Biz imzaları yox, əsərləri dərc edirik...

Bir fotosu qalmış adam – Seymur Sunun şeirləri
1801
18 Dekabr 2018, 16:04
 Artkaspi.az gənc şair Seymur Sunun şeirlərini təqdim edir:
 
 
 
"Bir fotosu qalmış adam" 
(Mövlud Mövluda)
 
Yoxluğun bütün şəhəri ağuşuna alıb,
ey bircə fotosu qalmış adam.
Adamlar çoxdu, həddən çox;
qulaq pərdələrin yeyilib,
qalın divarlar nazilib.
Səslərdən hara qaçasan?
Dizlərin, biləyin, üzün-gözün çoxluqdan əzilib,
qaçış oxunu hara sancasan? 
"Qaldır dabanını, Axilles!  deyə çığırsan da,
ölsə də qabırğalarından
həbsxana dəmirləritək yapışmış son insan da,
bu darmadağınlıqda, bu yerlə-yeksanda
səmanın hansı səmtini
Günəşin yatağı bilib uçasan?
 
 
 
 
 

Qapı arxasındakı xoxan da böyüyüb
uşaqlığından bu yana sənin qədər,
ey bircə fotosu qalmış adam.
Acmısan bilirəm,
doyurmur qarnını, öldürür bu ucuz kafe yeməkləri
bütün iştahanı.
Qoy kənara yemək menyusunu,
əlindəki bazarlıq siyahını.
Acmısan bilirəm,
indi sən bütün uşaqlara həsədsən
ana döşlərindən doyan, gülümsəyən uşaqlara.
Bəlkə də ona görə devirmək istəyirsən
böyük adamların böyük qazanlarını
ocaq üstündən.
 
Bilirsənmi,
dünyanın hər yerində kağızdan ibarətik,
əslində,
heç kimik.
– diplomuq,
şəxsiyyət vəsiqəsiyik,
pul,
qatar bileti,
avtobus kartı..
Hətta sən özün də
ölümündən sonra sadəcə bir fotosan..
 
Bilirsənmi, ey bircə fotosu qalmış adam,
üzümüzdəki təbəssüm
daş kimi düşdü adamların başına.
Ağrı doğradı onları.
Onlarsa qarğış etdilər göylərə,
Günəş batdı.
Və bir daha gəlmədi.
 
 
 
Nihilizm sədasında
 
Saatın çıqqıltısı, dəyirmanın çaxçaxı.
Bezdirib bizi hər gün, 7-də, axşamçağı.
Corab kimi adamlar, əlcək kimi adamlar
"Tut əlimi'', sonra da "Əl çək" kimi adamlar.
Əzizim, məni sənlə bunlar azad buraxmaz
Bunlar gah köləpərəst, gah da azadlıqşünas
Mən nihilist dünyanın ədədi ortasıyam
Yollar yuxarı qalxır.. imkan vermir axsayam..
Mən onlara baxıram, onlar baxır əynimə
Sport tərzi çıxarıb, kostyum taxır əynimə.
Mən kütləyə gülürəm, o çarmıxda İsaya
Axı necə gülməyim onlar namus-zad deyir
ləçər rolu oynayan tənha aktrisaya
Mən yalvarıb-yaxardım səhnə kulislərinə
Şikayət etdim həyat hakim-polislərinə
Qayıtdım uşaqlıqdan gələn yol izlərimə,
Lənət olsun bu yola! Ondansa dayanacaq
Ondansa məhv ola yer! Ondansa dayana vaxt!
 
 
Sualizm
 
Şəhərlər toz içində, ətrafımız lağ-lağı
Bu da bir xəstəlikdi, heç harda yoxdu vaksin.
Sevgi adı altında nə istəyirlər axı
Anlamıram, adamlar nədən xəyanət etsin?
Yuxarı bax, yuxarı, şəfəq qəhvəyi-sarı.
Buludlar yoxa çıxdı, geyindi tünd göy rəngi,
Bir adam var, gedir bax, gedir üzüyuxarı,
Su qədər buxarlanır bulud içinə sanki.
Yondu bizi bu illər, bütün qəlbin yonqarı
Önümüzə töküldü, dabanlar qan içində.
Susuzluqdan danışsaq, bayraq etsək deyərlər:
"Su ehtiyatı yoxdu. Bir az da qan için də".
Nə üstündə qurulub, düşün, bu dünya nəyin?
Bütün rənglər içində yatır xəyali çalar..
Məsələn, nə istəyir: canın, pulun ya nəyin?
Bu kasıb zümrələrdən kral, kraliçalar..
Dilimizdə xırıltı, sözümüzdə hecalar..
Uçur reallıq boyu çirkin damdabacalar.
Bu sofistik suallar, cavabsız tapmacalar
Adam elə bunları düşündükcə qocalar..
Bir meh əsir aramca, içki, dənizkənarı,
Gəl yarımçıq olaq, gəl, – tamam – yarıbayarı.
Bir adam var, gedir bax, gedir üzüyuxarı,
Heç zillən də demirəm, bax da, gör – gözəyarı.
Uça bilmək yoxdusa bu işlərin sonunda
Kürəyin qan ağlayar, başlar qanad əzabı.
Söz verib, and içiblər yeni il bayramında,
Yaşam verməlidirlər bizə saathesabı
 

 
Qar
  
Qara fikirli şəhər indi ağ qar içində
bütün əyləncə dolu fikirlər xaricində:
Gecə saat 12, avtobus dolu adam
Nazik köynəkli adam, qalın paltolu adam.
Adamlar harda qalır? Adamlar hara gedir?
Adamın evi adam, adamın yolu adam..
Adamlar nəyi sevir? Adamlar kimi didir?
Adamın şahı adam, adamın qulu adam
Adamlar nə itirir? Adamlar nə qazanır?
adamın borcu adam, adamın pulu adam.
Bəs adam dediyin nə? Bəs adam dediyin kim?
Adam – qorxulu adam, adam – yuxulu adam..
 
 
 
 
 
 
Təbəssümün şeiri
 
O balıq var bu çayda – balaca qara balıq.
Bədbinləşib, onunçün hər bir yer xarabalıq.
Hər gün ucuz fəlsəfə, hər gün yem axtarmalar, 
Nə qədər axtar, ara, yolsuz qalıb karmalar.
Bapbalaca bir uşaq daş götürüb atarsa
Fəlsəfə etdiyi vaxt bu balığa tuş gələr.
Suyun qabarcıqları pulcuqlara qarışsa.
Suda səs-küyü görüb, köçəri bir quş gələr.
Caynaqları bu ovçün kobud, kələ-kötürsə
Dimdiyiylə balığı yuvasına aparsa,
Böyük sevinc içində böyük sürət götürsə, 
Kiçik ətcə balalar ondan tikə qoparsa
Günəş boylansa sənə, açsa şəfəq ovcunu
Qapama gözlərini, üfüq zərbəsi vurma
Dovşan qaçsa yeyincə və çaşdırsa ovçunu
Qışqır: "..onu gözləyir tifil körpəsi, vurma!.."
Günəş qol açar bizə, dağın taa kürəyindən
Ağaclar yarpaq dolar, budaqlar şux olarsa
Atalar xoşbəxt olar, zəhmətin "pul iy"indən
Atalar xoşbəxt olar, körpələr tox olarsa
Körpəsi səhər-səhər qum-torpağın içində
Bir çimdik bal götürüb yuvalara əyilsə
Onlarla qarışqalar barmağına daraşsa
Arıların zəhməti bala-bala yeyilsə.
Ovucların içində balıqqulağı gülsə
O gülüşlər sənindir – hamısını mənimsə.
Bir stəkan dolu su döşəməyə tökülsə
Su aydınlıqdı deyib, əsəbləşmə, gülümsə.
 
 
Noyabrın şeiri
 
 
Bir andaca küləklər yuxusundan oyanar
Bir qırıq ümid tozu düşər göz bəbəyinə.
Soyuq kəlmələriylə düz önümdə dayanar:
– Məqsəd fəsli gəlir bax, geyin səbəb əyninə.
Mənim duyğum ağlımı kölgələyir eləcə
Tam getmək havasında, addım basır əyləcə.
Mən artıq anlamıram, neçə söz var susduğum?
Hərflərim yağanda, dilim olur gölməçə.
Gəlir payız havası, bulud susuzdu susuz
Bunun yanvarı susuz, bunun avqustu susuz
Guya sakit gedirsən, heç bir şey də demirsən.
Bəs nədir bu qışqırıq? Bu qədər gurultu. sus.
Sən şəhərin tozusan, dolmuşkən pəncərəyə
Mənsə divar küncündə – məhbusam hörümçəyə.
İçin zökəmə dönür, çölünsə məxmərəyə
Səpirsən, tökülürsən, qırıq-qırıq küçəyə.
 
Yorğun

İçimdə yığılmış hisslərin sözü
keçir qərarların ilk halqasına
Beynimdə qalanmış düşüncə seli
getdikcə çevrilir çöl rəqqasına.
Bütün kitablardan yorulmuşam mən
Bilik bilik üstə artır, xeyri nə
Duyğu və düşüncə müharibəsi.
Nə olsun bilirik, düz nə, əyri nə.
Söylə inanımmı reseptdəki həb
qaytarar cahillik dövrümə məni?
Külək də küçədə edir aramca 
bu yorğun səsimi zümzümə mənim.
Güzgüm də çatladı, çatla bölündüm.
Bölünüb, dağıldım dörd bir tərəfə.
Müəllim, suallar o qədərdi ki,
Həyatın adını qoydum fəlsəfə.
Qışqırdım, qışqırıq bürüdü məni
Bir cavab gəlmədi, hər kəs kar imiş.
Mən onda anladım, bütün kitablar
bir də ki, müəllimlər günahkar imiş.
 
 
 
 
 

Diana
 
Bir də mənə yazma ki:
– Bəs sən özün necəsən?
– Zəlzələsiz dağılmış bir ev kimi, Diana.
Göndərdiyim zərflərə qoymaq istəmirəm heç,
nə kin-küdurətimi, nə sevgimi, Diana.
Yeni il gəlir amma ciblər bunu söyləmir.
Almaq olmur ət, yağı, şabalıdı, Diana.
Sual kimi dayanmış süpürgəçi xanımlar
Bu şənliyin ən böyük sualıdı, Diana.
Gah dizimi yığıram, gah başımı əyirəm
Bakı boyda şəhərə sığışmıram, Diana..
Bir buluda çevrilib, qaçmıram siz tərəfə,
küləkmirəm, Diana..
yağışmıram, Diana..
Bilirsənmi, get-gedə minnət artır bir az da.
Bütün sadiq adamlar başqalaşır, Diana.
Kişi olmaq çətinmiş. axı hardan biləsən?
Bu deyil nə qab-qacaq, nə çamaşır, Diana
Axı sənə demişdim, nə xatırla, nə unut
Əgər yorursa səni, at şəklimi, Diana
Mənim sevgi səmamda nə yağış var nə bulud.
Bəs sənin qəlbin necə?
Şimşəklimi, Diana?
Pəncərəni təmizlə, hər bir şeyə bir də bax..
Ya gözünə hörümçək torunu hör, Diana..
Yox ikinci sözümü səmimi yazmamışam
"Pəncərəni təmizlə,
Bir də təzədən izlə.
Yaşam gözəl deyilsə, sən gözəl gör Diana!”