Biz imzaları yox, əsərləri dərc edirik...

”Bolşevik” Qulamın nəğməkar qızı – Ramilə Qurbanlı yazır
638
26 Oktyabr 2018, 10:29
  1924-cü il yanvarın 21-də bolşeviklərin lideri Lenin dünyasını dəyişdi. Həmin gün Azərbaycanın dilbər guşəsi Şəkidə yerlilərin "bolşevik Qulam” dedikləri Qulam kişinin evində bir qız dünyaya gəldi. Qızı dünyaya gətirən ana bir də baxdı ki, bayaqdan ətrafına toplaşan qohum-əqrəbadan başının üstündə bircə nəfər qalıb. Bəs, camaat hara yox olub? deyə soruşdu. Cavab verdilər ki, Lenin dünyasını dəyişib, hamı onunla vida mitinqinə gedib. Ana üzünü çevirib yanındakı körpəsinə – "Can bala, nə pis gündə dünyaya gəldin” dedi. O qız böyüdü, şöhrəti dünyaya yayıldı. O, dünyadan köçəndə nə bolşeviklər vardı, nə də onların ideyası, heç Lenini yada salan da yox idi, amma Azərbaycan musiqi tarixinə qızıl həriflərlə bir ad yazılmışdı: Şəfiqə Axundova...
 
 
 

 

  Atası Qulam Axundov dövrünün tanınmış adamı idi. 1917–1920-ci illərdə Şəkinin ilk bolşevik rəhbərlərindən olub. Ona görə də hələ bu sözə alışmamış şəkililər ona "bolşevik Qulam” deyirdilər. Qulam kişi M.F.Axundovun nəslindən imiş, uzaq qohum olublar. Anası Züleyxa evdar qadın olub, evdə Şəfiqədən başqa daha beş övlad tərbiyə edib böyüdüb. İsmət, Tahir, Nəriman, Rəfiqə də hərəsi öz sahəsinin sənətkarları olublar. Taleyi Şəfiqənin üzünə daha şirin təbəssümlə gülümsəyib. 
  Anası onun musiqi duyumunu, incəsənətə meylini görüb qonşulara – bu qızım,, deyəsən artist olacaq, deyirmiş. 
  Atası isə qızının musiqi qabiliyyətini hiss etdikcə onu daha çox sıxma-boğmaya salırmış ki, birdən müğənni olar. O, istəyirdi ki, qızı Şəfiqə həkim olsun, istedadlıdır, deməli, ondan yaxşı həkim olar – deyirdi. O dövrün bütün ziyalı ailələri kimi Qulam kişigildə də piano varmış, amma qızının onunla çox məşğul olduğunu görən ata piano olan otağı açarla bağlayırmış. Elə düşünürmüş ki, Tanrının verdiyi istedadın qarşısını bununla ala biləcək. 
Bir dəfə marağının Şəfiqəni konservatoriyaya çəkib apardığını eşidən atası qarlı-şaxtalı o qış axşamı qızını evə buraxmadı. Şəfiqənin anasına da icazə verməyib ki, qızı evə buraxsın, deyib qoy, ağlı başına gəlsin ki, özünə yaxşı sənət seçsin. O gecə Şəfiqənin böyrəkləri elə soyuqlayıb ki, sonradan professor Cavadzadə cərrahiyyə yolu ilə bir böyrəyini çıxartmalı olub, o birini xilas edə bilib. 
  Zaman keçdikcə atası da qızının musiqi sahəsində hədsiz istedadını və inadkarlığını görüb onunla razılaşmalı olur. 
  Şəfiqə 1943-cü ildə Asəf Zeynallı adına musiqi məktəbinə qəbul edilir. Həm də burda dahi Üzeyir bəy Hacıbəylidən dərs alır. Şəfiqə xanım xatirələrində bu barədə yazır: "ilk mahnım olan "Kolxoz qızları"nı Üzeyir bəy dinlədi və bəzi düzəlişlər etdi. İnanın ki, hər hansı əsərimi bəyənəndə həmin gün sevincim yerə-göyə sığmırdı. Üzeyir bəy sənətə qiymət verən insan idi. O vaxt bir qrup açmışdı, bəstəkarlar orada təhsil alırdılar. Hətta bizə muğamların əsaslarını da öyrədirdi. Bizim əsərlərdə milli ruh vardı. Bax, həmin o milli ruh insana dayaq olur. Onun kimi adamlar yüz ildən bir doğulurlar. O, dahi idi. Çox xeyirxah, gözəl insan və böyük şəxsiyyət, həm də müəllim idi. Mən fəxr edirəm ki, Üzeyir Hacıbəyov kimi bir insan mənə dəstək olub. Şəxsən evində olmuşam, mənə hərtərəfli yardım edib. Vaxtının az olmasına baxmayaraq, Üzeyir Hacıbəyov məni və sənətimi bir dəfə də olsun diqqətdən kənarda qoymurdu. Hətta ad günümə teatrda heç kimin xatırlamadığı bir vaxtda Üzeyir bəy bunu yadında saxladı və həmin gün məni təbrik etdi. Çox xeyirxah insan və böyük şəxsiyyət idi. 1944-cü ildə Tiflisdə Zaqafqaziya musiqi baharı keçirilirdi. Bu çox tarixi hadisə idi. O vaxt Ağabacı Rzayeva da ilk qadın bəstəkarlardan idi. Üzeyir bəy ona da xüsusi diqqət yetirir, xətrini istəyirdi. Ona həm də qayğıkeşlik göstərirdi. Üzeyir bəy bir dəfə ona dedi ki, Şəfiqə ilə geyinib gəlin, görüm Tiflisə hansı geyimdə gedəcəksiniz? Biz də geyinib gəldik. Amma bizim geyimimiz onun xoşuna gəlmədi. Üzeyir bəy dərhal köməkçisi Ramazan Xəlilovu çağırdı. Dedi, Ramazan, bunları anbara apar, yaxşı paltarlar seç ki, bəstəkara oxşasınlar, axı Tiflisə gedəcəklər…
  Başqa bir xatirə də danışım. Yadımdadır, Mirvarid Dilbazinin sözlərinə "Beşik başında" adlı mahnımı Üzeyir bəyə göstərdim. İlk mahnılarımdan idi. Üzeyir bəy mahnını sona qədər dinlədi və xoşuna gəldi. O vaxt onun dediyi sözlər hələ də qulağımdan getmir: "Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri hardan tapırsan?” Üzeyir bəy həmişə deyirdi ki, yazılan mahnılar kökə bağlanmalıdır. Yəni musiqidə də milli ruh hiss olunmalıdır. Mən Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov, Zeynəb Xanlarova kimi sənətkarlarla çalışmışam deyə, bugünkü gənclərə bir qədər qəbul eləyə bilmirəm. Səs insanın ürəyini titrətməlidir. İfaçının səsini bəyənməsəm, ona mahnı verə bilmərəm. Bir çoxunu bu adla yola salmışam. Heç zaman mahnı bəstələmək xatirinə çalışmamışam. Əgər bəstəm ifaçının səsində itib-batacaqsa, heç üzə çıxmasa yaxşıdır".
 
 
 
 

  Sonralar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini, B.Zeydmanın sinfini bitirsə də orda da Üzeyir bəyin məsləhətlərindən çox faydalanan gələcəyin böyük bəstəkarı 1972-ci ildə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə imza atıb. Süleyman Rəhimovun eyni adlı povesti əsasında, İsgəndər Coşqunun librettosunu yazdığı "Gəlin qayası" operası 1974-cü ildə Opera və Balet teatrında uğurla tamaşaya qoyulub.
  Şərqin ilk opera yazan qadın bəstəkarı, Üzeyir bəyin yetirməsi, fitri istedadlı Şəfiqə Axundovanın şəxsi həyatı o qədər də qibtə olunan deyil. Kimsə deyə bilər ki, dünyaca məşhur insana necə talesiz demək olar? Olar, çünki bir qadın üçün ən böyük xoşbəxtlik ailə ilə bağlıdır. Karyerası nə qədər yüksəklikdə olsa da, bir qadın əgər ana deyilsə, demək xoşbəxt də deyil. 
  Şəfiqə xanım, əslində, ana olub, amma xoşbəxt ana ola bilməyib. Görünür, tale insanın xoşbəxtliyə gedən yollarını tam açmır, birini açanda o birini bağlayır. 
  Ailə quranda tanınmış bəstəkar deyildi, bütün həmyaşıdları olan qızlar kimi o, da ailə qurmaq istədi, onu sevənlərdən birini seçib evlənməyə razılıq verdi, amma illər keçdikcə Şəfiqə anladı ki, yeganə sevgilisi sənətidir, ondan qeyri kimsəyə bağlanıb özünü, sevdiyi sənəti fəda vermək iqtidarı yoxdur. Qərarını verib həyat yoldaşından ayrıldı. O vaxt artıq bir övladı da vardı, adını Taleh qoymuşdu. Ailə qurmağını, onun dünyaya gəlməsini yalnız taleyin işi saydığı üçün...
  Taleh də anasının davamçısı oldu, musiqiyə bağlandı. Onun musiqiyə bağlanmağı anasına hədsiz bağlılığı ilə əlaqəli idi, yaxud əksinə, musiqiyə bağlılığı onu anasına bu qədər yaxın, həmdərd etmişdi – bunu Tanrı bilir, amma real olan o idi ki, ikisi bir tavanın altında baş-başa verib musiqilər yazır, elə bil, Səttar Bəhlulzadə demiş təbiətdən bu yolla "qisas alırdılar”. Amma bu birgəlik də uzun çəkmədi, Taleh gənc yaşlarında anadangəlmə əsəb xəstəliyinin ucbatından dünyasını dəyişdi. 
  Şəfiqə xanımın artıq kifayət qədər yaşı vardı, yəni cavan deyildi. Qadının faciəsi də burdan başlayır. İllər keçib artıq, düzdür, bu illər ərzində Şəfiqə Axundova çox nəsnələrə çatıb, dünyaca şöhrəti var. 500 mahnının müəllifidir, operaları, kino, teatr musiqiləri. Musiqi sahəsində bir bəstəkar nə edə bilərdisə, edib. Ona xalq, dövlət nə edə bilərdisə o da olunub, amma Şəfiqə xanımın övladı, ailəsi yoxdur. 
  Yaş da bu yanlışı düzəltməyə imkan vermir. "Həyat mənə ağır zərbə vurdu. O, mənə tək övlad yox, həm də dərd ortağı idi. Onsuz tək qalmışam. Bəzən gecəyarısı yuxum qaçır, durub gözlərimi zilləyirəm pianoya. Onun şirmayı dillərinə toxunmaq istəyirəm. Amma hərdən ayaqlarım sözümə baxmır. Bax onda uzun-uzun düşünürəm, saatlarla çalışdığım günlər düşür yadıma. Amma musiqi həyatımın mənasıdır. Yaxşı ki, bu sənəti seçmişəm. Məni yaşadan da budur”.
 
 
 
 

  Şəfiqə Axundovaya bəstəkar kimi daha çox uğur gətirən mahnısı "Nədən oldu”nun maraqlı tarixçəsi var. Gəncə Dövlət Dram teatrının 20-dən çox tamaşasının musiqisini yazmışdı. 1958-ci il, dekabr ayının 28-i elə Gəncə Dövlət Dram teatrında Bəxtiyar Vahabzadənin "Vicdan" pyesinin premyerası olub. Tamaşaya musiqiləri Şəfiqə Axundova yazmışdı. Qəhrəmanın ifasında mahnı dillərə düşdü o zaman. "Nədən oldu?" adlı həmin mahnının taleyi tamaşanın taleyindən daha uğurlu oldu. Mahnı yaşadı. 
  Mahnının ilk ifası Sara Qədimova olmuşdu. Sonralar onu Rübabə Muradova, Zeynəb Xanlarova, Əbülfət Vəliyev, Elmira Rəhimova, Şövkət Ələkbərova, Gülyanaq Məmmədova, Yaqut Abdullayeva, İbrahim Tatlıses, Müslüm Gurses, Zara və başqaları bu mahnını sevə-sevə ifa etdi. İbrahim Tatlısəs öz filminə saldı bu mahnını. O vaxt mahnının bəstəkarını bilmədiyi üçün filmdə göstərməmişdi, amma Bakıya gələndə Şəfiqə Axundova ilə görüşüb əllərini öpmüşdü və bu görüşdən sonra həmin mahnı Türkiyədə öz bəstəkarının imzası ilə ifa olunmağa başladı. 
  Onun mahnıları bu gün də müxtəlif ifaçılar tərəfindən oxunur və onlara uğur gətirir. "Həyat, sən nə şirinsən", "Çinar və mən", "Ötür illər", "Sular qızı", Baloğlan Əşrəfovun ifasında "Gözlərimin işığı sənsən", Nazpəri Dostəliyevanın ifasında "Tapmayacaqsan məni", müxtəlif müğənnilərin oxuduğu "Mehriban olaq", "Hardasan sevgilim, gəl" və başqa "Anaları təklənməyə qoymayın", "Sevgi ölmür", "Gəl, ey səhər" kimi mahnıların, romansların, Xor üçün silsilələrin, BSO üçün suitaların, "Ev bizim, sirr bizim" operettasının və "Gəlin qayası" operasının müəllifidir. 
  Şəfiqə xanım 1998-ci ildə Xalq artisti fəxri adına, 2004-cü ildə isə Şöhrət ordeninə layiq görülüb. 
  2013-cü ilin iyul ayının 26-da Şəfiqə xanım bu dünyadan köç etdi. Onunla vida mərasimi Rəşid Behbudov adına Mahnı teatrında keçirildi, sənətkar Fəxri Xiyabanda dəfn olundu.