Biz imzaları yox, əsərləri dərc edirik...

Tənhalıqdan üşüyürəm Aqşin Yeniseyin həyat yoldaşı Turanə Rəsulovaya yazdığı şeir
5016
02 Avqust 2017, 10:42

 artkaspi.az yeni layihəyə start verib. "Həyat yoldaşına yazılanlar" adlı layihə çərçivəsində şairlərin xanımlarına ünvanladıqları şeirlər yayımlanacaq. Bu dəfə şair Aqşin Yeniseyin həyat yoldaşı Turanə Rəsulovaya yazdığı şeiri təqdim edirik:

 


 

Qapqaraciyərin sevgisi


Bədəninə toxunduqca kədərlənirəm, 
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq. 
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəyəm. 
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan, 
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki, 
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram. 
Yaşayıb səni itirməkdənsə, 
Ölüb səni tapmaqdı sevgi - mənim üçün. 
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm. 
Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi 
İnsana necə baxmağı öyrədirdi. 
Əllərin uzaqlaşmaq dərsi keçirdi. 

 

 


Çünki biz 
insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə. 
Səni hamını itirdiyim yerdə tapmışdım, doktor. 
Bundan sonra başqasını sevsən də sevinəcəyəm 
Biləcəyəm ki, o da mənəm. 

Amma sən 
bu boyda gözləri necə, kimin arxasında gizlədəcəksən, 
Hardan tapacaqsan o nəhəngi? 
Danışdıqca ağlamağım gəlir, 
Ağladıqca susmağım 
Susduqca yoxa çıxmağım gəlir, doktor. 
Bax, yenə də ağrıyıram 
Saatımın əqrəbi sol qolumu sancıb! 
Zamanın zəhərini qatıb qanıma. 
Bir insan ört üstümə, tənhalıqdan üşüyürəm 
Bax, əlçatmaz ağacların başında mürgüləyən külək əsməyə başladı yenə 
Gecənin qaranlığından ağappaq qar yağdı 
Üşüdük və göylər yenə sübut etdi ki, 
Sevəndə qaranlıq da ağappaqdı. 
Doktor, hər qadın Həvvanın uzaq qohumudu 
Hər kişi Adəmin yaxın dostudu. 
Alma ağacı görəndə iyrənirəm 
Çünki bu ağacın əcdadı 
Qadının cənnətdə yediyi 
Qadağan olunmuş meyvənin 
Mədəsində gətirdiyi toxumudu. 
Gülü ağac olmaq arzusu soldurur 
Bizi Tanrı olmaq iddiası öldürür. 
Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi. 
Vaxt vardı, ümidsizliyim də 
mənə yaşamaq üçün ümid verərdi. 
Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq istəmirəm 
Məni elə sev ki, yenidən palçıq yox, 
biryolluq yox olum. 

 

 


Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram. 
Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki, 
Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik. 
Doktor, məni unutsan, elə unut ki, 
Səndən sonra heç kimin yadına düşməyim.