Biz imzaları yox, əsərləri dərc edirik...

Ölməzlik dözülməzdir... – Borxes haqqında söhbət
1538
16 Aprel 2017, 11:21

artkaspi.az Borxes barədə Silviya Zimmermanla söhbəti təqdim edir:

 


Aprelin 6-sı tanınmış Argentina yazıçısı xanım Silviya Zimmermann del Castillo Azərbaycan Yazıçılar Birliyində mühazirə oxudu. Borxeslə bağlı bu mühazirə, "Borxes: estetik hadisə kimi söz” adlanırdı. Argentinanın ölkəmizdəki səfirliyinin təşkil etdiyi və bir neçə səfirin, o cümlədən cənab Karlos Dante Rivanın iştirak etdiyi bu maraqlı görüş və mühazirə zamanı mən həm də yetişməkdə olan bir neçə gənc ispan dili mütəxəssisi, istedadlı tərcüməçiləri, səfirliyin əməkdaşlarını  Tutu Yunusova, Ülkər Həsənova və Sura Rzayevanı özüm üçün kəşf etdim. Və sonradan xanım Silviya ilə ayrıca görüşü də təşkil etmək üçün mən elə Tutu xanıma müraciət etdim ki, o da sağ olsun, sözümüzü yerə salmadı. Aprelin 7- si axşam xanım Silviya Zimmermann, professor Cavanşir Yusifli və mən görüşdük.

Bizim diqqətimizi ilk əvvəl dahi Borxesin tələbəsi olmağı ilə daha çox çəkən xanım Silviya Buenos-Ayres Universitetinin fəlsəfə və ədəbiyyat fakültəsini bitirib. Sonradan Parisdə Sorbonna Universitetində antropologiya üzrə təhsilini davam etdirib. "Mümkünsüzlüyün ölçüsü, bir qitənin gizli mümkünlüyü” (1993, Buenos-Ayres), "Manuel və yağış” (2006, Dominikan Respublikası) kitablarının müəllifidir. Argentinanın ən nüfuzlu nəşri olan "La Nacion”un köşə yazarıdır. Argentina Qadınlar Ensiklopediyasına adı salınmış xanım Silviya eyni zamanda Sülhməramlı Səfirdir, Roma Klubu Argentina filialının təməlini qoyub, klubun beynəlxalq idarə heyətinin üzvü, filialın direktorudur. Daim Avropa və Amerikanın müxtəlif universitetlərində və elmi mərkəzlərində mühazirələr oxuyur. Elə Bakıya da birbaşa Vatikandan gəlib xanım Silviya. Papanın iştirakı ilə keçirilən "Su və insan” problemlərinə həsr olunmuş beynəlxalq konfransdan. Bakıya səfərinin səbəbi diplomatla ailə quran qızıdır. Həmin yaraşıqlı diplomatın ilk təyinatı Bakı olub. Necə deyərlər, şəxsi səfər ictimai xarakter alıb, xanım Silviya vaxtı boşuna xərcləməmək üçün müəllimi Borxes haqqında da danışmaq qərarı verib. Deyir ki, qızım Bakını sevəcəyimi və həyacanlanacağımı əvvəlcədən söyləyirdi. Soruşuram ki, təsadüfən argentinanlılar şair xalq deyil ki? Deyir ki, yox-yox, Argentinada böyük şairlərin olmasına baxmayaraq bu ifadəni kolumbiyalılara aid eləmək olar. Tanqonun fəlsəfəsindən danışanda deyir ki, tanqo ayrılıqdan doğan iztirab, iztirabın və ayrılığın alovlandırdığı duyğuların rəqsidir. Bu gün Argentinada şeirə münasibət haqqında suallar verirəm. Deyir ki,indi gənclərdə şeirə maraq çox güclüdür; yeni ədəbi tendensiyalar və qəzetlərin ədəbi əlavələri artmaqdadır; Argentina böyük stresslər yaşamış ölkədir və poeziya həm də terapevtik gücə malikdir; Argentina xəstəxanalarında belə şeirin bu gücündən bu gün istifadə edirlər. Sonra bizim bəzi xalq musiqilərinə, eyni zamanda Flora Kərimovanın bəzi ifalarına qulaq asırıq. Olduqca mütəəssir olur, duyğulanır xanım Silviya. Oxuyanın kim olduğunu soruşur, təkrar-təkrar deyirəm və adını yazıb xanım Silviyaya verirəm. "Bu qədər güclü və bu qədər duyğulu səs”...

Yüngül axşam yeməyindən sonra söhbətə başlayırıq.      


  

       – Sizi bir daha salamlayıram. Bilirəm, səfər qrafikiniz sıxdı, bu söhbət üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Sizinlə bağlı press-relizdə qeyd olunub ki, Borxesin tələbəsi olmaqla yanaşı, siz həm də ustadla əməkdaşlıq eləmisiz. Bu neçənci ildə, necə baş verib, necə tanış olmusuz, tələbəlik necə başlayıb və əməkdaşlıq nədən ibarət olub, bu haqda danışın zəhmət olmasa...

 

– Mən Borxesi orta məktəbdən tanımışam, yəni əyani olaraq. Onda kollecdə oxuyurdum, o, bizim kollecə gəldi. Qızlar kollecinə. Direktorumuz da qadın idi. Mən qızlar kollecinin yeganə yazıçısı idim. Şeirlər yazırdım. O məni çağırdı, Borxesə təqdim elədi və dedi ki, bu, bizim Silviyadır, yazıçı olmaq istəyir. Mən emosiyanın, həyacının gücündən nitqimi itirmişdim, dilim tutulmuşdu, güclə danışırdım. Sualları güclə cavablandırırdım. Borxesin məndən ilk soruşduğu bu oldu ki, kolleci nə vaxt bitirəcəm? Dedim ki, bir neçə aydan sonra.

– Bu, neçənci il idi?

– 1969-cu il idi. Dedi ki, kolleci bitirən kimi yanıma gələrsən. Yanıma, Milli Kitabxanaya.

– Səhv eləmirəmsə cənab Borxes onda Argentina Milli Kitabxanasının direktoru idi?

– Bəli, doğrudur. Amma kolleci bitirsəm də onun yanına getmədim.

– Maraqlıdır, niyə?

 Bilirsiz, Borxes mənim üçün o qədər böyük idi və o qədər əziz idi ki, bunu eləməyə cürətim çatmadı. Və beləcə bir il ötüb keçdi. O bir il ərzində mən davamlı olaraq musiqi ilə məşğul olur, hətta deyərdim, musiqinin əsirinə çevrilmişdim. Gitara çalırdım. Şeir oxuyurdum. Oxuduğum şeirlərin arasında Borxesin də bir şeiri vardı. O zamanlar mən heç poeziya və musiqinin əlaqəsi haqda heç nə bilmirdim.

 Bağışlayın, sizin musiqi təhsiliniz var idi?

 Bəli, bəli, var idi . Mən Borxesin mühüm şeirlərindən birinə musiqi bəstələmişdim. Həmin o vaxtlar, anam mənə dedi ki, sən nə üçün cənab Borxesin yanına getmirsən, axı o, bunu özü sənə təklif etmişdi. Günlərin bir günü nəhayət cəsarətimi topladım və telefonu götürüb Milli Kitabxanaya zəng elədim. Katibəyə özümü təqdim edib dedim ki, cənab Borxeslə danışmaq istəyirəm. Az sonra katibə dedi ki, o sizinlə danışacaq və bir qədər sonra isə Borxesin səsi eşidildi. Dedi ki, Silviya, mən səni eşidirəm, necəsən? Dedim ki, kolleci bitirmişəm. Sizin yanınıza gəlmək istəyirəm. Və söylədim ki, bilmirəm necə qəbul eləyəcəksiniz, amma sizin bir şeirinizə də musiqi bəstələmişəm. Dedi ki, gitaranı da götür, gəl, yanıma. Dediyi kimi də elədim. Getdim. Dedi ki, mən səni dinləyirəm. Onun bəstələdiyim mahnını ifa elədim, oxudum, mahnı bitdi, ortalığa sükut çökdü, bir neçə saniyədən sonra o mənə dedi ki, xanım Silviya, bilirsən, biz indi bu dəqiqə əməkdaşlıq etdik, ikimiz ortaya şərikli bir əsər qoyduq. Əlbəttə, bu böyük lütfkarlıq idi. Borxes mənə dedi ki, mən bilirəm siz ingilis dilini orta məktəbdə öyrənmisiz, yaxşı bilirsiz, istərdinizmi bizə gələsiz və mən sizə ingilis-sakson ədəbiyyatını tədris eləyim.

– Bizə, yəni hara?

– Həftədə bir dəfə, hər bazar günü onlara gedirdim. Borxesin evinə. Bütün günü orda keçirirdim. İrland ədəbiyyatını, ingilis ədəbiyyatını, ingilis-sakson ədəbiyyatını o mənə tədris edirdi. Bizim əlaqələrimiz bu şəkildə başladı.

– Bəs, cənab Borxesin tədris metodikası necə idi?

 Oxuyurduq mətnləri... o cümlədən, qədim ingilis dilində də.

– Oxuyurduq deyəndə ki, cənab Borxes görmürdü, yəqin siz oxuyurduz...

 Bəli, lüğət var idi, qədim ingilis dili sözlüyü, onun köməyi ilə oxuyurdum. Cənab Borxes şərh edirdi. Müzakirə edirdik, suallar verirdim və o da izah eləyirdi. Yeri gəlmişkən, o, tərcümə ilə çox dərindən maraqlanırdı və çox dəqiq idi tərcümə məsələsində

– Oxumuşam ki, cənab Borxes tərcüməyə də, təkrar-təkrar redaktəyə də meylli idi.

 O mətnləri, xüsusən öz mətnlərini təkrar redaktədən keçirməyi çox xoşlayırdı. Tərcümə isə onun üçün xüsusi yeri olan vacib bir sənət idi.

– Hətta bildiyim qədərilə nəşr olunmuş kitabları, nəşrləri belə yenidən redaktə edə bilərdi...

– Doğrudur.

– Şəxsi qənaətimdi ki, bir mətni, xüsusən bir şeiri tərcümə etmək onu daha yaxşı tanımanın, öyrənmənin, həm də həmin mətni sınaqdan çıxarmanın ən düzgün yoludur...

– Doğrudur. Borxes hesab edirdi ki, bütün mətnlər açıqdır. Hər hansı yad dildə olan bir mətni tərcümə eləyəndə həmin an o mədəniyyətin qapı və pəncərələrini açmış olursan, amma eyni zamanda, məsələnin ən maraqlı tərəfi də budur ki, sən içindəki mədəniyyəti də ora qoyursan, daşıdığın mədəniyyəti, beləliklə, həmin mətn sonsuz bir şeyə, əraziyə çevrilir. Bütün mətnlər.

– Olduqca maraqlı fikirdir, doğrudur. Bu da bir növ online rejimdəki postmodernizmdir. Mətnin həyata və ordan təkrar mətnə dönməsi. Lap dəqiqi, online intertekstuallıq.

 Elədir, düzdür. Hətta deyirlər, Borxes ilk postmodernistdi. Məsəlçün o, "Min bir gecə nağılları”nın bir neçə tərcümə versiyasından danışırdı, deyirdi ki, bunlar hamısı ayrı-ayrı şeylərdi. Təbii, mənfi mənada yox. Amma hamısı da eyni zamanda "Min bir gecə”di.

 Qayıdaq press-relizdəki məlumata. Əməkdaşlıq... Əməkdaşlıq nədən ibarət idi?

– Mən tələbə kimi Borxesin evinə gedib-gəlir, dediyim kimi Borxesin xüsusi dərslərini alırdım, dərslər, proqram bitəndən sonra isə bir günü Borxes, mənə dedi, Silviya, sən istərdinmi ki, təhsilini davam elətdirəsən və mənə kömək edəsən? Və beləcə mən onun köməkçisinə çevrildim. Əvvəllər yalnız bazar günləri gedirdimsə Borxesin evinə, həmin gündən sonra başladım köməkçi kimi hər gün getməyə. Bazar ertəsindən bazar gününə qədər. Daha çox kitabxanaya əlbəttə. Orda biz neynirdik? Borxes görmürdü, oxuya bilmirdi deyə, mən müxtəlif mətnləri onun üçün oxuyurdum. O, qulaq asır, sonra öz mətnlərini diqtə eləyir, mən isə yazırdım. Xatırlayıram, bir gün cənab Borxes mənə dedi ki, Silviya, neçə gündür yata bilmirəm və yalnız əbədiyyət haqqında, ölməzlik haqqında düşünürəm. Həmin gün çox gözəl yadımda qalıb. Məndən soruşdu ki, sən ölməz olmaq istərdinmi? Dedim ki, əlbəttə. Dedi ki, sənin 19 yaşın var, sən bunu əlbəttə istəməlisən. Dedi ki, Silviya, ölməz olmaq dözülməzdir. Çox dözülməz bir şeydi, bunu arzulamazlar. Ondan sonra, bizim həmin söhbətlərimizdən sonra o bir nağıl, bir esse yazdı. "Yorulmuş adamın utopiyası”, o diqtə elədi mən yazdım... Hə, bir də Borxes tez-tez yuxu görürdü və yuxularını mənə danışırdı...

– Bayaq danışdıq ki, Borxes mətnlərin redaktəsini çox sevərdi və tez-tez redaktə eləyərdi. Dayanmadan, davamlı şəkildə. Mən Borxesin bir fikrini xatırlamaq istəyirəm, ola bilsin, tam olduğu kimi yox: "Əksəriyyət belə hesab edir: o mətn yaxşı mətndi ki, həmin mətndə bir sözü dəyişəndə, əvəz eləyəndə mətn itirir.” Yəni, bir sözünü dəyişəndə, əvəzləyəndə itirən mətnlər yaxşı mətnlər hesab edilmir. Amma Borxes bunun tam əksini deyidi. O, deyirdi ki, dəyişə bilməyən mətnlər pis mətnlərdi. Siz Borxesin bu konsepsiyasını nəylə,necə izah eləyərdiz? Yəni, bayaqkı qapalı və açıq mətnlər probleminə bir başqa cür baxaq. Borxeslə ünsiyyətdə olmuş, onun yaradıcılığını daha dərindən bilən adam kimi bu fikir ətrafında, bu konsepsiya ətrfında danşmağınızı istəyirəm.

– Pyer Menar haqqında bir hekayəsi, bir essesi var Borxesin, bilmirəm, oxumusuz, oxumamısız. Yeri gəlmişkən, Borxesin hekyələrinə esse də demək mümkündür..." "Don Kixot”u yazan Pyer Menar”. Borxes yazırdı ki, Pyer Menar günlərin bir günü "Don Kixot”u təzədən yazmaq qərarı verdi. Yəni yazıçı kimi öz şəxsi təcrübəsindən çıxış edərək "Don Kixot”u təzədən yazmaq...

– Bəzi fəsilləri...

– Elədir. Həmin adam "Don Kixot”dan iki, yoxsa üç fəsil yazır. Pyer Menar Borxes tərəfindən uydurulmuş fransız yazıçısı idi əslində. Borxesə görə o, çox tədqiqatlar aparır, Servantesi, o dövrün ispancasını mükəmməl öyrənir... O qədər əziyyət çəkir və axırda görür ki, yazdıqları elə sözbəsöz Servantesin yazdığı "Don Kixot” imiş. Eyni "Don Kixot”. Amma həm də fərqli. Məkan ayrı idi, zaman ayrı idi. Hər hansı əsərdə, tərcümədə bir sözü dəyişirsənsə, bu, mətnin daşıdığı o əbədiyyəti, o duyğunu öldürmür.

– Amerikan tənqidçisi Corc Staynerə görə bu hekayə tərcüməçi peşəsini ifadə edən ən yaxşı hekayədir...

– Borxes hesab edirdi ki, zaman və məkan dəyişə bilər, amma həmin o dəyişməz şey mətnin alt qatında qalacaq; o deyirdi ki, bir ingilisin, bir fransızın çevirdiyi "Min bir gecə” fərqlidir. Eyni şeylər deyil. Amma həmişə də elə "Min bir gecə”dir. Həmin o tərcüməçilər müxtəlif zamanlarda yaşayıblar, amma onlar nə qədər müdaxilə etsələr belə "Min bir gecə”ni dəyişə bilməyiblər.

 Cənab Borxes bir neçə dil bilirdi. Amma əsərlərini deyəsən yalnız ispan dilində yazıb. Yox?!

– Həmişə ispan dilində yazıb, bəli. Yalnız iki şeiri var ki, onlar ingiliscə yazılıb, vəssalam. Ikisi də sevgi şeiridir.

– Yəqin ingilis qadını sevirmiş (gülüş)... Mənə maraqlıdır, o, öz əsərlərinin tutalım, fransız, yaxud hər hansı başqa bir dilə tərcüməsi ilə tanış idimi? Oxumuşdumu?

– Tomas Covanni adlı bir şəxs var idi, Borxesin öz iştirakı ilə onun əsərlərini ingilis dilinə çevirmişdi. Onları çox bəyənirdi. Buenos-Ayresdə birlikdə işləyirdilər. İngilis dilinə tərcümələrə Borxes özü nəzarət edirdi.

 Öz əsərlərinin tərcüməsini necə qiymətləndirirdi?

– Borxesi tərcümədə bir xüsusiyyət maraqlandırırdı, əsərin mahiyəti, ruhu itirməsin. Qalan şeylər onunçün ikinci dərəcəli idi. Borxesə görə tərcüməçi müəllifin həm də müəyyən mənada şərikidi. Yəni, o tərcüməçini də müəllif hesab edirdi.

 Deyirlər ki, hər bir yazıçının, xüsusən də böyük yazıçıların oxumaq və yazmaq istədiyi ideal bir kitab olur. Həmişə yazırlar, amma ona heç vaxt nail olmurlar, yaxud oxuduqları kitabların heç biri həmin kitab olmur nədənsə. Amma hardasa həmin kitab var. Cənab Borxesin də esselərində tez-tez uydurma kitablar, mistik kitabxanalar, əlbəttə yazıçılar, əsərlər vardır. Xüsusən də ustadın uydurma kitablar haqqında əhvalatlara meylini nə ilə izah etmək olar? Əvvəl söylədiyim ideyadanmı doğub? Yaxud nədən doğurdu? Borxesdən sonra bu şeyləri Eko da, Şimborska da, Pamuk da elədi. Sonradan bu sanki tehdensiyaya çevrildi.

 Bilirsiz, Borxesə görə gerçəkliyin özü mövcud deyildi axı. Borxes deyirdi ki, reallıq məhz ona inanmaq istədiyimiz üçün var. Amma gerçəklik öz-özlüyündə mövcud deyil. Onun üçün mövcud olan yalnız sonsuzluq idi. Sonsuzluğun içində bütün şeylər görünməyəcək dərəcədə kiçikdilər, mənasızdırlar. Və o sonsuzluğun içində zamanların baş-başa gəlməsi, qarşı-qarşıya durması və bu kimi şeylərin hamısı çox mümkün şeylərdi. Hər hansı bir şey burda əgər mövcud deyilsə, məsəlçün kitab, hardasa o sonsuzluğun içində həmin o kitab var, əbədiyyətə gömülübsə də o mövcuddur. Borxes üçün ədəbiyyatın əsas olan şərti reallıq idi. Reallıqda mövcud olan kitabla reallıqda mövcud olmayan kitab arasında Borxes üçün heç bir fərq yox idi.

 Cənab Borxesin əsərlərində labirintlər var, Babilistan kitabxanası var. Amma mənə nədənsə elə gəlir və oxuyanda məndə elə təəssürat yaranır ki, cənab Borxesi bu nəsnələrin, kateqoriyaların, məkanların özü yox, matrisası, onların sxemi daha çox maraqlandırır. Yəni biz gördüklərimiz proyeksiyadır yalnız... Kitab da, labirint də.

 Əlbəttə, bu qənaət doğrudur. Borxesi həmin o şeylərin, predmetlərin sxemi maraqladırırdı. Məsələn, Borxesin qorxduğu şeylərdən biri güzgü idi. Çünki güzgü reallığı çoxaldırdı və qorxu haləsi yaradırdı. Gerçəklikdə itib-batan şeylər orda təzədən üzə çıxırdı. Yaxid sonsuzluğun özü də elə labirint şəklində idi, dərinliyə gedirsən, sonra burulursan, dönürsən və o isə bitib tükənmir.

 Mən xanım Silviyaya bir şeyi xatırlatmaq istəyirəm. Sonsuzluqdan çox danışdıq deyə yadıma düşdü, İslami apokriflərin birində belə bir cümlə var: "Allah qələmə əmr elədi, qələm aləmlərin taleyini yazdı. İndi sözlər bitib, mürəkkəb quruyub. Bu, əbədiyyətdən öncə olmuşdu.” Məni daha çox son hissə insan kimi həm sarsıdır, həm də düşündürür. Əbədiyyətdən öncə. Bu nədir? Əbədiyyətdən öncə, zaman və yaxud da zamansızlıq... bu problemlərə Borxesin münasibəti haqqında nəsə deyə bilərsinizmi?

 Zaman, zamansızlıq, əbədiyyət və siz dediyiniz əbədiyyət öncəsi... Bütün bu şeylər onun böyük problemi idi.

 Hə, Borxesin zamandan bəhs edən esseləri çoxdur...

 Onun esselərinin birinin adı elə birbaşa belə idi: "Zamanla əlaqə”. O, deyirdi, bir çox iddialar, sübutlar var ki, zaman əslində fiktivdir, yalandır, mövcud deyil. Fiksiyadır. İllüziyadır. Ancaq bununla bərabər mən özüm zamanam və hər şey axıb gedir...

– Borxesin məşhur bir fikri var, deyir ki, yaxşı şeir ucadan oxunmağı tələb eləyir. Ucadan və gözəl. Çünki şeirin yadındadı ki, onun əvvəli musiqi olub.

 Dante deyirdi ki, komediyanı oxumağın yalnız bir yolu var, o da uca səslə. Bütün emosiya və duyğular musiqinin arxasınca gedir, yəni onu təqib eləyir. O vaxt ki, şeiri uca səslə deyirlər, o, həm də şeirin özünün qələbəsidir.

– Cənab Borxeslə nə qədər işləmisiz?

– 4 il. Sonra da tez-tez görüşürdük. Əlaqəni kəsmirdik.

– Bu görüşlər Argentinada baş tuturdu?

– Hə. Necə deyırlər, görüş yeri dəyişmirdi.

– Borxes haqda kitabınız var? Yaxud belə bir fikriniz olub?

– Yox, yoxdur. Çoxlu yazılarım olub və təcrübələrimi bölüşmüşəm o yazılarda.

– Bəs, nə əcəb kitab yazmamısız? Bu nə idi, yazmamaq, yaxud profonasiya qorxusu?

– Ehtiyac duymamışam. Amma sizin sualınınzı mənə Argentinada hər addımda verirlər, niyə kitab yazmırsan. Belə bir kitabı başqası yazıb. Byoy Kesares. Və o kitab çox böyük uğur qazanıb, hətta Borxeslə bağlı bir çox intim məqamlar da var həmin kitabda. Yeri gəlmişkən, o məqamlar elə də uğurlu deyil. Təqdiredici deyil.

– Anladım. Bu yaxınlarda Varqas Lyosa ilə Borxes arasında incikliklə bağlı nəsə oxumuşdum. Siz xatırlamırsız?

– Yox, xəbərim yoxdu. Onun öz müasirləri ilə demək olar heç bir əlaqəsi yox idi və əlaqə saxlamağı sevmirdi. Xüsusən Latın amerikası yazıçıları ilə. Latın Amerikası Borxesi çox da maraqlandırmırdı. Məsəlçün, mən Latın Amerikası folklorunu oxumağı çox sevirdim, onun yanında da oxuyurdum. Əlini yellləyə-yelləyə deyirdi ki, bu şeylər mövcud deyil... Sırf Latın Amerika məsələsi ilə sıx bağlı olan adam Markes idi misalçün. O, başdan-ayağa, xalis Latınamerikan hadisəsi idi. Borxes yalnız Byoy Kesareslə dostluq edirdi. Onunla ortaq yazdığı kitablar da vardı. Sizə bir hadisə danışım.



 

– Buyurun.

– Bir gün onlara getmişdim, onda Borxesin anası sağ idi, birdən telefon zəng çaldı, anası götürdü və həyacanlı səslə dedi ki, danışan Pablo Nerudadır. O, Buenos-Ayresdədi və səninlə görüşmək istəyir, səni telefona çağırır. Borxes soruşdu ki, Neruda kimdi? Anası üzünü mənə tutub dedi ki, Silviya, xahiş eləyirəm, sən ona başa sal, bu Pablo Nerudadır və telefonda onu gözləyir. Mən də ona dedim ki, Borxes, ayıbdır. Telefonu götürün, cavab verin. Məndən soruşdu ki, sən Nerudanı tanıyırsan? O bəzən belə davrana bilirdi...

Söhbət üçün təşəkkür edirəm, xanım Silviya, çox sağ olun.

 

Söhbətləşdi: Səlim Babullaoğlu, Cavanşir Yusifli

Yazıya aldı: Nəcibə Bağırzadə

"Ədəbiyyat qəzeti”