhrəmanlıq yersiz görünür. Servantes adamın artıq köhnəldiyini, keçmişdə qaldığını və müasir düşüncə daşıyıcısı olmadığını göstərməklə yanaşı, həm də artıq praqmatikləşən dünyada pak, təmiz, ülvi hisslərin meydanının daraldığına da işarə edir. Bəs belədə soruşa bilərsən ki, Don Kixot niyə əzmlə arzularını həyata keçirməyə davam edir, niyə məğlubiyyətlə barışmır, acizliyini etiraf etmək istəmir? Bax, bunun "niyəsini” 350 il sonra Heminquey yazacaqdı: insanı öldürmək olar, ancaq onu məğlub etmək olmaz! Məhz bu ideyanın uğurlu bədii həllinə görə "Qoca və dəniz” Nobel mükafatına layiq görüldü. Bu da klassikadan düzgün nəticə çıxardan müasir ədibin dahiliyi idi.

  – Borxesin məşhur "Don Kixot haqqında magiya” essesində belə bir sual var: nəyə görə Don Kixotun "Don Kixot”un oxucusu olması, Hamletin isə "Hamletin” tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini tapmışam: bu tip fikirlər belə bir qənaətə gəlməyimizə kömək edir ki, uydurma personajlar oxucu və ya tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də, bəlkə, uydurmayıq. Doğurdanmı belədir?
  – Məsələni bu qədər mürəkkəbləşdirməyə və oxucunu mistikaya yönəltməyə nə ehtiyac var? Dahiyanəlik çox sadə olur. Bütün mahiyyət yaradıcılığın spesifikliyindən irəli gəlir. Çox ədəbi-bədii nümunələrdə müəlliflə personaj arasında sərhədin götürülməsi hallarına rast gəlirik. Müəllif sanki özünü yaratdığı obrazın yerində hiss edərək, əsərini yaradır və öz fikir-düşüncələrini onun dili ilə deyir. Poeziya belə ədəbi priyomlarla doludur. Füzuli demirdimi "Məcnunun yalnız adı var”? Şekspir də "Hamlet”də bu üsuldan istifadə edib öz sözünü personajın dili ilə ifadə edib, Heminquey də "Əlvida silah”ın qəhrəmanıdır... Ümumiyyətlə, yaradıcılıqda analoji avtoportret nümunələri çoxdur. Təkcə ədəbiyyatda yox, rəssamlıqda, kinoda, teatrda… Leonardo Da Vinçi "Mona Liza”da gizləndiyi kimi, Servantes də "Don Kixot”da gizlənib… Bu qədər sadə. Dünya ədəbiyyatının şedevri haqqında söhbətimizi böyük Ədəbiyyatın ölməzliyi və qüdrəti barədə belə bir məlumatla yekunlaşdıraq: bugünkü İspaniya hökuməti vaxtilə həbsə atdığı Migel de Servantesin "Don Kixot" kitabını oxumayan adama İspan vətəndaşlığı verməkdən imtina edir. 

  Söhbətləşdi: Fərid Hüseyn