Biz imzaları yox, əsərləri dərc edirik...

Bir yapon əfsanəsiHaruki Murakami
3401
17 İyul 2017, 08:29

"Nəyin daha yaxşı olduğunu kim bilə bilər ki? Elə məhz buna görə, xoşbəxt olmaq fürsəti qarşınıza harada, nə zaman çıxarsa-çıxsın, başqalarını, zamanı və məkanı vecinizə almadan o fürsəti dəyərləndirin, ətəklərindən bərk-bərk yapışın. Zaman keçdikcə başa düşdüm ki, bu fürsət insanın qapısını bir ömürdə iki, ən çoxu üç dəfə döyür. Əgər onu hər gəlişində əlinizdən qaçırsanız, ömürlük peşmanlığa məhkum olacaqsınız”.

 

Haruki Murakami

 


İkinci Dünya müharibəsinin yaralarını təzə-təzə sarımağa başlayan Yaponiyanın Kioto şəhərində həyatın durmadığını, hər şeyin davam etdiyini göstərən sıradan hadisələrdən biri baş verir. Buddist rahib atanın oğlu ilə Osakadan olan yapon tacirin qızının qurduğu gənc ailədə 1949-cu ildə oğlan uşağı dünyaya göz açır. Gənc ailə dəhşətli müharibə illərindən sonra yeni bir həyatın başlandığına işarə olan ilk övladlarına Haruki adını verir...

İlk təhsilini doğulduğu əyalətdə alan Haruki ali təhsil almaq üçün Tokioya gəlir. Vaseda Universitetinin dram fakültəsində təhsil alan gənc elə burada həyat yoldaşı Yoko ilə tanış olur. Qərb musiqisinə, ədəbiyyatı və tarixinə böyük marağı olan gənc Haruki ali təhsilini tamamladıqdan sonra bu marağını bir qədər sakitləşdirmək üçün xanımı ilə birlikdə Tokioda bir caz klubu işlətməyə başlayır. Lakin yeddi il keçməsinə baxmayaraq, heç nə onun ədəbiyyata və musiqiyə olan marağını azalda bilmir. Elə həmin illərdə, dəqiq desək, 29 yaşında Haruki bir gecə stadionda beysbol oyunu izləməyə gedir. Oyundan sonra stadionda saatlarla təkbaşına oturur... Və caz klubu sahibi növbəti gün yazıçı Haruki Murakami olaraq oyanır. Cəmi bir il sonra – 1979-cu ildə isə o, "Küləyin səsini dinlə” ("Hear the wind sing”) əsərinin müəllifi kimi tanınır. Elə bu əsərlə də müəllif ilk ədəbi uğura imza atır – "Ən yaxşı debüt əsər” nominasiyası üzrə Yaponiyanın nüfuzlu "Gunzo” ədəbi mükafatının sahibi olur. Bu əsərlə Haruki bütün axtarışlarının, sonsuz maraq və həyəcanının ocağını tapır – yazmaq. Bundan sonra onun həyatında heç nə əvvəlki kimi olmur.

 

 

 


"Mükəmməl bir hekayə oxuyanda dayanmaq, fasilə vermək istəmirsiniz, oxumağa davam edirsiniz. Mən də belə bir hekayə yazmağa başlayanda dayana bilmirəm, durmadan yazıram”.

 

Artıq 1982-ci ildə "Yabanı qoyunun içində” ("A Wild Sheep Chase”) adlı üçüncü romanı işıq üzü görsə də, Haruki yapon oxucusunun kifayət qədər tanımadığı, şübhə etmədən zaman sərf etdiyi yazıçı deyildi. Adıçəkilən romanda xırda reklam agentliyinin sahibi, yaşamaq üçün sakitcə öz işi ilə məşğul olan gənc kiçik sahibkar çoxdan görmədiyi dostundan təbrik açıqcası alır. Bir müddət sonra isə naməlum bir elçi onu fantastik bir hekayənin içinə çəkir, qarışıq və uzun səyahətə çıxmağı təklif edir. Baş qəhrəmanın bu səyahət zamanı qoyun şəklinə düşmüş bələdçi ilə tanış olması ədəbi tənqidçilərin də Haruki haqqındakı fikirlərini anidən müsbətə doğru dəyişmişdi. Artıq ədəbiyyat dünyası ona yeni tərzin, yeni ədəbi nəfəsin müəllifi kimi baxırdı.

Üç il sonra – 1985-ci ildə Murakami "Qaynadılmış möcüzələr diyarı və dünyanın sonu” ("Hard Boiled Wonderland and the End of the World”) romanı ilə yenə oxucunun qarşısına çıxır, yenə təəccübləndirir, yenə macəradan-macəraya sürükləyir. Bu iki əsəri oxuyanlar Yaponiyaya səfər etsə, Harukinin əsərlərini xatırlamamağa çalışsın, çünki onun yaratdığı Yaponiyadan bu dünyada olan ölkəyə çox uzaqdır. Əslində, demək olar ki, sətirlərdə kimonolu qadınlar, işlərinə bağlı yapon kişilər, onları evlərində səbirsizliklə gözləyən qadınlar və möhkəm ənənələri ilə tanınan Yaponiyadan kənarda qeyri-adi, macəra dolu həyat yaşamaq istəyən gənclərlə, Stenfor və ya Berkeley yataqxanalarını xatırladan yerlərdə sərbəst şəkildə intim həyatın zövqünü yaşayan gənc qızlarla yaxından tanış oluruq. Amma roman qəhrəmanlarının adlarından başqa heç nə bildiyiniz, tanıdığınız Yaponiyaya aid deyil. Buna baxmayaraq, fantastik qurğuları, təsvir yolları ilə Dalinin çılğın rəsmlərini xatırladan və eyni zamanda təəccübləndirən bu iki əsər yapon gənclərinin "Yanğın olsa, xilas etmək istədiyim əsərlər”i siyahısında öz yerini alıb. Lakin ənənəvi ədəbiyyat nümayəndələri Murakamini görməzdən gəlmək, onu ədəbiyyata layiq görməmək, ciddi hesab etməməklə bağlı duruşunu hələ ki, qoruyur.

 

"Sadəcə, başqalarının oxuduğu kitabları oxusanız, ancaq onlar qədər düşünə bilərsiniz”.

 

Bir müddət sonra Haruki Yaponiyanın sərhədləri aşmağa imkan verməyən mühitindən yorulur. Kurt Vonnequt pərəstişkarı olan yazıçı 1986-cı ildə kumirinin yolunu tutur və Nyu-Yorka köçür. Burada Prinston və Tufts universitetlərinin ədəbiyyat fakültəsi tələbələrinə mühazirələr deyən Murakami ədəbiyyata daha sıx bağlanır. Durmadan ingiliscədən yapon dilinə və əksinə tərcümələr edərək, hər iki ölkənin ədəbi xəzinəsinə dəyərli nümunələr qazandıran yazıçı 3 hekayə kitabının, iki ədəbi-tənqidi araşdırmanın, 12 romanın müəllifidir.

Murakaminin Amerikada qələmə aldığı ilk romanda da universitet yataqxanalarında həyat tapan eşq macərasından bəhs edilir. Əsərin baş qəhrəmanı 37 yaşlı Taru Hamburqa gəlir. Qulaqcıqda "Bitlz”ın səsi gəlir və qəhrəman unuda bilmədiyi, gəncliyinin əvəzolunmaz macərasını yaşadığı 1968-ci illərin Tokiosunda keçən günlərinə geri dönür. 1987-ci ildə işıq üzü görən məşhur "Norveç meşəsi” ("Norwegian Wood”) romanı yaponiyalı gənclərin ədəbi zövqündə, həyat tərzində, düşüncəsində Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” əsəri kimi dramatik izlər qoyur. Roman Yaponiyada rəflərdə yerini alan gündən böyük maraqla qarşılanır və cəmi bir ayda üç milyon nüsxə satılır. Bu uğur Murakamini yapon ədəbiyyatının ənənəvi ədəbiyyat müdafiəçilərinin gözündə qatı hədəfə çevirir. Lakin bu, təkcə Yaponiyaya aid idi. Çünki digər ölkələrdə Murakami nəşriyyatlara və ədəbiyyatsevərlərin kitab rəflərinə məhz "Norveç meşəsi” ilə yol tapır.

 

 

 

1988-ci ildə yayımlanmış "Rəqs et” ("Dance, dance, dance”) və 1992-ci ildə işıq üzü görmüş "Sərhədin Cənubu, Günəşin Qərbi” ("South of the Border, West of the Sun”) romanlarından sonra İkinci Dünya müharibəsini və yapon ordusunun Çinin Mancuriya sərhədlərindəki qırğınlarını qələmə alan Murakami bu əsərə "Qanadlanmış quşun gündəliyi” ("Wind Up Bird Chronicle”) adını verir. Bununla da yazıçı yapon həmkarları tərəfindən tamamilə rədd edilir. Çoxları Murakaminin bu əsəri məhz yapon yazıçıların ondan imtinası üçün yazdığı qənaətindədir. Əslində onun atası da, müharibədən illər sonra doğulmasına baxmayaraq, özü də müharibənin və müharibənin ağrılarından xilas ola bilməyən cəmiyyətin bir parçasıydı. Amma bu əsərlə müəllif zehnində daşıdığı minlərlə qorxulu qutudan birini, savaş qutusunu açdığını iddia edirdi: "Nələr baş verəcəyini mən də bilmirdim, amma bilirdim ki, o günlərdən görməzdən gəlməklə xilas ola bilməyəcəyəm. Heç bir plan qurmadan, bir ucundan tutub, başladım”.

1995-ci ildə uzaqlığa dözə bilməyən yazıçı xanımı ilə birgə vətənə geri qayıdır və Osioda məskunlaşır. Elə həmin il terrorçu qrupun Tokio metrosunda günahsız insanları öldürməsi ilə dərindən sarsılan yazıçı qətliamdan sağ çıxmış 62 nəfərlə tək-tək görüşür. Cəmi on il əvvəl tənqid etdiyi, düşüncə tərzlərini bəsit gördüyü bu insanları artıq "tanımağa” başlayır. Arı kimi işləyən bu insanlara bağlanır, onlarla bütövləşir. Bu insanları siz müəllifin "Metro” ("Underground”) əsəri ilə tanıya bilərsiniz.


"Yazarlar da peyğəmbərlər kimi bəzən öz vətənlərində qərib, yad olurlar”.


Yazıçı hazırda evinin yaxınlığında sakit və xırda bir məkanı da iş yeri kimi istifadə edir. İşə səhərin erkən saatlarında başlayan yazar ara vermədən dörd, ən çox beş saat yazır. Bu gərgin iş saatlarını gündəlik 10 kilomterlik yürüş davam etdirir. Murakami yaxşı yaradıcı qabiliyyət üçün sağlam bədənin vacib olduğunu düşünür və bu cəhəti ilə siqaret və içki düşkünü olan həmkarlarından fərqlənir. Axşam saatlarını isə hobbi – tərcümə saatları adlandırır. Yazıçının şöhrətinə şöhrət qatan əsəri isə 2002-ci ildə işıq üzü görmüş "Kafka sahildə” ("Kafka on the shore”) romanı olur.


"Arzu etdiyiniz nədirsə, bilin ki, əsla sizin təsəvvür etdiyiniz formada reallaşmayacaq”.


Fərdi azadlığına, düşüncə və ifadə haqqına əvvəllər  olduğu kimi indi də hər şeydən çox əhəmiyyət versə də, iddia edir ki, indi Yaponiyada öz həmvətənlərinə qarşı daha tolerant, sıradan insanların seçimlərinə və düşüncələrinə daha çox hörmət edən Haruki Murakami yaşayır. Amma varlığını hər zaman rədd etdiyi tiplər müəllifin əsərlərində açıq-aşkar qamçılanır. Müsahibələrindən birində Murakami deyir: "Mütəmadi olaraq efirə çıxıb hər mövzuda "ağıllı” sözlər danışan, bəşəriyyətin gələcəyinə, insanların taleyinə hörmət etməyən insanların həyatın həqiqəti olduğunu dərk etmişəm. Əgər mən həyatı yazıramsa, onlar necə kənarda qala bilər?!”


"Nəyin xəyalı ilə yaşayırlarsa yaşasınlar, insanlar olduqlarından fərqli bir adama çevrilə bilmirlər”.


Müəllifin ədəbi uğurunu "Qaranlıqdan sonra” ("After Dark”) və "1Q84” əsərləri davam etdirir. "1Q84” Yaponiyada "Norveç meşəsi”nin uğurunu təkrarlayır, yayımlandığı ilk bir ay ərzində bir milyondan yuxarı satış göstəricisi ilə yadda qalır.

İllər keçdikcə vətənində və dünyada ədəbiyyatın getdikcə daha çox sevilən və daha çox hörmət görən yazıçısına çevrilən Murakami uzun və bəzən yorucu təsvirləri ilə oxucunu soyutsa da, həyəcan və macəranı sevənlərin əvəzolunmazıdır.

 

 

Tərcümə edən: Elcan Salmanqızı