Biz imzaları yox, əsərləri dərc edirik...

Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
685
19 Yanvar 2020, 13:00
 Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar faciəsi dərin hüzünlə  anıldı. Ön sözü Azərbaycan Bəstəkarlar İttifaqının Katibi, Əməkdar İncəsənət xadimi, professor Cəlal Abbasov açaraq bu faciənin Azərbaycan xalqının tarixində yer alan əhəmiyyətindən geniş şəkildə danışdı.
 Daha sonra Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Konservatoriyasının dekanı Leyla Quliyeva  "Azər Rzayevin "Bakı – 90” Simfoniyası haqqında”  məruzəsi ilə  və  Əməkdar Mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru  Səadət Təhmirazqızı  "Azərbaycan bəstəkarlarının yaradıcılığında şəhidlik mövzusu” adlı məruzəsi ilə çıxış etdilər.
Proqramda  Azər Rzayevin  "Bakı – 90” Simfoniyası (DVD) Kamran Nəsirovun  "Yanvar  Elegiyası” qoboy  və  piano üçün (elektron səslənmə) Şəmsəddin Qasımovun  "Şəhidlər”  mahnısı (DVD) Azad Zahidin mahnıları –  "Şəhidlər”, "Bayraqtəpə qartalları” (DVD) əsərləri təqdim olundu.
 
 

 Daha sonra  Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü  Aysel Kərim "20 Yanvar hadisələrinin Azərbaycan mədəniyyətində təcəssümü” adlı məruzəsi ilə çıxış edərək aşağıda qeyd olunan nüanslara toxundu. Məruzəsindən sonda  müəllifi olduğu – "Başını dik tut vətən” adlı şeirini ilk dəfə olaraq həmin konfransda təqdim etdi.
 Azərbaycan xalqının zəngin, şərəfli tarixində 1990-cı ilin 20 Yanvar günü qanlı qəhrəmanlıq və faciə səhifəsi kimi əks olunur. Həmin gün vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda əsl mübarizə tarixidir. Bakınınmeydanlarına çıxaraq müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün kəskin etirazını nümayiş etdirən geniş xalq kütləsinə qarşı sovet ordusu döyüş hissəsini yeridərək Azərbaycanda dəhşətli bir terror aktı törətdilər. Xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları şəhidlik zirvəsinə ucaldılar. Bu faciə eyni zamanda bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş müsibət idi.Qanlı Yanvar faciəsinin 30-cu il dönümü ərəfəsindəyik.
 Tariximizin qanlı və şanlı səhifəsini yazaraq əbədiyaşarlıq hüququ qazanan vətən oğullarının fədakarlığını yüksək dəyərləndirən Ulu öndər Heydər Əliyev deyib;"20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bu günki nəsilləri də, gələcək nəsilləri dəşəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də şəhidlərin həlak olması bizim üçün  nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi, örnək kimi milli sərvətimiz, milli iftixarımızdır”
 "Əbədi Məşəl” abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdəşəhidlərin xatirəsini  əbədiləşdirmək məqsədi ilə abidə yaradılması qərarı da qəbul olunur."Əbədi Məşəl” abidə kompleksinin 9 oktyabr 1998-ci il tarixində açılışı olmuşdur. 2007-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Əbədi Məşəl abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənilmişdir.
 Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev  "Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” şüarı ilə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və adlarının uca tutulması üçün mühim tədbirlər icra etməkdədir.
20 Yanvar faciəsi  ilə əlaqədar hər il Mədəniyyət müəsisələrinin xüsusi hazırlıq əməyini qeyd etmək mütləqdir. Azərbaycan xalqına yaşadılan bu və digər faciələrlə bağlı keçirilən tədbirlərin missiyası böyükdür. Bu faciə ilə əlaqədar konfrans, toplantı və mühazirələrdə yaxından iştirak etmək hər bir ziyalının borcudur.Azərbaycan mədəniyyətində yaradıcı insanlar tərəfindən qanlı 20 Yanvar faciəsini əks etdirən müxtəlif sənət əsərləri yaranıb və yaranmaqdadır.Şairlərin, yazıçıların, bəstəkarların, rəssamların, heykəltaraşların, rejissorların yaradıcılığında öz əksini geniş şəkildə tapmaqdadır. 20 Yanvar faciəsinin Azərbaycan mədəniyyətində yeri və tarixləşməsi ilə əlaqədar belə əsərlərin yaranmağı böyük önəm kəsb edir.Beləki yetişən gəncliyin vətənpərvər ruhda formalaşmağı, bu faciəni geniş formada dərk etməyi, şəhidləri, qəhrəmanları tanımağı mühimdir.Vətənə həsr edilən sənət əsərlərinin hər biri dövlət tərəfindən yüksək dəyərləndirilir və tarixin bir parçasına çevrilir.
20 Yanvar mövzusu ədəbiyyatımızda daim geniş vüsət tapmışdır. O faicədən dərhal sonra Azərbaycan publisistlərində siyasi hadisələrə qarşı operativ maraq və münasibət yarandı. Şəhid olan insanlarımızın faciəsini, ağrılı həqiqətləri, dözülməz kədəri poetik düşüncələri ilə əhatələndirənXalq şairi Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, Nurəngiz Gün, Cabir Novruz, Məmməd Aslan, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli kimi yazarlarımızın adlarını qeyd edə bilərik. Vətən mövzusunda təsirli şeirlər, hekayə, povest, mərsiyyə, bədii əsərlər və romanlara rast gəlirik. Davamlı olaraq bu mövzuda antologiyalar  nəşr olunmaqdadır.
Bugünəcən bir çox bəstəkarlarımız vətən mövzusunda simfonik əsərlər, simfonik poemalar, kantatalar, vokal instrumental əsərlər, mahnılar, fortepiano üçün əsərlər yazıblar və yazmağa davam edirlər. Xalq artisti Cövdət Hacıyev, Azər Rzayev, Azad Zahid, Oqtay Rəcəbov, Nazim Quliyev, Sevda İbrahimova, Məmməd Cəfərov, İbrahim Mirzəzadə, Azər Dadaşov kimi bəstəkarlarımızın adlarını vurğulaya bilərik. Təkcə matəm günlərində deyil mütəmadi olaraq bu əsərlər mədəniyyət ocaqlarında eyni zamanda televiziyaların musiqi proqramları redaksiyalarında və radiolarda səslənməkdədir.
Tarixin belə qanlı günlərinin yaddan çıxmaması üçün ən gözəl sənət nümunələrdən biri də rəsm əsərləridir. Rəssamların ərsəyə gətirdiyi tablolar həmin tarixə ölməzlik qazandırır.Xalq rəssamı Mikayıl Abdullayev, görkəmli fırça ustası Rasim Balayev, rəngkar Hacırza Fərzəliyev, Həmzə Abdullayev, İsmayıl İsmayılov, Qafar Seyfullayev, Asim Səmədov, qrafika ustası Arif Hüseynov, Fəxrəddin Əliyev, Arif Ələsgərov kimirəssamların adlarını sadalaya bilərik. 
 Azərbaycanın paytaxtı Bakının küçələrində və meydanlarında, parklarında və xiyabanlarında yerləşən heykəltaraşlıq əsərləri yer almaqdadır.
 Bu istiqamətdə təhsil ocaqlarının, muzeylərin, kitabxanaların, kinoteatrların əməyini də xüsusilə vurğulamaq gərəkdir. Bu qanlı faciəyə həsr edilmiş ədəbi-bədii tamaşalar, bədii və sənədli filmlər yüksək səviyyədə nümayiş olunmaqdadır. O qanlı gecənin sözsüz ki, yaddaşlardan silinməyi qeyri mümkün haldır. Lakin həmin gecənin şahidi olmayan milyonlarla insanların 20 Yanvar mənzərəsinidüşüncələrində canlandırmağı çox mühimdir. Bunun üçün yaradıcı insanlar öz tövhələrini bəxş edərək bu faciənin təsvrini əsk etdiribvətən qarşısında borcunu qismən də olsa  yerinə yetirmək istəyir. 
 
 

 Azərbaycan kino xadimləri 20 Yanvar faciəsinə tez-tez müraciət edərək bir çox ekran əsəri ərsəyə gətirib və gətirməkdədir. "Qanlı Yanvar filmi”, "Hüznlü ana” filmləri, "Azadlıqla bitən SOS” kimisənədli filmlərin adını çəkə bilərik. Və bir məsələyə xüsusilətoxunmalıq ki, həmin gecə bu ağır qətliam bir neçə operatorlar tərəfindən lentə alınıb. Əməkdar İncəsənət Xadimi Cahangir Zeynallı və onun həmkarları yüksək vətənpərvərlik göstərərək, çox çətinliklə də olsa bu videolentləri ərsəyə gətiriblər. Faciəni əsk etdirən kadrların olmağı olduqca təqdirəlayiqdir. Bu gün dünyaya haqq səsimizi, harayımızı məhs bu videolentlər vasitəsilə duyurub, yaya bilirik. Bu görüntülərin hər biri köməyimizə çataraq növbəti əsrlərə ötürüləcək tarixi bir sənəddir.
 Hər bir xalqın ağrı-acısını, dərd-kədərini, faciələrini tarixdə yaşadan, unudulmağa müsaidə etməyən minlərlə bədii əsəri, şeiri, musiqisi, kinosu, rəssamlıq və memarlıq nümunələri vardır. Bu əsərlər yaralarımızı sağaltmasa da ovutmağa çalışır. 20 Yanvar Faciəsinin və digər faciələrimizin yaddaşlardan silinməyinə imkan verməmək hər bir azərbaycanlının ən ümdə görəvidir. Tanrı şəhidlərimizin ruhunu şad etsin.
Başını dik tut vətən
 Qoy başına dönüm sənin,                Yenilməsən, yenilmərik,
 Azalsın bütün dərd-sərin.                 Hər an sənlə bərabərik.
 Yerinə mən başımı əyim,                 Biz qürurlu bir millətik,
 Sən başını dik tut vətən.                 Sən başını dik tut vətən.
 
 Canımızdan dəyərlisən,                   Sən də yatar əcdadımız,
 Aldığımız nəfəs sənsən.                   Sənə bağlı bu qanımız.
 Babalardan əmanətsən,                   Sənsiz qopar harayımız,
 Sən başını dik tut vətən.                 Sən başını dik tut vətən.
 
 Torpağında izim qalar,                    Dağın, daşın olum sənin,
 Vətən adlı sözüm qalar.                  Hilal qaşın olum sənin.
 Bir daş dəysə gözüm dolar,              Qoy göz yaşın olum sənin,
 Sən başını dik tut vətən.                 Sən başını dik tut vətən.
 
 Aysel Kərim