Biz imzaları yox, əsərləri dərc edirik...

Bilməzdim ki, aktrisa olacağam – Bərgüzar Korelin müsahibəsi
680
29 Oktyabr 2018, 11:55
 Müsahibimiz "Min bir gecə” serialından yaxşı tanıdığımız türk aktrisası Bərgüzar Koreldir. 
 
 


 
 – Türkiyənin olduğu qədər Azərbaycanın da heyranlıqla izlədiyi Bərgüzar Koreli yaxından tanıya bilərikmi?  
 – Memar Sinan Universiteti Dövlət Konservatoriyası teatr bölümünün məzunuyam. Siz məni əvvəlcə "Qurdlar vadisi” filmindən, daha sonra "Min bir gecə” serialından tanıdınız.  


 – Uşaqlığınız necə keçib? Eşitdiyimə görə çox dəcəl uşaq olmusunuz.                                           – Uşaq yaşlarımda bilməzdim ki, aktrisa olacağam. Ancaq idmanla məşğul olan bir uşaq olmuşam. Atam və anam bu sənətlə məşğul idilər. Ona görə də televiziya, çəkiliş meydançaları tanıdığım, alışdığım yerlər idi. Liseyi bitirdikdən sonra konservatoriyaya qəbul olunmaq istəyimi valideynlərimə bildirdim və hər şey də elə oradan başladı. 


  – Müsahibələrinizdə deyirsiniz ki, o qədər də gözəl bir uşaq olmamışam.                       
  – Doğrudur, uşaq ikən daha fərqli bir vücuda sahib olmuşam. Amma sonralar idmanla daim məşğul olduğum üçün normal çəkimi aldım. Sosial bir uşaq olmamışam, zamanım daha çox evdə və idman salonlarında keçirdi. 


 – Atanız ciddi bir insan olub, ailədə müəyyən qadağaları varmış.                                                – Hər ailədə müəyyən qaydalar tətbiq olunur. Bu, bizim ailə üçün də keçərli idi. Bayramlarda nənələrimizi, babalarımızı ziyarət edərdik. Yemək süfrəsinə ailəlikcə oturardıq. Bir yerə gedərkən mütləq ailənin böyüklərindən icazə almalı idim. 
                                                                                   
 – Atanız sizin aktrisa olmağınızı istəmirmiş... 
 – Atam uzun illər sənət aləmində olduğu üçün bu sənətin yaxşı tərəfləri ilə yanaşı çətinlikləri olduğunu da bilirdi. Universitetə qəbul olunduğum zaman mənə nələr yaşaya, hansı çətinliklərlə üzləşə biləcəyimlə bağlı xəbərdarlıq etdi. Sonrakı illərdə hər zaman məni həvəsləndirirdi. Bu da mənə cəsarət verirdi. 


 – Konservatoriyada təhsil aldığınız illəri həyatınızın dönüş nöqtəsi adlandırırsınız.                          – Bəli, sənətimə orda bağlandım. Ora universitet kimi deyil, müəllimləriniz, ustadlarınızla daim birlikdə olursunuz, yoldaşlarınıza ailəniz kimi yanaşırsınız. Evdən daha çox orada zaman keçirirsiniz. Ortaya çıxardığınız səhnəciyi birlikdə izləyirsiniz, birgə, gülür, birgə ağlayırsınız. İnsanın yaşadığı hissləri, həyatı, yaşamağı oradan öyrənirsiniz. Bir sözlə konservatoriyanın həyatımda önəmi böyükdür.  
 
 


 
 – Türkiyədə olduğu qədər Azərbaycanda da sevilən  "Min bir gecə” serialına necə dəvət aldınız? Eşitdiyimə görə bu seriala dəvət almağınızda serialdakı Onur rolunun ifaçısı Halit Ərgəncin əlaqəsi olub. 
 – Halit Ərgəncin meneceri ilə mənim menecerim eyni adamdır. O, bizi TMC şirkəti ilə tanış etdi və  beləliklə, biz bu serialın aktyor heyətinə daxil olduq. 
                                                                                
 – Ssenarini oxuduğunuz zaman nə düşündünüz? 
 –  Çətin bir rol idi. 24 yaşımda 30 yaşında, xəstə övladı olan bir qadın obrazını canlandıracaqdım. Bu, məni ilk vaxtlar təbii ki, qorxutdu. Çox çətin bir qadın, övladı xəstə bir ana. Rol üzərində aylarla çalışdım, çəkiliş qrupu da mənə çox kömək etdi. Çünki obrazı tamaşaçılara ən gözəl şəkildə təqdim etmək istəyirdim. O müddət çox gözəl keçdi.   


 –  Şəhrəzat ilə Bərgüzarın xarakterindəki oxşar və fərqli cəhətlər hansılardır?                               – Fiziki cəhətdən bənzərliklərimiz var. Hər ikimiz qəti qərarlar veririk. Şəhrəzatla müqayisədə mən daha yumşaq xarakterə sahibəm, daha fərqli insanam. Şəhrazat çətin bir qadındır. Həyatda da belə qadınlar var.                                                                                               
 – Rolunuza necə hazırlaşırdınız? 
 – Rola hazırlaşmağımda çox insanların əməyi olub. Şəhrazat nə geyinməlidir, necə geyinməlidir, saçlarını necə düzəltməlidir. Bunların hamısına birlikdə qərar verirdik. Rejissorumuz, geyimlərimizlə məşğul olan modelyerimiz, sənət rejissorumuz, hamımızın iş birliyi ilə sıfırdan bir obraz yaratdıq.


 – Serialın ilk bölümündə əxlaqsız bir təklif səhnəsini oynayarkən hansı hissləri keçirdiniz?    
 – Təbii ki, bu sənətdə ilk oyunum, ilk təcrübəm olduğu üçün və çətin bir səhnə olduğuna görə çətinlik çəkdim. Aktyor heyətinin ən gənc aktrisası mən idim və hər kəs təcrübəsini mənimlə bölüşürdü. Mənim edəcəyim tək bir şey vardı, onların təcrübələrindən faydalanmaq. Mən də bunu etdim. Hamı mənə çox böyük köməklik göstərdi və o səhnənin öhdəsindən gözəl şəkildə gəldim. Əslində, serialdakı bütün səhnələr zəhmət tələb edən səhnələrdir. Sadəcə bu səhnə o birilərindən bir az daha çətin idi. Amma bütün səhnələr zəhmətlə araya-ərsəyə gəlib. Çünki, o səhnələrdə görünən tərəf biz olsaq da, görünməyən tərəf-kamera arxasında qalan insanlar vardı. Hamı çəkilən bütün səhnələr üçün böyük əmək sərf etdi. Məncə bu, 150 min dollarlıq təklif səhnəsindən daha önəmlidir.                                                                                  
 – Ana olmadan, analıq hissini yaşamadan ana obrazını canlandırdınız. Şəhrəzat oğlunu canından çox sevən bir anadır. Bu rolun öhdəsindən ustalıqla gəldiniz. Ana olmadan bu rolu oynamağı necə bacardınız?      
  – Əslində, həyatda da belə bir insanam, ailəmə, dostlarıma çox bağlıyam. Oğlum Efe Kaanla da bizimki alındı. O, məni sevdi, mən onu. Zaman-zaman birlikdə çətin anlar da keçirdik. Hər halda bu, mənim xarakterimdən qaynaqlanır. Sevgi dolu bir insanam, uşaqları, insanları, heyvanları çox sevirəm. Əslində, aktrisa obrazı hiss edərək, yaşayaraq oynadığı zaman o obraz da gözəl alınır. Mən də bunu etməyə çalışdım.                                                                                                          
 – Evinizdə heyvan saxlayırsınız?  
 – Bir  itim var. Mən çəkilişdə olanda ona köməkçim qulluq edir, bəzən özümlə məşqlərə gətirirəm.  


 – Tərəf müqabiliniz, Onur rolunun ifaçısı Halit Ərgənc haqqında düşüncələrinizi bilmək maraqlıdır.  
 – Çox təcrübəli bir aktyor heyəti ilə çalışdığım üçün çox şanslıyam, digər bir şansım isə Halitin mənim məktəb illərindən dostum olmasıdır. O, çox istedadlı bir aktyordur. Mən ondan məsuliyyətli olmağı, rola necə hazırlanmağı öyrəndim.


 – Başqa bir tərəf müqabiliniz, serialda tez-tez dialoqa girdiyiniz Məlahət Abbasova haqqında düşüncələrinizi bilmək istərdim.                                                                                           – Məlahəti 1998-ci ildən tanıyıram. O zaman  "Qırıq Həyatlar” serialında o, mənim anam rolunda oynamışdı. Yəni Məlahəti uşaqlıq illərimdən tanıyıram. O zamanlar ona Məlahət  bacı deyirdim. Təbii ki, yaş artdıqca aradakı yaş fərqini hiss etmirsən. Çəkiliş meydançasında onunla birlikdə çox əylənirdik. Məlahət professional aktrisadır, mən ondan çox şey öyrəndim və onunla çalışdığım üçün çox şanslıyam.
 
 – Serialda Məlahətlə tez-tez dialoqlarınız olurdu və siz də Azərbaycan sözlərindən istifadə edirdiniz. Hansı sözləri öyrənə bildiniz?                                                                                              – Mənə sizin diliniz çox şirin gəlir. Biz bəzən evdə ailəliklə sizin televiziya kanallarını seyr edirik. "Allah köməyin olsun”, "balam”, "yaxşı” kimi sözləriniz daha çox yadımda qalan kəlmələr oldu.          
 
 – "Min bir gecə” serialı 2007-ci ilin ən yaxşı serialı, siz isə ilin ən yaxşı qadın aktrisası adına layiq görüldünüz. Necə düşünürsünüz, Bərgüzar Korel illər sonra insanların yad-daşında Şəhrəzat olaraq qalacaq, yoxsa elə bir rolunuz olacaq ki, Şəhrazatı üstələyəcək?
 – Heç bir zaman həyatımın Şəhrəzatı olaraq qalmayacağam. Bundan sonra bir çox obrazlar oynayacağam və ümid edirəm ki, onlar Şəhrəzatı unutduracaq. Məqsədim də budur. Mən aktrisayam, hər xarakter əynimdə daşıdığım geyim kimidir. 
                                
 – Sizə Türkiyənin yeni Sultanı deyirlər...  
 – Bəlkə xarici görünüşümə görə məni Sultan adlandırırlar. Ancaq bu ada layiq görülməm üçün çox zaman keçməlidir, çox çalışmalıyam. Mən hələ gəncəm.                                                                             
 


 
 
 – Sizi daha çox ciddi rollarda seyr etmişik. Komediya janrında özünüzü sınamaq fikriniz var?  
 – Ən böyük arzum bir komediya layihəsində yer almaqdır. 


 –  Hobbiniz nədir?                                                                                             
 –  Foto şəkillər çəkmək və nəsə toxumaq. 


 – Ayaqqabı və paltar düşkünlüyünüz var, doğrudurmu? 
 – Doğrudur, alış-verişdə ən çox onlara üstünlük verirəm.          
                  
 Söhbətləşdi: İntizar İsmayıl