Biz imzaları yox, əsərləri dərc edirik...

Ürəkdən istəyəndə olur – Fidan Hacıyevanın müsahibəsi
1373
18 Dekabr 2018, 11:55
 Artkaspi.az Xalq artisti Fidan Hacıyevanın müsahibəsini təqdim edir:
 
 
 
 
 

 – "Fidan Hacıyeva musiqi məktəbi”ni açmaq fikriniz necə yarandı?
 – Bilirsiniz ki, uzun illərdir müxtəlif ölkələrdə çıxışlar edirəm. Müşahidə edib görürdüm ki, getdiyim ölkələrin bir çoxunda opera müğənnilərinin öz dəsti-xətti, öz məktəbləri var. İtaliyada dünya şöhrətli mezzo-soprano, İtaliyanın tanınmış opera müğənnisi Bruna Buglioninin sinfində təhsil almışam. Orada onun adını daşıyan, özünün rəhbərlik etdiyi musiqi məktəbi var. Gördüm ki, o, öz biliyini şagirdlərinə – musiqi istedadı olan insanlara necə öyrədir. Digər ölkələrdə də məşhur müğənnilərinin biliklərini gənclərə necə öyrətdiklərinin şahidi oldum. Düşündüm ki, niyə bizim ölkəmizdə belə bir məktəb olmasın. Sənətdə böyük təcrübəm var, uzun illərdir Opera və Balet Teatrının solistiyəm, həm Azərbaycanda, həm İtaliyada, həm də Rusiyada təhsil almışam.  Belə qərara gəldim ki, vokal sənətinə bildiklərimi musiqisevərlərlə paylaşım. "Fidan Hacıyeva musiqi məktəbi” belə yarandı. Bu məktəb Azərbaycanda ilk özəl musiqi məktəbidir. Mədəniyyət və Təhsil Nazirliklərinə, mənə dəstək olduqlarına görə minnətdarlığımı bildirirəm. Təhsil ocağımız həm məktəb, həm də kurs kimi fəaliyyət göstərir. Məktəbdə təhsil müddəti yeddi ildir. Kurslarda isə yaş məhdudiyyəti yoxdur. Ən kiçik şagirdimiz dörd yaş yarımlıqdır. Oğlumun yeddi yaşı var, o da məktəbimizin şagirdidir. Bir tələbəmiz var, 67 yaşı var, xarici ölkə vətəndaşdır. O da kurslarımıza gəlir, çox istedadlı bir adamdır. Hətta Dövlət Filarmoniyasında və Mahnı Teatrında verdiyimiz konsertlərdə tələbələrimiz də iştirak etmişdilər. Biz həm öyrədirik, həm də təşkil etdiyimiz konsertlərdə tələbələrimizin iştirak etməsinə şərait yaradırıq ki, onlar da istedadlarını nümayiş etdirə bilsinlər. Keçən ay Mahnı Teatrında konsertimiz oldu. Tələbələrimlə həm duet oxuyuruq, həm də solo çıxışlarımız olur. Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarımızın eləcə də dünya bəstəkarlarının əsərlərini, antik ariyalar daxil olmaqla, Fransa, İtaliya, İspaniya və Rusiyanın ən tanınmış bəstəkarlarının əsərlərini də ifa edirik. Bütün bunlar, klassik musiqinin ölkəmizdə geniş bir şəkildə təbliğinə imkan verir. Tələbələrim müxtəlif müsabiqələrdə iştirak edirlər. Bu yaxınlarda tələbəmiz Nigar Rəhimova Rusiyada birinci yeri tutdu, Azərbaycan bayrağını qaldırdı. Bu isə məktəbimizin böyük uğurudur. 

  – Əslində siz fortepiano üzrə təhsil alıbsınız. Azərbaycan tamaşaçısı isə sizi müğənni kimi tanıyır. Müğənni olmağınızın da maraqlı tarixçəsi var. Bunu sizdən eşitmək istərdik. 
 – Musiqi ilə beş yaşından məşğul oluram. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsini bitirmişəm. Buna baxmayaraq, oxumağa hər zaman meylli olmuşam. Məktəbdə bizə "Musiqi ədəbiyyatı” fənni keçirilirdi. Bu dərsdə biz məşhur müğənnilərin səsini dinləyirdik. Orada məni valeh edən Firəngiz Əhmədovanın səsi oldu. Onu yamsılamağa başladım. Tələbə yoldaşlarım dedilər ki, sənin opera səsin var. Bundan sonra bir qədər səsimin üzərində işlədim. Başa düşdüm ki, mənim həm səsim, həm də bu sənətə böyük sevgim var. Konservatoriyaya qəbul olunarkən həm vokalı, həm də fortepianonu seçdim. Sevimli müəllimim, professor Hüseyn Əliyevin sinfində təhsil aldım. On yeddi yaşında Türkiyədə "Leyla Gəncər” adına müsabiqədə iştirak etdim və diplom alan ən gənc laureat oldum.

 – Çox gənc, on doqquz yaşında Opera və Balet Teatrının solisti oldunuz. Bir çox operalar da rol alıbsınız ancaq "Karmen ” operasının sizə daha çox uğur gətirdiyini deyirsiniz...
 – Milad bayramı ilə bağlı BP şirkəti konsert təşkil etmişdi. Bəstəkar Tofiq Quliyevin qızı Lalə xanım məni də həmin konsertə dəvət edib demişdi ki, Karmenin ariyasını ifa edərsən. Mən də həmin konsertdə Lalə xanımın dediyi kimi etdim. O dövrdə operanın gənc solisti idim, özümü bir anlıq nağılda hiss etdim. O gecə fərqli görünürdüm. Gözəl, uzun, mirvarili, muncuqlu bir paltar geyinmişdim. Çıxışımdan sonra yaraşıqlı, göygöz, centlmen bir oğlan mənə yaxınlaşdı, dedi ki, nə gözəl ifa etdiniz. Bu, mənim indiki həyat yoldaşım Filipp idi. Bu da bir qismət idi. Məktəb illərini xatırlayıram, ingilis dilindən üç il özəl dərslərə getmişdim. Evdə mənə deyirdilər ki, ingilis dili ilə niyə bu qədər çox məşğul olursan, sən onsuz da musiqi sahəsinə gedəcəksən, bu dil sənə lazım olmayacaq. Ancaq mən nədənsə istəyirdim ki, bu dili öyrənim. Deyirdim ki, bəlkə, nə vaxtsa gərəyim oldu. İngilis dilini o qədər çox sevirdim ki, səthi öyrənmirdim, dərindən məşğul olurdum və qismətə baxın ki, bu dil mənə o gecə, Milad bayramı günü çox lazım oldu. Həyat yoldaşım o zaman Azərbaycana yeni gəlmişdi. Mənimlə söhbətdən sonra dedi ki, siz ingilis dilində nə gözəl danışır və oxuyursunuz. O, klassik musiqini çox sevir. Biz onunla belə tanış olduq, harada işləməyimlə maraqlandı. Dedim ki, Opera və Balet Teatrında çalışıram. O zaman teatrda "Arşın mal alan” operettası oynanılırdı. Dedi, tamaşaya gələ bilərəm? Dedim, buyurun, gəlin. Dostu ilə bərabər bilet alıb tamaşaya gəldilər, baxdılar və tamaşadan sonra mənə bir məktub göndərdi. "Arşın mal alan”da həm danışır, həm də oxuyuruq. O da mən nə danışmışdımsa, bütün librettonu dostunun köməkliyi ilə ingilis dilinə tərcümə etmişdi. Onun bu hərəkəti mənim çox xoşuma gəldi, düşündüm ki, o, mənimlə maraqlanır, sənətimi sevir. Beləcə, biz tanış olduq. Sonra anası elçi gəldi. Ondan sonra yoldaşım mənim ifa etdiyim əsərləri tərcümə etməyə başladı. O, mənə o gündən bu günə kimi sənət həyatımda dəstək olur. Buna görə ona çox minnətdaram.
 
 
 
 
 
 

 – "Hər dəfə "Karmen”i oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram” deyirsiniz. 
 – Karmenin xasiyyətini, enerjisini, temperamentini çox bəyənirəm. Deyirlər ki, hər bir müğənniyə bir əsəri uğur gətirir. Mənə də "Karmen” uğur gətirdi. Hara getsəm, mənə "Karmen” deyir, məni "Karmen” kimi tanıyırlar. Hətta Türkiyədə belə məni "Karmen” deyə çağırırdılar. Hər dəfə onu fərqli ifa edirəm, təkrarçılığa yol vermirəm. Çoxlu rejissorlarla işləmişəm, ”Karmen”i dünyanın böyük teatrlarında ifa etmişəm. 

 – 2002-ci ildə İtaliyada Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqədə iştirak edibsiniz və müsabiqənin qalibi olubsunuz. O günü necə xatırlayırsınız?
 – Kidjiano Akademiyası çox maraqlı bir akademiyadır. Akademiyanın həyətində bir su quyusu vardı, bütün turistlər ora pul atırdılar ki, arzuları həyata keçsin. Əslində, mən belə şeylərə çox bağlı birisi deyiləm. Ancaq mən də bir dəfə ora pul atdım və arzuladım ki, bal ayını bu ölkədə keçirim. İnanırsınız, elə də oldu. Bal ayında mən yenidən İtaliyaya getdim. Sonra arzuladım ki, birinci övladım qız olsun və atasına bənzəsin, bu arzum da həyata keçdi. Bunların hamısı təbii ki, qismətdir. Ancaq onu bilirəm ki, Allahdan hər hansı bir şeyi ürəkdən istəyəndə, o, mütləq olur. Təbii ki, həyatda çətin günlərim, anlarım da olub. Ancaq həyat mübarizədir, sınaqdır. O sınaqlardan da alnıaçıq çıxmışam. Həyatımın hər anına şükür etmişəm. Kidjiana Akademiyası mənə böyük uğur gətirdi, konsertlər verdim. Bruna Buglioninin sinfində üç il təhsil almışam. Çox böyük bir məktəb keçdim və o böyük məktəbdən sonra öz məktəbimi açdım. İndi öz tələbələrimə vokal sənətinin sirlərini öyrədirəm. Mən İtaliyada da qala bilərdim. Orada mənə iş də təklif etdilər. Ancaq istəyirdim ki, məhz vətənimə qulluq edim, öz tələbələrimi yetişdirim. Hər insan gərək öz sahəsində özünü tapsın və onu inkişaf etdirsin. Mənim də missiyam mədəniyyətimizi, klassik musiqimizi inkişaf etdirməkdir. Mən bu missiyanı həyata keçirirəm.

 – Azərbaycanı xaricdə təmsil edən müğənnilərimizdən birisiniz. Azərbaycan musiqisi dünya tamaşaçıları tərəfindən necə qarşılanır? 
 – Bu ilin may ayında Azərbaycan Cümhuriyyətinin yüz illiyi ilə əlaqədar dörd konsert verdim. İlk konsertim filarmoniyada oldu. Böyük bəstəkarımız Ədilə Hüseynzadənin əsərlərini ifa etdim. O, Azərbaycanın ilk qadın bəstəkarı, Üzeyir Hacıbəyovun tələbəsi olub. Hazırda təəssüf ki, Ədilə xanımın əsərləri unudulub. Ancaq mən onun ailəsindən on altı əsərini xahiş edib aldım. Aylarla bu əsərlər üzərində işlədim və filarmoniyada onları ifa etdim. Ədilə Hüseynzadənin romansları Nazim Hikmət, Nigar Rəfibəyli, Rəsul Rzanın sözlərinə yazılmış çox dərin mənalı əsərlərdir. Sonra eyni repertuarla Londonda konsert verdim. O, konsertdən gözləmədiyim uğuru qazandım. Çünki tanınmayan, ancaq çox zəngin musiqisi olan əsərlər ifa etdim. Hər bir əsər sanki böyük bir operadır. Sonra İsveçrədə və Gürcüstanda konsertlər verdim. O konsertlərdə Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin əsərlərini ifa etdim. Təbii ki, çox gözəl də qarşılandım. Bunların hamısı Azərbaycan musiqisinin böyük təbliğatıdır. Azərbaycan musiqisi çox zəngindir.

 – Qastrol səfərlərinizdən yadınızda qalan, unutmadığınız bir xatirə varmı?
 – Türkiyənin Antalya şəhərində, açıq havada, on beş min nəfərlik antik bir teatrda tamaşam oldu, "Karmen”i ifa etdim. Özümü bir anlıq İspaniyada hiss etdim. Tamaşa gecə 10-da başladı, saat 1-də bitdi. Ogünkü küləyi heç vaxt unutmuram, orkestrin notları uçurdu. 

 – Fidan xanım, deyəsən, hərbi rütbəniz də var. 
 – Bəli, mən artıq uzun illərdir Daxili İşlər Nazirliyinin hərbi orkestrinin dirijoru və solistiyəm. Orkestrin rəis müaviniyəm, baş leytenant rütbəsini daşıyıram. Müxtəlif tədbirlərdə iştirak edirik, əsgərlərimiz üçün oxuyuram, çoxlu sayda vətənpərvər ruhda yazılmış mahnılarım var. 

 – Tamaşaçı sevgisinin həyatınızdakı rolu nədən ibarətdir?
 – Mən hər zaman konsertlərə, efirlərə çıxanda ilk növbədə qarşımda tamaşaçıları görürəm. Hər hansı bir addımı atmamışdan öncə çox düşünürəm. Çünki efirə çıxanda bilirəm ki, mənə müxtəlif təbəqələrdən olan insanlar baxır. Hər hansı bir ifadəni düzgün işlətməsəm, pərişan olaram. Mənim üçün tamaşaçı çox önəmlidir. Ona görə, hər zaman onları düşünürəm, fikirləşirəm ki, onları sevindirim, onların zövqünü oxşayan mahnılar oxuyum.

 – Uzun müddətdir ki, ailəlisiniz. Evdə həyat yoldaşınızla hansı dildə danışırsınız? 
 – Yoldaşım Azərbaycan dilində bir az bilir. Ancaq övladlarımın üçü də Azərbaycan dilində sərbəst danışırlar. Onlar mənimlə, anamla və bacımla Azərbaycan dilində danışırlar, yoldaşımla isə ingilis dilində danışırlar.
 
 
 
 
 

 – Bildiyimə görə, həyat yoldaşınız muğamlarımızı sevərək dinləyir, hətta muğam ifaçılarımızın bir neçəsi ilə ailəvi dostluq edir. 
 –  Bülbülün, Şövkət Ələkbərovanın, Zaur Rzayevin, Aybəniz Haşımovanın səsini çox sevir, maşınında bu müğənnilərin mahnılarını, Habil Əliyevin ifalarını dinləyir. 

 – Həyat yoldaşınız evdə hansı işlərdə sizə kömək edir? 
 – O, mənə evdə hər işdə köməklik edir, uşaqlara baxır, dərslərini hazırlamaqda köməklik edir, vaxtı olanda dadlı yeməklər bişirir. Milad bayramında yeməkləri hər zaman o bişirir. Çox gözəl əl qabiliyyəti var. Mən də arada bir mətbəxə keçirəm. Ancaq anam bizimlə yaşadığı üçün yeməkləri əsəsən o bişirir. 

 – Başqa milliyyətli biri ilə evli olmaq sizə problem yaratmır ki? 
 – Xeyr, qətiyyən. Mən onun başqa millətdən olduğunu hiss eləmirəm. Filipp, Azərbaycanı çox sevir, ölkəmizə, onun adət-ənənələrinə, musiqisinə bağlı bir insandır. Tez-tez deyir ki, Novruz bayramını səbirsizliklə gözləyirəm ki, şəkərbura, paxlava yeyim. İstəməsəydi, iyirmi il Azərbaycanda qalmazdı. 

 – Övladlarınızı hansı psixologiyada böyüdürsünüz? 
 – Azərbaycan psixologiyası ilə böyüyürlər. İngilis dilli məktəbdə təhsil alsalar da, düşüncələri bizimki kimidir. 

 – Klassik mahnıların ifaçısı kimi tanınan Fidan Hacıyeva hərdən muğama da müraciət edir. 
 – Məmməd Arazın sözlərinə yazılmış çox gözəl bir mahnı var "Dağlar küsüb məndən”, onu ifa etmişəm. Hətta bu mahnıya klip də çəkdirmişəm. Mənsum İbrahimovdan xahiş etdim ki, bu mahnını muğam üstündə oxumağım üçün mənə köməklik etsin. Atam mühəndis olmasına baxmayaraq, musiqiyə, muğamlarımıza bağlı bir insan idi. Mən gözümü açandan atamı pianoda muğamlarımızı ifa edən görmüşəm. Ona görə də mən də muğamlarımızı pianoda ifa edə bilirəm. Anam evdar qadın olsa da, çox gözəl səsi var. Mənə də bu səs yəqin ki, anamdan keçib. 

 – 2018-ci ilin son günlərini yaşayırıq. Bu il yadınızda necə qaldı? 
 – Şəxsi konsertlərimlə yanaşı, məktəbimizin tələbələri ilə birlikdə verdiyim konsertlər oldu. Bu ayın sonunda Belarusda keçiriləcək opera forumunda iştirak edəcək, dünyanın ən böyük opera müğənniləri ilə eyni səhnəni paylaşacağam. 

 – 2019-cu ildən nələr gözləyirsiniz? 
 – Aprel ayında yenidən "Karmen”ə müraciət edəcəyəm. Ancaq bu dəfə "Karmen”i tələbələrimlə birlikdə Opera və Balet Teatrında ifa edəcəyik. May ayında isə konsertim olacaq, çox maraqlı bir layihə ilə sevənlərimin qarşısına çıxacağam. 
        
 Söhbətləşdi: İntizar İsmayıl