Biz imzaları yox, əsərləri dərc edirik...

Səsimi bəyənmirəm – Sadiq Hacının müsahibəsi
1637
19 Dekabr 2017, 14:40
  artkaspi.az Sadiq Hacının müsahibəsini təqdim edir:
 

 
  Bu gün sosial şəbəkələr gündəmi izləmək üçün ən yaxşı vasitədir. Müasir dövrün gəncləri sosial şəbəkələr vasitəsi ilə rahat şəkildə sözlərini deyir, hətta öz istedadlarını nümayiş etdirmək üçün şəbəkələrin yaratdığı meydanda at oynatmağı da yaxşı bacarırlar. Onlardan ən çox sevilən və izlənilən Sadiq Hacı və onunla birlikdə maraqlı mahnılar ifa edən Nigar Muharrem, Sura İsgəndərli və Çinarə Məlikzadədir. 
 Biz də gənclərin sevimlisi olan Sadiqlə görüşdük. Ona siz gəncləri maraqlandıran sualları ünvanladıq. 
 
  Əvvəla onu deyim ki, Sadiq Hacı 1993-cü ildə Salyanda anadan olub. Salyanda Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirib. Ali təhsil seçərkən isə uşaqlıq arzusunun arxasınca gedib. Belə ki, Bakı Avrasiya Universitetini ingilis dili üzrə tərcüməçilik ixtisası üzrə bitirib. Musiqiyə olan həvəsinin isə maraqlı bir tarixçəsi var.
  Deyir, musiqi ilə məktəb illərindən məşğul olub: "Bacım ingilis dili müəlliməsidir. İngilis dilini mənə o öyrədib. Gitaranı yaxşı ifa etməyi bacaran bir dostum bu alətlə bağlı mənə bir-iki dəfə bəzi şeyləri öyrətdi. Sonra gördüm ki, bu üsulla mən çətin ki nəsə öyrənim. O, mənə məsləhət gördü ki, istədiyim proqramları "Youtube” vasitəsi ilə öyrənə bilərəm. Təbii ki, bu proqramlar ingilis dilində idi. Mən də bacımdan öyrəndiyim dil bilgisi ilə bu proqramlardan istifadə etdim. Bir ayın tamamında artıq gitarada ifa edirdim. Bütün gitara bilgilərini "Youtube”dan öyrənmişəm. Gitara müəllimim internet portalı olub desəm, heç də səhv etmərəm”. 
 
  – Gitara sənin üçün nə deməkdir? 
  – Gitara mənim üçün bir vasitədir, elə bir vasitə ki, ideyalarımı onun köməyi ilə həyata keçirirəm. Gitara olmasaydı, ideyalarımı başqa musiqi alətinin üzərində canlandırardım. 
 
  – Necə oldu ki, qısa bir zaman içərisində sosial şəbəkə fenomeninə çevrildiniz?
 – İlk dəfə Sura ilə mahnı ifa etdik. Bir az bayağı mahnı idi, mənə dedi ki, belə formada onu düzəldək. Açığı, bu mənim ürəyimcə deyildi, gördüm o məyus olur, razılıq verdim. Həmin mahnını 30 dəfə çəkdik, gördüm istədiyimiz kimi alınmır. Bir dəfə zarafata dedim ki, gəl bir video çəkək. Həmin mahnını oxuduq və videonu öz profilimizdə paylaşdıq. Onda "Facebook”da aşağı-yuxarı 100 nəfər  dostumuz var idi. Videonu ancaq onlar izləyirdilər. Sonra gördük ki, hər kəs o videonu paylaşır. Kimsə o videonu hansısa sayta göndərmişdi. İzləyici kütləsinin çox olduğu səhifələr də paylaşmışdı. Sonra səhifənin rəhbərinə zəng etdim. Silmələrini xahiş etdim. 
 
  –  Niyə sildirdiniz ki? 
  – Suranın ailəsi buna icazə vermirdi. Daha sonra səhifə adminləri mənə yazdılar, xahiş etdilər ki, həmin videonu paylaşmaq istəyirlər. Hansı ki, onlar çox böyük izləyiciləri olan səhifələr idilər. Sura ailəsindən icazə aldıqdan sonra videoların paylaşılmasına razılıq verdik. Sonra bir neçə video çəkdik. Bundan sonra əsas problem isə paylaşımlarımıza ad tapa bilməmək oldu.  Düşündük, "@surahaji” adını tapdıq. Paylaşımlara belə davam etdik. Bir müddət davam etdikdən sonra Sura bütün videolarını sildi və oxumaqdan imtina etdi. Həmin müddət boşluq oldu. Ancaq nəsə etmək istəyirdim. Bu aralarda Nigar Muharrem gitara müəllimi axtarırdı. Mənə müraciət etdi, mən də ona təklif etdim ki, belə bir şey çəkək. Razılaşdıq və elə ilk videomuz partlayış oldu. İfamız çox gözəl qarşılandı və izlənmə rekordları qırdı. Sonra Çinarə Məlikzadə ilə işlədik. 
 
  – Siz də yaxşı oxuyursunuz. Niyə tək ifa etmirsiniz?
  – Mən adətən mahnı ifa etmirəm, gitara ilə kifayətlənirəm. Çox az hallarda mahnılarda bir bənd oxuyuram. Normalda mən öz səsimi bəyənmirəm. 
 
  – Belə bir layihə etmək haradan ağlınıza gəldi?  
  – Bu, kover janrıdır. Dünyada musiqi aləmində tanınmış, formalaşmış bir şeydir. İstəyirdim ki, bu sahədən Azərbaycanda da istifadə olunsun, inkişaf etsin. Bunun üçün zaman itirmədən işə başladım. Düzdür, tez-tez biz də görürük ki, oğlan gitara ifa edir, qız mahnı oxuyur. Ancaq nə etsələr də, quru alınır. Çünki öz üzərilərində işləmirlər. Səsdən əvvəl sənin bədən dilin də onu göstərməlidir. İfa edərkən mimikalar, jestlər olmalıdır deyə düşünürəm, ifaçı mahnını yaşamalıdır. Əgər hər hansı bir videonu çəkərkən onu yaşaya bildinsə, o, yaxşı nəticə verir.   
 
  – Çəkdiyiniz videolarda öndə ifaçı deyil, siz oturursunuz. Bu nə ilə əlaqədardır?
  – Gitara kameraya nə qədər yaxın olsa, səsi daha yaxşı düşür.
 
  – Videoları nə ilə çəkirsiniz?
  – Telefonumla çəkirəm.
 
  – Bəs xüsusi avadanlıqlardan istifadə etmirsinizmi? 
  – O avadanlıqları almağa indi başlamışam. Sonuncu videomuza fikir versəniz, görərsiniz ki, orda  yeni mikrofonlar, avadanlıqlar var. Bu dəfə səs tamamilə başqa cür alınıb. Bunlar hamısı yeni avadanlıqların hesabınadır. 
 
  – Yəqin ki, bu avadanlıqları almaq üçün müəyyən büdcə də olmalıdır. Maliyyəni necə əldə edirsiniz? 
  – Maliyyəni iştirak etdiyimiz ad günləri, partilərdən əldə edirik. Bundan başqa, "Youtube” hesabından az-çox qazancımız olur.
 
 

 
 
  – "Youtube”dan necə qazanc əldə edirsiniz?
  – "Youtube”da özəl səhifə açdırdıqdan sonra vergi ödəyicisinə çevrilirsən. Artıq bir növ  "Youtube”un bir işçisi hesab edilirik.
 
  – "Youtube”da ən çox nə qədər qazanmısınız?
  – 5-6 ay olar başlamışıq. İlk aylarda ayda 5-10 qəpik qazandıq. Sonra 20 dollar oldu. Aldığım pulların hamısının statistikası əlimdədir. Yeri gəlsə, göstərə bilərəm. Hərdən deyirlər ki, bunlar milyonlar qazanır. Halbuki "Youtube”dan 200 dollardan çox qazanmamışıq. O da son aylarda olub. Saytların biri yazmışdı ki, guya internetdən ən çox qazanan Nigarla mənəm. Ancaq elə bir şey yoxdur.  
 
  – Sizi heç televiziyalarda da görmürük.  Dəvət edən yoxdur, yoxsa özünüz imtina edirsiniz?
  – Əslində verilişlərə çox dəvətlər alırıq. Amma hər verilişə getməyi düzgün hesab etmirik.
  
  – Niyə?
 – Bizi elə insanlarla bir verilişə dəvət edirlər ki, istəmirik, onlarla ünsiyyətdə olaq. Bu hərəkətimiz ulduz xəstəliyi və ya özündənrazılıq kimi başa düşülməsin. Sadəcə olaraq, adlarımızın onlarla birlikdə çəkilməsini istəmirik. Bizim qrupun qızlarının videolarına nəzarət etsəniz, görəcəksiniz ki, onların heç biri kənar ara adamı ilə iş görmür. 
 
  – İnternet elə bir aləmdir ki, oradan sizləri hansı insanların izlədiyini görmək mümkündür. Daha çox hansı təbəqə sizləri izləyir?
  – Bizi gənc nəsil daha çox izləyir. Ancaq bu o demək deyil ki, orta və yaşlı nəsil bizi izləmir. Onlar bizə tez-tez öz sevgilərini, istəklərini yazırlar.  
 
  – İngilis dili tərcüməçisisiniz, ancaq ingilis dilində mahnılar ifa etmirsiniz. 
  – İnsanların bir musiqi tələbatı var. Gün gələcək, ingilis dilində də mahnılar hazırlayacağıq. Gənclərimiz nə zaman ingilis dilində olan mahnılara maraq göstərsə, biz də o zaman belə bir layihə edəcəyik.  
 
  – Belə başa düşdük ki, kütlənin arxasınca gedirsiniz. 
 – Kütlənin arxasınca getsəydik, ara mahnıları ifa edərdik. Sonuncu videolarımıza baxsanız,  görərsiniz ki, müasir və eyni zamanda köhnə  mahnılara müraciət edirik. Misal üçün, sonuncu dəfə Zeynəb Xanlarovanın "Cavanlığım” mahnısını türk mahnısı ilə birləşdirib maraqlı bir musiqi ərsəyə gətirmişik. Bunun özündə bir siyasət var. Danılmaz faktdır ki, müasir gənclərimizin çoxu xalq mahnılarından xəbərsizdir. Biz o köhnə bəstəkar, xalq mahnılarını akustik formada düzəldib yeni tərzdə onlara təqdim edirik. Belə olan halda, gənclər özləri istər-istəməz həmin mahnıların orijinal versiyasını axtarırlar. Bunu etməkdə əsas məqsəd də elə ondan ibarət idi ki, köhnə mahnıları sevdirək.
 
  – Zeynəb Xanlarova etiraz etsə ki, mənim mahnımı niyə dəyişib başqa versiyada ifa etmisiniz, nə deyəcəksiniz?
 – Deyərik ki, problem deyil, silərik (gülürük). Bir dəfə Baloğlan Əşrəfovun mahnısını sakit  versiyada düzəltmişdik. Onun qohumu zəng etdi ki, mahnı sənətkarımız tərəfindən bəyənilib.  Tanınmış müğənninin bir mahnısını ifa etmişdik, bizdən qonorar tələb etməyə başladı. Təbii ki, belə hallar bizi həvəsdən salır. 
 
  – Sizə birlikdə ifa etmək üçün müraciət edənlər varmı?
 – Təklif edirlər ki, birlikdə videolar çəkək. Ancaq mən onları qəbul etmirəm. İlk olaraq öyrənməyə çalışıram ki, o insanın məqsədi nədir. Əslində iki nəfər gözəl səsə malik qız ifaçı nəzərimdə saxlamışam. Yerdə qalanlar sadəcə istəyir ki, birlikdə mahnı ifa edək, digər ifaçılarımız kimi izlənmə sayı çoxalsın. O məqsədlə yazanları qəbul etmirəm. 
 
  – Niyə gənc ifaçılarla işləmək istəmirsiniz ki? Artıq Nigar, Sura məşhur olduğu üçün yenilərin PR işi ilə məşğul olmağa ehtiyac duyulacağına görəmi?
 – Başqa ifaçı ilə bir-iki mahnı oxuduq, gördüm, gələn rəylərin 40-45 faizində yazırlar ki, niyə Nigarla Sura yoxdur. Mən onlarla işləməyə öyrəşmişəm. 3 nəfər qızı güclə idarə edirəm (gülür). Onların xasiyyətlərinə bələd olmaq, tanımaq, nəyi xoşlayıb, nəyi xoşlamadıqlarını bilmək əsasdır. 
 
  – Sizcə, Nigar Muharrem, Sura, yoxsa Çinarə Məlikzadə?
  – Bilmirəm, sualı hansı aspektdən verirsiniz, ancaq mən Nigar Muharrem deyirəm. 
 
  –  "Youtube”da ən çox izlənmə sayınız nə qədərdir?
  – "Youtube”-da 3 milyon olmalıdır.  
 
  – Bir mahnı neçə günə ərsəyə gəlir?
 – Elə mahnı var ki, 1 günə, elə mahnı var ki, 1 aya hazır olur. Misal üçün, Çinarə Məlikzadə ilə "Gözlərinə bakınca” adlı mahnımız bir saata ərsəyə gəldi. Hazırda həmin mahnıya 2 milyon baxış sayı var.
 
  – Niyə "O səs Türkiyə” yarışmasına qatılmırsınız? 
  – Çünki orda haqq-ədalət deyə bir şey görmürük. Keçən il həmin yarışmadan 5 azərbaycanlı ifaçımızı birdən çıxardılar. Sözsüz ki, bir vətəndaş olaraq bu bizim də xoşumuza gəlmədi. Münsiflərin bəyənib çevrildikləri ifaçılara baxanda, əminlikdə deyə bilərəm ki, onların 4-ü də bizə doğru dönər. Ancaq sonra? Bəlkə, həmin yarışmanın təşkilatçılarının özləri bizi dəvət etsələr, reklam üçün gedərik. "O səs Türkiyə” yarışması bizim üçün pik nöqtə deyil.
 
  – Sizin üçün pik nöqtə haradır?
  – Bizim üçün pik nöqtə xalqın sevgisidir. Onların qəlbində yer tutmaq bizim üçün əsasdır. Bizim "Eurovision”umuz da, "O səs Türkiyə”miz də xalqdır. 
 
  Söhbətləşdi: Xəyalə Rəis