Biz imzaları yox, əsərləri dərc edirik...

Bir mahnıya iki klip çəkdirmək hər müğənninin qisməti deyil – Ruslan Alışanın müsahibəsi
966
04 Oktyabr 2018, 08:14
  "Debüt” rubrikamızın qonağı istedadlı gənc ifaçı Ruslan Alışandır. Müsahibimiz 2016-cı ildə "O Ses Türkiyə” musiqi yarışmasının iştirakçısı olub. Repertuarında yer alan mahnılar özünəməxsusluğu ilə seçilir və öz tamaşaçı kütləsini toplamağı bacarıb.  
 
 
 

 
  – Ruslan bəy, nə zamandan səsinizin olduğunu və özünüzü bu sənətdə gördüyünüzü hiss etdiniz?
 
  – Mən Mingəçevirdə dünyaya gəlmişəm və orta təhsilimi orada almışam. 15 yaşımdan "Youtube”da yerləşdirilən videoları izləyirdim və orada hələ o zamanlar üçün yeni-yeni çıxan gitara ilə mahnıların ifa edildiyini görürdüm. Bu da mənim diqqətimi çəkirdi. Ümumiyyətlə, "cover”-in nə demək olduğunu başa düşmürdüm və onu araşdırmağa başladım. Öyrəndim ki, hansısa mahnını yenidən ifa etdikdə və ona öz əlavələrini qatdıqda, bu artıq "cover” adlanır. Mahnıların ilkin versiyasını götürüb oxumağa başladım. Mingəçevirdən Bakıya gəldim və özümü bu sahə üzrə ixtisaslaşdırmağa başladım. Klublarda çıxış etmək üçün proqram yığmağa başladım. İndi həmin proqrama baxanda görürəm ki, çox bərbad oxumuşam (gülür). Vokal dərsləri aldıqdan sonra özümü inkişaf etdirdim. 
 
  – Restoranlara daha çox bayağı, toy mahnılarını oxuyanları dəvət edirlər, nəinki həzin, xarici stildə ifa edənləri. 
 
  – O vaxt daha çox türk mahnıları oxuyanlara üstünlük verirdilər. Mən elə yerlərə müraciət edirdim ki, orada daha çox xarici mahnılar tələb edilirdi. Əvvəldən bayağı mahnılara marağım və meylim olmayıb. Düşünürəm ki, bu məndə alınmır. Həm də mənim daxilimə daha çox xarici musiqilər uyğundur. Səs-küylü musiqiləri sevmirəm. El arasında mənə "Avro Damla” deyirlər. 
 
  – Səbəb?
 
  – Repertuarımda daha çox həzin mahnılar üstünlük təşkil etdiyi üçün dostlarım məni elə çağırır. 
 
  – Mingəçevirdən gəldikdən sonra seçdiyiniz sənəti inkişaf etdirmək üçün hansı addımlar atdınız? 
 
  – Özümü təkmilləşdirmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi verdim. İstədiyim ixtisasa - "Estrada ifaçılğı” ixtisasına qəbul oldum. Birinci kursda Cavan Zeynallıdan dərs aldım. Daha sonra onun qrupunu dəyişib, Gülnarə Allahverdiyevanın qrupuna keçdim. Təəssüf ki, daha sonra təhsilimi dondurdum. Dərslərimdən yüksək qiymətlər alırdım. Heç bir kəsirim yox idi. 
 
  – İstədiyiniz bir ixtisasa sahib olduğunuz halda təhsilinizi nə üçün dondurdunuz?
 
  – Təhsil haqqını ödəyə bilmədiyim üçün təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım. Dərs sistemimiz elə idi ki, dərsdən sonra işləmək üçün zaman qalmırdı. Başqa çıxış yolum yox idi. 
 
  – Sizcə, seçdiyiniz sənətdə təhsil nə qədər önəmlidir?
 
  – Musiqi təhsili mütləqdir. Kor-koranə oxumaq insanı uçuruma aparır. Vaxtilə özüm də oxumuşam. Bu, səsə çox ziyandır. Misal üçün, musiqidən anlayışı olmayan biri yarım saat dayanmadan oxuyanda səsi oturur. İndi nəyi necə oxumaq lazım olduğunu bilirəm və saatlarla dayanmadan oxuya bilərəm. Elə müğənnilər var ki, iki mahnı oxuyandan sonra yorulur və səsi korlanmağa başlayır. Bu onun təcrübəsizliyinin və musiqi təhsilinin olmamağının göstəricisidir.
 
 
 
 

 
  – Bəs necə oldu ki, "O səs Türkiyə” musiqi yarışmasına qatıldınız? 
 
  – İlk növbədə Azərbaycanda keçirilən "Səs Azərbaycan” yarışmasında qeydiyyatdan keçmişdim. Ondan bir neçə müddət sonra isə "O səs Türkiyə” və Ukraynada keçirilən müsabiqəyə sənədlərimi göndərdim. Düşündüm ki, hansından dəvət gəlsə, onu dəyərləndirəcəm. Ümid edirdim ki, "Səs Azərbaycan” yarışmasında seçilərəm. Çünki burada iştirak etmək mənim üçün daha effektli və sərfəli idi. Ancaq burada münsiflər heyəti mənə tərəf dönmədilər. Türkiyənin və Ukraynanın səs yarışmasından gələn təklifləri dəyərləndirməyə çalışdım və Türkiyəni seçdim. "O səs Türkiyə” yarışması Azərbaycanda daha məşhur olduğu üçün ona üstünlük verdim. Həm də o yarışma daha çox izlənilir və reytinq rekordları qırır. Düşündüm ki, mən bu yarışma vasitəsi ilə daha tez məşhurlaşa bilərəm. Türkiyədə səs yarışmasında iştirak etdikdə, bir çox prodakşınlar tərəfindən iş təklifləri aldım. Ancaq təhsil aldığım universitetdən təzyiqlər edildi və onlar bildirdilər ki, geri dönməsəniz, universitetdən xaric olunacaqsınız. Ona görə də orada mənə təklif olunan işlərdən imtina etdim. İndi o qərarımın peşmançılığını çəkirəm. 
 
  – O yarışmada sizin iştirakınız burada o qədər də səs-küyə səbəb olmadı.  
 
  – Bəli, bunun da öz səbəbləri vardı. Mən Murad Bozun komandasını seçdim. İstəyirdim ki, Hadisənin komandasına gedim, ancaq o mənə tərəf dönmədi. 4 tur Murad Bozla getdim, 3 dəfə qalib oldum. Murad Bozun "Kardeşim benim-1” film çəkilişi həmin ərəfəyə düşdüyü üçün məşqlərə gəlmirdi. Onu ancaq səhnədə görə bilirdim. Hadisəni ondan çox görürdüm. Həmin ərəfələr Türkiyədə terror hadisələri baş verdi. Atatürk hava limanına getdim, orada partlayış oldu. Taksim meydanına gəldim, orada araşdırma aparılırdı. Mən efirə çıxdığım gün efirlərdə ləngimələr olurdu. Terror xəbərlərini qoyub kimsə səs yarışmasına baxmırdı. Ona görə həmin gün verilişin reytinqi çox az oldu. Bu da mənim efirə çıxdığım günlərə təsadüf etdi. 
 
  – Yarışmadan gəldikdən sonra nələr etdiniz?
 
  – Yarışmadan döndükdən sonra mahnılar yazdırmağa, Tofiq Hacıyevlə işləməyə başladım. O mənim prodüserim olsa da, mahnılarımı yazır, bəstələyir, ona klip çəkir. Həm də mənim dəyərli həmkarımdır. İlk olaraq "Bağışla” mahnısını oxudum. Mahnının sözləri, musiqisi Tofiqə məxsusdur. Hətta Tofiq həmin mahnıya da klip çəkdi. Üzərindən bir müddət keçdikdən sonra mahnını əməkdar artist Tünzalə Ağayevaya göndərdik. Tünzalə xanım mahnını bəyəndi və mənimlə söhbət etmək istədiyini bildirdi. Söhbət zamanı "Bağışla” mahnısını duet kimi oxumağı təklif etdi. "Bağışla”nın duet versiyasına klip çəkdirdik. Bir mahnıya iki klip çəkdirmək hər müğənninin qisməti deyil. Daha sonra "Yuxu” qrupunun "Xəzərin sahilində” mahnısını başqa bir tərzdə ifa etdim və bu da çox müsbət qarşılandı. "Çətirlər” mahnısını ifa etdim, hansı ki, bu mahnını Ünal Məmmədov yazıb. Ən son mahnım isə "Unut”dur. 
 
  – Hədəfləriniz nələrdir?
 
  – Özümü böyük səhnələrdə görürəm. Ən böyük məqsədim "Eurovision” mahnı müsabiqəsində qalib olmaqdır.  
 
  – Bildiyimiz qədəri ilə, sizin modellik fəaliyyətiniz də var. 
 
  – 2016-cı ildə keçirilən "Mister Photo Model Azerbaijan” yarışmasının qalibi olmuşam. İndi bu sahə üzrə çox prodakşınlar yaradılıb ki, onlar sertifikatlar təqdim edirlər və adını da müsabiqə qoyurlar. Sosial şəbəkələrdə kimin səhifəsinə baxırsan, özlərini model və aktyor kimi təqdim edirlər. Heç özüm model ola-ola onu yazmamışam. Yazmağa utanıram. Əslində mənim diplomum və bu işdə təcrübəm də var.
 
  – Bu sahə bizdə bir az zəif inkişaf edib.
 
  – Xaricdə modellər ona görə pul qazanırlar ki, onların markaları, moda həftələri var. Bizdə bunlar yox səviyyəsindədir. Bizdə daha çox toy makiyajları reklam olunur. 
 
  – Stiliniz də çox fərqlidir.
 
  – Bu mənim imicimdir. İstəyirəm ki, öz imicimi formalaşdırım. Bu stili özümə yaraşdırıram. Hər çəkdirdiyim klipdə bir stildə çıxış etmişəm. Hətta bir klipdə məni görənlər o biri klipimdə məni tanımırlar. Sonuncu klipi çəkdirmək üçün saçlarımın uzanmasını gözlədim. 
 
 
 

 
  – Bəs qolunuzdakı tatuların mənası nədir?
 
  – Tatular obrazımın bir qismidir. Rus nağıllarında gördüyünüz dənizdir. Özümü okeanın bir zərrəsi hesab edirəm. 
 
  – Kimləri özünüzə örnək bilirsiniz?
 
  – Daha çox xaricilərdən örnək götürürəm. Beyonce, Sem Smit, yerli ifaçılardan Tünzalə Ağayeva, Röya, Natəvan Həbibi, Elnarə Xəlilovanı dinləyirəm.
 
  – Bəs çoxluğun dinlədiyi Pərviz Bülbülə, Aydın Sani, Üzeyir Mehdizadəni necə?
 
  – Nə Pərviz Bülbüləni, nə də Aydın Sanini tanıyıram. 

 
Söhbətləşdi: Xəyalə Rəis