Biz imzaları yox, əsərləri dərc edirik...

Bu çox kədərli əhvalatdır – Gi de Mopassanın hekayəsi
1046
13 İyul 2017, 13:10
  Artkaspi.az Gi de Mopassanın "Dul" hekayəsini təqdim edir:
 

 
  Əhvalatı ilk dəfə  Baneville malikanəsində ov mövsümündə danışıblar. Həmin il payız çox yağışlı və cansıxıcı keçirdi.  Qızılı, sarı yarpaqlar ayaqlar altında qalıb xışıldamaqdansa palçığa batıb qalırdı. 
  Meşə də çox nəmişlik, rütubətli idi. Hər tərəfdən kif, yaş ot  və  nəm torpaq iyi gəlirdi. Ovçular meşədən yorğun, islanmış  qayıdırdı. Meşəyə gedən cavan qadınlar isə həm ruhən, həm də cismən yorulurdu. 
  Şam yeməyindən sonra malikanənin qonaqları  qonaq otağına  toplaşıb loto  oynayırdılar, ancaq oyun  onlara ləzzət eləmirdi, çünki küləyin vıyıltısı evdə də eşidilir, adamı narahat edirdi.  Oyun oynamaqdan bezəndən sonra hamı kitabda oxuduğu nağılı, yaxud hekayəni danışmağa başladı, heç kim özündən bir şey uydurub demədi.  Ovçular  ov haqqında  oxuduqları nağılları danışırdılar. Qadınlar nə vaxtsa oxuduqlarını xatırlamağa çalışırdılar. Onlar  nağıl danışmaqdan da vaz  keçmək istəyirdilər. Ancaq bu vaxt  qarımış  qızın əlini tumarlayan cavan qadının   gözləri onun  barmağındakı sarışın  tükdən hörülmüş üzüyə sataşdı. Bəlkə də cavan qadın bunu dəfələrlə görmüş, ancaq fikir verməmişdi. İndi isə barmağa dolanmış tük onu çox maraqlandırdı, qadının barmağını sığallayıb soruşdu:
  –  Ay xala, bu nə üzükdür? Elə bil uşaq tükündən hazırlanıb. 
  Yaşlı qadın  bu qəfil sualdan karıxdı. Rəngi ağardı. Bir az susandan sonra səsi titrəyə-titrəyə dedi: 
  –  Bu çox kədərli əhvalatdır. O qədər qəmlidir ki, heç vaxt bu barədə danışmaq istəməmişəm. Həyatımdakı bütün bədbəxtliklər bu əhvalatdan sonra başladı. Onda mən çox cavan idim. Hər dəfə bu barədə düşünəndə gözlərim dolur.
  Qadının sözləri hamının diqqətini çəkdi, hamı o əhvalatı eşitmək istədi. Lakin qoca qadın əhvalatı danışmaqdan imtina edirdi.  Nəhayət, ona yalvar-yaxar edib yola gətirdilr. Budur, onun danışdığı əhvalat:
  – Siz bilirsiniz ki, mən tez-tez Santeze ailəsi haqqında söhbət edirəm. Mən bu ailənin üç kişi üzvünü tanıyırdım. Bu kişilərin hər biri eyni üsulla öldü. Barmağıma doladığım bu tük ailənin ən sonuncu kişi üzvünün  tüküdür. Mənə görə özünü öldürəndə onun   13 yaşı vardı. Sözlərim sizə qəribə görünür, elə deyilmi?
  Ah, o ailə çox qəribə  idi! Deyərdim ki, lap dəlilik dərəcəsində  qəribə idilər. Siz düşündüyünüz kimi dəlilik yox.  Sevgi dəliliyi.  Onlar çox ehtiraslı idi, sevgidən ötrü hər şeyə hazır idilər, hətta cinayət də törədə bilərdilər. Neyləmək olardı, onlar belə doğulmuşdu. Belə bir ifadə  də  yayılmışdı: " Santezelər kimi ehtiraslı”. 
  Onlara baxan kimi nə qədər ehtiraslı olduqlarını görmək olurdu. Hamısının qıvrım saçı vardı,  qaşlarının üstünə düşürdü. Saqqalları da qıvrım idi, iri gözləri vardı, baxışları insanı titrədirdi,  heç kim də bunun səbəbini deyə bilməzdi.
  Bu tük sahibinin babası cavanlıqda çoxlu macəralardan sonra 65 yaşına çatanda öz çobanının qızına vurulur. Mən onların hər ikisini tanıyırdım, kişini də, onun vurulduğu qızı da. Qız sarışın saçlı, solğun üzlü  idi. Başqalarından fərqliydi, yavaş-yavaş,  zəif səslə danışır,  elə baxırdı ki, sanki adi çoban qızı deyil, zadəgən nəslindəndir.  65 yaşlı Santeze o qızı  evinə apardı, o qədər məftun olmuşdu ki, onsuz bir dəqiqə də ayrı qala bilmirdi. Kişinin qızı, gəlini də onlarla birlikdə yaşayırdı. Onlar bunu adi şey hesab edirdilər, çünki bu ailədə sevgi adət-ənənə formasına keçmişdi, ona görə də ehtirasla bağlı heç nə  onları təəccübləndirmirdi. Bu ailədə sevgi faciələrinə çox həssaslıqla  yanaşırdılar. Hətta sevən  adam cinayətə əl atsa da buna təəccüblənmirdilər. 
  Bir gün  bu qız Gradelle adlı bir  cavan ovçuya qoşulub qaçdı. Hadisə barədə eşidəndə cənab Santeze heç nə demədi,  çox sakit qarşıladı bu xəbəri,  elə bil heç nə baş verməmişdi.  Ancaq o biri gün səhər onun meyidini tapdılar. İtlərin damında özünü asmışdı. 
  Cənab Santezenin  oğlu da intihar etdi. 1841-ci ildə Parisə səfər etmiş,  oteldə özünü öldürmüşdü. Opera müğənnisi olan sevgilisi  ona xəyanət etmişdi. 12 yaşlı oğlu və arvadı tək qaldı. Onun arvadı mənim xalam idi. Biz Bertillonda yaşayanda xalam  öz oğlu ilə birlikdə gəlib bizimlə yaşamağa başladılar.  O vaxt mənim 17 yaşım vardı.
  Kaş o  oğlanı  siz də görəydiniz! O, çox  yaraşıqlı idi və  yaşından çox böyük görünürdü.  Özündən yaşlı nəsillərdəki bütün gözəllik, incəlik onda cəmlənmişdi. Bütün günü fikirli  halda evimizin yaxınlığındakı ağcaqayın ağacları arasında gəzişirdi. Otağımın pəncərəsindən bu sentimental oğlana tamaşa edirdim.  Pilləkənləri qalxanda əllərini arxasına qoyar, başını aşağı dikib  fikirli-fikirli pillələri qalxardı. Hərdən də dayanar, başını qaldırıb mən tərəfə baxardı. 
  Hərdən aylı gecələrdə mənə deyərdi:
  – Xalaqızı, gəl gedək parka ! Gəl, orada yaxşı şeyləri xəyalımıza gətirək!
  Biz bir yerdə  evimizin qarşısındakı parka gedirdik. Qəflətən o, məndən bir addım irəli  gedər, qarşımda dayanar, əllərimi bərk-bərk sıxıb deyərdi:
  – Sən məni başa düşmürsən, bunu bilirəm. Əgər sən məni başa düşsən biz xoşbəxt olarıq.
  Mən onun sözlərinə gülər və  məni dəli kimi sevən bu  uşağı öpərdim.
  Bəzən o, mənim anamın dizləri üstə oturub deyərdi:
  – Xala, mənə sevgi nağılları danış. 
  Anam da ona babalarının həyatında olan sevgi macəralarından danışardı. Anam bəzi şeyləri özü uydursa da danışdıqlarının çox hissəsi həqiqət idi. Anam danışıb qurtarandan sonra bu balaca oğlan əllərini bir-birinə vurub deyərdi:
  – Mən də belə olacam!  Mən də sevməyi bilirəm.  Hamıdan  yaxşı sevə bilirəm!
  O,  sözünü bitirib məni qəribə baxışlarla elə süzərdi ki, hamımız gülüşərdik. 
  Hər gün səhər mənə gül gətirərdi. Hər axşam yatmazdan qabaq mənim əlimi öpüb pıçıldayardı:
  – Mən səni sevirəm.
 

  Mən özümü çox şeyə görə günahkar hesab edirəm. Bəlkə də  o günahlarıma görə Allah məni  cəzalandırdı. Mən ömrüm boyu ərə getmədim,  nişanlısı  ölmüş qız kimi yaşadım,  onun dul qalmış sevgilisi...
Onun hisslərinə heyran olmuşdum, hətta bəzən onu ruhlandırırdım. O uşağı dəli etmişdim. Mən sanki onunla  oyun oynayırdım, bu oyun o, mən və anam üçün   gözəl bir əyləncə idi. Onun 12 yaşı vardı! Bir özünüz fikirləşin! 12 yaşlı uşağın sevgisini kim ciddi hesab edərdi? O, mənim onu öpməyimi istəyəndə öpürdüm.  Hətta ona  qısa məktublar da yazardım, bu məktubları analarımız oxuyardı. O  da mənə  sevgi dolu məktublar yazardı. Bu məktubları hələ də saxlayıram.  Sanki biz hər ikimiz onun Santeze nəslinə mənsub olduğunu unutmuşduq. 
  Təxminən bir il belə davam etdi. Bir axşam biz parkda gəzəndə o, mənim qarşımda diz çökdü, donumun ətəyini  öpə-öpə  eyni  sözü təkrar etdi:
  – Mən səni sevirəm! Mən səni sevirəm! Mən səni sevirəm!  Əgər sən məni atıb başqasına getsən mən də atam kimi edəcəm! 
  Daha sonra o, xırıltılı səslə  əlavə etdi:
  – Onun nə etdiyini çox yaxşı bilirsən!
 Mən yerimdə donub qaldım. O, ayağa qalxdı, qulağıma söz demək üçün barmaqlarının ucunda durdu, çünki mən ondan hündür idim. Adımı titrək səslə dedi: 
  – Jenevyeva! 
  O, adımı elə ehtirasla deyirdi ki,  mənim bütün bədənim titrədi, kəkələyə-kəkələyə dedim:
  – Gəl, evə gedək! Gəl, evə gedək! 
  O, heç nə demədi, mən evimizə tərəf döndüm, o da arxamca gəldi. Evimizin pilləkənində məni səsləyib dedi:
  – Əgər sən məni tərk etsən mən özümü öldürəcəm.
  Yalnız o vaxt başa düşdüm ki, mən ona həddindən çox ümid vermişəm. 
  Bir gün yenə də mənə yaxınlaşanda ona dedim:
  – Sən  balaca uşaq deyilsən ki, zarafat edəsən,  ciddi sevgi üçün isə hələ çox balacasan. Mən gözləyəcəm. 
  Fikirləşirdim ki, məsələyə bununla da son qoyulacaq.
  Payızda onu internat məktəbinə göndərdilər. O biri yay o bizə gələndə mən artıq nişanlanmışdm. O nişanlandığımı dərhal başa düşdü. Demək olar ki, bir həftə fikirli oldu, mən çox narahat olmuşdum. 
 Yay tətilinə gəldiyi doqquzuncu gün səhər mən otağımın qapısı ağzında bir balaca kağız parçası gördüm.  Məktubu açıb oxudum:
  "Sən məni tərk etmisən. Sənə o vaxt nə dediyimi bilirsən. Sən məni ölümə sürüklədin. İstəmirəm ki, meyidimi  başqası görsün. Keçən il  parkda sənə sevgimi elan etdiyim yerə gəl və başını qaldırıb yuxarı bax!”
  Az qaldım ki, dəli olam.  Tez paltarımı geyinib evdən çıxdım. Yüyürə-yüyürə dediyi yerə getdim. Onun balaca papağı yerdə idi,  palçığın  içində, çünki bütün gecə  güclü yağış yağımışdı. 
  Başımı qaldırıb yuxarı baxdım və  ağacın budağından  nəyinsə sallandığını  gördüm.
  Heç bilmirəm onu ağacdan asıla qalmış vəziyyətdə görəndə nə etdim. Yəqin ki, qışqırmışam, sonra ürəyim gedib və yerə yıxılmışam.  Özümə gələn kimi evə qaçmışam. Sonra çarpayıda uzandığmı xatırlayıram, anam da çarpayımın qırağında oturmuşdu.  Elə fikirləşirdim ki,  dəhşətli yuxu görmüşəm. Dilim topuq çala -çala soruşdum:
  –  Bəs o hanı? O  hanı? Gontran hanı?
  Anam heç  nə demədi. Deməli, gördüyüm yuxu yox, həqiqət imiş.
 Mən onun meyidinə bir də cürət edib baxa bilmədim. Ancaq xahiş etdim ki,  onun sarışın saçından bir çəngə  mənə versinlər.    Budur onun tükləri!
  Yaşlı  qadın titrəyən əlini irəli  uzatdı, bir neçə dəfə burnunu çəkdi, gözlərinin yaşını silib davam etdi:
  –  Mən nişanımı qaytardım, heç bir səbəb demədən.  O vaxtdan bəri  özümü 13 yaşlı uşağın dul qalmış qadını hesab edirəm. 
  Qadın sözünü bitirib başını aşağı  dikdi, sakitcə ağlamağa başladı.
  Malikanədəki qonaqlar getməyə hazırlaşanda ucaboy bir kişi yanındakı kişiyə pıçıldadı:
  –  Bu dərəcədə  sentimental  olmaq bədbəxtik deyilmi?
 
  İngilis dilindən tərcümə edən: Sevil Gültən
 
 
 
 
 
 
 

Xəbər lenti