Artkaspi.az saytı Ziyadxan Əliyevin məqaləsini təqdim edir:

Etiraf edək ki, Naxçıvanla fizioloji bağlılığı olan və dünyaya göz
açandan sonra zamanında mahalda çox məşhur olan Şirəli bəyin oğlu Bəhruz bəy Kəngərlinin
adını eşidən çoxlarının rəssam olmaq
arzusu ilə yaşamaları danılmazdır. Bu mənada Kəngərlilər nəslindən olan və rəssamlığı
özünə peşə seçən Hafizin 29 il bundan əvvəl ailəsində doğulan oğluna ad-sanı
çoxdan Naxçıvanın sərhədlərini aşmış sələfinin adını qoymasını da təbii saymaq
olar. Əlbəttə, bütün baş verənlər – uşağın dünyaya gəlişi, ona Bəhruzun adının
verilməsi, qohum-əqrəbanın onun simasında gələcəyin tanınmış fırça ustasını
görmək istəmələri Kəngərlilər nəslində baş qaldırmış "mavi arzu”nun görünən tərəfləri
idi. Odur ki, daha çox "Qanlı Yanvar”la anılan
1990-cu ildə doğulan və arzu qanadlarında əvvəlcə Bakıdakı rəssamlıq
kollecində (keçmiş Ə.Əzimzadə adına rəssamlıq məktəbi), sonra isə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrini uğurla bitirən
gənc Bəhruz Kəngərli 27 yaşında bəy oğlunun da keçdiyi sənət yoluna çıxdı və rəsmi
olaraq – əli diplomlu müstəqil yaradıcılığa başladı...
Bu
yolların müəyyən mənada oxşarlığı da var, amma zaman göstəricilərinə görə onlar
çox fərqlidirlər. Belə ki, bəy oğlunun arzularının Naxçıvanda daşa dəyib puç
olması çox tez – onun 30 yaşında baş verdi, 29 yaşında olan rəssam oğlu isə
Bakıda onsuz da əvvəlki təravətini qoruyub saxlamaqda davam edən və çoxlarının
arzuladığı "Kəngərli şöhrəti”nin üzərinə yeni təqdir çalarları əlavə etmək niyyətindədir. Bəy oğlunun əsərləri
Naxçıvandan kənara çıxmasa da, onun gənc xələfinin əsərləri isə xarici ölkələrin
sərgi salonlarını və nüfuzlu şəxsi kolleksiyaları bəzəməkdədir...

Etiraf
edək ki, Bəhruzun ilk sənət uğurları gəncin arzuladığı sənət amalına doğru çox
ciddi addımlar atdığını sərgiləməkdədir. Bunu onun artıq əlinə rəssam diplomu
almazdan əvvəl sənət məkanda tanınması da təsdiqləyir. Belə ki, gənc rəssamın
ilk əsərlərinin yaşıdları ilə yanaşı, özündən böyük olan həmkarlarının da diqqətini
cəlb etməsi isə onun axtarışlarında yeniliyə və özünəməxsusluğa meylli
olmasından xəbər verirdi...
Bu gün Bəhruzun müxtəlif mövzu və
janrları əhatə edən yaradıcılıq irsini incələyəndə, onların gözümüzdə adiləşən
hadisə və motivlərə, təzadlı insan yaşantılarına, maddi və mənəvi dəyərlərə
özünəməxsus bədii münasibət toplusu olduğunu görmək mümkündür. Gənc yaradıcının
adi və sadə hesab etdiyimiz bir çox mövzu və süjetləri bədiiləşdirməyə üstünlük
verməsi, onu ötən əsrin 50-70-ci illərində nəinki Azərbaycan, hətta keçmiş
SSRİ-nin bədii məkanında çaxnaşma yaradan, Kreml ideoloqlarının narahatlığına səbəb
olan "Abşeron məktəbi” təmsilçilərinin gerçəkliyə münasibətlərinə
yaxınlaşdırır. Onlarda məşhur sələfinin Naxçıvanda ərsəyə gətirdiyi motivlərlə
anım yaradan məqamlar da mövcuddur. Süni pafosdan və patetikadan uzaq olan bu təqdimatlarda
tamaşaçı ruhunu oxşaya biləcək, zaman-zaman
müşahidə edildiyi halda başqalarının görə bilmədiyi estetik qaynaqların
bədiiləşdirilməsi qabarıq və yaddaqalandır.
"Təklənmiş” stul, "mələk”ləşən
qızcığaz, əyləncələri ev heyvan və quşlarını əzizləmək olan kənd uşaqları,
asılqanda sahibinin "intizar”ını çəkən milli geyim, tavadakı qayğanaq və s.
daşıdıqları estetikasına görə özünəməxsusdur. Müxtəlif janrlı bu əsərlərin rəng
qatında müşahidə etdiyimiz üst-üstə "qalalanan” yaxıların bir-birini əvəzləməsində
və yaxud da tamamlamasında, klassik rəngkarlıqla anım yaradan məqamlar olsa
da, uyarlığı duyulan bu "rəng məcmusu”nun
ümumi ruhuna ekspressiv çalarlar əlavə edən və bununla da bədii görüntünün
düşündürücülüyünə nail olan müəllif, bütünlükdə, onun həm də cəlbedici
bütövlüyünü əldə etmişdir. Əsərlərin ayrı-ayrılıqda təhlilinə keçməzdən əvvəl,
deməliyik ki, rəssam oğlu Bəhruzun bir vaxtlar bəy oğlu Bəhruzun bədii "izi”nə
ünvanlanan həsədinin bir az öləzidiyini də görmək mümkündür. Əslində, bu elə
belə də olmalı idi və əks halda, bu gün bizi onun yaradıcılığı bu qədər cəlb
etməzdi...
Adəm və Həvva mövzusuna zaman-zaman göstərilən
saysız-hesabsız bədii yanaşmaların qarşılığında, yenidən yer üzünün ilk məhəbbət
nümunəsinə müraciət etmək, doğrudan da, çox çətin məsələdir. Bu prosesdə önəmlisi
"günah”a müəllif münasibətinin necə olmasıdır. Bu mənada kətan qarşısında
dayanan rəssam bir-neçə suala cavab tapmalıydı: bu cütlüyün əməli doğrudanmı
günahdır? Bu "günaha” niyə zamanında göz yumulmuşdu? Bəlkə, bilavasitə Yaradanın
gözü qarşısında yaşananlara – günah hesab olunana başqa ad qoymağın vaxtı yetişib? Şaquli kompozisiyada iki yarının
tamlığını bədii şəkildə təqdim edən müəllif, bütünlükdə, işıqlı görünən tutumda
iki şeyi xüsusi vurğulayıb: günah
obyekti olan almanı və günahı ötürən və onu qəbul edən əlləri. Qara əllər və
işıqlı alma... Bunlar təzadlı görünsələr də, rəssam yozumu kimi maraqlıdır. Əslində
rəssamın yaratdığı bu təzadda yuxarıda sadaladığımız suallara nisbi də olsa
cavabın mövcudluğu duyulan və düşündürücüdür... Görəsən, qara əlləri
işıqlandıran bu alma əldən ələ keçməsəydi və yaxud Həvvanın Adəmə uzanılı əli
göydə qalsaydı nə ola bilərdi?

Rəssamın daha bir-neçə əsərində "qara” əlləri
müxtəlif jestlərin ifadəçisi kimi görürük. Bu insan yaşantılarında da təzad
mövcuddur, başqa sözlə desək, ələmə-nəşəyə bələnmiş bu zərif əllərdə əllərin
daşımağa aciz olduğu mənəvi-psixoloji yükün ovqat yaradıcılığı hiss olunandır.
Qənaətimizcə, elə rəssam niyyətinin mayasında da onları təsirli tutumda
qabartmaq durur...
Bəhruzun
bir çox əsərlərinin timsalında demək olar ki, müxtəlif yaşlı insanların gerçəkliyə
fərdi münasibətindən şirələnən yaşantılarının mayasında çoxlarının düşündüyü
kimi elə də çoxqatlı obyekt – qaynaq durmur. Bunu saçları lentli balaca qıza bəyaz
çəpiş məsumluğunun, "rəng seli”ndə
çimmiş kimi görünən xoruz belinin rahatlığının bəxş etdiyi sevincin ifadəsində
də görmək mümkündür. Rəssamın uzunqulağı dünyanın ən rahat "nəqliyyatı”
hesab edən balaca oğlanın qürurlu
oturuşundan "kənd iyi” gəlmədiyini göstərməsində isə onun bu "kənd
obrazları”nın çox koloritli olduğunu göstərmək istəyi gizlənir, desək, həqiqəti
söyləmiş olarıq.
İlk
baxışda sadədən də sadə görünən belə obrazlar Bəhruzun yaratdığı daha bir-neçə əsərin
məna-məzmun daşıyıcısıdır. Qoşa şarın havada "nurlanaraq” uçuşuna heyranlıqla
tamaşa edən oğlanın, bəyaz "qanad”ları ağ geyiminə xüsusi gözəlik verən
qızcığazın, əlvan rəngli xoruzu xüsusi məhəbbətlə əzizləyən oğlanın və oyuncaq
atın belində özünü rahat hiss edən bəyaz geyimli qızın təsvirində görünənlərə nüfuzedici rəssam
münasibəti duyulmaqdadır...
Bəhruz
Kəngərlinin bədii irsində sadəliyi birmənalı olan digər kompozisiyalar da
mövcuddur. Bu sadəliyin cəlbedici bədii tutum almasının mayasında heç şübhəsiz
rəssamın həmin adilikdə başqalarının görə bilmədiyi gözəllik qaynaqlarını üzə
çıxara bilməsidir. Bu mənada onun müxtəlif məişət əşyalarına, onu əhatə edən
maddi-mədəniyyət aləminə yanaşmasında həyatın və onu təşkil edənlərin bədii-fəlsəfi
yozumu daha qabarıqdır. Bu mənada gənc fırça ustasının "təklənmiş” stula və
geyimli asılqana münasibətindəki zahiri "donuq”luğun alt qatını tamaşaçını
düşündürmək gücündə olduğunu vurğulamaq istərdik.
Dünya
və Azərbaycan təsviri sənətində ətraf məkandan təcrid olunmuş – ovqat yaratmağa
yönəli stul təsvirinə rast gəlmək mümkündür. Bəhruzun əsərində də tamaşaçıda
nostalji hisslər oyatmaq kimi çətin estetik tutumun əldə edilməsinin nəticəsidir
ki, funksionallığı və gərəkliyi birmənalı olan əşyanın indiki "təcrid” olunmuş
durumunda, onun təklənməsnin səbəbi, tamaşaçını suallar burulğanına salmaq
gücünün ifadəsi ilə şərh olunmuşdur...

Asılqanda
"üşüyən” milli qadın geyiminin də tamaşaçısını duyğulandırmaq istəyi
qabarıqdır. Qənaətimizcə, müəllifin təqdimatında haradasa müasirliyin güdazına
getmiş milli geyimin öz sahibi ilə görüşünün xiffətini çəkməsi və yaxud da bu təmasın
heç vaxt baş tutmayacağına işarə kimi düşünülən
"əbədi həsrət”in bir daha vurğulanması önə çəkilmişdir.
Rəssamın
digər əsərlərində də tamaşaçını düşündürmək gücündə olan bədii təqdimatlara
rast gəlmək mümkündür. Bu mənada onun insan-təyyarəsinin, tavadakı qayğanağın,
hətta "problem”siz görünən paytaxtın aylı gecəsinin də tamaşaçını
duyğulandırmağa yönəli bədii-estetik potensialı vardır.
Sonda
Bəhruz Kəngərlinin bədiiləşdirdiyi görüntülərdə onun rəngkarlıq estetikasının
vacib və özünəməxsus görkəmə malik olduğunu da vurğulamaq istərdik. Onun kətandan
"boylanan” bədii şərhlərində "yuxu təəssüratı”nın kifayət qədər qabarıqlığı,
daima axtarışda olan müəllifin göstərmək istədiklərini, söyləmək arzusunda olduğu həqiqətləri bir qədər
naturalistik aydınlıqdan uzaq – "dumana bələnmiş” tutumda təqdimatı bu nəticəni
təşkil edir. Bəy oğlunun mənəvi-bədii yolunu özünə örnək hesab edən gənc rəssam
tədricən röyalarını çin etmək istəyindədir. Bunun baş tutması isə zamana
ehtiyacı olan məsələdir. Odur ki, bu yerdə böyük Bəhruzun xələfinə "Yuxuların
çin olsun!” deyirik...