Biz imzaları yox, əsərləri dərc edirik...

Bezər öz bəxtindən alın yazısı – Tural Turanın şeirləri
1566
16 Yanvar 2020, 09:02
  Artkaspi.az saytı Tural Turanın yeni şeirlərini təqdim edir:
 
 

Külək üşüyəndə pəncərə döyər,
Bir isti qucağa xumara gələr.
Tanrı da bəndəyə oxşayar bəzən,
Hərdən yuxulara tumara gələr.
 
Od sönər, oxunar külün yazısı.
Dəyişmək istəyər yolun yazısı;
Bezər öz bəxtindən alın yazısı
Bəzən yiyəsiylə qumara gələr.
 
...Bəzən dil açar gözlərdə yaş da,
Kölə kölgəsinə deyər: - bağışla...
Azadlıqdan bezən yiyəsiz daş da,
Tutulmaq eşqiylə hasara gələr...
 
 
 

  Öldük, qəbrə yıxılmadıq...
 
Ağ buludları şal elə,
Tez bağla başına, gedək.
Ömrümüzə bir yol elə,
Bu ömrün xoşuna gedək.
 
Küləklərin əyni qalın.
İz çəkməli, bizsə yalın...
Qapısı döyülməyən yolun,
Dolanaq daşına, gedək.
 
Dua olduq - baxılmadıq.
Öldük, qəbrə yıxılmadıq...
Medal olub taxılmadıq,
Dünyanın döşünə, gedək.
 
 
  Bu danda da ağarmadı...
 

 
Yaman ağarır, yaman
Lay-lay saçı zamanın.
Tanrı bizdən doydu daha,
Çəkilməz acı - zamanın...
 
Əqrəbləri düşdü xəstə,
Bel əyildi, qaldı bəstə.
Dura bilmir ayaq üstə,
Qalmayıb gücü zamanın.
 
Daşına döyülür adı.
Soraq vermir qohum-yadı...
Bu danda da ağarmadı
Çadırı, sacı zamanın.
 
Nə sümüyə, ətə qaldı...
Elə ötə-ötə qaldı...
Əqrəbsiz saata qaldı,
Qisası, öcü zamanın...

 
  ***
 
Nə kilsə, nə məbəd gördü
Hamı içindən yuxarı.
Yıxıldı tanrı evləri
Kölgə cibindən yuxarı.
 
Günahıymış bu səbrlər -
İndi önümə sərirlər!
Sağ qaldı bütün qəbirlər,
Bir ömür məndən yuxarı.
 
Addımın yoluna darmı -
Onda bütövlət yarımı...
De, bahalı ömür varmı,
Sonuncu gündən yuxarı?!.
 
 
 

  Unutdum öldüm deməyi
 
Anaların günahını,
Körpələri əmir, yuyur...
Torpağın da yanlışını
Məzar yuyur, qəbir yuyur.
 
Payız qırıb öz dişini.
Yağış itirib huşunu...
Ağrıların baş daşını
Əldən düşmüş ömür yuyur.
 
Arxasına dön ahının -
Gecə yumaz gün ahını!
Şəkillərin günahını
Xatirələr damır.., yuyur...
 
Unutdum "öldüm" deməyi!..
Qorxusu yox ac ölməyin -
Yağış olar şam yeməyi,
Üç şairi çamur yuyur.
 
 

Xəbər lenti