Biz imzaları yox, əsərləri dərc edirik...

Bu dastan İslam dinindən qədimdir – "Sevdiyim əsər" layihəsi – Anar
2446
08 Oktyabr 2019, 10:27
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz  Xalq yazıçısı Anardır. Onun sevdiyi əsər "Kitabi-Dədə Qorqud” dastanıdır.
 
  – "Kitabi Dədə Qorqud” dastanı hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevimli əsərinizdir?
  – "Kitabi-Dədə Qorqud” dastanı tez-tez yenidən vərəqlədiyim, dəfələrlə qayıtdığım əsərlərdəndir. Elə kitablar var ki, onları oxuyub başa vurmaq olmur. Çünki hər dəfə səni yeni məsələlər düşündürür. Bu mənada, "Kitabi-Dədə Qorqud” dastanı mənim üçün bitmir. Dastanı bu dəfə oxuyub örtəndə bir məqam mənimçün qapanırsa, gələn dəfə açanda yeni, başqa bir məqam diqqətimi çəkir. Dastanı ilk dəfə uşaq vaxtı oxumuşdum. Evimizdəki həmin kitab indi də xatirimdədir. Gənclik illərimdə də oxudum, sonra iş elə gətirdi ki, ssenari yazarkən mütaliə etdim, ayrı-ayrı məqalələr qələmə alanda nəzər saldım. Bu gün də özümdə ehtiyac hiss edəndə oxuyuram və mənimçün bu kitab ona görə yüksək məziyyətə malikdir ki, dastanda türk, Azərbaycan insanının tarixi, dili, dünya görüşü öz əksini tapıb. Xalqı, onun düşüncəsini bu dastanda bütün çalarları ilə görmək olur.

  – "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması var. Buradakı Əzrayıl obrazı dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə İslamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir. İstərdim bu məqamlardan danışaq.
  – Müxtəlif xalqlar və millətlərdən ibarət olsa da Yer kürəsi vahiddir və bu dünyada yaşayan insanların düşüncələri arasında az fərq var. Xüsusən də, qədim insanların. Ona görə də hansısa dastanla, miflə "Kitabi-Dədə Qorqud” arasında oxşarlıq tapmaq normal haldır. Ancaq müxtəlif fikirlər var ki, dastanın bəzi boylarına İslam motivləri əlavə olunub, bunu təkcə Əzrail obrazına görə yox, məişət hadisələri fonunda, eləcə də Dədə Qorqudun dilindəki alqışlardan da görmək olur.

  – Dastan qədim türklərin evlilik adətlərinə də güzgü tutur: qadın kişiyə məğlub olur, sonra ona ərə gedir. Banuçiçəyin Beyrəyə məğlub olmasını xatırlayaq. Yəni İslam adətlərinin dastana sonradan əlavə edilməsi elə təkcə bu məqamda necə aydın hiss olunur. 
  – Bəli, bu cür məqamlar göstərir ki, dastana İslam ehkamları sonradan salınıb. Çünki dastanın yazıya alındığı dövr İslamın təşəkkülü və yayılması vaxtına düşüb. Yəni dastan dildən yazıya köçəndə dəyişib. "Kitabi-Dədə Qorqud”a ən yaxın mətnlər Orxon yazılarıdır. Məsələn, Orxon yazılarında belə bir ifadə var: "görür gözüm görməztək oldu”. Eyni ifadəyə "Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir.

  – Sizcə, niyə dastanda İslam dini üçün xarakterik olan adətlər yoxdur? Məsələn, qadınlarn hicaba bürünməsi, çoxarvadlıq və s.?
  – Mən o fikirdəyəm ki, bu dastan İslam dinindən qədimdir. Burada nə qədər İslam dininin yarandığı dövrə xas əlamətlər olsa da, türklərin tarixi köklərinə daha çox bağlılıq var.

  – "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda ananın oğluna canını verməməsi, sizcə, Azərbaycan qadını üçün xarakterik xüsusiyyətdirmi?
  – "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda ideya belədir: eşq ölümə qalib gəlir. Bu məqamda digər nüanslar kənarda qalır, yəni təfərrüata varılmır. Həmin boyda əgər ata, ana öz övladına canını versəydi, onda Domrulun qadını necə olacaqdı? Bu zaman onlar sevgilərinin gücünü necə izhar edəcəkdilər? Bizdə aşıq şeirində belə məqamlar var, məsələn, deyilir ki, "atam anam sənə qurban”.
 
 

  – Dastanda Şöklü Məlik ermənidir, ancaq filmdə Qıpçaq Məlik kimi təqdim edilib, buna səbəb ekranlaşdırıldığı dövrün reallığı idi?
  – Dastanın mətnində Şöklü Məliyin erməni olması göstərilmir. Ümumən dastanda "erməni” anlayışı yoxdur, bu da həmin dövrdə ərazilərimizdə ermənilərin olmamasına sübutdur. Xristian qıpçaqları, yəni xristianlığı qəbul etmiş qıpçaqlar da var, müharibə onların arasında gedir. Qafqazda dini mübarizəni məhz həmin xristianlığı qəbul etmiş qıpçaqlar aparıblar. Sovet dövründə isə dini məsələləri çox qabarda bilməzdim. Ümumiyyətlə, Sovet vaxtı o dastana film çəkilməsinə nail olmağımızn özü böyük qəhrəmanlıq idi. Bu film imperiyanın siyasətinə xidmət eləməsə də, Sovet qadağaları təbii ki, özünü göstərirdi.

  – Sizcə, niyə "Kitabi Dədə Qorqud” dastanını insanlar kitabdan yox, filmdən tanıyırlar?
  – Ona görə ki, tarixən müxtəlif imperiyaların əsarətində olmuşuq, öz dövlətimiz yarananda da, İslam, yəni din amili güclü olub. Beləliklə, dastandakı həyat tərzi, yaşam modeli zaman keçdikcə aktuallığını qoruya bilməyib. Sonra Sovet imperiyası yaranıb və daha da çox ideoloji basqılara məruz qalmışıq. Ancaq filmin çəkilməsi dastanın şöhrətini daha da artırdı, yəni az vaxtda bütün xalqa çatdı. 

  – Maraqlıdır ki, Bayandur xan dastanda cəmi bir-neçə yerdə xatırlanır, hökümdara xüsusi pərəstiş görünmür.
  – Düzdür, dastanda Bayandur xan bir obraz kimi çox görünmür. Ancaq bir neçə məqamla onun kimliyi əyan olur. Heç Dədə Qorqud da dastandakı hadisələrdə çox böyük rol oynamır, sadəcə müqəddimədə xatırlanır, bəzi boylarda iştirak edir və boyların sonluğunda görünür. Çünki "Kitabi Dədə Qorqud” digər qəhrəmanlıq dastanlarından (məsələn, "Koroğlu”) fərqlənir – burda bir nəfərin yox, bir elin qəhrəmanlığından söhbət gedir.

  – Qazan xan 16 il əsirlikdə qalır, ola bilərdimi ki, oğuz eli 16 il hökmdarsız qalsın?
  – Dastan realist əsər deyil ki, biz ona belə tələblər qoyaq. Dastanın öz "qanun”ları olur. Yazıçı müəyyən bir əsəri yazanda nəsrdə nələr tələb olunursa, gərək əməl edə. Dastan isə mifoloji təfəkkürün məhsuludur və mif məntiqinə əsaslanır. Ona görə də belə məqamlar ola bilər.

  – "Kitabi-Dədə Qorqud”da başqa qəhrəmanlıq dastanlarından fərqli olaraq insana məxsus pis cəhətlər yaxşı xüsusiyyətlərlə yanaşı təqdim olunur. Sizcə, bu amilin mənfi və müsbət tərəfləri nədən ibarətdir?
  – Məncə, bunun mənfi cəhəti yoxdur. Sədaqət, sevgi, riyakarlıq, xəyanət və s. insana xas əlamətlər, həyat bütün rəngarəngliyi ilə əks etdirilir. Bu, dastanın başqa dastanlardan daha real, daha gerçək olduğuna dəlalət edir.

  – Dastan haqqında belə bir fikir də var: Məsələn, "Min bir gecə dastan”ı ərəb dilinin quruluşuna uyğundur. Yəni ərəb dili flektiv dildir, sözlər içindən dəyişir, deyək ki, "hökm” və "hakim” sözləri kimi. Ona görə də "Min bir gecə” dastanında dilin quruluşu kimi hadisələr də bir-birinin içindən çıxır, dəyişir. Ancaq Azərbaycan dili iltisaqi dildir. Yəni sözün kökü var və sözlər o kökə uyğun şəkilçilərlə dəyişir. "Kitabi Dədə Qorqud” dastanında da quruluş belədir ki, əsas hadisə – kök qəhrəmanlıq, boylarsa o qəhrəmanlığı müxtəlif aspektlərdə mənalandıran vasitələr, belə demək mümkünsə – şəkilçilərdir. Siz necə düşünürsüz, dilin quruluşu dastanın quruluşuna təsir edibmi?
  – Ola bilər ki, dilin quruluşu dastanın quruluşuna müəyyən qədər təsir etsin. Amma mən oxuyanda o cür məqamlara fikr verməmişəm. Çünki dastanı dilçi kimi yox, yazıçı və oxucu kimi qavramağa çalışmışam.
 
  Söhbətləşdi: Fərid Hüseyn