Biz imzaları yox, əsərləri dərc edirik...

Bir hirs qarmaq atıb boğazıma... – Mana Ağayinin şeirləri
2692
15 Yanvar 2020, 08:49
  Artkaspi.az saytıMana Ağayinin şeirlərini təqdim edir:
 
  Mana Ağayi 1973-cü il, avqust ayının 23-də İranın Buşehr şəhərində anadan olmuşdur. Atası qaşqay türkü, anası lurdur. 1987-ci ildə ailəsi ilə birlikdə Stokholma mühacirət etmiş, indi də orada yaşamaqdadır. On iki yaşından şeir yazmağa başlamış şairənin ilk məşhur kitabı olan "Ölümdə sənin dodaqların olsaydı” toplusu 2003-cü ildə İranda işıq üzü görmüşdür. Digər şeir kitabları – "Mən özüm oğlu İsayam” (2007) və "Qış mənim sevgilimdir” (2012) adlı məcmuələr isə İsveçdə nəşr edilmişdir. Mana Ağayi şeir yazmaqla yanaşı elmi-ədəbi tədqiqat və bədii tərcümə ilə də məşğul olur.
 

 
  Gecə monoloqu
 
Gecə keçir aramla.
Göy üzü qaranlıqdan bir dənizdir
ki, üzür onun içində
bərq vuran pulcuqları olan
minlərlə balıq.
Və məndən,
bir də
göyərtənin üstündə fit çalan
o yeldən başqa
yatıb hamı –
yerdəki bütün sərnişinlər.
 
Ulduzları saymaq
yalnız aşiq matrosları
və nigaran müsafirləri
oyaq saxlayır.
 
 
  Uşaqlıq
 
 
Qızmar bir yay günündə dünyaya gəldim.
O il ki, xurma ağacının kölgəsi
yandırırdı yeri
və dəniz
iri bir suluq idi
limanın alnında.
 
Anam
göz yaşı və ürək ahıyla
böyütdü məni
əllə toxunmuş
həsirdən bir palazın üstündə.
Bütün uşaqlar kimi
mənim də əynimdə
buluddan bir köynək vardı.
Başımın altındasa
yupyumşaq
röya balışı.
 
Yuxudan başqa
heç yerdə
görmədim atamı.
Uzaq bir səfərə getdiyini deyirdilər.
Cırılmış ayaqqabıları
əlimizə sonralar çatdı.
 
O günlər hələ
müharibə
bizim küçəyə gəlməmişdi.
Mən göyərçinlərlə danışırdım.
Divarlar alçaq idi
və göyün tavanına çatırdı
çərpələngin əli.
Səhərlər
məktəbə gedirdim
Günəşlə çiyin-çiyinə.
Axşamçağılarsa
əlimdə şən bir kağız fırfıra
evə qayıdırdım.
Pəncərənin kənarında oturub
yağışın sözlərinə fikir verirdim.
 
O soyuq,
o dəmir millərin arxasından
tanıdım
yoxsulluğu.
O nazik,
o çəhrayı pərdənin arasından
ilk dəfə aşiq oldum.
 
Güzgünün dediyinə görə,
on dörd yaşım var idi.
Qorxu və mürəkkəb qoxusu gəlirdi
barmaqlarımdan.
Bütün kitablarımın arasınasa
qırmızı gül ləçəkləri qoyurdum.
 
 
  Şair
 
Qaranlıq bir gecədə
şair oldum mən.
Gecə idi,
ay
dərin bir quyuya düşmüşdü –
unudulmuş quyuya.
Çox asanlıqla
aşağı salladım
xəyalımın nazik ipini
və onu
çıxartdım.
 
 
  İllər sonra
 
İllər sonra
yetərincə uzaq düşəndə
bu günlərdən
və yaddaşın kimi bomboş
bir çöldə addımlayanda
qəmli gözləri olan
bir qadını salarsan
yadına.
 
Dayanıb
keçmişi düşünərsən
bir anlıq.
Arxanda titrəyən əlləri.
Yandırdığın körpüləri.
 
Qayıdarsan.
Amma
daşa dönmüş zamandan,
aramıza sonsuzadək məsafə salmış
o dərin dərələrdən başqa
heç nə görməzsən.
 
 
  Qırx iki
 
Qırx iki bahar vermişəm yelə.
Qırx iki qış
ağardığına tamaşa etmişəm
saçlarımın.
Qırx iki payız
cücələri saymışam.
Amma yaydan başqa
heç bir fəsil üzməyib məni:
Qırx iki daş atdım gölə.
Su üzərində
qırx iki titrək dairə.
 
 
  Döyüş
 
Mən və güzgü
ən vəfalı düşmənləriyik bir-birimizin.
Bunca ildən sonra hələ də
üz-üzə durmuşuq
batillə döyüşən haqq cəbhələritək.
 
 
  Ən son şeir
 
Karandaşlarımı yonuram dibinə qədər.
İcazə verirəm
ki, kağızlar
qətrə-qətrə içsinlər qələmin qanını.
Barmaqlarımı gicgahıma qoyub
ən son sözə,
ən son cümləyə,
ən son şeirə çatıram.
Çəkirəm tətiyi:
Quşlar
doldururlar
buğda zəmisinin səmasını.
 
 
  Kişilər
 
Kişilər hamısı
qaranlıqda gəldilər
mənim evimə
və qapını döymədən
içəri girdilər.
Onların hərəsi
bir tikə oğurladı
içində Günəşi gizlətdiyim qəlbimdən.
Və getdilər səssiz-səmirsiz.
Asta və yavaşca.
Gecəyarı gələn
oğrulartək –
hərəsinin əlində bir çıraq.
 
 
  Atlas
 
Yumşaq coğrafi atlasdır
bədənin.
Onu fəth edir hamı.
Mənsə qitə-qitə kəşf etdim onu...
 
 
  Səbir duası
 
Gecənin pillələrindən
aşağı düşürəm
ki,
peyğəmbərlərtək
səbir duası oxuyum
kor balinaların qarnında.
 
Xoşbəxtlik
qara bir daş idi
ki, mən onu
siqaret tüstümün halqalarına büküb
kəhkəşana yolladım.
Ayaqqabılarımın üstündən
sınıq ulduzları
süpürürəm
indi.
 
Hər gün səhər yuxudan oyanarkən
şişmiş bir cənazə görürəm
qapının dalında.
Qəzetdən
sədəf nalələrinin səsi gəlir.
Və "Hadisələr” səhifəsinin dalğaları
göz yaşına boğur məni.
Qorxuram ki,
həyatımın üzərinə sərdiyim
bu ağ mələfə
əvvəl-axır bir gün
balıqçıların toru kimi
məni də apara özüylə
okeanın dibinə.
 
Bir hirs
qarmaq atıb boğazıma.
Və dərinliklərimdə
yalnız
qaranlığı
anlayan
nəsə var.
 
 
 
  Qədimi albom
 
Qədimi albomlar
vərəqlənməməlidir.
Sonundan dəniz səsi gələn
o torpaq küçə
keçmişdə qalmalıdır.
Keçmişdə qalmalıdır
xurma ağaclarının
kölgəsi altında dinclik tapmış
o daş ev.
 
Yaddan çıxmalıdır
isti və rütubətli yay günortaları,
başlarında zənbil bazardan qayıdan
yorğun qadınlar
və o böyük ailənin üzvləri ki,
bir gün
sonuncu dəfə yığışaraq bir yerə
gülümsədilər
fotoaparata sarı.
 
Müharibə illər öncə bitib.
Ata tranzistor radionun çarxını buraxıb.
Və pəncərələr
qoparıblar
yaralarının sarğısını.
 
Gözlərimizi yummalıyıq
və qoymalıyıq ki,
fotolarda
Günəşin suda batmasına
tamaşa etməyə gedən
o balaca qız
ata minsin
və həmişəlik çıxsın
kadrdan.
 
 
  Sual
 
Bütün gecə gördüklərim
yuxuydusa əgər,
əgər ulduzların altında
yatmadınsa yanımda,
bəs niyə yaşdır köynəyin?
Və saçından uzun bir tel
balışıma yapışıb
Süd Yolutək?
 
 
 
  Mən və sərçələr
 
Nazik və yarpaqsız budaqlardır
barmaqlarım
ki, balaca bir sərçə
onların üstünə qonmağa
hazırdır həmişə.
Təkcə sərçələr bilirlər
ovcumun
küləyin önündə
niyə açıq olduğunu.
Təkcə mən bilirəm
sərçələrin
ən qəmli nəğmələrini
harada oxuduqlarını.
 

 
  Yer və göy
 
Göyə barmaq göstərə bilərəm.
Lənətləyə bilərəm.
Hətta bir daş da ata bilərəm.
Amma yer
qırmızı və iri bir alma deyil
ki, təpiklənsin,
diyirlənsin
və uzaqlaşsın asanlıqla
oyuncaq bir top kimi.
 
  Ölümüm
 
Mən öləndə bir nəfər gələcək.
Cavanlığıma bənzəyən biri.
Bir nəfər ki,
düşüncələrimi düşünəcək,
ayaqqabılarımda gəzəcək.
Və gözləyəcək
həmin otaqda,
həmin kresloda.
 
Mən öləndə
özüm
başqa bir qadının
soyuq məzarında yatacağam.
O da naməlum bir şəhərli,
pasportsuz bir qulluqçu qız,
dünyadakı paytaxtlardan birinin səfili.
Nə fərqi var?
 
Mən öləndə
hələ güllə yağacaq Afrikada.
İraqın səmasında
bir ulduz
parça-parça olacaq.
Betlehəmdə
körpələr
başsız
doğulacaq.
 
Mən öləndə
ağlamayacaq heç kəs.
Ağ olan məzar daşımdan
bircə şəkil də düşməyəcək
qəzetə.
 
  Fars dilindən tərcümə edən: Məhəmməd Nuri