Biz imzaları yox, əsərləri dərc edirik...

Bir yol, üç ömür
1595
07 Sentyabr 2018, 13:20
 Artkaspi.az Akademik Rafael Hüseynovun görkəmli ədəbiyyatşünas Bəkir Nəbiyev haqqındakı məqaləsini təqdim edir: 
 
 
 
Bəkir müəllimin xatirəsinə
 
 Avqustun 21-də unudulmaz Bəkir müəllimin növbəti ad günü idi.
 Onsuz qarşıladığımız daha bir doğum günü. Akademik Bəkir Nəbiyev 1930-cu ildə dünyaya gəlmişdi və onu 2012-ci il martın 15-də itirdik. Bəkir müəllim yetərincə gümrah, qıvraq idi və hələ gedən vaxtı deyildi. Onu sarsıdan nəvə itkisi olmasa idi, bəlkə, indi də yaşayırdı.
 Xatirimdədir, başda Anar olmaqla bir dəstə yazıçı, tanınmış ziyalı getmişdik Bəkir müəllimə başsağlığı verməyə.  Məclisə daxil olduq, bu qədər söz adamı nəsə bir təsəlliverici söz tapıb deməyə aciz qalmışdıq.  Yenə hamımızdan güclü elə Bəkir müəllim özü çıxdı. Bizim lal-dinməz oturduğumuzu görüncə ağır sükutu pozdu, hətta o müdhiş vəziyyətində də adətən həmişə nurlu olan, indi isə sınıxmış, solğun görünən çöhrəsindən təbəssümə bənzər bir işıq keçdi. 
 Söhbəti özü yönəltməyə başladı.  Tam ayrı mövzulardan, dünya hadisələrindən, mədəniyyətdən, ədəbiyyatdan danışdıq.  Elə bil hamımızın çiynindən ağır daş götürülmüşdü. 
 

 
 Sanki Bəkir müəllim amansız qəzavü-qədərin ürəyindən sıyırıb qopardığı ciyərparasının matəmində deyildi, adətən ustaca idarə etdiyi ədəbi-elmi-mədəni yığnaqlardan birini aparırdı. Hamımız ürəyimizdə ona minnətdar idik. Qalxdıq.  Gələnlər bir-bir Bəkir müəllimə yaxınlaşıb görüşür, bu an üçün ənənəvi olan sözləri deyirdilər.  Axıra mən qaldım. Bir söz deyə bilmirdim. Gözlərimə baxdı.  Bu, bir neçə dəqiqə əvvəlki Bəkir deyildi.  Birdən-birə sanki neçə yaş qocaldı, səsi də heysizləşdi, deməyə dərindən-dərin ehtiyac duyduğu sözləri dilə gətirdi, etiraf etdi: "Dəhşətdir dəhşət! Dözmək mümkün deyil!".  O da, mən də qəhərləndik... Torpağın yox, əslində, vaxtın üzü soyuqdur. Yel kimi uçub gedir, hər acını da, ən yeridoldurulmaz itkiləri də soyudur, unutdurur. Artıq Bəkir müəllimlə ayrılıqdan da xeyli zaman keçir. İnsanıq, bu yoxluğa da alışdıq, bu itkiylə də barışdıq. Hərçənd müxtəlif söhbətlərimizdə, yaddaşlarımızda, gündəlik həyatımızda Bəkir müəllim elə indi də hər gün mənimlədir. Uzun müddət Bəkir müəllimin direktoru olduğu və az iş görmədiyi Nizami muzeyinə illərdir ki, mən rəhbərlik edirəm.  Buradakı ənənəvi işlərimizdən biri ayrı-ayrı ədəbi şəxsiyyətlərlə bağlı sərgilərin hazırlanmasıdır. Elə bu günlərdə akademik Bəkir Nəbiyevə həsr olunmuş sərginin tərtibatını başa çatdırdıq. Rəssamlarımızdan xahiş etmişdim ki, lövhələrdən birində mənim də qısa qeydlərimə yer saxlasınlar.  2-3 gün öncə xəbər verdilər ki, hər şey hazırdır, bircə sizin sözlər qalır, təqribən 5 min işarəlik mətn lazımdır. Hərdən televiziyaların cavan əməkdaşları hər hansı mövzuda məndən müsahibə almaq istəyəndə ilk növbədə soruşuram ki, nə qədər danışım? Çox vaxt: "Nə qədər istəyirsiniz danışın”, – cavabını eşidirəm. Qayıdıram ki, mən mövzu ilə bağlı 1 saat da danışa bilərəm, 10 dəqiqə də, 3 dəqiqə də. Həm də elə danışaram ki, ifadə etmək istədiyimi ayrılmış ən qısa zaman ərzində də çatdıraram. Məni çox danışdırıb öz bildiyiniz kimi ixtisar etməklə isə siz nitqin bütövlüyünü pozarsınız. Bəkir müəllim elə bütöv və miqyaslı şəxsiyyətdir ki, onun haqqında bir kitablıq da yazmaq olar, iri bir məqalə də. Həmin qələmin sahibi Bəkir müəllimin dünyasına bələd adamdırsa, nə həcmdə yazmağından asılı olmayaraq mütləq sevimli surətin hansısa başlıca cizgilərini canlandırmağı bacaracaq. Sərgimizdə Bəkir Nəbiyev haqqında düşüncələrimi yazmaqçün mənə ayrılan yer aşağı-yuxarı 5 min işarəlik olduğundan o qədər də yazdım. Sağlıq olsun, bunu unudulmaz Bəkir müəllim haqda gələcəkdə yazacağım hansısa daha sanballı yazıya müqəddimə sayaq.
 

 
 ...Ayrı-ayrı ədəbi simalara həsr edilmiş muzey sərgilərinin bir özəlliyi də var ki, onlar daim deyil, təsadüfdən-təsadüfə, uyğun münasibətlərlə nümayiş etdirilirlər.  Yəni yubileylər, hansısa əlaqədar tədbirlərlə bağlı.  Odur ki, Nizami muzeyində akademik Bəkir Nəbiyevə həsr etdiyimiz 9 lövhəlik böyük sərgini yaxın zamanda hamının görəcəyinə ümid bağlamaq düz olmaz. Həmin səbəbdən də o sərgi üçün Bəkir müəllim haqda yazdıqlarımı burada da yerləşdirirəm ki, ən azı doğmaları oxusun.
 
 
 Bir yol və üç ömür
 
 Onu yaxından tanıyanlar da, uzaqdan bələd olanlar da, hətta birbaşa, canlı yox, televiziya ekranından müşahidə edənlər də hamısı təsdiqləyirdilər ki, bilikli adamdır, yaxşı alimdir, insanlığına da söz ola bilməz.  Yaxından tanıyanların dilində Bəkir Nəbiyev haqqında bu fikirlərin səslənməsində təəccüblü heç nə yoxdur. Çünki ortada 60 ildən artıq davam edən yaradıcılıq yolu boyunca yazdığı dəyərli əsərlər, kürsülərə qalxanda istənilən mövzuda gözəl Azərbaycan dilində səlis, rəvan, cazibəli nitqi vardı ki, alimliyi barədə aydın şəhadət verirdi.
 

 
 Onunla birgə işləyənlər, yol yoldaşı, qonşu olanlar səmimiyyətini, mehribanlığını, tikansız insan olduğunu etiraf edirdilər. Və bu keyfiyyətlər Bəkir müəllimdə o qədər qabarıq idi ki, lap üz-üzə ünsiyyətdə olmayanlar da televiziya ekranından onu seyr edərkən, radioda sifətini görməyib səsini eşidərkən belə həm mükəmməl savadını, haqqında bəhs etdiyi mövzulara incəliyinə qədər bələdliyini, həm də səsinin həlimliyindən, istiliyindən qəlbindəki hərarəti, təbiətindəki gizlədilməsi mümkünsüz qabarıq rəhmdillik ovqatını hiss edirdilər. Bəkir müəllim hamımınkı hesab edə bilən az adamlardan, nadir alimlərdən, öz varlığında yaxşı adam və yaxşı alim anlayışlarını üzvü şəkildə qovuşdurmağa nail olmuş təklərdən idi.
 Bəkir Nəbiyev özü söyləyirdi və xatirlərində də yazıb ki, ondan əvvəl də ailələrində Bəkir olubmuş. Lakin bu uşaq körpə ikən vəfat etmişdi və qəlbi yanıqlı ana növbəti oğlu dünyaya gələndə həyat yoldaşının vasitəsilə qayınatasından xahiş edir ki, bu övladının da adını Bəkir qoymağa icazə versin. Beləcə, 1300 il əvvəl Məhəmməd Peyğəmbərə xüsusi səmimiyyəti və bağlılığına görə "sədaqətli” ləqəbi almış Əbu Bəkir Siddiqin şərəfinə Ağdaşdakı sadə bir azərbaycanlı ailəsinə gəlib çatmış bu ad həmin ocaqda səslənməkdə davam etmişdi.
 Bəkir müəllim anasını xatırlayarkən bunu da həmişə dalğınlaşaraq yada salırdı ki, Seyid Zəhra xanım hər namaz qılanda dua edərmiş: "İlahi Bəkir balama iki ömür ver. Uzun, xoşbəxt yaşasın! Həm öz ömrünü, həm də körpəykən itirdiyimiz qardaşının ömrünü!”. Və ananın məhəbbət dolu ürəyinin dibindən qopub gələn bu israrlı arzu Allahın dərgahına çatıbmış. Bəkir Nəbiyev həqiqətən iki ömür yaşadı.  Yaşadığı illərin çoxluğuna görə demirəm. 
 

 
 82 il az deyilsə də, bunu iki ömür qədər uzun müddət də saymaq düz olmazdı. Mən iki ömür deyəndə Bəkir müəllimin yaşadığı həyatın mündəricəsini, mahiyyətini, siqlətini nəzərdə tuturam. Bu ilk növbədə işıqlı, xeyirxah, nəcib bir Azərbaycan kişisinin ömrü idi.  O, rəvan, əziyyətsiz həyat sürməmişdi.  Atası yaxşı təhsil almış, savadlı adam olsa da, çətin güzəran onu fəhləlik etməyə, anasını isə külfətin maddi vəziyyətinə az-çox yüngülləşdirməkdən ötrü qohum-qonşu üçün yorğan sırımaq, bəkməz qaynatmaq, nişasta hazırlamaq kimi ağır işləri görməyə yönəltmişdi. Bəkir 12 yaşından işləməyə başlamışdı. Pinəçi yanında şəyird də olmuşdu, barama fabrikində fəhlə də işləmişdi, diktorluq da eləmişdi, müəllimlik də. Sovet repressiyaları zamanında, 1937-ci ildə atası və əmisi həbs olunaraq Sibirə sürgün edilmişdi və "xalq düşməni”nin oğlu damğası ilə yaşamağa məcbur qalan gəncin aldığı ilk ağır zərbələrdən biri bu olmuşdu ki, orta məktəbi bitirərkən ona "qızıl medal” verməməkçün sonralar akademikinə çevriləcəyi ədəbiyyat fənnindən "əla” qiymətini "dörd”ə endirmişdilər.  Ali məktəbə daxil olmuşdu. Ən nümunəvi tələbə kimi müəllimlərin hörmətini, sevgisini qazanmışdı. Onu "Stalin təqaüdü”nə təqdim etmişdilər.  Lakin növbəti zərbə gəlmişdi – "xalq düşməni”nin oğluna bu şərəfi göstərməkdən imtina edilmişdi. Neçə illər elə həmin siyasi səbəbə görə Bəkirin aspiranturaya qəbuluna da əngəllər törədilmişdi. Lakin ruhdan düşməyərək, sınmayaraq addım-addım irəliləmiş, məqsədlərinə çatmaq üçün çalışmaqdan heç vaxt usanmamışdı.  Ən mühümü isə həyatı boyu rastlaşdığı xoşagəlməz münasibətlər, sərt davranışlar, bədxahlıqlar onu daxilən küskün edə, qabalaşdıra, qəddarlaşdıra bilməmişdi. O mülayimlik, o səbirlilik, o qılıqlılıq, o xoşrəftarlılıq ki, Bəkir müəllimdə vardı, deyərdin bu insanın ömrü elə həmişə naz-nemət içində, rahatdan-rahat ötüşüb. Əslində isə, bunun tam əksi idi axı! Pərvərdigarın ana duasını eşidərək Bəkir Nəbiyevə bağışladığı iki insan ömründən biri onun sürdüyü böyük alim həyatı idisə, Tanrı töhfəsi sayılası ikinci ömrü də örnək insan həyatını yaşaması sayılmalıdır. İki paralel və bir-birinə dayaq olan ömür.Demək, Bəkir müəllimə, əslində, elə anasının niyyət etdiyi kimi iki həyat nəsib olmuş və o, 82 illik deyil, 164 illik uzun ömür sürmüşdü. Fəqət bir tərcümeyi-hal içərisindəki o iki ömrə artıq bitib də demək olmaz. Çünki üçüncü ömür başlanıb. Unudulmaz Bəkir müəllimin şəhid ədəbiyyatşünasımız və müstəsna millət aydını Firidun bəy Köçərliyə həsr edilmiş ilk böyük əsəri də daxil olmaqla 50 kitabı onun davam edən varlığıdır. Bu gün Ağdaşda insanların hər gün keçdiyi "Akademik Bəkir Nəbiyev” küçəsi, hər səhər sinif otaqları şagirdlərlə dolan Bəkir Nəbiyev adına məktəb, bütün Azərbaycan boyu doğmaların, dostların, yetirmələrin qəlbindəki saysız-hesabsız məhrəm Bəkir Nəbiyev xatirələri bu əziz insanın və qiymətli alimin bitməyən yolu deməkdir. Sınaqlarla dolu və şərəfli həyat yolu keçən akademik Bəkir Nəbiyevin son ucu mütləq ölümlü dünyadakı qazancı bu qədər oldu. İftixar etməyə, ibrət götürməyə layiq deyilmi?!