Biz imzaları yox, əsərləri dərc edirik...

Bu, bizim Milli Nobelimizdir "Qızıl kəlmə"nin qalibləri danışdılar
2140
08 May 2017, 11:36

Son günlərdə ən çox müzakirə edilən ədəbi mövzularından biri ötən həftə qalibləri müəyyənləşən "Qızıl Kəlmə" ədəbi mükafatıdır. artkaspi.az Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təsis olunmuş "Qızıl Kəlmə”nin əvvəlki və builki qaliblərinin mükafat barədə fikirlərini təqdim edir:

 

 


Kamran Nəzirli:

 

Əvvəla, belə bir mötəbər mükafatı – "Qızıl kəlmə"ni qazanan qələm dostlarımın hər birini təbrik edirəm. Layiqdirlər. Və bu mükafatı təsis edən Mədəniyyət və Turizm Nazirliyinə də minnətdarlığımı bildirirəm. Mən də bu mükafata 2014-cü ildə layiq görülmüşəm. Sizə deyim ki, belə bir mükafatın iki ildən bir elan edilib təqdim edilməsi ölkədə bədii və yüksək sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərlərin sayını artırır. Üstəlik yeni-yeni istedadlar meydana çıxır. Yaradıcı adamlar arasında sözün yaxşı mənasında rəqabət yaranır, nəsr, poeziya, ədəbi tənqid, publisistika və orijinaldan tərcümə sahəsində canlanma yaranır, yeni yaradıcılıq axtarışları üçün zəmin yaranır. Stimuldur. Yaradıcı adam üçün stimul mütləq vacibdir. Əgər onun meydana qoyduğu ədəbi məhsula qiymət verilirsə, onu dəyərləndirirlərsə (eybi yox, qoy hələlik az məbləğdə olsun, amma olsun!) bunu yalnız alqışlamaq lazımdır. Və mən inanıram ki, gələcəkdə belə nüfuzlu mükafatların sayı artacaq, yaradıcı adamlar yaratdıqları əsərlərə görə daha sanballı məbləğlər alacaqlar.   

Bilirsiz, məncə ədəbiyyat öz mahiyyətinə görə şəxsiyyətin yaradıcılığıdır. O, necə deyərlər, şəxsiyyətin düşüncələrini, hisslərini, fikir və mülahizələrini düzgün çatdırmalıdır xalqa. Lakin şəxsiyyətin yaradıcılığı o zaman məhsuldar olur və düzgün çatdırılır ki, onun iqtisadi azadlığı da müəyyən mənada qol-qanad açsın, yəni yazıçı, şair yaxşı əsər yazmaq üçün maddi sıxıntılar yaşamasın; o yazdığı kitabın, əsərin dəyərini, qiymətini almalıdır. Əks təqdirdə, o əsər kimə və nəyə lazımdır? Dünya ölkələrinin təcrübəsi göstərir ki, sanballı mükafatlar və qonorarlar hesabına yazıçıların həyatı, güzəranı, məişəti ildırım sürətiylə dəyişir, yəni yaxşılığa doğru gedir. Yazıçılar yaxşı pul mükafatları alırlar, nəşriyyatlarla, ayrı-ayrı qurumlarla müqavilələr əsasında iş birlikləri yaradırlar. Nəticədə yaxşı-yaxşı əsərlər meydana çıxır. Yəni bu, məsələnin bir tərəfidir, özü də vacib tərəfi. Müasir dövr belə tələb edir. Daha doğrusu kitabın, ədəbi əsərlərin ədəbi-bədii məziyyətlərini qəbul etməyin çətinləşdiyi bir zamanda belə mükafatların təsis edilib təqdim olunması çox əhəmiyyətlidir. Bir daha qeyd edirəm ki, "Qızıl kəlmə" bu sahədə hələ kövrək addımlarını atır. İnanmaq istəyirəm ki, gələcək illərdə bu mükafat bütün regionda ən sanballı mükafatlardan biri olacaq.

 

 


Elçin Hüseynbəyli:

 

2009-cu ildən nəsr nominasiyası üzrə Aqil Abbas "Dolu" əsəriylə, mən isə  "On üçüncü həvari – Don Juan" romanımla qalib olmuşduq. Müsabiqənin obyektivliyinə heç bir şübhəm yoxdur. Ümumilikdə götürəndə bütün bölmələr üzrə bu mükafatı alan müəlliflərin hamısı ona layiqdirlər. İstər publisistika olsun, istər poeziya, istər nəsr, istər uşaq poeziyası, istərsə də tənqid. Həmkarlarımın uğurlarına sevinirəm. Bütün nəticələrin obyektivliyinə əminəm. Mədəniyyət və Turizm Nazirliyinə belə bir müsabiqəni keçirdiyinə və maksimum dərəcədə obyektiv olduğuna görə təşəkkür edirəm.

 

 

 

Elxan Zal Qaraxanlı:

 

Bu çox gözəl müsabiqədir, hesab edirəm ki, həm də çox gözəl ənənədir. Sovetlər dağılandan sonra dövlət səviyyəsində olan bu ədəbi mükafatlar ənənəsi də dağılıb getmişdi. Bu ilk ədəbi mükafat oldu. Yaradıcı adamların maddi cəhətdən ehtiyacları olsa da, bu cür şeylərə daha çox mənəvi ehtiyacı var. Mədəniyyət və Turizm Nazirliyi bu mükafatı təsis etdi və bu çox böyük bir hadisə oldu. Mən mükafatın builki təqdimat mərasimində də iştirak etdim və görünür ki, get-gedə müsabiqə təkmilləşir. Nazir qeyd etdiyi kimi, təkcə mükafatı vermək yox, həm də müsabiqəni geniş reklam etmək, yaymaq lazımdır. Bu işdə ədəbiyyat qurumları də yaxından köməklik göstərməlidir. Təbliğat mütləq aparılmalıdır ki, müsabiqə kiçik dairədə qalmasın, daha genişlənsin. Mən sonuncu mükafatlandırmada da iştirak etdim. Hiss olunur ki bu il müsabiqə daha da təkmilləşib, daha da yetkinləşib. Sona xanım Vəliyeva, Vaqif Bayatlı Odər, Bəsti Əlibəyli və başqaları bu il ödül alıblar. Mən komissiyanın işindən də çox razıyam. Ümumiyyətlə, müəyyən narazılıqlar olsa da, get-gedə müsabiqə genişlənir və daha da ciddi bir forma alır. Faktiki olaraq "Qızıl kəlmə" Azərbaycanda əsas ədəbiyyat mükafatıdır, ondan yüksəyi artıq dövlət mükafatıdır. Bütün qalibləri təbrik edirəm.

 

 

 

Varis Yolçuyev:

 

"Qızıl kəlmə”ni yeganə nüfuzlu ədəbiyyat mükafatı adlandırmaq olar. Deyim ki, mükafatın təsisçisi olan Mədəniyyət və Turizm Nazirliyinin tələbkarlığı, nüfuzlu şəxslərdən ibarət münsiflər heyətinin obyektivliyi sayəsində bu mükafat heç vaxt təsadüfi adamlara qismət olmur, tam olaraq ədəbiyyatımızın inkişafına xidmət göstərir. Düşünürəm ki, elə bu il də ən layiqlilər mükafatlandırıldılar.

 

 


Əsəd Cahangir:

 

"Qızıl Kəlmə" dövlətimizin ədəbiyyatın müəyyən sahələri üzrə seçilən yazıçılara verdiyi ali ədəbiyyat mükafatıdır. Bu bir növ bizim Milli Nobelimizdir. Mükafat komissiyasının işini bütövlükdə qənaətbəxş saymağa mane olmur. Bir neçə il öncə mən də "Kim yatmış, kim oyaq" kitabıma görə bu mükafata layiq görülmüşəm. Yalnız nəticələr elan olunanda bildim ki, qaliblər siyahısındayam. Bunun özü də komissiyanın işinə vicdanla yanaşmasının göstəricisi idi.
     Bu il qalib gələn əsərlər sırasında Sona Vəliyevanın "İşığa gedən yol” romanı və Vaqif Bayatlı Odərin şeirlərini görməkdən məmnun oldum. Tanınmış şair, publisist, ədəbiyyatşünas alim S.Vəliyevanın "İşığa gedən yol" romanı böyük ictimai xadim, milli mətbuat və teatrımızın banisi H.Zərdabiyə həsr olunan ilk romandır. Lakin məsələ bununla bitmir, o həm də bizim yeni dəyər müəyyənləşdirən ilk neomaarifçi romanımızdır. Məncə bunlar romanın qələbəsini şərtləndirən ciddi amillərdir. İnanıram ki, bu hələ başlanğıcdır, işığa gedən yola çıxan Sona xanımın nəsr yaradıcılığının davamı gələcək. Vaqif Bayatlı Odər ötən əsrin 70-ci illərindən poetik fikrimizdə yeni mərhələ yaradan üç şairdən biridir və məncə onun özünəməxsus dil və obrazlar sistemi, metafizik məzmunu ilə oxucunun ruhunu təmizləyən şeir-dualarının jüri tərəfindən yüksək qiymətləndirilməsi hamının ürəyindən oldu. Əzizimiz Vaqif bəyə can sağlığı və yaradıcılıq uğurları arzu edirəm. Tənqid və ədəbiyyatşünaslıq nominasiyası üzrə qaliblər sırasında Bəsti Əlibəylinin "İkinci mətn" və Nərgiz Cabbarlının "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı" kitablarını görmək də xoş oldu. Çünki obyektivliyi, ciddiliyi ilə seçilən hər iki xanımın kitabını müstəqillik öncəsi və sonrası ədəbiyyatımızın analitik güzgüsü saymaq olar. Tərcümə sahəsində Əyyub Qiyasın Svetlana Aleksiyeviçdən tərcüməsi, uşaq ədəbiyyatı nominasiyası üzrə Zahid Xəlilin "Ağ leyləklər" kitabını seçməkdə də jüri məncə, ədalətli qərar çıxarıb. Və nəhayət şanslılar sırasında Mirmehdi Ağaoğlunun adı öz yerində göründü. Arzu edirəm ki, bu şans gerçəkliyə çevrilsin. Komissiyaya bundan sonrakı fəaliyyətində də öz ədalətli mövqeyini qoruyub saxlamağı arzu edirəm

  

 

 

   Nəriman Əbdülrəhmanlı:

 

   Təbiətinə görə hər bir müsabiqə subyektivdir, münsiflər heyəti üzvlərinin şəxsi fikirlərini əks etdirir. Hətta dünyanın ən nüfuzlu mükafatı olan Nobel mükafatını belə obyektiv hesab eləmək çətindi. Son məqamda nəticə təqdim olunan əsərlərin arasından seçilir və münsiflər heyəti üzvlərinin mövqeyini əks etdirir. Bu mənada "Qızıl kəlmə" mükafatı da istisna deyil. Şübhəsiz, mükafata təqdim olunmuş və ya olunmamış daha yaxşı əsərlərin mövcudluğunu iddia etmək mümkündü. Ancaq seçim səlahiyyəti olan kəslər öz mövqelərini bu cür bildiriblərsə, gerisi ancaq təfərrüatdır. Əlbəttə, mən də Tərcüməmin "Şans" nominasiyasında yox, ən yaxşı tərcümə nominasiyasında birinci ola biləcəyinə iddia edirdim. Bununla belə, oxucunun fikri mənim üçün əsasdır. Əgər oxucu bu iki nominasiyada mükafat almış tərcümələrin səviyyəsini müqayisə edib fikir söylərsə, bunu daha məqbul sayaram. Ümumiyyətlə isə, müsabiqələrdə iştirak etməməyə çalışıram, yəqin ki bunun da səbəbi mütləq obyektivliyin mövcudluğuna bəslədiyim şübhədir. Amma bir həqiqət də var ki, müsabiqələr olmasa, ədəbi aləm xeyli maraqsız olar.

 


 

   Əyyub Qiyas:

 

   "Qızıl kəlmə" ölkənin ən nüfuzlu ədəbiyyat mükafatıdır. Bu mükafata layiq görüldüyüm üçün qürur duyuram. Mükafatçılar sırasında adı ədəbi aləmdə yetərincə qəbul olunan imzalar var. Elə düşünürəm ki, münsiflər seçim etməyə çox çətinlik çəkiblər. Bütün qalibləri ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edib nəsr nominasiyası üzrə qalib gələn Sona xanım Vəliyevaya da təbriklərimi çatdırmaq istəyirəm. Təbii ki, istənilən mükafatla bağlı narazılıqlar olur, bu insanların mükafata sayğısızlığından yox, özləri də o mükafatı almaq istəklərindən irəli gəlir. Biz qalibik, qalibləri isə sorğu-sual etmirlər!

 

 


Pərvin Nurəliyeva:

 

2013-cü ildə nəsr nominasiya üzrə mən "Qar yağacaq", Mustafa Çəmənli isə "Ölüm mələyi" əsərinə görə mükafata layiq görüldük. Bir gənc yazar olaraq, əlbəttə ki, bu mükafat yaradıcılığımda böyük bir stimul oldu. Çünki daha öncəki illərdə sevib-seçdiyim digər nüfuzlu yazıçılar da bu mükafatı almışdılar. Və ilk nəsr kitabımın bu mükafata layiq görülməsi mənim üçün çox böyük hadisə idi. Və əlbəttə ki, sonrakı yaradıcılığımda da bu müsabiqədən, bu mükafatdan aldığım ruh yüksəkliyinin, stimulun böyük əhəmiyyəti, rolu olmuş və mənə xeyli uğur gətirmişdir. Bir gənc yazıçı olaraq imzamın tanınmasında və ciddiyə alınmasında mühüm rol oynamışdır. Ümumiyyətlə ədəbiyyatın, kitabın aktuallaşması, cəmiyyətdə mövzuya çevrilməsi, hətta deyək ki, mübahisə mövzusuna çevrilməsi, ən fərqli düşüncələrin ortaya çıxmasına rəğmən, yenə də kitabın, ədəbiyyatın müzakirə olunması baxımından belə bir mükafatın verilməsi çox önəmlidir. Və demək olar ki, bu il də bütün nominasiyalarda qalib olmuş müəlliflərin əsərləriylə tanışam. Hər birinin bu mükafata layiq olmasını da bilirəm. Mənə bir nasir olaraq, daha çox nəsr nominasiyası üzrə qalib maraqlı olsa da, poeziyada Vaqif Bayatlı Odər kimi istedadlı və mənim çox sevdiyim şairin mükafatlandırılması, gənclərdən Şəhriyar del Geraninin çox bəyəndiyim "Darıxmağın adı" kitabının qalib gəlməsi məni çox sevindirdi. Və düşünürəm ki, münsiflər heyəti seçim edərkən son dərəcədə dəqiq və obyektiv olublar. Bu işə həssaslıqla yanaşıblar. Sona xanım Vəliyevanın "İşığa gedən yol" əsərini, xüsusilə vurğulamaq istəyirəm. Həsən bəy Zərdabinin həyat və yaradıcılığına və ümumiyyətlə müəllifin dediyi kimi, keçdiyi yola həsr olunmuş bu kitabı son dərəcə maraqlı bir əsərdir. Və mən "Qadınlar" layihəmdə Zərdabinin xanımı haqqında yazacağam və yazarkən də mütləq o kitaba müraciət edib istifadə edəcəyəm. Cənab nazir çıxışında qeyd etdiyi kimi bu ilki müsabiqədə ötən ilki müsabiqələrə müqayisədə təqdim olunan əsərlərin sayı çox artıb. Bu cür müsabiqələrin elan olunması, müəlliflərin müsabiqəyə maraq göstərməsi, qatılması, göstərir ki, ədəbiyyata maraq çoxalır və müxtəlif insanların dilinə düşən "ədəbiyyat varmı, yoxmu, yeni ədəbiyyat yaranırmı, yaranmırmı" kimi suallarına cavabdır. Əlbəttə ki, ayrı-ayrı gözəl əsərlər yaranır və gözəl əsərlər bu cür gözəl mükafatlara layiq görülür.

 

   Hazırladı:   Xanım AYDIN