Artkaspi.az Xanım Aydının tərcüməsində dahi yazıçı Herman Hessenin "Tolstoy və Rusiya" adlı essesini təqdim edir:

Qəfil
təhlükələrdən ehtiyatlanmağımız, yad olan hər bir şeyə düşmənçiliyimiz, kin,
ədavətlə dolu "milli” hisslərimiz artıq çoxdan köhnəlib. Bir vaxtlar bu hisslər
elə həddə idi ki, hətta milliyətcə ingilis olan Şekspirin əsərlərini belə
tamaşaya qoymağa tərəddüd edirdilər. Almanların ən ali xeyirxahlığı, comərdliyi
– dünyadakı bütün dəyərlərə və nailiyyətlərə hörmətlə yanaşmaqlarında idi.
Başqaları isə bunu zəiflik adlandırır və lazımsız hesab edirlər. Bu adamlar öz
eqoistliyində, xudbinliyində boğulmuş İngiltərə kimi, alman ruhunu da sevgisiz
və sonda gərəksiz məhdudiyyətlər yoluna itələmək istəyirdilər. Daha bütün
bunlar keçmişdə qalıb. İndiki zamanda Floberə və ya Qoqola haqq qazandırmaq
artıq xüsusi cəsarət tələb etmir. Bu müharibədən sonra artıq dünyada ada kimi
qalmağın yersiz olduğunu anlamaq, qonşu ölkələrlə əməkdaşlıq edib, ümumi
məqsədlər üzrə istiqamətlənmək, ortaq metodlara riayət etmək, eyni tanrılara
sitayiş etmək barəsində söhbətləri təzələməyin vaxtı çoxdan çatıb. İndi
həmişəkindən daha çox "Avropa” haqqında danışırlar, mən belə hesab edirəm ki,
bu dövrün milli çərçivələrdən kənara çıxan ən gözəl nəticə Avropa ruhunu möhkəmləndirmək, onlara hörmət və rəğbət
bəsləməkdir. Lakin Avropa anlayışı bir çoxlarının fikrində dar və məhdud
anlayışdır. Bizim bəzi böyük fikir adamlarımız öz əsərlərində (məsələn, Şeler özünün çox gözəl,
ehtiraslı "Müharibə dahisi” adlı kitabında) Rusiyanı Avropadan ayırıblar.
Ümumiyyətlə, bu çətin günlərimizdə Avropa düşüncəsi təcavüzkarlıqdan yoğurulub
və sanki birləşməkdən daha çox ayrılmağa, bölünməyə meyillidir. Avropanı
gələcəyin ideal birliyi hesab etmək, bütün bəşəri bu birlikdə görmək, indiki
zamanda kosmopolitizm kimi rədd edilir, poetik xəyallar dünyasına tolazlanır.
Yaxşı, fikrim mübahisə etmək deyil. Lakin mən də bu poetik arzuları yüksək
qiymətləndirirəm və bütün bəşəriyyətin birliyini Höte, Herder və Şiller kimi dahilərin sadəcə
şirin xəyalı kimi deyil, mənəvi istəyi, yəni həyata keçə biləcək real bir
məsələ kimi qiymətləndirirəm. Axı elə məhz bu fikir bizim bütün dini
düşüncələrimizin və təsəvvürlərimizin əsasını təşkil edir. Bəlli inkişaf yolu
keçmiş və bu gün də mövcudluğunu qoruyan dinlərin, yaradıcı dünyagörüşünün
əsasında insanın ləyaqəti və mənəviyyatına inam dayanır. Çinli Lao-tszının, İsa
peyğəmbərin, hindli Bxaqavadqitanın
müdrik deyimləri, eləcə də, bütün zamanların və xalqların incəsənəti,
bəşəriyyətin mənəvi birliyinə işarədir. İnsan ruhunun müqəddəsliyi, sevmək
qabiliyyəti, əzab gücü, azadlıq və müstəqillik arzusu Platon və Tolstoyun,
Budda və Avqustinin, Höte və "Min bir gecə nağılları”nın hər səhifəsində öz
əksini tapır. Lakin bu o demək deyil ki, xristianlıq və daosizm, Platonun
fəlsəfəsi və buddizm bundan sonra birləşməlidirlər. Yaxud, zamana, irqə, iqlimə
görə tarix boyu fərqli mənəvi aləmlərin qaynayıb-qarışmasından hər hansı bir
ideal fəlsəfə yarana bilər. Xeyr. Xristian elə xristiandır, çinli elə çinlidir.
Bunlardan hər biri öz yaşam və düşüncə tərzini müdafiə edir. Biz əbədi ayrılmış
hissələrik. Lakin dünyada heç bir yol, heç bir cığır, heç bir əməl və heç bir
əzab səbəbsiz ola bilməz. Axı öz determinasiyamı dərk etməyim də məni azad,
müstəqil etməyəcək. Bu mənə təvazökarlıq, dözüm də verə bilər, xeyirxahlıq da.
Çünki əgər mən determinə
olunmuşamsa, onda
təxmin etməli və digərlərinin də determinəsinə hörmət qoymalıyam, almalıyam,
hesablaşmalıyam. Əgər biz insan ruhunun dünyadakı müqəddəsliyinin və
missiyasının eyni səpkili olduğunu anlasaq, bu, yalnız bir elmə – sevgi və
ehtiram hissinə bağlılıqdan daha çox, minnətdarlıq hissi ilə dolu, geniş bir
qəlbə, ruha xidmət sayıla bilər. Bu ruha, qəlbə, kamilliyə və təmiz istəklərə
yol açıqdır.

Əgər gələcək barəsində düşüncələrimizdə,
avropasayağı anlayışımızda Rusiya
və onun mahiyyətini istisna etsək,
bununla özümüzü dərin və güclü bir mənbədən perikdirmiş olarıq. Avropada iki
böyük təəssürat vardı – antik mədəniyyət və xristianlıq. Orta əsrlər?
xristianlığın antik mədəniyyətlə mübarizəsi dövrü idi. İntibah, nəhayət ki,
antikliyin qələbəsini, nəhayət ki, Avropa mənəvi metodlarının tam
formalaşmasını qəbul edirdi. Rusiya bu mübarizədən bizimlə birlikdə keçmədi.
Bu, onu bizdən ayıran cəhətdir. Bu da bizə imkan verir ki, hansısa mənada
Rusiyanı orta əsrlər dövrünə aid edək. Lakin Rusiyadan bizə yenə də zəngin
güclü bir səmimiyyət sel gəlir. Bunun da əsası xristian sevgisi, uşaqcasına
sarsılmaz bağışlanmaq arzusudur. Bizim Avropa ədəbiyyatı bu səmimiyyət selinin
qarşısında gücsüz qalır.

Lev Tolstoy iki xarekterik rus
xüsusiyyətlərini özündə birləşdirmişdi: Onda həm dahi və sadəlövh rus insanının mahiyyəti, həm dərki,
doktinyorluq (nəzəriyyəbazlıq), antiavropalıq var. Və bunların hər biri onda
çox gözəl alınır. Biz onda rus ruhunu, ürəyini sevir, ona hörmət edir və onda
yenicə meydana çıxmış rus
nəzəriyyəbazlığını, həddindən artıq bitərəfliyi, vəhşi fanatizmi, öz
köklərindən məhrum və daha şüurlu, düşüncəli rusun ehkamına mövhumi marağı
tənqid edir, hətta bu məqamda ona nifrət
edirik. Tolstoyun yaradıcılığı önündə bizim hər birimiz təmiz, saf,
dərin bir həyəcan keçirmişik. Onun dahiliyinə, dühasına böyük ehtiram hissimiz
var. Lakin, bizim hər birimiz həm də əlimizdə qəzəblə Tolstoyun doqmatik
proqramlı əsərlərini tutmuşuq.