Biz imzaları yox, əsərləri dərc edirik...

Bilmirəm, sevgi əbədidirmi?! – Georgi Konstantinovun şeirləri
1458
13 Yanvar 2020, 09:00
  Artkaspi.az saytı Georgi Konstantinovun şeirlərini təqdim edir:
 
  Şairlər bir-birilərinin tale qardaşları, düşüncə qohumlarıdır. Bir də  görürsən bu başında yaşadığın dünyanın o biri başında qarşına elə bir adam çıxır ki, xarakteri, dünya görüşü ilə yaxından tanış olduqda bir belə tale bənzərliyi olmaz deyə heyrətlər içində qalırsan.
  Rumınyanın Graiova şəhərində hər il keçirilən beynəlxalq Mixail Emineski şeir festivalı dünya şirinin mərkəzinə çevrilib. Keçirilən görüşlər, yaranan tanışlıqlar sonradan yeni ədəbi əlaqələrə vəsilə olur. Burada ondoqquzuncu yüz il Dünya şeirinin hüzün ünvanı nakam taleli şair M.Eminesku ruhu da az rol oynamır. Avropa şeir dünyasına çıxışım ordan M. Emineskununn ruhunun var olduğu Grayevo Dünya şeir festivalından başlayır desəm, yanlış olmaz. Şeir festivallarında  tanış və dost olduğum şairlərin adlarını çəkəcək olsam uzun bir siyahı alınar. 2019-cu il festivalında tanış olduğum sənətkarlar arasında bolqarıstanlı şair  Georgi Konstantinovun ayrıca bir yeri vardır. Beş xarici dildə sərbəst danışan Georginin festival günlərində çevrəsi çox genişdi. Görünür, yaş yaxınlığından olmalı  idi ki, sözümüz ilk görüşdəncə tuturdu. Kitablarımızı deyiş-düyüş etmişdik. Rusça Moskvada çap olunan "Vmesto pisma” kitabımı elə festival günlərində oxumuş və ürək sözlərini söyləmişdi. Festivaldan bir neçə ay sonra onun tərcüməsində Bolqarıstan mətbuatında bir-birinin ardınca şeirlərim yayınlanacaqdı. Mətbuatdan Georginin Amerikada, İtalyada, İspanyada əsərlərinin çap olunduğu xəbərlərini duyduqca dostumun şeirlərinin dilimizdə səslənməsini istədim.   
  Georgi Konstantinov 1943-cü ildə Bolqarıstanın Pleven şəhərində anadan olub. 1967-ci ildə Sofiya Universitetinin bolqar filologiyası bölümünü bitirib. 1967-71-ci illərdə Bolqarıstan televiziyasının ədəbi şöbəsində redaktor vəzifəsində çalışıb. 1973-cü ildə "Rodna Rech” Ədəbi jurnalının, 1983-cü ildən isə Plamak Ədəbi jurnalının baş redaktoru vəzifələrində işləyib. 1989-cu ildə Bolqarıstanda baş verən sosial dəyişikliklərdən sonra Bolqarıstan Böyük Millət Məclisinin deputatı seçilib. 
  Georgi Konstantinov 1992-ci ildən Plamak Nəşriyyat Evinin direktoru vəzifəsində çalışmağa başlamış, 1995-ci ildə isə Bolqarıstan mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Bu dövr, Bolqarıstanda mədəniyyət sahəsində də özəlləşdirmə dövrü idi. Kitabxanaların, klublarının və icma mərkəzlərinin özəlləşdirilməsini israr edənlər çoxdu. Şübhəsiz ki, özəlləşdirmə deyilən bəla bu gözəl binaları diskotekalara və ya restoranlara çevirə bilərdi. Bu səbəblə də Georgi Bolqar icma mərkəzlərinin, kitabxanaların, oxu salonlarının və mədəniyyət saraylarının qorunması üçün qanun layihəsi hazırlayacaq və bu qanun parlametdə qəbul olunacaqdı. Beləcə kitabxanaların, klubların, mədəniyyət mərkəzlərinin bir çoxu "özəlləşdirmədə” özününküləşdirmə qarmağından qurtulacaqdı.
  Şair, 2001-ci ildən Bolqarıstan PEN İnternational Mərkəzinin prezidenti seçilmiş və 2013-cü ildən isə Bolqarıstan PEN-in fəxri prezidentidir.
   Georgi Konstantinov ədəbiyata gəlişi ilə bağlı fikirləri də maraqlıdır: Mən şeri həyata bir istiqamət kimi seçmədim, əslində, şeir məni seçdi desəm, daha doğru olar. Atam Konstantin Georgiyev qəsəbədəki bütün musiqi tədbirlərinin təşkilatçısı idi və o da şeir yazırdı. Evimizdə çox kitab vardı, tez-tez şeir müzakirələri keçirirdik. Liseyin ilk siniflərində biz, şeiri sevən məktəblilər bir qəzet dərc edirdik. İndi qəribə görünə bilər, amma mən o zaman qəzetin satirik səhifəsini hazırlayırdım. Tədricən lirik poeziyaya heyran oldum, çünki lirik poeziya mənə daha çox həzz verirdi. On altı və ya on yeddi yaşıma gəldiyimdə hiss etdim ki, şair olmağa can atıram. O zamanlar görkəmli lirik şairlərimizdən: Dimcho Debelyanov, Peyo Yavorov və Vesselin Hancevi oxumaqdan zövq alırdım. Üstəlik, milli azadlıq və ədalət uğrunda mübarizəni tərənnüm edən böyük şairlərimizin Kristo Botev, İvan Vazov və Nikola Vaptsarovun şeirləri də məni çox təsirləndirdi. Sonradan poeziyaya görə  aldığım milli mükafatlardan bəzilərinə bu sevimli şairlərimin adı veriləcəkdi..
  Georgi Konstantinov oxu coğrafiyası milli şairlərin əsərləri ilə məhdudlaşmayacaqdı. Sonradan Debelyanov və Yavorovla yanaşı, "lənətlənmiş şairlər" Şarl Bodler, Edqar Allan Po və Pol Verlenin tərcümə olunmuş şeirlərini də oxuyacaqdı.  Volt Vitmanın "Ot yarpaqları” kitabı onuçün bir vəhy olacaqdı.  Rus şairləri Aleksandr Puçkin və Mixail Lermontov, Sergey Yesenin, Anna Axmatova, Boris Pasternak, Yevgeni Yevtuşenko, Yunan şairi Constantine Cavafynin və İsveç Nobel mükafatçısı TomasTranströmer onu valeh edən şairlərin başında gələcəkdi. 
  Şeirləri müxtəlif dillərdə o sıradan İingilis, fransız, rus, yapon, alman, türk, yunan, ərəb, Rumıniya, hind və Fars antologiyalarına daxil edilmişdir. Stokholm, Maastrixt, Saloniki, Mexiko, İstanbul, Nikosiya, Belqrad, Brüssel, Buxarest, Riqa, Tel-Əviv, Dehli, Tehran və Krayovada keçirilən Dünya şeir festivallarında iştirak etmiş, əsərləri bir çox mükafatlara layiq görülmüşdür.
  Otuz beşdən çox şeir kitabının müəllifidir. 
                                                                                          
 
 
  Çöl 
 
Susuzluq dənizi.
Yalnız incə qorxunun doğulduğu
toz dağı
Qum üzərində tənha budaq –
quru ot simvolu...
Amansız mavi,
sonsuz ağrı.
Və səmada təsadüfi bir bulud
sədəqə istəyən cındırından cin ürkən dilənçi.
Çöl...
Atlı çapıb keçir –
nal səsi duyulmaz.
yaxınlıqdakı çırpınan qum təpələri...
Ancaq burada
həm sən, həm də o
ikiniz:
bir-biriniz üçün
özünüzü ilğım sanarsınız.
 
 
  Ağac və quşlar
 
İki çırpınan qanad
ağacın nazik çubuqları ucunda.
Quş uçan kimi görünür,
və enir nazik budağa.
Qonmaq üçün güvənli olmayan bir yer,
yellənən liman,
ancaq quş köməyi hiss edir
bu təsadüfi rəqsdə.
Dırnaqları altında
yarpaqlar,
köklər
yerin davamlı şirəsi,
dünyanın döyünən nəbzi ...
Sehirli bir an,
köklərin varlığını hiss edən quş
budaqdan
qanadları.
 

 
  Təşəkkür edirəm
 
Təşəkkür edirəm
mənə həqiqətən nifrət etdiyinə,
bütün xatirələri bir kənara atdığına görə.
Nifrət müstəqillik yaradır
və sevgi qazandırır.
İndi birdən
imtina edirsən
məndən –
sözlərimdən,
jestlərimdən və kitablarımdan...
Gözlərini qaçırırsan məni görməyəsən deyə.
Düşən zəncirlərin
səsini duyuram.
İndi qəribə şıltaqlıqlarından kənarda
rahat yaşıyıram.
Və ürəyim saat kimi
yenidən qurulub
Yaraları sağaldıram.
Ayrılıq müqayisə edir
yenidən dirilişi,
Motsartın musiqisi və sonsuzluqla ...
Sənin yoxluğun olmasaydı
sanardım
cənnətdəyəm.
 
  İlk baxışdan sevgi
 
Bilmirəm
Sevgi əbədidirmi
amma parlaq bir başlanğıcı olması şəksizdi...
İlk baxışdan sevgi.
İlk qədəhdən sevgi.
İlk "Salam" dan sevgi...
Adın nədir?
Yenə səni görə biəcəyəm?
Ala bilərəmmi telefon nömrəni,
Zəng edə bilərəmmi hərdən?
Gözləyəcəyəm!
 
Romantik bir başlanğıc.
Sonu izaha gəlməz amma.
Aşiq olursan
yad adama.
Ona nifrətmi edirsən
Sevgilim?
 
  Ev
 
İçəri girirəm,s akit ev-eşik.
Mavi televizor və sarı pişik.
 
Ekrandan üzümə neçə göz baxır.
Yağır, içimdəki qara qar yağır.
 
Salam, təbəssümlər, soğan qoxusu...
Moita İthaca uzaqda susur.
 
Yerdə otururam. Atlanır sinəm.
Qəhraman deyiləm, dahi deyiləm.
 
Yorğunsam ürəyim olarmı aram
Bugün heç bir şeyi xatırlamaram.
 
Arada ekrana baxıram mat-mat
Məşq edim deyirəm hobbimdi şahmat.
 
Məni qucağına çəksə də  yataq
Yatmıram küçəyə baxıram  ancaq.
 
Qaynaşan ulduzlar çəkir fikrimi
Pişik də yanımda ağ yumaq kimi…
 
  Od içində
 
O şeylər ki,
aramızda baş verir
Onlardan
daha mənasız bir şey yox.
 
Biz gizli atəşin içinə düşdük
indi isə
qarşılıqlı nifrətin
qəzəbində yanırıq.
 
Düşüncə sahəsi olmadan
İsti hisslər nədir?..
Uçmağı unudan qığılcım
və yanğından sonra ortada qalan
qurum.
 
  Tərcümə və təqdim edən: Məmməd  İsmayıl